Yazar.in | Mirzə Lazım | Yolun sonu

Yolun sonu

Mirzə Lazım Şeir 09:09 15 avqust 2023

Sonuna doğrumu gedirəm yolun?!

Bir azdan getməyə iz qalmayacaq...

Səni bu kitaba həkk etməliyəm,

Daha başqa yerdə biz qalmayacaq

 

Bu da bir sualdır cavabı ağır:

Nə vaxtsa fikrində 'biz' olmuşuqmu?

Bəlkə ən ümidsiz xəyal da olsa,

Qovuşub, sonradan ayrılmışıqmı?

 

Sanki, qeyb olmusan Yer kürəsindən

Mən səni içimdə gəzirəm xəlvət

Səni gözlərimdən axıdan Allah

Bir gün də yoluma çıxarar əlbət

 

Bir gün də qəlbinə yıxılacağam

Məni xatırlayıb üzüləcəksən

Uzaqdan ruhuna əl uzadacam

Yolun ta sonuna dirənəcəksən

 

Gözlərin dolanır düz ürəyimdə

Bax görüm, necədir gəldiyim kələk;

Mənim əllərimin barmaqlarıdır

Titrək əllərinin tutduğu vərəq


Qiymət verilməyib...

0.0038 saniye