Bülbülün ölümü!!
Tural Sahab tərəfindən "Hekayə" bolməsinə 16:32 29 aprel 2014 tarixində əlavə olunmuşdur

                                           

 

Yalan adlı bir həqiqət can verir, həqiqət adlı  yalanın qollarında.

 

Sabah yeni- yeni açılır, insanlar həyacan içində qaçışırlar.    Hər kəs bir parça çörək üçün Günəşin doğuşu kimi gözəlliyi qaçırır. Avtobuslar ildırım kimi o tərəf, bu tərəfə şığıyır, metrolar yer altında yaşayan nəhəng bir ilanı xatırladır. Həyat başlayır, insanlar yox olmamaq üçün yox olur, insan olduğunu unudur, əslində və nə yazıq ki, bunu heç biri anlamır. Bir çay kənarında sabahın təmiz havası onlara sevinc vermir, yarpız, nanə qoxuları xöşbəxt olmalarına yetmir, qaçıb gəlirlər bu binaları yüksək, ümidləri qaranlıq olan şəhərə.

İnsanlar gülməyi unudub, insanlar sevməyi, sevgi hekayələrini dinləməyi unudub. Və ən acısı insanlar Gülün, Bülbülün nağılnı unudub. Daşdan, daş heykəldən fərqsizləşiblər insanlar.

Bax bu qaça- qaça işə gedən cavan oğlan kəntdə yaşlı anasını atıb, gəlib buralara. İndi bir tikintidə fəhlə işləyir. Ya da o qəşəng qız kəntdə onu sevən cavan oğlanın qəlbini qırıb, burada yaşamaq arzusu ilə qaçmışdı evlərindən, indi çay evlərinin birindəki işinə tələsir.

Sabah təzə- təzə açılır bu şəhərdə. Quş səslərindən, yamyaşıl ağaclardan məhrum olan bu şəhər yoxluğun nəğməsini bəstələyir indi, ancaq bunu yalnız parklarda mahnı oxumağa qorxan göyərçinlər anlayır, duyur.

Səhər açılır, qovub qaranlığı göy üzündən, insanların gözlərindən. Metronun qarşısındakı balaca dəzgahını hazırlayır ağ saçlı baba. Siqaret, saqqız, alışqan satır özündən razı gənclərə. Niyə bu yaşında işləməkdən, savaşmaqdan vaz keçmir görəsən? Mən deyim övladı yoxdu bu babanın, bir tək yataq xəstəsi olan xanımı var həyatında. Onun üçün yaşayır, onun üçün savaşır bu qoca yaşında. O qadın ki, gəncliyində onu yalnız qoymamışdı, hər kəsin sözünü yox, yalnız onu dinləmişdi. Nə qədər demişdilər “ Getmə ona, at onu” , ancaq o, tək qoymamışdı həyat adlı qısa yolda sevdiyi insanı. İndi anladınızmı? Bəlkə də yox, anlaya bilməzsiniz.

 Yenə metronun yanına baxaq, polislərdən qorxa- qorxa göy satan xalanı görürsünüzmü? Yaxşı baxın o xalaya, onun soyuqdan donan əllərinə. Bir qadın üçün bu saatlar ailəsinin yanında, isti ocağında olan zamanlardır. Ancaq onun əri uzun illərdir dünyasını dəyişib, iki uşaq oxdur o əlləri öpüləcək ana. Baxın bir polis nəfəri ona yaxınlaşıb, acılayır onu. Sonra yaxınlıqdakı bahalı restoranlardan birinə girib, ən bahalı kababı sifariş verir. Ana isə bu gün çox işləməlidir, axı məktəbdə uşaqlarından pul istəyib, müəllimələri. O pulu tapıb, verməlidir uşaqlarına. İstəmir uşaqlarının pis olmasını.

 Bir gənc boynunu büküb,  səhər tezdən siqaretlə zəhərləyir özünü. Yanından keçənlər lənətləyirlər onu ürəklərində. Daha bilmirlər bu gün o gəncin sevdiyi qızın toyudur. Bir evi, normal bir işi olsaydı itirməyəcəkdi sevdiyini. İndi yaşamır o, sadəcə ayaq üstündə gəzməyə məcburdur.

 Sabah təzə- təzə açılır bu şəhərdə bir qız da metroya düşür nazlı addımlarla, bu gün sevdiyi oğlanla görüşəcək. Nə qədər də həyacanlıdır, ürəyi titrəyir balaca sinəsində. Addımları ən tanınmış bəstəkarların bəstələrindən daha gözəl, daha ahəngli bir səs verir.

 Günəş indi hiss elətdirir özünü yavaş- yavaş. Bir qəşəng qız tələsərək çıxır metrodan. Hündür daban geyməyib ayaqlarına, üzündə makyajı da yoxdur. Sadə bir gözəlliyi var, lap yazları çay kənarında bitən yarpızlar kimi. Elə qoxusu da yarpız qoxusunu xatırladır. Metronun yanında balaca bir gül dükanı var. Bahar yağmurları kimi incə barmaqları ilə açır dükanın kilidini.Yavaş- yavaş gülləri dükanın qarşısına düzür. Dükanda, ancaq qırmızı güllər var. Özü bunu belə istəyir, yalnız sevginin rəmzi olan qırmızı güllər satır bu gözəl qız. Bu şəhərdə yalnızdı, ailəsini uşaqlıqdan itirib, yaşamağı tək başına, yalnız öyrənib. Kimsə deyə bilməz ki, bu qız nəsə yanlış bir iş görüb, bir oğlanla danışıb, görüşüb.

                                                                         ***

Bülbülün meşədə gözəl bir həyatı vardı. Hər səhər Günəşdən öncə oyanar, şehli otların bərabərliyində nəğmələr söylərdi. Bir Qaratikan kolnun arasındaydı yuvası. Xöşbəxtdi, sevincliydi. Dünyanın ən gözəl sevgi nəğmələrini oxuyardı. Bu meşədə Qaratoyuqların səsi heç gəlməzdi o oxuduğu zaman. Bülbülün nəğməsinə sayqı duyardılar. Onun nəğməsi bitdikdən sonra tık- tık səsələri meşəni bürüyərdi, Qaratoyuqlar, Bülbülün kövrəltdiyi gülləri matəm havasından çıxarır, adəta onları rəqs elətdirirdi. Göy guruludayıb, yağmurlar yağanda isə sadəcə Tanrının nəğməsini dinləyirdi bütün meşə sakinləri: ağaclar, çiçəklər və quşlar və heyvanlar. Sadəcə Tanrının nəğməsini.

 Bir gün insan deyilən bir yaratıq gəldi bu meşəyə, Tanrının nəğməsini korlamaq üçün. Öncə ağacları kəsməyə başladılar, sonra gülləri ayaqladılar. Bülbülün nəğməsi ilə kövrələn çiçəklər indi ayaq altında qalıb, inləyirdi. Heyvanlar qaçıb, meşənin dərinliklərinə doğru getdilər, Qaratoyuqlar da hürküb, yaxınlıqdakı kəndə pənah apardılar. Bir tək Bülbül tərk etmədi evini, o çox sevdiyi Qaratikan kolunu. Hələ ki, onun evi lazım deyildi insanlara. Onlar  ağacları kəsib, böyük maşınlarla harasa, çox uzaqlara aparırdılar.

 Və bir gün onlardan biri sırf əyləncə üçün od vurdu Qaratikan koluna. Yandırılar Bülbülün evini, özünü isə əsir edib bir qəfəsə saldılar. Qəfəsdə əldən ələ düşdü, ona baxıb gülümsədilər. İnana bilirsizmi, hətta insanlardan biri onu sevgilisinin ad günündə ona hədiyyə etdi. Qəfəsdə olan Bülbülü sevdiyi qadına hədiyyə etdi. O an susdu bütün bəstələr, alnından yox ürəyindən vuruldu şairlər. Qəfəsə salındı bütün gözəl sözlər. Onun üçün nə zamandı ürəklərdə iz qoya bilmir şeirlər, onun üçün ancaq sevgilinin gedişinə bəstələnir bütün nəğmələr.

Bülbül sevginin adı idi bir zamanlar, indi isə pafoslu sözlərin, yalan yanlış sevgilərin adına deyilirdi.

  Bülbülün qəfəsini pəncərədən asdı, gənc qız. Şəhərə baxan bir pəncərədən. Bülbül nə edəcəyini, hansı nəğməni oxuyacağını bilmirdi.

            Sabah açılırdı bu şəhərdə. Və birdən o dükanın qarşısına güllər düzən qızı, daha doğrusu o qırmızı gülləri gördü. Ümidsizlik yerini birdən ümidə verdi. Ən böyük ümid, elə ümidsizliyin özü deyildimi?

 Qırmızı güllər o qədər gözəl görsənirdi ki, bir an havaya qalxdı, pəncərəyə doğru uçmaq istədi. Olmadı, qəfəsin dəmir barmaqlıqları əngəl oldu uçmasına. Ona yemini gətirdi sahibəsi, ancaq o nə yemə, nə dəki suya baxırdı. Gözləri ancaq qırmızı güllərdə idi, ən çox da  boynunu əyən o yekə, qırmızı güldə.

                                                               ***

 Hər gün bir cavan oğlan tezdən gəlib, qırmızı güllərdən birini seçib, alırdı. Bu gün də gələcəkdi, gələcəkdi gəlməsinə də, bəs o niyə həyacanlanırdı, sanki onun gəlişini, yolunu gözləyirdi. Anlamırdı, anlaya bilmirdi özünü. İlk dəfə belə duyqular axırdı ürəyindən barmaqlarına doğru. Deməyə, özünə etiraf eləməyə belə qorxurdu. Güllərin ən gözəlini hazırlayırdı onun üçün, ən gözəl güllə etiraf edirdi qorxduqlarını. Görəsən bu gülləri kimin üçün alırdı, bir sevdiyi varmıydı?

 Bax, budur o yenə gəlir sakin addımlarla dükana yaxınlaşır, hər zamanki, adəti üzrə salam verib, əhvalını soruşur qızın. Gülərək salamını alır, gənc qız. “Buyurun, gülünüz hazırdır”- deyir titrək səsi ilə. Oğlan isə təşəkkürünü bildirib, gəldiyi kimi uzaqlaşır oradan. Arxasınca baxan, gözlərimi, yoxsa ürəyidimi anlaya bilmir. Oğlan yavaş- yavaş gözdən itir, bahalı maşınına minərək. Qırmızı işıqda dayananda uşaqlar gəlib maşının şüşələrini silməyi təklif etmirlər, gecə olmadığı üçün.

 Kimi sevdiyinə gül alır, kimi sevdiyi insanın məzarına qoymaq üçün. Hər kəsin niyyətini anlayırdı, hər kəsi gözlərindən oxumağı bacarırdı, lakin indi acizdi. Bilə bilmirdi, oğlanın o gülləri kimə aldığını, kimin üçün hər səhər bu dükana gəldiyini. Sevgi ağlın iflası idi, bəlkə də dünyanın belə olması bunun üçündür, axı sevgi ilə yaradılmışdı bu dünya. Bir gün günəşli, elə həmin günün axşamı qara buludlu, yağmurlu. İnsan da düz beləydi sevdiyi zaman. Tam hər şeyin gözəl olduğunu düşündüyü, xöşbəxtliyin gəldiyinə əmin olduğu zaman, birdən birə hava qaralar, bir vəda ilə bitər bütün ümidlər. Ya da əksinə, tam hər şey bitdi dediyimiz zaman, artıq ölümü gözlədiyimiz bir zamanda sevgi gülümsər bizə və yenidən yaşamağa başlayarıq. İndi bilmirdi bu hava günəşli, yoxsa buludlu olacaq. Günəşli olsa belə, bu Günəş onun tellərini isidəcəkmi, heç nə bilmirdi?

 Hava yavaş- yavaş qaralırdı, artıq insanlar evlərinə doğru qaçır, yorğunluqlarını sevdiklərinin gözlərinə baxaraq çıxarmaq istəyirdilər.

 Ağ saçlı baba, göy satan xala indi sevdiyinin toyu olan cavan oğlan, sevdiyi ilə görüşdən sevinclə   ayrılan o nazlı qız hamsı evinə tələsirdi. O da dükanı bağlayıb, evinə doğru addımlamağa başladı, dükanın bağlanmağı isə bir tək Bülbülü ağlatdı, bir tək onun canını acıtdı. Qız sevdiyini görmək üçün, Bülbül də gülünü sabahın açılmasını gözləməyə başladılar.

Hava qaralır indi bu şəhərdə, Günəş yox olur, yenidən doğa bilmək üçün

                                                          ***

Yenə sabah açılırdı, ayrılıq qoxuyan bir gecənin sonrasında. Bülbül qəfəsdə nəğmə oxuyarmı, oxuyar ürəyində sevgi adlı bir atəş varsa, əgər. Azadalıq ürəklərdə bəstələnən bir nəğmədir, yoxsa kim deyə bilər, hansı birimiz deyə bilərik, Qara qarğanın azad olduğunu, nəğmələr söylədiyini. Bəli, nəğmələr söyləyirdi, sevgi nəğmələri bizim Bülbül. Sahibəsi onun səsi ilə oyandı yuxusundan, sevimli Bülbülü ilk dəfə idi ki nəğmələr oxuyurdu. Bu nəğmədən ruhlanıb, açdı pəncərəsini. Pəncərənin açıldığını görən Bülbül daha bir həyacanla oxumağa başladı.

 O, da sevgi ilə oyandı yuxusundan. İlk öncə balaca otağının pəncərəsini açıb, təmiz hava ilə sevindirdi varlığını. Güzgüyə baxdı bir xeyli, həqiqətən çox gözəl görsənirdi, saf bir gözəlliyi vardı, vardı da o, bunun fərqinə indi varırdı. Özünə də qəribə gəldi bu hal, necə ola bilərdi, axı indiyə qədər öz gözəlliyini duymamışdı. Gözlərinə baxdı daha sonra, rəngi nəydi gözlərinin? Yaşıl, qəhvəyi yoxsa başqa bir rəngdə, seçə bilmədi gözlərinin rəngini. Gözləri bilinməz bir rəngdəydi. Biri yaşıl deyərdi, bir başqası qəhvəyi. Bu qədər fərqli, bu qədər əsrarəngiz bir rəngi vardı, gözlərinin. Çox düşünmüşdü, sabaha qədər. Bu gün izləyəcəkdi oğlanı, izləyəcək və hara gedtiyini öyrənəcəkdi. Bəlkə xəyal qırıqlığına uğrayacaq, bir daha gülə bilməyəcəkdi, lakin daha yalançı ümidlərlə özünü aldatmaq istəmirdi.

 Yeni bir sabah açılırdı, bu şəhərin uca göydələnlərindən çəkinə- çəkinə. Günəş yenə eyni qayda ilə baş qaldırdı dağların arxasından. Günəş xəbərsizdi bu göydələnlərin içində gizlənən acılardan, ölümlərdən.

 Dünən gecə yeni bir körpə gəldi dünyaya, sevinə bilmədi atası. Sizə qəribəmi, gəldi bu hal? Bir ata necə sevinə bilməz ki, övladının dünyaya gəlməsinə? Sevinə bilməz, əzizlərim əgər doğum zamanı sevdiyi qadını hansısa savadsız həkimin ucbatından itirərsə, sevinə bilməz. Dünyaya yeni gələn körpənin atasının qucağında ağlaması, Bülbülün qəfəsdə sevgi nəğməsi oxumasından belə, daha acılıdır.

 Dünən sevdiyi qızın toyu olan oğlan da bu gün siqaret çəkə- çəkə yaxınlaşmadı metroya, saat on iki xəbərlərində qısa bir anons keçildi “ Gənc oğlan, bu gecə damarlarını doğrayaraq, intihar etmişdir. Polis açıqlama verir: İntiharın səbəbi araşdırlacaq, bu haqda cinayət işi açılmışdır” Bu qədər. Saat on ikidə oyanır təzə evlilər yuxudan, qızın heç xəbəri də yoxdur, onun ölümündən. O, tez oyanır ərindən və sabah yeməyi hazırlayır onun üçün.

 Ağ saçlı baba yenə hər zamanki tək tezdən gəlib, qurur dəzgahını. Siqaretə yeni başlamış bir tələbə yaxınlaşır ona, dəzgahın üzərinə 20 qəpik atıb, bir siqaret yandırır. Tüstünü ciyarlarına çəkib, ona  üç ildir “hə” cavabını verməyən qızı düşünür. Siqaret bitir, o metroya enir və itir gözdən.

  Bax budur göy satan xala da gəldi, bu gün nə yaxşısa polislər görsənmir. Rahat sata bilər göylərini. Deyəsən bir az irəlidə hansısa tədbir var bu gün. Bütün polis təşkilatı oradadır.

 Yeni bir sabah daha doğulur dünyanın bətnindən. Baxın o qız da tələsə- tələsə gəlir yenə və incə barmaqları ilə açır kilidini dükanın. Bülbülün qəlbi az qalır dayansın, həyacandan. Bir az sonra sevdiyini, gülünü görəcək. Həyacandan daha gözəl nəğmələr oxuyur, sahibəsi valeh olur bu nəğməyə, elə ki, yemini verəndən sonra qəfəsin ağzını bağlamağı unudur, lakin Bülbül hələlik bunun fərqində deyil, sadəcə nəğmələr oxuyur.

 Gülləri dükanın qabağına düzür. Gülləri gözləri bəzəyir, gənc qızın. Bu gülləri neçə oğlan sevdiyinə almaq istəyir, bu güllərin neçə qız, sevgilisinin ona almasını istəyir. Həyacandan qəlbi titrəyir, bir az sonra gələcək, gələcək və gülünü alıb, gedəcək. Və saniyələr asta- asta uzaqlaşır həyatdan və ağır- ağır keçir zaman. Ancaq ağır da olsa keçir. Bax, budur gəlir. Maşını metronun yanında saxlayıb, düşür və dükana yaxınlaşır. Hər zamanki kimi gülər üzlə salam verib, əhvalını soruşur qızın. Qızın yanaqları qızarır salamı alarkən, amma bunu görmür oğlan. Və gülünü istəyir gənc qızdan. Bülbülün nəğmələr söylədiyi gülü seçib, oğlana verir. Gülün uzaqlaşdığını görən Bülbül havaya qalxır və özünü pəncərədən çölə atır. Ancaq indi anlayır qəfəsin açıq olduğunu. Uçur metroya doğru, daha doğrusu oğlanın ardınca. Maşınına əyləşir oğlan və örtür qapını, qapıya dəyən Bülbülün səsini belə eşitmir və uzaqlaşır oradan. Cansız bədəni düşür betonun üstünə Bülbülün. Daha nəğmə oxuya bilməyəcəyini, bilmədən yatır betonun üzərində. Bir azdan küçənin təmizliyindən sorumlu olan qadınlardan biri gəlib, onu götürür yerdən və atır zibil qabına, axı Bülbülün cəsədi narahat edə bilər insanları. Dirisindən belə xoşlanmayanlar, ölüsünü neynəsinlər ki?!

                                                                            ***

Qız tez oğlanı izləmək üçün dükanı qonşularından birinə tapşırıb, bir taksi saxlayır. “ Zəhmət olmasa qarşıdakı maşını izləyin” deyir gözəl qız. Maşın öndə, taksi arxada xeyli yol gedirlər. Maşın dayanır və düşür cavan oğlan, düşür və qarşıdakı birinci bloqa daxil olur. Qız da onu izləməyə davam edir, gizlənir binanın arxasında və baxışlarını növbətci qoyur bloqun qarşısında.

  Pilləkənləri tək- tək çıxır cavan oğlan və beşinci mərtəbədə, sağ tərəfdə olan qırmızı qapılı evin zilini sıxır. Bir az sonra yaşlı bir qadın açır qapını və onu evə dəvət edir. İçəri girir, etiraz eləmədən. İçəri girir və pəncərənin qarşısına yaxınlaşır. Əlil arabasında əyləşən gözəl bir qız pəncərədən çölə baxır. Qıza yaxınlaşır, diz çökür qarşısında, əllərini əlinə alır öncə, sonra ehtiyatla dodaqlarına apırır o incə əlləri. Xeyli dərdləşirlər, nə qədər çox sevdiyini deyir qıza, gənc adam. Sonra qız o, olmasa yaşaya bilməyəcəyini deyir ona. Oğlanın aldığı qırmızı gülü pəncərənin önündəki güldana qoyur yaşlı qadın.

  Anası ilə tək yaşayırdı bu gözəl qız, yenə də yaşayır, lakin bir zamanlar yeriyə bilirdi, indi ona gül gətirən cavan oğlanla evlilik xəyalları qurur, onu çox sevirdi. Bir gün atasının maşını ilə bir uşaq çiynədi onu, vurdu və qaçdı. Polis tapa bilmədi, ya da tapmaq istəmədi günahkarı, olan qıza oldu ayaqlarını, xəyallarını itirdi. Nişanlısı onu atmadı, ancaq o da bu halı ilə yük olmaq istəmədi sevdiyi oğlana. Oğlan  hər gün sabah tezdən bir qırmızı güllə çalır onların qapısını və yeniləyir evlilik təklifini, sonra onu gəzməyə, çox sevdiyi qağayılarına aparır.

  Bu sabah da heç nə dəyişmədi, öncə qızı qucağına alıb, aşağı endirdi  və maşına əyləşdirdi. Sonra geri dönüb, onun arabasını da gətirib, qoydu maşının baqajına. Və sahilə doğru yol aldı.

 Məsələ aydındı, indi bildi qırmızı güllərin kimə alındığını. Əlil arabasındakı bir qızın sevdiyini, sevdiyi üçünmü, yoxsa sevgisinin itdiyi üçünmü ağlasın anlamırdı. Yanlış bir sevginin ətrafında bitən alaq otu kimi hiss etdi özünü, lakin o güldü, Tanrının bağında bitən gözəl bir gül, ancaq neynəyəsən ki, yanlış gözlərdə həps olmuşdu baxışları. Yavaş- yavaş geri qayıdırdı, piyada ayaqlarından alırdı, sanki ürəyinin itiqamını, ancaq sevincliydi, ancaq ümidliydi həm də. Çünki belə bir sevgi vardı yer üzündə, sevdiyini atmayan bir oğlan, sevdiyinə yük olmaq istəməyən bir qız. Həyat vardı bu hekayədə, bir az da ümid. Gözlərində sevinc və acını eyni anda yaşayaraq, addımlayırdı. Az qalmışdı. Dükanına çatmaq üçün sadəcə bu yolu keçməliydi, hansı ki, oğlan maşınını bu yolun kənarında saxlayırdı hər zaman. Maşın gəlmirdi yolun sağ tərəfindən, yol boşdu. Başını qaldırıb, işiqfora baxmaq yadına belə düşmədi. İlk addımını atdı, sonra ikincini, daha sonra üçüncünü ata bilmədi. Nələr olduğunu anlaya bilmədən, bayaqları Bülbülün yatdığı betonda uzandığını gördü. Göy üzü nə qədər də gözəl görsənirdi. Günəş və ulduzlar eyni zamanda tamaşa edə bilirdi dünyanı. Bir yanda yağmur, yağmurun kölgəsində göy qurşağı hər şey çox gözəldir. Bir Bülbül ona yaxınlaşır indi və uzadır ona qanadlarını. Tutur qanadlarından, tutur və onunla birlikdə göy üzünə yüksəlir. Yüksəlib göy üzünün maviliyində yox olurlar. Yağmur dayanır, ulduzlar yox olur. Göy qurşağımı, o bu şəhərdə heç vaxt görsənməyib, görsənməyəcək də.

    Və bir sabah daha açılır bu şəhərdə. Ağ saçlı baba, göy satan xala hər ikisi işinin başındadı. Bir maşın yaxınlaşır və dayanır hər zamanki yerində. Oğlan düşüb, gül dükanına yaxınlaşır. Dükan bağlıdır, ətrafdakılar dünən satıcı qızı yolu keçərkən maşının vurduğunu söyləyirlər. Çox pis olur, bu dükan onun yaşama səbəbi olan qızın gülüşü üçün önəmlidir. Sonra ağlına bir fikir gəlir. Tez dükanın sahibini axtarıb, tapır və onu icarəyə götürmək istədiyini söyləyir. Razılaşırlar. Oğlan tez sevdiyi qızın evinə gedir. Gülü görməyən qız qəlbində bir üzüntü duysa da susur. Maşına minib yola düşürlər. Maşının sahilə getmədiyini görüb, yenə üzülür və yenə susur. Dükana yaxınlaşırlar. Bu gün ona bir gül yox, gül dükanı hədiyyə edir. Evdə qalıb, darıxmasın deyə bu dükanda işləməsini istəyir, sevinərək razı olur və “ hə” deyir onun evlənmə təklifinə.

Evlənirlər. Bu şəhərdə gözəl hekayələr də olur bəzən. Qırmızı güllər heç əksik olmur dükanın qarşısından.

Bir  ikindi vaxtıdı indi, o əlində siqaret sabah tezdən buradan keçən oğlanın sevdiyi qız gəlir gül almaq üçün, deyəsən bilir artıq o oğlanın öldüyünü.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Tural Sahab
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0339 saniye