2 aprel
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 11:51 01 aprel 2019 tarixində əlavə olunmuşdur

Bir gün gözlənilmədən yazacağam ki sənə,

bax, hər şey yolundadır,

tərsinə döndərə bildim həyatın çarxını da,

ən acı həqiqətlər baş əyir qarşımda,

gücümsə başımdan aşıb ayaqlarıma dolaşır,

tez-tez büdrəməyim də elə bundandır...

Yazacağam ki, inanmasan da

allahla barışmışam,

cəmiyyətə də qarışmışam hətta

mən insanları, insanlar məni axtarır;

(balıqçı öz tilovuna düşəcək balığı,

balıq isə ona soxulcan bəxş edəcək tilovu dəryada axtaran kimi...)

Yazacağam ki, yanılmışam,

tənhalıq bir xəstəlikmiş,

mən də özünə güvənsizlik, dəyərsizlik

və bir də yaratma eşqinin sönməsi kimi simptomlarını yaşamışam,

güclü olanda varlığın həyat eşqi ilə

necə dolduğunu duymuşam iliklərimdə...

(Bu elə ağır və sağalmaz xəstəlik ki,

buna görə çox da qınamazsan məni...

Hətta yaratmağa qüdrəti olan allah da

tənhaqlıdan qorxub qaçır çünki...)

Yazacağam ki,

Mənimçün çox adiləşmisən,

daha səni düşünəndə

ruhum təsirlənmir elə də.

Əksinə, səndən qurtulduqca

imana gəlirəm,

dini moizələrdən həzz alıram get-gedə...

Sən də sevinəcəksən,

deyəcəksən ki, bunu çoxdan gözləmisən,

hərdən məni xatırlayıb

gizli-gizli yazılarımı, addımlarımı izləmisən,

düşündüyüm qədər axmaq və yorucu görünməmişəm sənə...

Yazacağam ki,

səni son gördüyüm gündən yadıma düşməmisən heç,

çünki səni unutmağın formulunu hazırlamışam

- həyat eşqi adlı bir cəfəngiyyat yolu ilə,

içimdə enərək ən dərinə

ruhumun və beynimin mənə oynadığı kələk olduğunu qəbullanmışam...

Sən də özünü itirib başdan etmək yerinə

aldanacaqsan mənə uşaqtək,

deyəcəksən, bilirdin elə bu qədər çəkəcək sevgim,

yalnız növbəti gün anlayacaqsan məni,

baxıb görəndə ki, aprelə dönüb təqvim...

bəlkə də,

bir az sevinsin deyə, açılsın deyə könlüm,

yazacaqsan səhərisi -

daha ayın ikisi,

tök ətəyindən daşı, nə var, nə yox, de görüm...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0245 saniye