Mən oyun sanmazdım həyatı əsla nə də ki bu ömrü oyuncaq gördüm... Arabir bir şəkil paylaş ki, səni donmuş xatirəndə doyunca görüm... Belədir deyirlər bu ömür yolu, hər gələn, əlbət ki, gün gələr, gedər. Bəs sən ki getmədin qəlbimdən mənim, gözlərim önündə, soyuq bir səhər; bitdi bu tamaşa, düşdü pərdələr... Səni son gördüyüm o gündən bəri bu boş səhnələrdə monoloq qurdum... Yetdimi bilmədim sorağım sənə: bəzən bulud kimi səsimlə doldum, yenə də yağmadım islanma deyə, sən susduqca mən də içimdə susdum... Elə hey uzandı sükutda zaman, yaşamaq çətinmiş, var olmaq asan... Nə həsrət bir anlıq nəfəs vermədi, nə ömür bitmədi, çatmadı başa... Boş ver mənim daha nə çəkdiyimi, Yetər ki, sən yaşa... Təki sən yaşa... Əgər varlığımı bir gün unutsan, hələ duymadığın şeirlərim olarsan... Mən daha geriyə elə döndüm ki, ömrümdə bu qədər "Mən" olmamışdım... İçimdən dirildim, sonra gördüm ki, heç dəyişməmişəm, mən elə mənəm: saflığına gülünən xalis mömin, Allahın həssas və şair qəlblisi, bir də içimdəki sən - insan sevgisi... Mən elə mənəm: hələ də cənnət istəmirəm... Hələ də huri arzulamıram...
Əlimdə səsinin 40 saniyəsi var... Hər saniyəsində duyğular seli: bir az varlığının sərməstliyi, sənli xatirələrin şirin əzabı, bir az da yoxluğunun müqəddəsliyi... 40 saniyə... Həsrətimin sonsuzluğu, dilsiz ağrılarımın acı məlhəmi səcdəyə yolumun başlanğıcı... 40 saniyə... Bir anda yaşanan bir ömür kimi... Axı mən hələ tam ovunmamışam... Uzanır nisgilim, uzanır yollar: demək, yetərincə islah olmamışam... Nə qədər düşsəm də boşa, bərkə də varlığına şükürlə yoluma davam, sənsə inanmırsan mənə bəlkə də ancaq Allaha and olsun ki, bu günə qədər heç mən ondan hələ səni görmək istədiyim qədər cənnət ummamışam... Mən elə mənəm: hələ də cənnət istəmirəm... Hələ də huri arzulamıram...