Azərbaycan yazıçısı niyə Nobel Mükafatı qazana bilmir?
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 20:00 20 dekabr 2014 tarixində əlavə olunmuşdur

Azərbaycan yazıçısı niyə Nobel Mükafatı qazana bilmir? Bu sualla Yazar.in müəlliflərinə müraciət etdik:

Şəfiqə Şəfa. Söhbət bu günün yazarlarından gedirsə, etiraf edək ki, hətta ən tanınmış yazıçıların əsərlərində belə plagiat var - hətta bir abzaslıq olsa belə! Əsərlərdə yeni ideya yoxdur. Başqa sözlə, çevir tatı, vur tatı... Ortada ümümbəşəri mövzu qoyulmur. Şərq dünyasından olan dünyəvi yazarlar, məsələn, deyək ki, Xalid Hüseyni öz ölkəsindən yazsa belə, problemin qlobal tərəflərini göstərir. Bizim yazarlar isə günün trendinə işləyirlər: məhrəm mövzularla, çeynənmiş xəyanət səhnələri ilə oxucu toplamaq və kitablarını satmağı düşünürlər. Bu isə müasir ədəbiyyatımıza nə şərəf gətirər, nə də Nobel.

İlkin Abbas. Azərbaycanda daxili birlik yoxdur. Hazırda hər kəs özünə “ədəbiyyatçı” deyir. Bəzən, kiməsə təkan vermək əvəzinə, kimisə düşürürlər. Bu şəkildə davam etsə, nəinki Nobel, heç həvəsləndirici mükafat da qazana bilmərik.

İsmayıl Əsədsoy. Bundan ötrü, gərək, həmin mükafatı verənlər əvvəlcə həmin yazıçının yazısını oxusunlar. Bundan ötrü də, gərək, həmin yazı xaricə ayaq aça bilsin. Bundan ötrü də, gərək, əvvəlcə həmin yazını özümüz oxuyaq. 

Məncə, ən əvvəlinci səbəb, bizdə oxucu kütləsinin olmamasıdır.

Peykər İbrahimova.Fikrimcə, buna səbəb, ya mövzunun düzgün seçilməməsi, mövzu yaxşıdırsa, kifayət qədər yaxşı əhatə olunmamasıdır. Yerli ədəbiyyat oxuyucularının əksəriyyəti də detektiv janrı ilə kifayətlənirlər. Yəni hələ yerli oxuyucu kütləsinə xitab yazıçılar üçün çətindir. Ancaq yaxın gələcəkdə yazıçılarımızdan Nobel mükafatı alan olacağına inanıram.

Rüfət Yaqubov. Düşünürəm ki, bu mövzunu çoxdan qaldırmaq lazım idi. Azərbaycanın hələ orta əsrlərdən çox dahi və ədəbiyyatımızda silinməz iz qoyan yazarlar və əsərlər olub. Bunu 19 və 20-ci əsrlərin ortalarında da görə bilərik. Dünya ədəbiyyatında müxtəlif ölkələrdən Nobel laureatı olan yazarlar və əsərlər var. Hətta müəllifi vəfat etmiş əsərlər qoyulur, lakin bizim, məsələn, “Dəli Kür” kimi əsərimiz heç vaxt Nobel laureatı olmayıb. Fikrimcə, burada bütün bunlara səbəb Azərbaycan diasporunun zəif olmasıdır. Əvvəlcə diasporamızı gücləndirməli və daha sonra Nobel mükafatına layiq görülməsi üçün dünya üçün əhəmiyyətli məna daşıyan əsərlər yazılmalı. Düşünürəm, bu cür əsərlər klassiklərimizdə var. Ümid edək, gələcəkdə bunun üzərində gənclərimiz çalışacaqlar. Sadəcə, günü-gündən daha da inkişaf etmək lazımdır.

Rahid Abbasov. Ortalığa çıxara biləcəyimiz sanballı bir əsərimiz yoxdur, ona görə.

İlqar Rəhimov. Fikrimcə, hazırda dünya şöhrətli yazıçımız yoxdur. Həmçinin, Azərbaycan yazıçılarını Nobel Mükafatı qazanmış yazıçılarla müqayisə edə bilmirəm. Bizim yazıçılar bu müqayisəyə tab gətirə bilmirlər. Çingiz Abdullayev, təbii ki, çox məşhurdur. Amma azərbaycanca yazmamağı və janr uyğunsuzluğu Nobel Mükafatını qazanmağa mane olan amillərdir. Beynəlxalq nüfuzumuzun da bu məsələdə təsiri az deyil.

Yusif Nazim. Azərbaycanın tarixən böyük şairləri, yazıçıları olub, elə indi də istedadlı ədibləri var. Amma, di, gəl ki, biz nədənsə, həmişə özümüzə biganə oluruq. Elə bil özümüz olmaqdan qorxuruq. Başımız dünyanı özümüzə tanıdmağa qarışdığından, özümüzü dünyaya təqdim etmək yadımızdan çıxır. Şəxsən mənim üçün "Nobel mükafatı" brend mükafat deyil. Bəyəm, Nobel Füzulidən, Sabirdən böyük kişi olub? Mən bir onu bilirəm ki, Azərbaycanda kifayət qədər böyük ədəbiyyat var. Ilk oncə özümüz-özümüzü tanısaq, onda dünyada görər ki, bizim böyük fikir adamlarımız olub və inanıram ki, olacaq. Eyni zamanda bu həm də siyasi məsələdir. Qərbin ideologiyasını diktə edən əsərlər yazılmalıdır ki, onu bizə təqdim etsinlər. Hələliksə "Nobel" olmasa da "Mebel mükafatı" filan təsis edib, özümüzü sevindirək, sonrası Allah Kərimdir. "Nobel"sizliyi də dərd etməyək, qoy Nobelin ruhu narahat olsun ki, onun mükafatını bizə təqdim etmirlər!

Gülnarə İsrafilqızı. Bunun bir neçə səbəbi var:
1. Ədəbiyyatı mükəmməl bilənlər yoxdur;
2. Yazarlar maaliyyə baxımından çox əziyyət çəkirlər;
3. Heç kəsin sağlam rəqabət aparmağa həvəsi yoxdur. Heç kəsin ömrünü ədəbiyyata sərf etməyə imkanı yoxdur. Hamı bir tikə çörək arxasındadır. Yazarın qonorarı olsa, bir-birindən mükəmməl əsərlər ortaya qoyar. Günümüzdə isə bir-birilərini yıxmaqla məşğuldurlar;
4. İstedadsızlıqdan heç kəs özündən başqasını görə bilmir.

Elnur Soltanoğlu. Ümumiyyətlə, Nobel Mükafatı verilmiş müəllifləri nəzərdən keçirdikdə, məncə, səbəb göz önündə canlanır. Sözü gedən mükafat, sadəcə, müəyyən bir ideologiyaya xidmət edir. Bizim yazarlara gəlincə, kiməsə bəzəməyə çalışmaqla nəinki Nobel, heç bir uğur əldə etmək olmaz.

Tamella Abdiyeva. Çünki dünyanı maraqlandıran yox, özlərinin maraq dairəsinə uyğun fəaliyyətlə məşğuldurlar. “Əsər”lərində qadınları müzakirə etməyi dayandırıb başqa mövzuların da olduğunun fərqinə varasalar, bəlkə, bir iş ortaya çıxara bilərlər.

Xanım Əliyeva. İki səbəb var: Birincisi, yazdıqları, o qədər də yaxşı olmur. İkinci səbəb isə, yaxşı yazarlara imkan vermirlər, öz əsərlərini Nobel Mükafatına təqdim etsinlər.

Samirə Hüseynova. Bəlkə də, elə yazılar var ki, Nobel qazana bilərlər. Sadəcə, “qabağa getmək” üçün pulun olmalıdır. Bundan sonra qazanmaq olar.

Cavidan Mirzəzadə. Çünki dünyəvi əsərlər əvəzinə yalnız müəyyən sərhədlər çərçivəsinə aid olan əsərlər yazırlar.

Aykan Hüseynli. Nobel Mükafatına layiq əsərlər yazılmadığı üçün.

Samir Hüseynov. Nəzərə alsaq ki, ədəbiyyat Azərbaycanda yeni formalaşır, görərik ki, bu, bizim üçün tezdir. Hələ ki, ciddi yazan yoxdur.

Sevinc Bayramova. Çünki bizim yazarlara dövlət diqqət göstərmir. Yazarlarımızın əsərləri xarici dillərə tərcümə olunmur. Nobel Mükafatı verənlərin də bizimkilərdən xəbəri olmur. Ona görə, qazana bilmirlər.

Məhəmmədəli İsayev. Fikrimcə, Azərbaycanda Nobel Mükafatı qazana biləcək yazıçılar var. Kitaba tələbat olduqca azdır. Hansısa kitab kifayət qədər satılsa, yazıçı müəyyən qədər gəlir əldə edəcək. Bundan sonra qarşısına məqsəd qoysa, xarici ədəbiyyat saytlarında kitabı reklam etmək mümkün olacaq. Beləliklə, kitab daha çox tanınacaq. Nəticədə, ona maraq artacaq. Kitab, həqiqətən də, kifayət qədər keyfiyyətlidirsə, əmin olun ki, ona qiymət verən tapılacaq. Qısaca, əvvəla, kitab oxuyan cəmiyyət formalaşdırmaq lazımdır. Yarmarkalarda belə kitab qiymətindən narazı olan insanlardan nə irəliləyiş gözləmək olar? Orxan Pamuk bu mükafatı təkcə qazanmadı. Türk xalqı ona vaxtında qiymət verməsəydi, o, çətin ki, bu mükafatı qazna bilərdi. 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0311 saniye