Baş daşı
Mübariz Əhmədov tərəfindən "Şeir" bolməsinə 07:05 25 yanvar 2013 tarixində əlavə olunmuşdur

 

Baş daşı

 

(Qarşımda hərəkət edən yük maşınında

 baş daşı düzəltmək üçün, daş aparırdılar.

Hələ emal olunmamış bu daşa baxdıqca

düşünürdüm...)

 

Hara aparırlar səni beləcə,

Kimin qismətisən kimin baxtısan?

Kimin taleyinin sınmış saatı,

Kimin yaşanmamış ömür vaxtısan?

 

Hələ əl dəyməyib üzünə sənin,

Hələ yazılmayıb “alnına” yazı.

Önündə yatanın deyə bilmərəm,

Səninsə olacaq yüz yaşın azı.

 

Səni çıxartdılar  öz “məzarından”,

Yatmışdın gör neçə illərdən bəri.

Kimisə dəfn edib sənin yerinə,

Düzərlər üstündə təzə gülləri.

 

Üzündən – gözündən tozunu silib,

Alnına  taleyin yazılacaqdır.

Kiminsə ömrünün bu ölüm günü,

Sənin doğum günün sayılacaqdır.

 

Gələcək doğmalar, dostlar, tanışlar

Sənin hüzurunda baş əyəcəklər.

Sarılıb üstünə, qucub boynunu,

Ağlayıb, oxşayıb, dil deyəcəklər.

 

Boynuna al  yaylıq dolayacaqlar,

Təzə gəlin kimi, təzə bəy kimi.

Kimi gözlərində sıxıb göz yaşın,

Kimi çırpınacaq bir ürək kimi.

 

Dolanıb fəsillər ötəcək illər,

“Ad günün” qəlblərdə anılacaqdır.

Ünvanı sən olan o son mənzilin,

Sahibin pis işi danılacaqdır.

 

- Dünən ayaq altda tapdalanırdın,

Bir kimsə bilmirdi qədrini sənin.

Bu gunsə doğulub dünyaya gəldin,

Daha veriləcək sənin qiymətin.

 

Sənin taleyinə qibtə etmirəm,

Meyvə yetişməsə kal - kal dərilməz.

Sənin qiymətini yazıb verərlər,

Bizimki, ölməsək bilki verilməz.

 

Bir ricam olacaq sənə baş daşı,

Elə tut yerini heç vaxt söyülmə.

Haqqa, ədalətə baş olanların,

Başının üstündən yana əyilmə.

 

“Daşların” üstündə “baş” olmaq çətin,

Səni qınayacaq onda hər görən.

Yolunu hamıya unutduracaq,

Qəlbini aləmə daş edib gedən.

 

Qoy sənə bu sözüm nəsihət olsun,

Kövrəlmə önündə qərənfil solsa.

Billurtək çiliklən, ovxalan tökül,

Qarşında yatanın qəlbi daş olsa...



... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Mübariz Əhmədov
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0258 saniye