Bəlkə də...
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 23:05 21 iyul 2015 tarixində əlavə olunmuşdur

Bəlkə də unutmusan,
Bəlkə də tam tərsinə,
Mənə acı dərd olan
Sənə şirin xatirə.
İstəyirsən bax bu an
Xatırladım mən sənə,
Beynimdə əks olunan
Sənli anları yenə.

Xatırladım ilk görüş,
İlk həyəcanlı anı.
Sənin ilə göz-gözə
Gəldiyim ilk məkanı:

Otağa daxil oldun,
Əsəbiydin o anda.
Uşaq cildinə doldun,
Sən sakit dayananda.
Sükut çökdü araya,
-Salam, buyurun- dedim.
Salamlaşan zamanda,
Titrədi incə səsin,
          (Güclə salam kəlməsin
Duydum dodaqlarında.)

Əvvəl rəsmi danışdıq:
Qısa sual, cavablar.
İşimizdən söz açdıq,
Çətin idi o vaxtlar.
Uzatmağa çalışdıq,
Söhbəti, olub rahat,
Bir də o vaxt ayıldıq
Keçib bir neçə saat.
Necə doğmalaşmışıq,
Ötən saatlarla biz.
Sanırdıq ki tanışıq,
Nə qədər vaxtlarla biz.

Sağollaşdıq,
                     ayrıldıq.
Uzaqlaşdın oradan.
Sanki bir hiss yarandı
Sən çıxıb gedən zaman.

Hər gün arzulayardım
Səni, 
        bilmirəm neyçün.
Səbəbsiz sıxılardım.
O gündən sonra hər gün.
Hər qapı döyüləndə,
Sənə bənzər görəndə,
Sən gəlmisən sanardım.
İşimi unudardım.
Sənin ilə bir anlıq
Söhbətə can atardım.
Kədərə üz çevirib
Sevinc nədir?-dadardım.
Mən ağrılı-acılı
Həyata bağlanardım.

Necə də aciz idim
Mən bu hissin əlində.
Bəlkə, xəbərin vardı
Hər bir şeydən sənin də.

Bizdən bir söz edəndə.
Məndən uzaqlaşardın,
Unutmaq istəyəndə.
Mənə doğmalaşardın

Kölgətək izləyərdim.
Hər an edərək diqqət.
İş yerinə gələrdim,
Guya ki vardı xidmət.
Təəccüb eyləyərdim,
Qəfil rastlaşanda biz.
-Təsadüfdü- deyərdim
Kəsişərkən izimiz.
Həmin "təsadüfləri"
Açıqlayım nəhayət,
Sənə görə təsadüf,
Mənim üçün zərurət.

Necə mehriban idik.
Sandıq bizimdi zaman.
Təəssüf ki, düşünmədik,
Bizə qənimdi zaman.
Biz qopara bilmədik,
Bizə ömürlük qalan,
O xoş zamandan bir an.

Bizim münasibətə
Bir ad tapa bilmədik.
Nə -biz dostuq- demədik,
Nə də -sevgi- söylədik.

Tale ayırdı bizi
Nəticəsiz, səbəbsiz
Üç min on beş gündür ki,
Yaşamaqdayam sənsiz.
Bu qədər müddətdə mən
Xəyalınla yarışdım.
Taleyimdən küsərək
Sənsizliklə barışdım.

Sən olmayan zamandan.
Gecələr həmdəm olmuş.
Taleyim də o andan
Zülmət içrə yozulmuş.
Gecələr həmdərd mənə
Beyin soyuq, xəyal buz.
Gözlərimdə min ulduz,
Ürəyimdə bir Ulduz.

Nə qədər çalışsam da,
İnan olmur ki, olmur.
Zamanı unutsam da,
Heç bir an unudulmur.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0419 saniye