Bəzən…
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 16:19 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bəzən hər kəs istər tək qalmağı, istər qısa müddətə, istər uzun müddətə, tək qalarkən yaşadığı sakit, hüzur, rahat və azad həyatı… 

Bəzən insan kimi söz, hərəkət, seçim və qərarlarında sərbəst olmaq istəyir, kiminsə və nəyinsə səni idarə etməsinə, həyatına müdaxilə etməsinə, onu dəyişməsinə çalışmasını istəyər insan…

Bəzən hər kəsin arzusu olar təklikdə düşünmək, özü üçün yaşamaq, öz həyatını yaşamaq, hər kəsi və hər şeyi unutmaq…

Bəzən qorxularımız və qorxaraq yaşamağımız, yaşatmağımız, həyatın nə qədər qısa və gözəl olmasını anlamağa mane olur…

Bəzən insan sevgidən, sevməkdən, sevilməkdən, anlaşılmazlıq, mübahisə və müharibələrdən, tənha qalmaqdan, insanlardan, heyvanlardan, təbiətdən, təbii fəlakətlərdən, fors-majordan hadisələrdən, risklərdən, itirməkdən, xəstələnməkdən, həyatı yaşamaqdan, ölməkdən, Allahın qəzəbindən qorxur… Beləcə həyatını doğru, qorxmayaraq yaşaya bilmir, sevmir, sevilmir, onu anlamırlar, o anlamır başqalarını, mübahisə qurbanı və ya obyekti olur, istəmədən mübahisə etməli olur, müharibə baş verir və əzizləri həlak olur, ev-eşiksiz qalır, tənha qalır, insanlardan qaçır, uzaqlaşır, heyvanlara nifrət edir, təbiəti qorumur, təbii fəlakət və fors major hadisələr onun əlindən nəyisə və ya kimisə alır, qorxduğu risklərlə qarşılaşır, itirir, xəstələnir, həyatını yaşamır, Allahın qəzəbinə tuş gəlir, cəzalanır, ölür… Fikirlər reallaşır… Qorxudumuz həyatımızda baş verir… Qorxularımız həyatımıza daxil olduqca, daha da qorxuruq, qorxmamaqdansa… Başlayırıq hər yerdə və hər şeydə səbəb axtarmağa, başqalarını günahkar bilməyə…

Bəzən insanlar pislik, haqsızlıqla qarşılaşan, həyatında nəyəsə nail olmayan, neqativ hal və insanlarla rastlaşan kimi ruhdan düşür, mübarizə aparmır, sınır mənəvi cəhətdən… Halbuki, nə olursa, olmursa, yaxşılığadır, davam etməli, irəli getməli, mübarizə aparmalı, can atmalı, çalışmalı, ruhdan düşməməli, sınmamalı, neqativi pozitivə çevirməli, həyat eşqi, özünə güvənlə dolu olmalıdır insan…

Bəzən elə insanlar çıxır ki, insanın qarşısına, yaxşı insanların, yaxşılıq, xeyirin dəyərini bilməyi öyrədir, yaxşını pisdən ayırmağı, qazandığımızın, həyatımızda olan hər şey və hər kəsin qiymətini bilib, qoruyub saxlamağı öyrədir, həyata daha çox bağlayır, əsl insan, əsl kişi, əsl qadın necə olmalıdır, onu göstərir bizə, səhvlərimizi, doğrularımızı söyləyir, tərifləyir də, tənqid edir də, doğru olduğumuz zaman bizə dəstək olur, yanıldığımız zaman yanlışımızı söyləyib, doğru olana yönəldir.

Bəzən elə insanlar çıxır ki, həyat yolumuza, həyatımızı sevməyi və şükr etməyi öyrədir bizə…

Bəzən bəzi insanlar yalan danışmağı, yalanı eşitməyi çox sevir, həqiqətlə barışa bilmir, xəyanət edir, əxlaqsız yol tutur, səhv səhv ardınca həyatını davam edir, söyür, döyür, təhqirlər edir, aqressiv olur, günahlara batır, bataqlıq onu öz içinə çəkib aparır, xilas yolu yoxdur, çünki xilaskarları da qovub çoxdan ətrafından…

Bəzi dostlarımız ancaq xoş günümüzdə olur yanımızda, bəziləri isə ancaq dar günümüzdə… Dar günümüzdə olmayanlar ancaq xoş günümüzdə olub, sevincimizə şərik çıxır, dar günümüzdə bizdən uzaqda olub, batmağımızı, yıxılmağımızı izləyir sadəcə…

Bəzən insanlar yıxıldıqca zirvədən geri qalxmaq istəmir, bəzən isə yıxıldıqca, durur, daha iradəli, güclü, bariz olub, yenidən irəliyə doğru addımlayır, zirvəyə gedən nərdivanın pillələrini yenidən pillə pillə qalxır…

Bəzən isə elə insanlar görürsən ki, ikiüzlü, yaltaq, riyakar, qərəzli, iyrənc, heyvani ruhda, bir üzünə tüpürəndə, şillə vuranda, o biri üzünü çevirər…

Bəzən elə insanlar var ki, üzündə maska, oynadığı rollar, onu elə insana çevirmişdir ki, o artıq maskasız, rollar olmadan özünü hiss etmir adam kimi…

Bəzən ancaq bir fikir keçər insanların ağlından: Bu günün sabahı da var…

Bəzən insanlar ancaq dünənləri, xatirələri və xəyalları ilə yaşayar, melanxolik xarakterləri ilə xoşbəxt olduqlarını düşünərlər…

Bəzən elə insanları tanıyırsan ki, onları idarə etmək lazımdır, idarə etməsən, həddlərini aşıb, insanlıqdan çıxarlar…

Bəzən elə insanlar olur ki, onlar idarə edər, sınmaz, möhkəm, öz istədiklərini, məqsəd, arzularını üstün tutub, mübariz olub, çalışıb, həyatda hər şeyə nail olar, öndə, zirvədə olarlar…

Bəzənsə, insanlar heç nə etmək istəməz, kənardan baxıb, öndə gedənlərə həsəd aparar, paxıllayar və onları yollarından döndərib, onlara mane olmaq istəyər, həmişə narazı qalıb, şikayət edərlər…

Bəzən eqoist olmaq daha yaxşıdır, əsl eqoist insanlar əslində  yaxşı insanlardır… Çünki hər şey insanın özündən başlamalıdır. Onlar özlərini sevər, anlar, müşahidə edər, özlərinə hörmət edər, tənqidi yanaşar, yaxşılıq edər, pislik etməzlər, özlərinə arzulamadıqlarını, rəva bilmədiklərini başqalarına arzulamaz, rəva bilməz, özlərini başqalarının yerinə qoymağı bacararlar… Onlar təhlükəli deyildirlər, onlar maska taxmırlar, onlar necə varsa, elə də görsənirlər, onlar güzgü önünə keçib, özlərini görə bilirlər…  Çünki onlar özləri üçün yaşayarlar, başqaları üçün deyil, onların vaxtı, həyatı daha önəmli olar… Eqoistlikdən başlar hər şey, başqalarını sevmək, anlamaq, müşahidə etmək, başqalarına hörmət etmək, tənqid etmək, yaxşılıq etmək… Eqoizm qürursuz olmalıdır… Qürur olan yerdə, hər şey məhv olar, qürur nə qəlbi dinlər, nə ağlı, nə vicdanı… Bütün bəlalar, pisliklər də məhz qürurdan başlar… Paxıllıq da qürurun övladıdır…

Bəzən yanında elə dostun olur ki, səmimi, təbii, təmənnasız, qərəzsiz yanında olan, güləndə gülən, ağlayanda ağlayan, dinləməyi bacarıb, sonra məsləhət verən, qınamayan, bizim sanki ikinci yarımız, bizim kimi olan, eyni zamanda bizdən fərqli olan, fərdiçiliyi qoruyan insan olur… Onların qədrini bilmirik, itiririk, peşiman oluruq, əzab çəkirik, onlar üçün darıxırıq… Sonrakı peşimançılıq isə fayda verməz, insanlar!

Bəzən vaxtdan şikayət edirik, dünənimizlə yaşayıb, bu günün necə keçdiyini, dünənə döndüyünü, sabahın bu günə necə keçdiyini anlamadan, hər gün eyni həyat, solğun, darıxdırıcı, maraqsız… Həyatımız bizi belə qane edir, dəyişməyə çalışmırıq… Kimdənsə, nəsə umuruq, inciyirik, halbuki, özümüz özümüzə bunu etməyəndən sonra niyə başqalarından ummalıyıq ki?İnsan, ilk növbədə, özü üçün etməli, özünə etməlidir, sonra başqalarına… İnsan öncə özü olmalı, sonra ictimailəşməlidir…

Bəzən elə olur ki, hamı üçün yaşayırıq, hamının məsləhət, söz, hərəkətlərinin təsiri altında dəyişirik, əsl kimliyimizi itiririk, hər kəsin sözüylə dəyişirik, özümüzdən nəsə qalmır, onların istədiyi kimi oluruq?!Axı niyə?!Bizi belə yaradıblarsa, belə məsləhət bilinib məncə… Niyə dəyişməlisən?!

Özünüzü, həyatınızı, olanları və olmayanları doğru anlayın, qəbul edin, məyus olmayın, şikayət etməyin, şükürlü olun… Həyatınızı başqaları istədiyi, dediyi, görmək istədiyi kimi yox… İnsan bu həyata bir dəfə gəlir axı…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+9=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0276 saniye