Bir günün intizarında
Etibar Nasir tərəfindən "Hekayə" bolməsinə 18:28 19 iyun 2015 tarixində əlavə olunmuşdur

"Nəhayət ki işə düzəldim. Əmir dayı bağban işlədiyi kimsəsiz uşaqlar evində məni nəzarətçi işinə düzəltdi. İşimin ilk günü idi. Burda uşaqların qayğısız həyat sürmələri diqqqətimi cəlb etdi. Sevincli, şad-xürrəm oynayırdılar. Ancaq, nə qədər şad olsalar da, gözləri qapıda idi. Onların bu sevinc, bu şadlıqlarına baxanda yadıma bir misra düşdü:

"Dünyanın ən xoşbəxt insanlarıdır,
Uşaq olduğunu bilmir uşaqlar"

Ancaq ağac altında, skameykada oturan 8 yaşlı o qızdan başqa... Özümü saxlaya bilməyib ona bacardığım qədər nəvazişlə yaxınlaşdım.

- Salam. Necəsən? Mənim adım Aydındır, sənin adın nədir? - deyə soruşdum. Qız kədərli baxışlarla mənə diqqətlə baxdı. İlahi! Bu necə baxış idi?! Sanki, bu qız həyata üsyan edirdi. Sanki, hər kəsdən, həyatdan belə küsmüşdü. Çox zəif səslə:

- Humay.
- Sənin nə gözəl adın var, özün də gözəlsən. Sənin saçlarını kim hörüb belə?
- Anam - dedi.

Mən nə qədər cəhd edirdimsə, Humayla səmimi dialoq qura bilmirdim. Sanki kimsə gələcəkdi, onu gözləyirdi. Demək olar ki, həyatdan tamamilə təcrid olmuşdu.

Mən bura işə düzəldiyim bu neçə gündə Humayı bu cür görürəm. Həm də məni təəccübləndirən odur ki, Humay kimə "ana" deyirdi? Eyni nəvazişlə:

- Anan kimdir? Burdadır? - deyə soruşdum.
- Hə. Mənim anam Məsumə anadır.

Bu hamının "bibi" dediyi Məsumə bibidir. Məsumə bibinin heç kimi yox idi. O da, vaxtilə elə bu kimsəsiz uşaqlar evinin məzunu olub. 18 yaşı tamam olandan sonra tərxis olunub və başqaları kimi getməyə yeri olmadığı üçün bir müddət yetimxananın həyətindəki qaravulxanada, İmdad əminin himayəsində yaşayıb. O vaxtki müdirin sayəsində süpürgəçi kimi işə götürülüb və elə həmin vaxtdan hamıya bibilik edir. Hamı ona "bibi" deyir, təkcə Humay "ana" deyir. Həqiqətən, sözün əsl mənasında Məsumə bibi Humaya analıq edirdi. Nədənsə Humayın taleyi məni özünə daha da cəlb etdi. Bəlkə də sualım yersiz oldu, ancaq marağıma hakim ola bilmədim. Çətinliklə də olsa soruşdum:

- Humay, qızım, sən bura neçə yaşında gəlmisən?
- Bir-neçə aylıq olanda. Məni bax bu skamyaya qoyublar. Məsumə ana məni bir qış səhəri burdan tapıb. Adımı da o qoyub, doğum tarixim də elə həmin gün yazılıb. Mənim anam Məsumədir - deyib birdən ağlamağa başladı.

Soruşduğuma peşman oldum, lakin, qəlbimin dərinliyində "qoy danışıb ürəyini boşaltsın" deyə düşünürdüm. Humay elə hıçqırıqla ağlayırdı, sanki, neçə illər qəlbində tıxanmış qəhər vulkanı püskürürdü. Bir az sakitləşib, sanki həyatının ən önəmli sualına cavab istəyərək:

- Mənə analıq edən, özü yatmayıb məni yatıran, yeməyib məni yedirdən, başıma dolanan Məsumə anadır. Bunu bilirəm. Bəs niyə məni dünyaya gətirən və bura atan qadını gözləyirəm? Niyə atamı gözləyirəm? - deyə təşvişlə soruşdu.

- Humay, qızım, biz bilmirik ki, onlar hansı məcburiyyətə görə səni bura veriblər. Bilmirik. Bəlkə səni istədiklərindən bura qoyublar?

- Onlardan mənə qalan bax, bu boyunbağı və medalyondur - deyə boynundakı boyunbağını göstərdi. Medalyonun üzərində ərəbcə nəsə yazılmışdı, altında isə 17-31 rəqəmləri. Anladım ki, söhbət Quranın 17-ci surəsinin 31-ci ayəsindən gedir.
Ayə belədir: "Yoxsulluqdan qorxub (cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə qız uşaqlarını öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək həqiqətən böyük günahdır".

Bu sözlərin medalyona hansı məqsədlə yazıldığını, dəqiq sirrini bilmirdim. Bircə onu anlayırdım ki, Humayın valideynləri tam məcburiyyətə görə onu bura veriblər. Humaya isə burda mənəvi dəstək lazımdır.

- Humay, bəs niyə həmişə bura oturursan? - deyə titrək səslə soruşdum.

- Ümid edirəm ki, bir gün ya atam, ya da anam gələcək və məni burda axtaracaqlar - deyə cavab verdi.

- Qızım, sən ümid edirsən ki, ola bilsin bir gün gələcəklər. İkimiz də gözləyirik. İntizar da 2 cürdür: biri ümid olan intizar, digəri isə ümidsiz intizar. Sən şükr elə ki, ümidli intizardasan - dedim və şükr olsun ki, dediklərimin təsiri oldu. Bayaqdan həyatdan tam təcrid olan Humayın gözlərində ümid işığı parladı və ümid dolu baxışlarla mənə baxdı.

- Əmi, bunları bilmirdim. İndi hər şeyi anladım - deyə üzümdən öpdü və "ana" deyə Məsumə bibinin yanına qaçdı. Qəlbimə qeyri-adi rahatlıq gəldi. Sanki, çiyinlərimdən ağır yük götürülmüşdü. Bilmədən işlətdiyim sözlər özümü də düşünməyə vadar etmişdi. Həqiqətən də, biz - insanlar, bu dünyada bir günün intizarında yaşayırıq. Lakin, müxtəlif intizarlarda. Kiminsə intizarında ümid var, kiminsə intizarında ümid yoxdur."


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Etibar Nasir
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0487 saniye