Bir salama belə gecikməyəcəyəm
Şahnaz Əhmədova tərəfindən "Digər yazılar" bolməsinə 01:15 07 may 2012 tarixində əlavə olunmuşdur

Fikirləşirəm, nəyin səhv olduğunu, mənim, dostlarımın, ətrafımın, insanların niyə belə olduğunu fikirləşirəm. Anlamaq istəyirəm insanoğlunun nə istədiyini, məqsədini, məqsədsizliyini. Niyə həmişə ya tez ya da çox gec olur? Arzularını, istəklərini tam vaxtında etmək şansdır ya alın yazısı? Bu hər kəsə niyə qismət olmur? Hərdən fikir vermədiyim çox kiçik bir hadisə ya da heç reallaşmamış bir xəyal sonra necə düşündürür məni. Çox yorğunam sakitləşmək istəyirəm, fikirləşmək ya da heçnə düşünməmək sakit durmaq, gözlərimi yumub boşluqda dayanmaq istəyirəm. Nələr etmək istəyirəm, amma indi həvəs yoxdur, sonra. Bu tənbəllikdir ya hələ vaxtı deyil deyə beləyəm? Bunu da fikirləşmək istəmirəm. Bir şey etmək istəyəndə ya tez olur ya da çox gec. Həmişə tələsirik, hər yerə tələsirik. Hara, niyə? Axı hara gedəcəyimizi bilmirikmi? Hamının sonu bəlli deyilmi, ona görəmi tələsirik? Bir tərəfdən də həmişə gec olur, amma artıq heç nəyə gecikməyəcəm, adi bir düşüncə belə olsa, çalışacam reallaşdırım. Əks halda sonra da indi olduğu kimi əhvalım korlanacaq. Bir var dediyin sözə görə peşman olasan, bir də var ki, demədiyin bir sözə görə fikir çəkəsən, keşkə deyəydim, keşkə eləyəydim, keşkə, keşkə… Bugün qonşum rəhmətə gedib, bu xəbəri alana qədər bu haqda heç fikirləşmirdim. O, hər dəfə dərsdən qayıdanda gördüyüm qoca dayı idi. Niyə bu qədər düşündürdü bu məni? Əvvəllər çox görmürdüm onu. Son vaxtlar tez-tez görürdüm, hər dəfə görəndə də salam vermək istəyirdim, amma vermirdim, verə bilmirdim, axı onu tanımırdım. Hər salam vermək istəyəndə bu fikir ağlıma gəlirdi və o mənə mən ona baxa-baxa keçirdim onun yanından, görən o da ona salam verməyimi gözləyirdi? Gələn dəfə deyərəm, sabah salam verərəm, buda o sabahlardan biri, artıq heçnə deyə bilmərəm. Görən salam versəydim, onun rəhmətə getməyi məni bu qədər kədərləndirəcəkdi? Bəs tanımadığım bir insana salam verməməyim məni niyə bu qədər narahat edir? Artıq bunların heç bir əhəmiyyəti yoxdur, artıq gecdir. Heç nəyə görə gecikmək istəmirəm, sonradan “keşkə deyəydim” demək istəmirəm. Daha gecikməyəcəm, qarşımdakı insana demək istədiklərimi deyəcəm, hisslərini ifadə etməyə gecikməcəm. Bu gün kiməsə sözüm varsa onu sabaha saxlamayacam, elə bu gün deyəcəm. Sonra ya sözümü deyəcəyim insan, ya da sabahım olmaya bilər. Dediyim söz qəlbinə dəymirsə, sənə zərər vermirsə, niyə demədim onu, indi mən kədərlənirəm. Gecikməyəcəm, artıq heç nəyə, heç kimə gecikməyəcəyəm. Haqqında heçnə bilmədiyim sabahıma görə gecikməyəcəyəm. Bir təbəssümə, qəlbinə dəydiyim sabah keçəcək dediyim dostumun könlünü almağa, ağlayan kimisə sakitləşdirməyə, görmək istədiyim, çox darıxdığım insanları ziyarətə gecikməyəcəyəm, kiməsə sevgimi bildirməyə, hisslərimi ifadə eləməyə gecikməyəcəm, demədiyim üçün sonradan peşman olduğum bir “Salama” belə gecikməyəcəyəm, gecikməyəcəyəm…

 


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Şahnaz Əhmədova
Haqqında
o məni axtarıram, hələ tapmamışam deyə yaşayıram...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0195 saniye