Biri var idi, biri yox idi
Muzafferus tərəfindən "Şeir" bolməsinə 10:53 17 iyul 2017 tarixində əlavə olunmuşdur

hər şey tam o gün başladı;
hər şeyi anladığım gün.
ikili mənliyi anladığım gün.
mən var idim, mən yox idim,
biri var idi, biri yox idi.

 

hər şey o gün başladı:
gözümə görünən insanlar…
yəni onların mənim uydurmam olduğunu anladım.
onlar var.
onlar yoxdur.
biri var idi, biri yox idi.

 

yəni ikili insan düşünün.
həm “dəli”, həm “ağıllı”.
insanların gözündə
“ağıllı” var,
“dəli” yox.
öz gözündə
“dəli” var,
“ağıllı” yox.
indi deyin görüm
kim var, kim yox?
biri var idi, biri yox idi.

 

hər şey bir nağıl kimi başlayır.
və sən nağılların reallıqdan gözəl olduğunu anlayırsan.
nağıllar aləmini axtarırsan.
o qapını axtarırsan.tələs.
az qaldı.
qapı bağlanacaq.
bir gördün var, bir gördün yoxdu.
əslində, nə gözümə görünənlər var,
nə eşitdiyim səslər.
mən əmin deyiləm
nə realdır, nə uydurma;
nə doludur, nə boş.
nə var, nə yox.
biri var idi, biri yox idi.

 

tık-tık-tık-tık,
döyünən başım.
açıb qapımı otururam,
salamlaşıram özümlə,
“mən gəldim” deyirəm.
qəribə ifadəylə baxılır üzümə.
tanınmadımmı görən?
adımı-soyadımı deyirəm.
baxılır kağızlara.
mən varmıyam, mən yoxmuyam?
gülməliyəm, yoxsa ağlamalıyam?
sevinməli, yoxsa kədərlənməli?
sevməliyəm, yoxsa nifrət etməliyəm?
birinimi seçməliyəm?
mən ikiləşəndən bəri,
hər ikisini seçəndən bəri
başladı hər şey.
o günə qədər sadəcə
biri var idi, biri yox idi.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0399 saniye