Daşlara həkk olunan xoşbəxtlik
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 14:25 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

                                             Daşlara həkk olunan xoşbəxtlik...

 

           - Bura haradır, baba?! – deyə nəvə soruşdu.

           - Şəhidlər Xiyabanıdır, oğul!..

           - Bəs, bu şəkildəkilər kimlərdir?

           - Vətən, torpaq uğrunda şəhid olan igid oğullarımızdır.

           - Uğrunda nədir, baba?

           - Yəni, Vətənə görə, sənə, mənə görə canlarından keçənlərdirlər.

- Niyə bizə görə?

- Ona görə ki, biz rahat yaşayaq, sən rahat böyüyəsən, məktəbə gedib yaxşı dərs oxuyasan, xoşbəxt olasan?

- Mən xoşbəxtəm, baba?!

- Əlbəttə, bala, sən çox xoşbəxtsən.

- Bəs, xoşbəxtlik nədir?!..

- Bax, anan səhərlər səni yuxudan oyadır, atanla salamlaşırsan, nənən üzündən öpür, öz isti ocağımızda oturub səhər yeməyimizi yeyirik, axşamlar da birlikdə şirin-şirin söhbət edirik! - deyə baba, nəvəsini başa salmağa çalışdı.

- Xoşbəxtlik beləmi olur, baba?

- Əlbəttə... Yaxınlar, doğmalar bir yerdə olanda, uşaqlar sağlam böyüyəndə, ölüm-itim olmayanda xoşbəxtlik olur.

- Bəs, buradakıların balaları yoxdur?! – deyə nəvə başının işarəsiylə mərmər daşlara həkk olunmuş şəkildəkiləri göstərdi.

- Baba bir qədər köks ötürüb:

- Əlbəttə, çoxlarının sənin boyda övladları, hətta, nəvələri olanlar da var.

- Onda, onların balaları, nəvələri xoşbəxt deyillər?!

- Niyə ki, onlar da xoşbəxtdirlər, dövlət onlara qayğı göstərir, himayə edir.

- Axı, onlar səhərlər yerindən duranda ata-analarıyla salamlaşmırlar, babalarıyla gəzməyə getmirlər?

- Onlar şəhid balalarıdırlar, oğul, onları hamı salamlayır. Səni evdə, təkcə ata-anan, nənən-baban salamlayır. Onları isə küçədə, bağcada, məktəbdə hər yerdə hamı salamlayır. Onları hamı çox istəyir. Görürsən, onlar necə də xoşbəxtdirlər?

Nəvə başını aşağı salıb susdu.

Baba soruşdu:

- Nə oldu sənə, ağıllı balam, niyə susdun?! Düz demirəmmi?!

Nəvənin gözləri parladı. O, dönüb həsrət dolu baxışlarla, daşlara həkk olunmuş şəkillərə bir də nəzər salaraq dedi:   

- Baba, kaş, sənin də şəklin onların arasında olaydı, mən də onların balaları kimi xoşbəxt olaydım...

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0279 saniye