Dəyişməli idi hər şey
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:16 21 aprel 2019 tarixində əlavə olunmuşdur

Dəyişməli idi hər şey
ya da elə dəyişik olmalıydı.
Məsələn,
ağlamalı deyildi bir körpə
anası öldü deyə. 
Ya da bir ana fəğan etməməliydi
bala itkisinə.
Saqqal saxlamamalıydı kişilər
əzizlərinin yaslı xatirəsinə. Dəyişik olmalı idi hər şey
ya da dəyişməliydi bütün olanlar.
Atasını,
qocalar evinə verməli deyildi
doğuluşu ilə nəzir paylanan oğullar.
Yollara dikilməməliydi
yaşlı qadın gözləri.
Xəstəxana divarlarında izi olmamalıydı
əzizlərin… Dəyişməliydi hər şey
ya da dəyişik olmalıydı bütün olanlar.
Məsələn,
Zəhra və Fərəh ölməli deyildi.
Aytac qılpayı qurtulmalı idi
"sevginin" pəncəsindən.
Özgəcan
həyatını bağışlamamalıydı
şərəfdən yoxsun namərdə.
Və Xəzərdə ölməməliydi Neftçilər,
sönməli deyildi onların evinin
çöl lampası.
Susmamalıydı televiziyalar,
Sevdiyimiz qar almamalıydı bizdən
alpinistləri. Dəyişməliydi hər şey
ya da dəyişik olmalıydı bütün olanlar.
Döyülməli deyildi
ağ gəlinliklə ata evindən çıxan qızlar,
kəfəni
övlada layiq libas bilməli deyildi
ata-analar.
Həmişə gülməliydi körpələr.
Daim işıq saçmalı idi dünyaya
körpə qığıltısı.
Somalidə,
Suriyədə
və Odlar yurdunda
gülməliydi körpələr. Dəyişməliydi hər şey
ya da dəyişik olmalıydı bütün olanlar.    

 

Aysel Ateş Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+10=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0257 saniye