Didərgin
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 10:13 03 sentyabr 2022 tarixində əlavə olunmuşdur

Niyə üzü yoxuşda taleyimiz kəsişdi?
Mən hələ də təngnəfəs geri dönə bilmirəm
Bu şəhərdə sən adlı bir işığım var idi
İndi uzaqlardasan, səni görə bilmirəm

Səninlə son görüşdə anladım, gedəcəksən
Gözlərin sükut kimi, nə danışdın, nə dindin
Alıb apardıqların şeir deyildi təkcə
Daha yaza bilmirəm, çünki sən əllərimdin

Bir az uşaq kimiydim, bir az da başı lovlu
Neçə yeri yandırıb kül eləmişdim onda
Od ilə oynayırdım, duyğularım alovlu
Səni külümdən bitən gül eləmişdim onda

Elə uzaqdasan ki, özüm də məndən uzaq
Neçə iz nişan verim özümü tanıtmağa?
Neçə qış keçəm gərək, neçə yol, neçə sazaq
Səndən Allaha gedən yolları qayıtmağa?!

Didərginəm, əzizim, nə yol, nə həsrət bitir
Sən sulardan sulara susub uçursan hələ
Parlayan bir günəş çək, ya yaz tanış bir sətir
Bilim ömür yolumda işıq saçırsan hələ


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye