DÜNYA O DÜNYA DEYİL
Rizvan Fikrətoğlu tərəfindən "Esse" bolməsinə 21:22 23 noyabr 2016 tarixində əlavə olunmuşdur

Dünyada ən yaşlı varlıq elə dünya özüdür. O, insanlar kimi xoşbəxt və bədbəxtdir. Bədbəxtdir ki, qollarını kimə açırsa, kim gəlirsə onu söyür, şəxsiyyətinə toxunur, mənliyini əzir və daha nələr... Daha çox şairlər belə edir, hətta dünyanı qarğıyırlar. Şairlər SEÇİLMİŞLƏR olduğu üçün bəlkə də onların ahı dünyanı tutub, elçi daşı bərkiyən, qapısı açılmayan... bakirə qızlar kimi bədbəxtdir.

Dünya ona görə xoşbəxtdir ki, ətrafındakı söz-söhbətə, deyilən təhqirlərə, söyüşlərə... fikir vermir, ürəyinə heç nə salmır. Gərək üz ola bu qədər söyüş, ah-nalə... qəbul edəsən. Yoxsa ki, bizim “adamlar” kimi. Elə buna görə də, çox yaşaya bilmirik. Mənasız söz-söhbətlərə, boşu-boşuna müqayisələrə, dəyərsiz fikirlərə... baş qoşduğumuz üçün nə başımız qalıb, nə də yaşımız. Üstəlik papağımızı da itirmişik.

Dünyanın əbədi mövcud olması xoşbəxtlikdir, yoxsa bədbəxtlik? Düşünürəm, dünyanın ən böyük bədbəxtliyi elə burasındadır. Bədbəxt olduğu üçün, bəlkə də günahları çox olduğu üçün çox yaşayır. Təsəvvür edin, o qədər haqsızlıq sənin qoynunda, gözünün önündə baş verir və sən heç nə olmamış kimi davranır, sakit dayanmısan, görməməzlikdən gəlirsən. Axı haqsızlığa şərait yaratmaq, ona göz yummaq da günahdır, sən də bu günahın qurbanı olursan, sənin də payın var.

Uca Rəbb dünyanın da bəlasını verəcək. Bu dünyada əbədi heç nə yoxdur. Hətta və hətta dünya da əbədi deyil. Heç dünyanın dağılacağını eşitməmisinizmi? Hə, dünya da bir gün dağılacaq.

Bilirsiniz, Tanrı yaxşı insanları tez aparır dərgahına. Fani,ləkəli... dünyanın çirkin oyunlarından qurtulması üçün, təmiz düşüncə və fikirlərinin məhv olmaması üçün... Lakin pis insanları bu dünyada çox sevindirir, yaxşılara nisbətən pislərin üzünü daha çox güldürür, ömürlərini uzun edir. Fikir vermisinizmi, adətən haqq yolunda olanlar maddi cəhətdən kasıb olurlar. Pislərsə əksinə, daha çox varlı olurlar. Bəlkə də onların gözlərini madiyyat bağladığı üçün onlar pisdir. Əslində onlar kasıbdırlar. Kasıblardan da kasıbdırlar. Çünki onların mənəviyyatları, mənəvi imkanları beş qəpik də etmir. Fikirimcə, pis insanların əbədi ünvanı cəhənnəm olduğu üçün bu dünyada onlara yaxşı fürsətlər verir. Axı pisləri də Tanrı yaradıb, onlar da Allahın quludur. Özü də həmin insanların pis, nankor... olacaqlarını bilə-bilə yaradıb. Qoy pislər çox yaşasınlar da, pisliklərindən qalmasınlar... Nə olacaq ki?!

“Axırın yaxşı gətirsin” – deyib atalarımız. Həyatda çox görmüşəm sonu yaxşı gətirməyənləri. Dünya da elələrindəndir – axırı yaxşı gətirməyənlərdən. Min il, yüz il, iyirmi il... əvvəlki dünya ilə indiki dünya eynidir? İlbəil çirkinləşir, murdarlaşır. O birdəfəlik çarpılaca, gözlənilmədən, hazırlıqsız, çılpaq şəkildə. “Qiyam-qiyamət günü”  ifadəsini yəqin ki, eşitmisiniz. Bax həmin gün dünya məhv olacaq, öləcək.

Görəsən, dünyanın doğmaları - valideynləri, qohumları, övladları, dost-tanışları... varmı? Yoxdurmu? Axı vahid varlıq, doğmayan və doğulmayan yalnız Tanrıdır. Eləysə dünyanın da bizim kimi doğmaları - valideynləri, qohumları, övladları, dost-tanışları... var. Görəsən, Allah dünyanın nəyi sayılır?

Uşaq yaşlarında düşünürdüm ki, Allah dünyanın atasıdır. Sonralar tövbə edib, köhnə fikirlərimi unutdum. Allahı bu işə qatmadım.

Fikirimcə, dünyanın valideynləri ildırım və şimşəkdir. Elə ki, dünyanın səhvi olan kimi onlar qəzəblənir, övladını cəzalandırır. Nə olsun ki, dünyanın yaşı çoxdur?! Onun da səhvləri olur, bilmədikləri var. Gerçəkdən də ildırımla şimşəkin övladı ərköyündür. Yəqin, evin tək övladı olduğu üçün elədir. Elə düşünüblər ki, “evin tək uşağıdır, görən gözümüz elə bu olacaq. Ərköyün olsa da onsuz da biz həmişə başı üstündə olacağıq. Ömrüboyu nəzarətimiz olacaq”. Yaxşı taktikadır. İldırımla şimşəkin bəxtləri heç də pis gətirməyib. Ərköyün uşağa nəzarət etmək, onu bir yerə yığmaq olar? Elə uşağa söz demək olar?! Onlar bunu bacarıblar, dünyanı necə tərbiyə ediblərsə sözlərindən çıxmır. Çıxanda da “pay”ını verirlər. Təsəvvür edin, ildırımla şimşək qocalıb, xəstələnib, yatağa düşüb, nərə çəkə bilmirlər, gücləri tükənib. Onda DÜNYAnın halını görmək istərdim. Gözlə! Qulaq asardı valideynlərinə! Hay, qulaq asdı, ha!...

Dünyanın valideynlərini öyrəndik. Heç sizə maraqlı gəldimi, bunu atası kimdir, anası kim? Maraqlıdırsa deyim (yazım). Atası İLDIRIM əfəndidir, anası ŞİMŞƏK xanım. Şimşək çox vaxt boşuna hay-qışqırıq salar, yersiz nərə çəkər, ah-nalə edər, qorxutmaq məqsədi ilə dünyanın üstünə gələr. Analar belədir də, övladlarının ayaqlarına daş belə ilişməsin deyə hər şeyə önəm verirlər. Adicə kiçik səhvə belə reaksiya verər, tərbiyə mexanizmlərini işə salar, nəsihətlər yağdırarlar. Bilirsiniz, anaların ah-nalələrinin təsiri o qədər də deyil, effekti zəifdir. Axı analar qarğışları ürəkdən etmirlər. Vay o övladın halına ki, qarğışları, ah-nalələri... anası sidqi-qəlblə edir.

Atalar, adətən, övladlarının sərbəstliyini istəyirlər. Ələlxüsus da oğlan uşaqlarının. Atalar Analar kimi hər kiçik məsələni, təsiri qismən zəif olan olayları önəmsəmirlər. Lakin Atalar cəzalandıranda da dəyərində edirlər, ciddiliklərini göstərirlər. Nənəm həmişə deyirdi ki, “Balalarım, çalışın atalarınızın qarğışlarını almayın, onların qarğışları tutur övladı. Ancaq Anaların qarğışları gec təsir edir. Onların qarğışları dildədir, tez peşman olur, Allahdan əfv diləyirlər. Həm də Anaların körpələrə verdiyi süd ki var, həmin süd qoymur övlada ah-nalə... çatsın”. Düşünürəm, nənəmin cümlələrində gerçəklik hiss olunur,  həqiqət var.

Deyəsən, altıncı abzasdan başlayaraq mən də ciddi üslubumu yumşaltdım, yumora çox yer verdim. Bəlkə də elə deyil, mənə elə gəlir... O səbəbdən Dünyanın qohumları, övladları və digər doğmaları haqqında yazmaq fikirindən daşındım. Axı nəyinizə lazımdır? Bəlkə də övladlarını tanımaq istəyirsiniz, yaxşı, o haqda yazaram. Düzü, Dünyanın övladlarını tanımaq mənə də maraqlıdır. Axı mən də hələ ki, bu dünyanın sakiniyəm.

Təsəvvürünüzə əsirlər öncə yaşayan insanları, şəraiti, mədəniyyəti, yaşam tərzini... gətirin. Bir anlıq özünüzü əvvəlki əsrlərə qonaq aparın. Çox da dərindən təsəvvür yaratmayın, həmin əsrlərdə itib-batmanızı istəmirəm. Yoxsa siz də Təzə Bakının gününə düşərsiniz – Qədimliyindən əsər-əlamət qalmayan Bakı kimi çılpaqlaşarsınız.

Əsrlər ötdükcə dəyişikliklər özünü açıq-aydın göstərir. Axı əvvəl nə insanlar, nə də yaşam tərzi... belə deyildi. İndiki insanlar kimlərdir ki? Əvvəlki əsrlərin insanlarından yarananlar, törənənlərdir. Əcdadları köhnə insanlardır.

Fikirimcə, dünyanın övladı da elə Dünyadır. Əvvəlki dünya daha ciddi, NAMUSlu... idi. Onun övladı, övladın övladı, onun övladı...və beləcə bala-bala ciddilik də itdi, namus da...İnsanlar kimi dünya da dəyişdi. Bəlkə də əksinə, dünya kimi insanlar da dəyidi. Sanıram, birinci fikir daha dolğundur.

         Düşünürəm, şairlər haqsız yerə dünyanı qınayır, ondan qisas almaq istəyir. Qınanmalı məxluq varsa, onlar elə biz insanlarıq. İnsanlığını itirmək üzərində olan insanlar!

         Axı dünyanı da bədnam edən yenə biz insanlarıq. İstədiyimizi edirik. Üstəlik də deyirik : “Dünya belə, dünya elə”.

         Yox, DÜNYA O DÜNYA DEYİL! Bəli, indiki dünya ovaxtkı dünya deyil. Haırkı dünya əvvəlkilərindən törəyənlərdir. Dünyanın yaşı bilinmədiyi üçün ilk dünyanın da hansı olması məlum deyil. İnsanlar kimi dünya da yaranır, böyüyür, evlənir, nəsil artırır... və ölür. Öləndən sonra ruhları qalxır göyə - öz valideynlərinin, ildırımla, şimşəkin yanına.

Dünya da, valideynləri - ildırım da, şimşək də törəmədir.

         Görəsən, indiki dünya birinci dünyanın nəyi sayılır?

         Dünya yarananda tək yaranmayıb,əslində. Onlar iki qardaş olublar. “Bu DÜNYA, o dünya”, “fani DÜNYA, əbədi dünya” və bu kimi anlayışlarla qarılaşmışıq. (Yazımın o dünya ilə heç bir əlaqəsi yoxdur. Nə də o dünya haqqında yazmaq fikirində deyiləm, ilahiyyatçılar inciyər sonra. Hər iki dünyanı yanaşı yazanda yazımın DÜNYAsı fərqlənsin deyə, onun bütün hərflərini böyük yazmışam). O dünya ildırımla şimşəkin övladları deyil. Qarışdırmayaq. Sadəcə o dünya ögey qardaşdır. Bu dünya və onun qohum-əqrəbaları o dünya ilə düşməndir. Çünki, o dünya həmişə haqqı deyib. Haqqı deyənlərin dostları az, düşmənləri çox olub. Cek London daha gözəl deyib : “Düzlük sizə çox dost qazandırmayacaq, amma qazandıqlarınız əsl dostlar olacaq.” Hz. Əli də ümmətinə çatdırır ki, əgər düşməniniz yoxsa, deməli haqqı deməmisiniz. Doğrudur, gerçəkdən də haqqı deyənlərin düşmənləri çox olur. Çox vaxt elə insanlar çox yaşamır, qoymurlar yaşamağa. ÖZÜ DƏ XXI ƏSRDƏ...

         O dünya haqqı dediyi üçün ədalət onun tərəfindədir və insanlar da dünya kimi əbədi olaraq orada yaşayacaq. Həm bu DÜNYAnın, həm də o dünyanın tərəfində olanların hamısı o dünyanın – əbədi dünyanın sakinləri olacaq. Bu DÜNYAnın tərəfdarları üçün cəhənnəm adlı, o dünyanın tərəfdarları üçün cənnət adlı əbədi məkanlar var.

         Yolumuzu seçmək, istiqamətimizi bəli etmək, hansı dünyanın tərəfində olmaq öz işimizdir. İnsan özü öz gününü seçir. Mən hazırda cəhənnəmdən sizə yazıram, cənnətdən yazmaq diləyi ilə...

 

                   24 avqust 2016-cı il.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+13=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0227 saniye