Ədəbiyyatda və teatrda "çadra"
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 23:47 04 fevral 2016 tarixində əlavə olunmuşdur
Aysel Abdullazadə yazır:
 
"Bürünmüşük bir qara çadraya, açıb xilas olmaq istəyəni də öz çadrası ilə boğuruq"
 
Ədəbiyyatda və teatrda bu "çadra"dan danışmaq istəyirəm. Açıq-saçıqlıq, əsərlərdə vulqarizmlər və səhnədə açıqlığı qısıtlanmayan göstərilər tez-tez müzakirə olunan və həllini tapmayan bir məsələdir. Əslində bir problem kimi qoyulsa da, ortadakı sorunun nə olduğu bəlli deyil. Ədəbiyyat birbaşa yaşamdır, teatr da həmçinin. Yaşamın, yaşantının sözlə və ya göstərişlə, səhnələşdirmə ilə cəmiyyətə sunulmasında niyə təhrif olunmalıdır? Niyə hər şeyi olduğu kimi yox, "bəzəyərək", cilalayaraq göstərməyi istəyirsiniz?
 
Ədəbiyyat yaşantılardan ibarətdir, həyatlardan bəhs edir. Məgər biz yaşadıqlarımızı xatırlayanda içindən yaxşı hissələri xatırlayıb, "qaranlıq" olan tərəflərini beynimizdən silirik? Əgər belə ediriksə, yaxud etməliyiksə, deməli, həyatı səmimi yaşamırıq. Həyat yaxşı ilə bərabər pisi də özündə barındırır.
 
Bu gün əsərlərdə peşəkar şəkildə verilmiş açıq-saçıq dediyimiz o hissələri yaşayan insanlardır, onları güzgü kimi göstərən bu ədəbiyyat səmimidir, sünilikdən uzaqdır. İki sevgilidən bəhs olunursa, onların sevişməyindən doğal nə ola bilər? Əsərdə bəzən oxucunu rahatlatmaq, beynindəki dərin sujet qatlarını bir az yüngülləşdirmək və reallığı ona çatdırmaq üçün bu mütləqdir. Obrazlar özünə və onun yaşadığı həyat tərzinə uyğun bir dillə danışmalıdır. İki fahişənin söhbətini professor danışır kimi, yaxud bir qatilin fikirlərini adi həyat tərzi sürən sıradan bir insanın dili kimi vermək olmaz. Fahişə ilə bir gecə keçirən kişinin nitqində mütləq vulqar ifadələr olacaqdır. Bunu bildiyimiz halda, niyə ədəbiyyatı saxtalaşdırmağa çalışırıq?
 
Erotika bir janrdır və bu, özünü ədəbiyyatda da göstərə bilir, göstərməlidir. Ədəbiyyat azad yaradıcılıq sahəsidir. Bunun fonunda nələri yazmaq olar, nələri olmaz deyib, bir kriteriya bəlirləmək absurtdur. Oxucu daima fərqli nələrsə gözləyir, daima yenilik axtarır. Nə qədər klassikaya müraciət etmək olar? Klassiklər belə yazmayıb deyiriksə, dünya ədəbiyyatını hara qoyaq? Kifayət qədər açıqlıq, erotik mövzuların daxil edildiyi əsərlər var dünya ədəbiyyatında. Biz bunu mental dəyərlərə bağlasaq belə, deməli, dünyaya çıxışımızı bağlayırıq, sərhədlənirik. Fransız yazıçısı Mişel Uelbekin "Elementar hissəciklər"i, demək olar ki, bütünlüklə açıqlıqla qələmə alınmış bir əsərdir. Həmçinin Fransız yazarı Giyom Apollinerin "11 min çubuq" romanında seksual əlaqənin açıq şəkildə təsvir edildiyi səhnələr var və həmin səhnələrdə sadomazoxizm məqamları mövcuddur. Bu əsəri tərcümə edərsək, təhrifmi etməliyik? Çıxarımlaramı baş vurmalıyıq? Bu mümkün deyil, çünki əsərin mahiyyəti itəcəkdir.
Giyom Apolliner qeyd edir ki, "bu bir bədii əsərdir və onun yumoristik və mübaliğəli xarakterinin, seksə olan meyli qızışdırmasını yox, əksinə azaltmasını güman etmək olar". Burdan belə bir nəticəyə gəlmək qaçınılmazdır ki, hər bir əsərin verdiyi mesaj var və bu mesajı oxucuya çatdırmaq üçün yazıçı "tərs köşə" taktikasından istifadə etməlidir.
Dünya ədəbiyyatında çox nümunələr göstərmək olar. Markesin "Kədərli fahişələrim", Koelyonun "11 dəqiqə" əsərlərini də qeyd etmədən keçmək mümkünsüzdür.
Əsər nə qədər reallığı əks etdirsə, o qədər anlamlı və oxucuya dərin məna yükləmiş olar. Nə qədər süni şəkildə, həyatdan, olacaqlardan qaçaraq nələrsə yazmağa çalışacağıq? Bu çadraya bürünüb hara gedirik? Qarşımız divardır, keçmək olmayacaq. Həyat ədəbiyyatla vəhdətdir, bir-birinin eynidir. Həyatda seviriksə, sevişiriksə, soyunuruqsa, söyürüksə, seviniriksə, ağlayırıqsa, dalaşırıqsa, bunu niyə ədəbiyyata yansıtmayaq? Niyə bunlar yoxmuş kimi ideal bir şeylər göstərək? Aldanmağı bu qədərmi sevirik?
 
Bir də, uzun müddətdir teatrlarla bağlı bu məsələ problem kimi gündəmə gəlir. Xüsusilə də, müstəqil teatr kimi fəaliyyət göstərən ODA və ADO teatrına bu nöqteyi nəzərdən təzyiqlər çox olur. Fransaya qədər gedib çıxmış bu teatrda nəyi qısıtlamaq istəyirik? Soyunmağı, sevişməyi, öpüşməyi görməkdənmi qorxur izləyici?
Yaxşı, izləyicini - gəncliyi pozmaqda təqsirli bilinən təkcə bu teatrmı gözünüzə girdi? Gənclik bu gün haradadır, nələr edir, internetdə nələr izləyir xəbəriniz varmı? Xəbəriniz yoxdur, çünki bunu gizlin şəkildə edir, Google'də ən çox kliklənən videolara baxın - porno filmlər, seks görüntüləri. Bu gəncliyi pozmur da, gedib mədəni şəkildə bir əsərin nümayişinə baxmaq, ən azı bir əsərin adını öyrənmək, həyatın içindən bəhs edən bu teatr səhnəsində əyləşmək, obrazları izləmək, insanlığın xislətini görməkmi pozur? Öpüşmək, sevişmək, soyunmaq səhnələrindən rahatsız olub, teatr səhnəsini tərk edənlərə sual verirəm. Azərbaycan gəncliyi ən ucuz otellərdə fahişələrlə gecələyir, şəhərdə cılız beyinli bu gəncliyin gözləri ilə qızlar təcavüzə uğrayır, bütün gün çayxana köşələrində mobil telefonlarında porno videolar izləyirlər, gəlin nömrəsi axtarırlar. Bunları bilirdinizmi?
 
İndi deyin görək, bu gəncliyi teatrlardan, ədəbiyyatdan qorumaq istəyirsiniz? Sveyq deyirdi ki, fahişəlik seksual azadlıq olmayan zamanda yaranıb. Nə qədər, bu tabuları qıra bilməyəcəyiksə, bu stereotiplərdən qurtulub real həyatı görməyə başlamayacağıqsa, daima süni həyatın içində süni ədəbiyyat və teatrda özümüzə baxacağıq!
 
89 il əvvəl Sevilin başından açdığı çadranı, siz hələ beyinlərinizdən açıb çıxara bilməmisiniz!
 
Sayğılarla!
 
 

... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0223 saniye