Əli Zibak
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 22:22 24 fevral 2016 tarixində əlavə olunmuşdur

Əli Zibak - Bağdad və Qahirə igidlərinin lideridir, ərəb milli dastanlarının əsas koloritlərindən biridir. Bu janrın Avropada analoqu kimi lotu-potu roman və novellalarını göstərmək olar. Əgər Avropada bu qəhrəmanların prototipləri şəhərdən-şəhərə, kənddən-kəndə qovulurdularsa, onlara aşağı təbəqə kimi münasibət göstərirdilərsə, Şərqdə tamam fərqli görüntülərə malik idilər. Avropada lotular və sərsərilər "qardaşlıq" təşkil edərək öz qayda-qanunları ilə yaşayırdılar, amma Şərqdə bu "qardaşlıq" ağıllı davrandı: Öz nüfuzlarından ictimai vəzifəyə yüksəlmək, şəhəri qorumaq, asayişi təmin etmək naminə istifadə etdilər.

"Lotu-potu" nağılları şəhər yoxsullarının və de-klass elementlərini naturalistcəsinə təsvir edir. Qəhrəmanlar adətən məharətli quldurlar olur. Qadın-kişi fərq etmir, eynən Əli Zibak və hiyləgər Dalila kimi. Bu tip nağıllar heç də həmişə ali təbəqə üçün iftixar görüntüsü bəxş etmir, bəzən lotu-potu təsviri ilə hakimiyyəti tənqid də edir. 

X-XI əsrlərdə şəhərlərin "polis"ləri keçmiş quldurlardan təşkil edilirdi. Onlar şəhərləri və sakinlərin əmin-amanlığını mühafizə edirdilər. Bağdad, Qahirə, İsgəndəriyyə, Dəməşq, Bəsrə və digər şəhərlər onların nəzarəti altında idi. Onların işi təkcə bununla yekunlaşmırdı. Şərqin "qanqsterləri" yüksək vəzifə naminə mübarizə aparırdılar, bacarıqlarını nümayiş etdirirdilər, "İgidlərin zalı"na qəbul olunurdular. Bəziləri inanılmaz dərəcədə hiyləgər idilər, öz oyunlarını dövlət adamlarına tətbiq etməkdən çəkinməyəcək qədər cəsur idilər, qisascıl olduqları qədər də geniş qəlbə malik idilər. Eynən Əli Zibak və silahdaşları kimi.

Bu zaman ortaya sual çıxır: Əsər tarixi roman sayıla bilərmi? Axı həqiqətən də Orta və Yaxın Şərq tarixində şəhərlərin mühafizəsi məhz Əli Zibak kimilərə həvalə edilib. Tarixi romanlarda əsas olan xronologiyadır. Amma Əli Zibak dastanında xronologiya qarışıq olduğundan əsər tarixi roman sayıla bilməz. Çünki məcarələrin tarixi ilə real tarixi rəqəmlər üst-üstə düşmür. Hətta dastanda real olmayan məcarələr də az deyil.

Sira (ərəb dastanı) Əli Zibak’ın doğumundan öncəki olayların təsviri ilə başlanılır. Harun ər-Rəşid’in hakimiyyəti dövründə Əhməd əd-Dənəf Bağdad gənclərinə liderlik edirdi. Ta ki Dalila hiyləgərliklə onun vəzifəsini əlindən alana qədər. Əhməd əd-Dənəf bu hiyləgər qadından uzaqlaşmaq üçün öz adamları ilə Misirə köçdü. Burada isə onun ən cəsur adamlarından biri, gələcəyin lideri Əli Zibak’ın atası və şir ürəkli Fatimə’nin həyat yoldaşı Həsən Rəs əs-Qul Qahirənin mühafizə lideri Saləh əd-Din’in nifrətinə qurban getdi.
Əli Zibak uzun illər ana babasını "ata"sı bildi. Heç kimsə onun çevikliyinə, hiyləgərliyinə çata bilmədi. Ona "Zibak" (civə) adı verdilər. Sanki gələcək naminə hələ uşaq ikən onun içinə möhtəşəm iblis çıxmamaq üzrə girmişdi. Bu "iblis" ömrünün sonuna qədər Əli Zibak’ı təqib etdi, onun gücü və ağlı oldu.   
Atasının qatilinin başına olmazın oyunlar açdı, amma əlini onun qanına batıracaq qədər alçalmadı. Dalila hər "aman" istədiyində ona rəhmi gəldi, düşmən qızı Zeynəb’i sevdi, amma qayınanası heç vaxt onu qəbul etmədi. Hətta kürəkəninə o dərəcədə nifrət etdi ki, dosdoğma qızına acımadığı kimi Zeynəb də anasının ölümünə üzülmədi.
Əli Zibak’ın ən qəddar rəqibləri onun ən sadiq silahdaşlarına çevrildilər. Ayrı-ayrı şəhərlərdə peyda olan "quldurlar" Əli Zibak’la mübarizə aparmaqdan çəkinmirdilər. O, gedər-gəlməzə yollanan gənclərinin qoruyucu mələyi oldu, amma onun da qoruyucu mələyi vardı: anası Fatimə.
Əli Zibak heç də mükəmməl deyil, bəzən kiməsə aldanacaq qədər səfeh birisidir. Bu kimi anlarda oxucunun sanki onun yaxasından 2 əlli yapışıb silkələmək, üzünə bağırmaq kimi istəyi olur.

Və, ən əsası, dastan təkcə Əli Zibak’dan, onun amansız rəqibi Dalila’dan, silahdaşlarına çevriləcək gənclərdən bəhs etmir. Dastan o dövrün mövcud hakimiyyətini, cəmiyyətini gözlər önünə sərir, oxucunu əyləndirdiyi qədər də düşündürür.
Çox təəccüblüdür ki, Əli Zibak dünya miqyasında "Min bir gecə" qədər tanınmır, adı "it dəftəri"ndə belə yoxdur. Nəinki təəccüb, hətta təəssüf. Halbuki dastan oxucularına parlaq dövrün göz qamaşdırıcı cazibəsini deyil, kinayəli üslubu ilə əyləndirəcək sehri hədiyyə etməyə qadirdir.  


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.082 saniye