Ən böyük dostumuz və düşmənimiz – DİLİMİZDİR...
Rizvan Fikrətoğlu tərəfindən "Elmi məqalə" bolməsinə 21:21 23 noyabr 2016 tarixində əlavə olunmuşdur

“Dil sümüksüzdü, amma sümüyü sındırar” – Atalar sözü.

İnsanı digər canlılardan, xüsusən də heyvanlardan fərqləndirən əsas cəhət dilinin təfəkkür, düşüncə... ilə bağlı olmasındadır. Dil vasitəsilə insanlar fikirlərini ifadə edir, düşüncələrini paylaşır, qələm sahibləri (ələlxüsus da şairlər, yazıçılar...) hikmətli sirrlərini bəşər cəmiyyətinə çatdırır.

         Dil insanların həyatına yeni mənalar gətirir, rəngarənglik qatır.  Bəzən elə insanlarla qarşılaşırıq ki, onların danışıqları bizi cəlb edir, nitqi qəlbimizi oxşayır, dilinin səlisliyi insanı valeh edir. Dilin imkanları şərait yaradır ki, nitqimizi inkişaf etdirib səlis və gözəl danışaq.

         Ən böyük dostumuz və düşmənizim – DİLİMİZDİR.  İnsan öz dilinin sayəsində həm uğura addım atmış olur, həm də necə deyərlər, “ başına iş açır”. Atalar demişkən, “Dil var bal gətirər, dil var bəla gətirər”. Başqa sözlə, dil insanı həm vəzir, həm də rəzil edər. Necə deyərlər, “Dilini saxlayan, başını saxlar”  O bir növ valideynə bənzəyir. Sözlər isə onun övladlarıdır. Elə övlad var ki, valideyni onunla qürur hissi duyur, fəxr edir, mənən mərtəbələr yüksəlir. Elə valideyn də var ki, övladlarına görə cəmiyyətdə başıaşağıdır, övladlarına görə utanır, insanlardan qaçır. Az görməmişik, neçə-neçə oğlu-qızı olan (istər imkanlı, istər imkansız)  valideynlər kimlərdənsə nəsə umur, ahıl yaşlarında özlərinə heç cür yaraşmayan işlər görür, hətta “Qocalar evi”nin sakinləridirlər və s. Sözsüz ki, valideynin övladları tərəfindən bu qədər dəyərsizləşməsində valideyn rolunun da əhəmiyyəti var. Hər bir insan dilini elə tərbiyə etməlidir ki, öz dilinin bəlasına düşməsin. Söz ki ağızdan çıxdı, sən onun qulu sayılırsan. Eləysə biz sözümüzün ağası olanda diqqətli olmalıyıq ki, “qul”luq taxtına vəsiqə qazanmayaq.

         Sözsüz ki, düşünmədən danışmaq heç kimə xeyir gətirməz. Xüsusən də söz sahibinə heç gətirməz. Bilməyib danışmaqdansa susmaq xeyirlidir. “Danışmaq gümüş olsa, danışmamaq qızıldır” – deyib atalar. İnsanlar elə ünsiyyət yaratmalıdır ki, sözləri lüzumsuz olmasın. Sözləri zərgər dəqiqliyində seçmək, söz israfına yol verməmək, nəzərdə tutulan fikirə xələl gəlmədən az sözlə danışmaq gərəkdir.  Danışmazdan əvvəl düşünmək, necə deyərlər, hər bir kəlməni yüz ölçüb, bir biçməliyik. Danışmaqla susmaq arasında fərq olmadığı halda susmaq daha üstündür.

         Hər şeyin həddi olduğu kimi, danışmağın və susmağın da həddi var. Təbii ki, lazım olan məqamlarda danışmaq mütləqdir. Əgər həmin danışıqlar xeyirlidirsə, uğur gətirəcəksə, heç kimə ziyanı olmayacaqsa və s. məqamında danışmaq həm də Tanrı dərgahında savabdır. Haqq və ədalət, doğru və gerçəklik... tapdalanan yerdə susmaq bəyənilən hal deyil, hətta günahdır. İnsanlar harda danışmağın və harada susmağın lazım olduğunu təyin etməyi bacarmalıdırlar. Unutmayaq, “Dilin zəkatı xeyir söyləməkdi” (Atalar sözü).

         “Çox danışanın səhvi də çox olar” kəlamı olduqca düşünülmüş şəkildə deyilib. Müşahidələrimə istinadən deyə bilərəm ki, müzakirələrdə, xüsusən də elmi müzakirələrdə insanlar çox danışmaqla, daha çox səhv fikirlər söyləyir. Müzakirəni diqqətlə izləyib, məqamında bir neçə cümlələrlə fikirini ifadə edən, birbaşa müzakirənin həllini deyən insanları da az görməmişəm.

         Ümumiyyətlə, dil, söz, ifadə... haqqında deyimlər, atalar sözləri, kəlamlar, nəsihət-tövsiyələr və s. az deyil. Böyüklərimiz dinləməyi danışmaqdan üstün tutmuşlar.  Bu mənada “İnsan dinləmklə ağıllanar, danışmaqla peşman olar” atalar sözlərini yada salmaq bəs edər.

         Çox vaxt insanlar öz dilinin bəlasına düçür olur, necə deyirlər, öz dili insana quyu qazır. Belə məqamda böyüklərimiz yaxşı deyib : “Dilim-dilim olasan, dilim”. Dil qədər şirin və dil qədər acı olan ikinci bir varlıq yoxdur. Bəzən xoş bir söz, bir ifadə... insana hər şey bəxş edə bilər, onu istiqamətləndirən, qaranlıq dünyasından işıqlı dünyaya aparar, qəflət yuxusundan ayıldar...

         Dil həm də əxlaqın göstəricisi, onun bir hissəsidir. Kimisi Quran oxumaqla, nəsihət verməklə və s. dilini tərbiyələndirir,  kimisi çirkin, lüzumsuz və s. sözlərlə dilini zənginləşdirir. Şübhəsiz ki, üstünlük ilk varianta məxsusdur.

         Sözsüz ki, dilimizi canlandıran, ona ixtiyar verən başqa varlıqlarımız mövcuddur. Bura ilk növbədə düşüncə və qəlbimizi misal çəkə bilərəm. Düşünmədən danışırıqsa söhbətimiz ola bilsin uğurlu olmasın. “Qəlb dilin aynasıdır” – deyiblər. Qəlbi təmiz olanların sözsüz ki, dili də təmiz olacaq. Qəlbin paklığı vacib şərtlərdəndir. “Qılınc yarası sağalar, dil yarası sağalmaz” – deyib müdrik atalarımız. Doğrudan da elədir, qılınc yarası keçib gedir, sağalır. Lakin bu dil ki var, onun yarası çox vaxt sağalmır, hətta kinimiz bu yaranı qaşıyaraq daha da bərk zədələyir, zaman keçdikcə ağrımız artır, günbəgün acımız çoxalır. Nəticə etibarı ilə əslində ziyan özümüzə dəyir.

Düşünmədən danışmaq, lüzumsuz sözlərlə uzun-uzadı dili işə salmaq həm də qəlb qırmağa yol açır. Müşahidələrim nəticəsində bəlli etmişəm ki, insanlar nəyinki pis əməllərinin sayəsində daha çox qəlb qırır, düşmən qazanırlar, onlar öz dilinə görə çoxlu insan incidir, qəlb qırır, düşmən qazanır, pis adamlar kimi tanınırlar... Türk dünyasının şairi, mütəfəkkir  Mövlana Cəlaləddin Rumi yazıb : “Dilini tərbiyə etməkdən əvvəl ürəyini (qəlbini – R.F.) tərbiyə et, çünki söz ürəkdən gəlir, dildən çıxır”.

         “İnsanı geyimi ilə qarşılayıb, dili (ağıl) ilə yola salarlar” ifadəsi cəmiyyətdə hələ də öz aktuallığını qoruyur. Gerçəkdən də elədir, tanımadığımız biri ilə qarşılaşanda geyim və davranışları ilə ilkin təsəvvürümüz formalaşır. Həmin kəslə danışdıqca onun dilinə, başqa sözlə, fikir və düşüncələrinə... qismən bələd oluruq. Bu mənada həmin kəs barəsində, necəliyi haqqında fikirlərimizi formalaşdırırıq. Onun dili elə bir vəziyyət yarada bilər ki, geyindiyi bahalı paltar qarşı tərəfin gözündə dəyərsiz əskiyə çevrilər. Mövlanə demişkən :

“Nə qədər insan gördüm ki, əynində libası yox,

Nə qədər libas gördüm ki, içində insan yox!!!”

         İnsanlar öz dilinin sayəsində çoxlu dostlar qazanar, hörmət-izzət sahibi olar. “Şirin dil ilanı yuvasından çıxarır” – deyiblər. Az və mənalı danışmaq kamilliyə aparan yollardan biridir. Yazımı bu atalar sözü ilə tamamlayıram : “İnsanın əti yeyilməz, dərisi geyilməz, ancaq şirin dili gərək.”.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0272 saniye