Ən yaxşı qısa hekayələr
Tamella Abdıyeva tərəfindən "Ədəbi tənqid" bolməsinə 22:40 26 yanvar 2016 tarixində əlavə olunmuşdur

Dostlar, əgər sizin uzun əsərlər oxumaq üçün vaxtınız yoxdursa, bu başa düşüləndir. Ancaq, elə bədii yaradıcılıq nümunələri var ki, onları oxumaq üçün böyük zamana ehtiyacınız olmayacaq, əksinə qısa zaman içində sizə uzunmüddətli zövq verəcəkdir. Xoşbəxtlikdən, klassik romanları ilə tanınmış müəlliflərin çoxu yaradıcılıqlarında kiçik həcmli əsərlərə, xüsusilə də qısa hekayələrə yer ayırmışlar. Bu yazıda sizə dünyanın ən yaxşı roman müəlliflərinin qələmindən çıxan qısa hekayələri təqdim edəcəyik:

1. "Sehirli ev" Virciniya Vulf
Təxminən 700 sözdən ibarət bu hekayə Vulfun modernist üslubunun təzahürüdür. Vulfun digər əsərlərindən fərqli olaraq bu hekayə onun sonsuz fantaziyasının məhsuludur. "Sehirli ev" hekayəsi iki ruhun canlı cütlüyün evində gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehrli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.

2. "Filin güllələnməsi" Corc Oruel
Bu hekayədə fili öldürmək üçün çağırılan bir polis işçisindən danışılır. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərmişdir.

3. "İldırımın səsi" Rey Bredberi
Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. "İldırımın səsi" elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və "kəpənək effekti" adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.

4. "Bülbül və qızılgül" Oskar Uayld
"Bülbül və qızılgül" hekayəsində Oskar Uayld sevgi və fədakarlıq mövzusuna daha ciddi yanaşaraq nağılvari üslub seçmişdir. Özünü sevgi uğrunda qurban verməyə hazır olan bülbül nağıllarda rast gəlinən bir xarakter olsa da, sevgililər tamamilə gözlənilməzdir.

5. "Kilimancaro qarları" Ernest Heminquey
"Kilimancaro qarları" Hari adlı yazıçının xanımı ilə Afrikada səyahətdə olan zaman qanqrenadan ölməsindən bəhs edir. Heminqueyin "itirilmiş nəsli"nin nümayəndəsi olan Hari sevgisiz və xoş güzəran xatirinə ailə qurduqdan sonra bütün həyatı və istedadı məhv olur.

6. "Nəhəng qanadları olan qoca kişi" Qabriel Qarsia Markes
Markesin sehirli realizm üslubunun meyvəsi olan "Nəhəng qanadları olan qoca kişi" hekayəsi həyətlərindən mələk tapan cütlük haqqındadır. Tezliklə, bütün şəhərə mələyin gələcək taleyi və onun niyə uça bilməməsi ilə bağlı müxtəlif fikirlər yayılır.

7. "Üç sual" Lev Tolstoy
Uzun romanlara fasilə verən Tolstoy, doğru zamanda doğru hərəkət etməyin yollarını axtaran kral barədə qısa hekayə yazır. Görəsən, böyük yazıçı bu sualına cavab tapa biləcəkmi?

8. "Evelin" Ceyms Coys
İngilis ədəbiyyatında ən uzun əsərlərdən bir olan Uliss romanı ilə məşhur olan Coys eyni zamanda İrlandiya xalqının həyatından bəhs edən çoxlu hekayələr də yazmışdır. Bu hekayə isə ailəsinə olan borcu və sevgilisi ilə xaricdə daha yaxşı yaşamaq imkanı arasında seçim etməli olan gənc qızın taleyindən bəhs edir.


9. "Simvollar və nişanlar" Vladimir Nabokov
Nobokov bu hekayəni 1948-ci ildə, Lolita əsəri çap olunmamışdan yeddi il qabaq qələmə almışdır. Bu hekayə ad günündə ruhi xəstə oğullarını ziyarət etməyə hazırlaşan yaşlı valideynlər barədədir.


10. "Ritz böyüklüyündə brilliant" Frensis Skott Fitscerald
Böyük Qetsbi romanı ilə tanınan Fitscerald bu hekayəsi ilə yenidən varlıların həyatına səhayət edərək, onları kəskin tənqid etmişdir.


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+33=
Hesaba giriş
Müəllif

Tamella Abdıyeva
Haqqında
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Bədii Tərcümə Klubunun (BTK) üzvü 
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0404 saniye