Ər qatili
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 21:59 05 yanvar 2016 tarixində əlavə olunmuşdur

Mənə hökm oxunulur.

Ərimin qatiliyəm. Uşaqlarımın atasının qatiliyəm. Amma o da qatildir. Ailə xoşbəxtliyimizi özü məhv etdi.

Sevərək ailə həyatı qurmuşduq. 2 gözəl balamız vardı. Hər kəs bizdən ağızdolusu danışırdı. Hər kəsin bizə paxıllıq etməyə haqqı vardı. Ailəmiz dillər əzbəri idi.

Anidən içkiyə qurşandı. Məni döyməyə, uşaqları qorxutmağa başladı. Heç kimsə anlamırdı. Birdən nə oldu? Problemi nə idi? İşi ilə bağlıdır? Yoxsa borcu var? Kiməsə ilişib? Yox, yox, yenə də yox! Heç biri deyildi. Onun dərdi nə idi axı?

İçki məclisləri, içki dostları-bütün bunlar məni qorxuya salırdı. Ona tələ qurulmuş olmasın? Gedib kiməsə ilişsəydi, gecəni fahişə ilə keçirsəydi, bəlkə də bu qədər incinməzdim...

Hər gecə evə sərxoş gəlirdi. Döyürdü, sonra paltarlı halı ilə çarpayıya yıxılaraq yatırdı. Uşaqlara toxuna bilməsin deyə gəlməmişdən qabaq onların otaqlarını kilidləyirdim. Üz-gözümü səliqəyə salıb uşaqları sakitləşdirmək üçün onlara gəlirdim. Onları qorxmuş halda tapırdım, ürəyim ağrıyırdı, göz yaşlarıma güclə hakim olurdum. Biri 3, digəri 5 yaşında idi.

Səhərlər isə heç nə olmamış kimi davranırdı. Soyuqqanlı və bivec olurdu. Ondan qorxduğumuzu görürdü, bir söz demədən süfrəni özü açırdı. Mən isə uşaqlarla divanda əyləşib onu izləyirdim. Aurası ilə bizi həbs edərək işgəncə verirdi. Balalarımın necə titrədiklərini görürdüm, bu anda içimə yığılıb qalmış qəzəbi onun üzünə fışqırmamaq üçün özümü zorla saxlayırdım. İşə getdikdən sonra uşaqları yedizdirib geyindirərək bağçaya aparırdım. Bilməyən yox idi. Qohum-qonşu, tanış-biliş ailə vəziyyətimizdən yaxşı-yaman xəbərdar idilər. Özləri də ərimin dilini açmağa, başına ağıl qoymağa çalışırdılar, amma çifayda. “Ailə məsələsi”nə burun soxmamağı məsləhət edib dururdu.

Dəfələrlə boşanmaqla təhdid etdim, qorxusundan uşaq kimi göz yaşı tökərə üzr istədi. Amma bir dəfə dözməyib uşaqları götürüb ata evinə qayıtdım, zəng və mesajlarına cavab vermədim. Bir neçə gündən sonra gəldi. Üzr istədi, dönə-dönə üzr istədi, məndən və uşaqlardan üzr istədi. Etdiyinin səhv olduğunu, zəhrimar içkidən qurtulacağını, mənə əl qaldırmayacağını, uşaqlarla mehriban davranacağını bildirdi. Dərin peşmançılığını gözlərində görürdüm, qəlbim yumşalaraq ata-anamı yola gətirdim.

Amma 1-2 həftə keçməmiş yenə içki, yenə döyülmə başlandı. Artıq əsəblərim dözmürdü. Uşaqlarım travma almalarına dözmək istəmirdim. Gözəlliyimin daha betər ləkələnməsinə dözmək fikrim yox idi. Mətbəxə yollandım. Sanki özümdə deyildim, kimsə kənardan məni idarə edirdi. Əlimi uzadıb bıçağı götürdüm. Ərimin xorultusunu eşidirdim. Ağır-ağır addımlayıb yaxınlaşdım. Kürəyi üstə yatırdı. Birdən məni nifrət bürüdü. Mən bu adaı, ərimi, uşaqlarımın atasını sevmirdim. Sevmirdim, sevmirdim, sevmirdim. Bıçağı ürəyi endirdim. Bir daha, bir daha, bir daha. Əlimə, üzümə, boğazıma qan bulaşmışdı...


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0219 saniye