Ermənistan Azərbaycanın milli təhlükəsizliyinə təhdid subyekti kimi
Emin Abbasov tərəfindən "Digər yazılar" bolməsinə 20:13 15 oktyabr 2013 tarixində əlavə olunmuşdur

Azərbaycan Respublikası Qafqaz regionu ölkələri müstəvisində, eləcə də postsovet məkanı və dünya müstəvisində iqtisadi cəhətdən yüksək templə inkişaf edən ölkələr sırasındadır. Bu mühüm nailiyyətlərin səbəbi kimi ölkədə (eləcə də, onun iqtisadiyyatında) aparılan islahatları göstəmək olar.
Azərbaycan Respublikası dünyəvi, suveren, beynəlxalq hüquq normalarını tanıyan və region dövlətləri, eləcə də dünya dövlətləti ilə beynəlxalq hüquq normalarına müvafiq münasibətlər quran dövlətdir. Qeyd edilməlidir ki, beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin öz ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini qorumaq, onlara və konstitusiya quruluşu əleyhinə yönəlmiş açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququna malikdir. Lakin Azərbaycan Respublikasının milli təhlikəsizliyinə xarici təhdid subyektləri mövcuddur. Region dövlətləri sırasında Azərbaycanın milli təhlükəsizliyinə ən böyük təhdid kimi qonşu Ermənistan Respublikası göstərilməlidir. Qeyd edilməlidir ki, Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün təhlükə mənbəyidir ki, bu da regionda ciddi siyasi çətinliklərə zəmin yaradır. Ermənistanın təcavüzkar siyasəti və təhlükəli fəaliyyəti ilə bağlı aşağıdakı əsas məqamlar qeyd olunmalıdır:

- Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyü və onun suverenliyinə qarşı təcavüzkar və işğalçı siyasəti;

- Ermənistanın təhlükəli "Metsamor" AES-i hələ də stismar etməsi;

- Ermənistanın Azərbaycan Respublikasının ərazisinə axan Araz və Tərtər çaylarını kimyəvi çirklənməyə məruz qoyması;

- Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərinin təbii sərvətlərini talan etməsi;

- Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərindəki tarixi-mədəni abidələrin məhv edilməsi;

- Ermənistanın cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşlarına və onların təsərrüfatına qarşı təcavüzkar fəaliyyəti və s.

Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyü və onun suverenliyinə qarşı təcavüzkar və işğalçı siyasəti. Bu siyasət Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir. Ermənistanın Azərbaycan Respublikasının ərazisinin 20%-ni işğal altında saxlaması bütün region üçün öz təsirini göstərməkdədir. Ermənistan beynəlxalq hüquq normalarının əksinə fəaliyyət göstərərək Azərbaycanın ərazi bütövlüyünü pozmuşdur. Ermənistan bir dövlət kimi monoteik dövlətçilik xüsusiyyətinə malikdir. Bir dövlət kimi Ermənistan etnik təmizləmə və ərazi ekspansionizmi siyasəti yeritməkdədir. Ermənistanın işğalçı və təcavüzkar siyasətinin iki ölkə arasındakı münasibətlərə gələcəkdə də mənfi təsir göstərəcəyi danılmazdır.

Ermənistanın təhlükəli "Metsamor" AES-i hələ də stismar etməsi. Hələ Sovet İttifaqı dövründə (1973-cü il) Ermənistanda tikilmiş "Metsamor" AES (atom elektrik stansiyası) istifadə müddətini 2001-ci ildə başa vurmasına baxmayaraq, bu stansiya hələ də istismar olunmaqdadır. Stansiya Ermənistanın paytaxtı İrəvan şəhərindən 20 mil qərbdə yerləşən Metzamor şəhərində inşa edilib. Qeyd edilməlidir ki, "Metsamor AES-i 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir. Bu AES isə yalnız 9 bal gücündə zəlzələyə hesablanaraq inşa edilib. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu atom stansiyasının aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir. "Metsamor" AES-in indiyədək istismarı təkcə Azərbaycan üçün deyil - bütün region üçün və Ermənistana qonşu dövlətlər (Azərbaycan, Türkiyə, Gürcüstan, İran) üçün potensial təhlükə mənbəyidir.

Ermənistanın Azərbaycan Respublikasının ərazisinə axan Araz və Tərtər çaylarını kimyəvi çirklənməyə məruz qoyması. Aparılan monitorinqlər nəticəsində məlum olmuşdur ki, Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları axıdılır. Bu tullantıların təsiri nəticəsində çaylarda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olur. Araz çayında suyun əsas çirkləndiricilərindən olan fenollar, mis birləşmələri normandan yüksəkdir. Su hövzələrinin təmizliyinin qorunması çağırışına Ermənistan tərəfi biganə münasibət göstərməkdə davam edir. Qeyd edilməlidir ki, çayların çirkləndirilməsi eyni zamanda regionun ekomühiti üçün də potensial təhlükədir.

Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərinin təbii sərvətlərini talan etməsi. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin, eləcə də Qarabağın münbit torpaqlarla, qədim tarixi-mədəniyyət abidələri ilə zəngin olması məlumdur. Bu bölgələrdə eyni zamanda zəngin təbii ehtiyatlar-yerüstü və yeraltı sərvətlər vardır. Başqa sözlə desək, Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları məhz işğal edilmiş ərazilərdə qalmışdır. Ermənistan və xaricdəki erməni diasporu xarici investorları öz cinayətkar əməllərinə ortaq etməyə və onları Qarabağda təbii ehtiyatların istismarına investisiya yatırmağa inandırmağa çalışır. Müxtəlif xarici ölkələrdən olan erməni iş adamlarının qurduğu bir çox şirkətlər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülkiyyəti olan sərvətlərin talan edilməsini həyata keçirməkdədir. İşğal edilmiş ərazilərdə qalan 155 növ faydalı qazıntı vardır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Bu ehtiyatlar Azərbaycanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi və şübhəsiz ki, Ermənistanın təcavüzü olmasaydı, onların istismarına iri investorlar cəlb edilmişdi. Kəlbəcər, Ağdərə və Zəngilandan qızıl filizi Avropaya daşınmaqdadır. Ermənilər işğal edilmiş ərazilərdən qiymətli təbii sərvətləri talamağa əsasən 90-cı illərin sonlarında-2000-ci illərin əvvəllərində başlayıblar. Kəlbəcərin Ermənistanla sərhəd ərazilərində zəngin qızıl yataqlarında qanunsuz istismar aparılıb və bu proses indi də davam etməkdədir. Qarabağ ərazisində meşə sahələri qırılmaqda davam edir ki, nəticədə Qarabağın ekomühitinə zərər dəyməkdədir. Bu fakt beynəlxalq hüquq müstəvisində Azərbaycanın hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərindəki tarixi-mədəni abidələrin məhv edilməsi. Ermənistan Azərbaycanın mədəniyyətinə qarşı da aktiv təcavüzkar fəaliyyətini həyata keçirməkdədir. Azərbaycanın işğal altındakı ərazilərində qalan tarix-mədəniyyət abidələrinin dağıdılması, muzeylərin talanması, eksponatlarının bir çoxunun erməni eksponatları adı altında Ermənistanda və xarici ölkələrdə nümayiş edilməsi artıq bir faktdır. Lakin son vaxtlar ermənilər bu ərazilərdə qalan tarixi abidələri erməniləşdirmək üçün məqsədyönlü siyasət həyata keçirir, erməni diasporunun maliyyə dəstəyi ilə xaricdən arxeoloqlar cəlb edilir, qədim Azərbaycan və alban abidələri erməni abidələri adı altında aktiv şəkildə restavrasiya olunmaqdadır. Bu Azərbaycanın qədim ənənələrə malik mədəniyyətinə qarşı təcavüzkar fəaliyyətdir.

Ermənistanın cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşlarına və onların təsərrüfatına qarşı təcavüzkar fəaliyyəti. Ermənistan tərəfi cəbhəyanı ərazilərdə atəşkəsi intensiv surətdə pozmaqla bərabər, kənd təsərrüfatı ilə məşğul olan dinc əhalini atəş aldında saxlayır, onların təsərrüfatına ciddi ziyan vurmaqda davam edir. Əkin sahələri məqsədyönlü şəkildə Ermənistan tərəfindən yandırılır.

Ermənistan Respublikasının yuxarıda qeyd edilən və digər Azərbaycana qarşı yönəlmiş fəaliyyəti heç bir beynəlxalq hüquq normalarına sığmır və təcavüzkar xarakter daşıyır. Regionun lider dövləti kimi xarakterizə olunan Azərbaycana qarşı bu təcavüzkar siyasət Ermənistanı regionun əsas iqtisadi layihələrindən kənarda qalmağa sürükləmişdir. Bir tərəf kimi Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanın milli təhlükəsizliyi üçün potensial təhdiddir və son nəticədə Ermənistan üçün arzuolunmaz nəticələrə yol açacaqdır.

 


... dəfə oxunub
Qiymət: 8/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Emin Abbasov
Haqqında
"Fəlsəfə Akademiyası" Gənclər Təşkilatının sədri
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0322 saniye