Ətir
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 17:06 18 noyabr 2016 tarixində əlavə olunmuşdur

Bu gün son görüşə hazırlaşmışdı. Səhər tez oyanmış, duş qəbul etmiş, sevgilisinin ona ən çox yaraşdırdığı köynəyini geyinmişdi. Son görüşdə onun qəlbini qırmayacaq, onun istəklərini yerinə yetirəcəkdi. Birindən başqa: hər zaman vurduğu o ətirdən bu gün qətiyyən istifadə etməyəcəkdi.

Son dəfə güzgünün önündə dayanıb özünə baxdı. Birdən gözləri həmin ətir şüşəsinə dikildi. Hüznlü bir şəkildə şüşəni əlinə alıb, qapağını açdı. Dərin bir nəfəslə sevimli ətirini qoxlayıb qapağını bağladı. Şüşəni bir əlində saxlayıb, diqqətlə baxmağa davam etdi. Sanki həyatının ən dəyərli əşyasına son dəfə baxmış kimi gözlərini çəkə bilmədi. Əlində yarıya qədər istifadə edilmiş ətir şüşəsi ilə ağır addımlarla vanna otağına keçdi. Əlində möhkəm sıxdığı şüşəyə son dəfə baxdı və onu vannaya çırpdı. "O olmayandan sonra ətiri neyləyəcəm ki?" deyə düşündü. "Bu ətiri çox sevir" dedi ürəyində və vanna otağını tərk etdi. Saatına baxaraq, görüş vaxtına bir saat qaldığını görəndə dəhlizə keçdi və boz rəngli gödəkçəsini geyinib evdən çıxdı. 

Görüşə on beş dəqiqə qalmış o artıq sözləşdikləri yerə çatmışdı. Bura şəhərin ən gözəl parklarından biri idi. Adətən cavanlarla dolu olan bu parkda indi sakitlik hökm sürürdü. Hava soyuq olduğundan ətrafda çox az adam görünürdü. Parkın mərkəzində fəvvarə vardı. Bura parkın ən mənzərəli guşəsi idi. Su səsi həmişə insana ayrı bir zövq verdiyindən, son görüşü sakit, mənəvi rahatlıqla başa vura bilmək üçün oğlan elə fəvvarəyə yaxın bir oturacaqda əyləşib sevgilisini gözləməyə başladı. Təxminən on dəqiqə sonra tanış addım səsləri eşidildi. Bu, onun addımları idi. Oğlan ayağa qalxaraq sevgilisinin ona necə yaxınlaşdığını izlədi. Sanki bu gəliş onun əzablarını bir az da artırırdı: qız həmişəkindən daha gözəl görünmüşdü ona: adətən yığaraq gizlətdiyi saçlarını bu gün açıq saxlamış, gözəlliyini bir az da bəyan etməyə çalışmışdı. Qəhvəyi rəngli gözlərinə çəkdiyi sürmə, dolğun kiprikləri gözlərinin gözəlliyini bir az da üzə çıxarmış, yüngülcə boyanmış dodaqları, sevdiyinin görüşünə gəlmənin həyəcanı ilə qızaran yanaqları həmişəkindən daha gözəl göründü oğlana. Qızın gəlişini izlədikcə ürəyində öz-özü ilə danışmağa başladı: "Axmaq, heç düşünməzdin ki, nə vaxtsa bu gəlişi sonuncu dəfə izləyəcəksən. Aylardır səbrsizliklə, həyəcanla bu gəlişi gözləyərdin. Bütün ömrün boyu yeganə doğru qərarın onu sevməyin oldu, amma indi öz əlinlə bu gözəlliyi məhv edəcəksən." 

Qız ona yaxınlaşıb həyəcanla, gülər üzlə onu salamladı və oğlanı fikirlərindən ayırdı. Adətən görüşərkən yanaqlarından öpdüyü qızın bu dəfə sadəcə əlini sıxan oğlan  həminki yerində əyləşdi. Qız buna bir məna verə bilməyərək təəccüblü halda onun sol tərəfində oturdu. Çiynindən asdığı balaca qara çantasını çıxarıb, yanında boş qalan hissəyə qoydu. "Nəsə olub?" deyə soruşaraq, baxışlarını düz oğlanın gözlərinə dikdi. Oğlan utandığından gözlərini yayındırmağa çalışır və susurdu. Lakin sevgilisinin təkidlərindən sonra nəhayət dilləndi: "mən anamı razı sala bilmədim". Sözünü deyib başını əydi. Düzgün hərəkət etmədiyini, qızın ona qorxaq kimi baxa biləcəyini başa düşsə də, anasını elçiliyə razı sala bilmədiyindən, qızın hissləri ilə bir az daha oynamağın düzgün olmadığını düşünmüşdü. "Məni bağışla, amma biz ayrılsaq daha yaxşı olar" dedi və gödəkçəsinin cibindən balaca hədiyyə salafanına bükülmüş qolbağı çıxarıb sağ əlində qıza tərəf uzatdı. "Anam məndən xəbərsiz atamın dostunun qızına elçi düşüb. Qızın anasına xeyir işlə bağlı xəbər göndərib, anası da gəlsinlər deyib. Mən anamı geri addım atmağa məcbur edə bilmədim. Qız uşağının adına söz çıxara bilmərəm dedi. Bağışla məni. Amma o qızla evlənməliyəm. Bu qolbağı  sənə hədiyyə eləmək üçün almışdım. Fikirləşirəm ki, hədiyyəni sahibinə vermək lazımdır. Sən özün buna nə istəsən edərsən." - dedi. Qız qolbağı alandan sonra oğlan  ayağa qalxdı. Qız həyəcanlı və gərgin baxışlarla ona baxdığından, oğlan onun üzünə baxmağa cürət etmədi və geriyə çevrilib getmək istəyəndə qız da ayağa qalxıb "Dayan!" dedi. Sual dolu nəzərlərini oğlana zilləyib həyəcanlı və cəld  addımlarla ona bir az da yaxınlaşdı. Bayaqdan həyəcandan hiss etməmişdi, ancaq oğlana doğru addım atarkən dolan gözlərindən yaş axanda diksindi. Özünü saxlaya bilməyib ağlamağa başladı. "Məni sevmirsən?" deyə soruşdu. Oğlan bu sualdan heyrətləndi. Axı o hələ bu səhər sevgilisinin qarşısında acizliyindən onun xoşladığı ətiri də sındırmışdı ki, bir də o ətirdən vurub xatirələrinə xəyanət etməsin. İndi qızın bu sualı sanki bir sillə kimi titrətdi onu: "Dəli olmusan? Mən səni özümdən də çox sevirəm. Həyatda ən çox istədiyim şey sənin həmişə yanımda olmağın idi. İndi də istəyirəm. Amma mən sənin yanında günahkaram. Bacarsan, bağışla məni." Sözünü bitirən oğlan heç vaxt ayrı qalmağa dözmədiyi sevgilisinin bu dəfə əllərinin istisindən, sevgi dolu, həm də utancaq baxışlarından məhrum və bir xeyli  məyus olmuş halda geriyə çevrilərək ondan uzaqlaşdı. 

Arxaya baxmadan irəliləyən oğlan qızın ağladığını eşidirdi. Gözünün bir damcı yaşına qıymayan oğlan, öz əli ilə sevdiyinə verdiyi əzabın ağırlığını indi daha çox hiss etmişdi çiyinlərində. Sanki mənəvi bir yüklə yükləndiyini hələ indi başa düşmüşdü. Ürəyi qayıtmaq istəmiş, sevdiyinin göz yaşlarını silmək istəmiş, amma ağlı buna mane olmuşdu. 

********

Toyundan bir gün əvvəl üzərində ad yazılmayan bir bağlama (qutu) gəldi oğlana. Sevdiyi qızdan ola biləcəyini başa düşüb öz otağına keçdi və qapını bağlayıb həyəcanla qutunu açdı. Düşüncələrində yanılmamışdı və qutu həqiqətən də sevdiyi qızdan gəlmişdi. Qutunun içində onun sevimli ətiri və bir zərf vardı. Ətiri görəndə həyəcanlanan oğlan gözündən axan yaşı da hiss etmədi və əlləri titrəyərək zərfi açmağa çalışdı. Zərfdən çıxan məktubda belə yazılmışdı: 

"Bir vaxtlar bu ətiri çox sevərdim. Sənə aid olan hər şey mənə doğma olduğu kimi bu ətir də mənim üçün doğma idi. Ayrılığımızdan sonra otağımda, yolda, avtobusda, metroda, iş yerimdə - hər yerdə bu ətirin qoxusunu almağa başlamışdım. Sanki bütün şəhər bu ətirdən istifadə edirdi. Məni başqa qıza dəyişəcəyinə heç vaxt inanmazdım. Mesajlarıma, zənglərimə cavab vermirdin. Çox nigaran idim. Sonuncu görüşümüzdən təxminən bir ay sonra səni bir qızla gördüm. Düşündüm ki, yəqin dediklərin doğru olub. Əmin olmaq üçün ikinizin də əllərinizə baxdım. Hər ikinizin barmağında qızıl nişan üzükləri vardı. Üzükləri görəndən sonra məni aldatmadığını başa düşdüm. Həmin gün qərar verdim ki, sənə olan sevgimi ürəyimdə boğmağa çalışacam. Amma çox qəribə bir şey oldu. Səni o qızla görən gündən bu günədək daha heç yerdə o ətirin qoxusuna rast gəlmədim. Bir vaxt o ətirin qoxusu ilə hər fürsətdə mənə səni xatırladan Bakı artıq o ətiri də mənə unutdurmağa başlamışdı. İndi mən səni unutdurmağa çalışan bu şəhərdən gedirəm. Uzun müddətdir bu ətirdən tapmaq üçün əlimdən gələni etmişdim. Lakin ətiri bu gün tapdım - şəhərdən getdiyim gün və sənin toyuna bir gün qalmış. Daha bu ətirin məndə olmağı doğru olmaz. Mən sənin xatirələrinlə yaşamağı öyrənəcəm. Xoşbəxt ol, sevdiyim. Əlvida! 

Özü də bilmədən məktubun son cümlələrini yüksək səslə oxuyan oğlan anasının onu izlədiyindən xəbərsiz idi. Hönkürərək ağlamağa başladı və qəfildən anasının otağın yarıaçıq qapısından ona baxdığını görüb: "Elə bilirdim ölmüşəm. Amma mən hələ indi öldüm" dedi və heç nə fikirləşmədən sadəcə qutunu əlinə alıb evi tərk etdi... 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0357 saniye