Bakının dar küçələrinin birində əcaib bir adam dolaşırdı. Mən də elə həmin o küçədə isti bir yay gününün sonu - günəşin batan vaxtı dayanıb o adama baxırdım. Üst-başından o qədər əcaiblik yağmasa da üz-gözünü elə vəziyyətə salmışdı ki, sanki, gözlərinə acı bibər sürtüblər. Sağ əli ilə ağzını və burnunu tutmuş, başını yuxarı qaldırıb, qıyılan gözləri ilə yuxarı baxa-baxa, tələsən addımlarla harasa gedirdi. Əslində, buna heç getmək də demək olmaz. Sanki, binaların başında nə isə axtarır və ya artıq gördüyü şeydən qorxub qaçırdı. Onun bu baxışları diqqətimi cəlb elədi və özümdən ixtiyarsız başımı qaldırıb göyə baxdım. Açıq səmada görünməsə də küçəyə düşən kölgədən günəşin binaların arxasında olduğunu anlamaq olurdu. Nə göydə, nə də yerdə bir insanı belə əcaib vəziyyətə salacaq heç nə yox idi. Ona görə də, bu işin necə bitəcəyini görmək üçün yenidən adama baxmağa başladım. Bir az uzaqlaşandan sonra adamın iki binanın arasında kölgə düşməyən günəşli yerə getdiyini anladım. Nəhayət, adam günəşli yerə çatdı, üzünü günəşə tutub, əlini ağızından götürürb sanki başını qaşıyırmış kimi yuxarı qaldırdı. Qıyılan gözlərini bir az da qıyıb günəşə baxdı. Günəş şüalarının təsirindən gözlərini yumdu. Çənəsini daha da yuxarı qaldırıb, ağzı ilə dərindən nəfəs alıb möhkəmdən asqırdı. Sonra başını qaldırıb bir də asqırdı.
Bu da cüt səbir.