“Heç kimin kənardan izləmək şansı yoxdur” - Çak Palaniklə müsahibə
Aysel Məhərrəmova tərəfindən "Müsahibə" bolməsinə 22:00 14 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Çak Palanik 21 fevral 1962-ci ildə Vaşinqtonda doğulub. Əsl adı Çarlz Maykl Palanikdir. Palanik Vaşinqtonun şərqində yerləşən bir kənddə böyüyüb.

Otuz yaşlarına qədər heç bir ədəbi mətn yazmadığı deyilsə də, əslində o dövrə qədər ilk romanı “İnvisible monsters” (“Görünməyən vəhşilər”) yazılmışdı. Roman naşirlər tərəfindən məzmununa görə qəbul edilmir. Onların bu münasibətinə cavab olaraq Çak Palanik növbəti və daha sərt əsəri olan “Project Mayhem” (“Qiyamət Layihəsi”) hekayəsini qələmə alır, əvvəlkindən fərqli olaraq, bu hekayəni müxtəlif nəşriyyatlar böyük həvəslə tirajlayır. Belə ki, bu uğurdan əvvəl Palanik istirahət düşərgələrinin birində təsadüfi bir davanın iştirakçısı olur və möhkəm döyülür. Daha sonra iş yoldaşları və ətrafdakı insanlar tərəfindən əzilmiş üz-gözünə görə laqeyd münasibət görən Çak insanın ən pis göründüyü zaman istədiyi hər şeyi edə biləcəyini kəşf edir. Bu düşüncədən də “Qiyamət Layihəsi” doğulur. Az müddətdən sonra eyniadlı hekayəni qələmə alır və hekayə uğur qazanır. Bundan təsirlənən Çak Palanik üç ay ərzində hekayəni genişləndirərək unudulmaz “Fight club” (“Döyüş klubu”) romanını ərsəyə gətirir.

Müəllif dövrümüzün ədəbi kontr-kultura janrının ən görkəmli nümayəndələrindən sayılır. Bir neçə əsəri dilimizə tərcümə edilib. “Fight club” (“Döyüş klubu”) və “Choke” (“Boğulma”) romanlarına eyniadlı filmlər çəkilib.

***

Cənab Palanik, sizcə, dünya yaxşıya doğru gedir, yoxsa əksinə?

Yaxşıya doğru. Nəticədə hər kəs hərəkətdədir və hər kəs bunu ən yaxşı seçimi hesab edir. Beləliklə, onlar dünyanı dəyişdirməyə çalışırlar. Məncə, bu elə onların ən yaxşı seçimidir.

Doğrusu, heç düşünməzdim ki, bunları deyən adam “Döyüş klubu”nun müəllifi ola bilər. Belə münasibət təxəyyülünüzə təsir etmir ki?

Bu da mənə görə bir seçimdir. Necə ki işlər yaxşı gedəndə yaxşı şeylər düşünürəm, pis gedəndə pis. Mən həmişə insanların güc və potensialını göstərən və axıra kimi də bu cür davam edən həkayələrə və bu cür həyata çəp baxmışam. Bu, saxta ümidvericilik və saxta pozitivlikdir. Mənim hekayələrimsə təcrid olunmuş insanları cəmiyyətə qaytarmağa yardım edir, ən azından, o toplumdan bir nəfər belə olsa, uzaqlaşdığı dünyaya qayıdaraq yenidən özünü tapır.

Aydındır… Amma siz mətnlərinizdə birmənalı olaraq seks və ölümə çox yer ayırırsınız.

Məncə, bu ikisi bir-birini tamamlayır. Komediyalar toyla bitir, faciələr dəfnlə: deməli, həmişə seks və ölümü yanaşı qoymaq mümkündür. Məsələn, “Döyüş klubu”nda qəhrəmanımız ölümcül xəstələr üçün dəstək qrupunda bir qızla tanış olur. Buna görə də mən mətnlərimdə mütəmadi olaraq nəyisə “abort edirəm”. Abort da bir növ seks və ölümün sintezidir. Bir-birinə olduqca yaxın olan bu məfhumlar mənim üçün həmişə hədəf olub.

Mükafat almaq istəyirsənsə, çalış kifayət qədər eksklüziv iş görəsən

Həyatınız da fantaziyalarınız qədər həyəcanlı və hərəkətlidir?

Qətiyyən. Mənim həyatım sanki dərviş, ya da rahib həyatıdır. İnsanlar tez-tez yanıma gəlib dəhşətli həyat hekayələrini mənə danışırlar. Bu hadisələri kiməsə etiraf etməlidirlər və deyəsən, bunun üçün ən yaxşı adam mənəm. Gizli bir əhvalatı mətbuat və mediadan əldə etmədən – onda artıq hər kəs bunu bilmiş olur – birbaşa qəhrəmanın dilindən, fərdi şəkildə eşidəndə daha maraqlı olur. Bu, hardasa dəstək qrupları, ya da məsələn, mənim sevərək istifadə etdiyim telefon, yaxud seks forumlarına bənzəyir. İnsanların etirafa ehtiyacı var və sən onları saatlarla dinləyir, fantaziyalarını və ya hər hansı özəl hisslərini müzakirə edir, başlarına gələn hansısa dəhşətli hadisə barədə söhbətlər edirsən.

Bəs necə olur ki, insanlar ən intim macəralarını sizə danışmağa cəsarət edirlər?

Bu, böyük balıq tutmaq üçün xırda balıqlardan istifadə etmək kimidir. Əgər dinlədiyim əhvalat və ya lətifə mənə həqiqətən cazibədar görünürsə, onu yazılarımda mütləq istifadə edirəm. Və qarşılığında mən də onlara kiçik bir lətifə danışıram. Bu cür lətifələrdə onların həyatlarından alınmış kiçik kadrlar, hətta daha artığı yer alır. İnsanlar ürəklərini boşaltmaq üçün az qala yarışırlar. Və həmişə keçmişə əsaslanırlar. Sonra mən öz həyatımdan onların əhvalatlarını kölgədə qoya biləcək daha əcaib bir lətifə uydururam. Söz yox, daha sonra ortaya üçüncü bir şəxs çıxa və bu əhvalatı da kölgədə qoya bilər. Mən insanlarla bağlı olan ən yaxşı əhvalatları ümumiləşdirib onlar arasında ən ekstremal olanlarını seçirəm.

Niyə məhz ən ekstremal olanlarını?

Çünki bunları işıqlandırıb ortaya çıxaranda onlar xoşbəxt olurlar. Klişeləri nəzərdən keçirirəm, – çünki klişeləri insanlar daha rahat mənimsəyə bilirlər – daha sonra arasından ən önəmli versiyaları ayırıb mətnlərimə salıram. Yazı müəllimim həmişə deyirdi ki, mükafat almaq istəyirsənsə, çalış kifayət qədər eksklüziv iş görəsən. Həm dəhşətli, həm də əyləncəli. Onda sənin üçün fərqi olmayacaq, kitabların satılır, ya yox.

Bir dəfə demişdiniz ki, “Döyüş klubu” “Möhtəşəm Qetsbi”nin sonrakı mərhələsidir. Qetsbini 20-ci illərin “İtirilmiş nəsli”nin simvolu hesab etsək, “Döyüş klubu” haqda da “90-cı illərin kişi uğursuzluğu” deyə bilərik. Bəs indiki nəsil barədə nə demək olar?

Risk edib bu barədə heç nə demək istəmirəm. Müasir sivilizasiyanın ünvanına yazılan və deyilən sözlərdən zəhləm gedir. Yazını bitirəndə artıq cari hadisələr keçmişə çevrilir. Bir neçə il qabaq ədəbi məsləhətçimin yanına getmişdim. O, boynunu bükərək mənə əllə yazılmış onlarla məktub verdi. Hamısı uşaqları zorlayan rahiblər haqqında idi. Bax, onda bu təzə xəbər sayılırdı. Onda hamının bu haqda öz fikirləri var idi. Bu isə vaxt itkisindən başqa bir şey deyildi. Yəni müasir gedişatı izləmək üçün daha çox cəhd etmək lazımdır, mən özüm də kifayət qədər yeni bir şey yazmaq üçün mədəni prosesləri daha sıx izləməyə məcburam.

Doğrudur ki, “Gözəlsən” adlı yeni kitabınız bilavasitə “Bozun əlli çaları”na ünvanlanıb?

Düzdür. İlk başda kitabın adını “Prada” geyinən alatoran mağara ayısının əlli çaları” qoymuşdum. Cinsi problemlərdən bəhs edən mövzulara sadəcə heyranam, bu da gənc kişilərin ən böyük problemidir – video oyunlar, pornoqrafiya və s. Əsl fikrim bu tip cinsi problemləri sırf əyləncə baxımından araşdırmaq idi, məsələn, əllə, ya da qadın təsvirləri ilə ehtiraslanan adamlar. Məncə, oxucuların ən az məlumatlandığı şey də elə budur. Həm də istəyirdim ki, “qlamur ədəbiyyat” taktikalarından istifadə edim. Daha sonra bunun bütün məcazları üzərində tam ciddiyyətlə işlədim.

Məsələn?

Əsas qəhrəmanım gözəl ağbəniz bir qızdır, çox gözəl qaraşın bir rəfiqəsi var. O qaraşın qız isə həddindən artıq ərköyündür. Sonra fikir verdim ki, bu məcazlar mənlik deyil və düşündüm ki, madam, bu, insanlara maraqlıdır, onda bu obrazlardan əyləncəli formada istifadə edim.

Məncə, alınıb. Elə buna görə də öz-özümə deyirdim ki, siz mütləq müasir proseslər barədə yazmalısıınız.

Həyatımızın ən önəmli detallarına nəzər saldıqda görürük ki, bunlar indi bizi xoşbəxt etməyə qadir deyil. Bu haqda da yazmaq istəyirdim. Bizim ən sevimli anlarımız, ən sevimli kitablarımız, əşyalarımız olan o detallar indi təcrübələrimizə yaramır. Əvəzində isə sadəcə supermarketdən ərzaq alanda köməyimizə çatır. Buna görə də bu haqda yazmağı düşünürdüm. Bunlar məni çox məyus edirdi.

Ona görə ki, insanlar həyatı sadəcə miras kimi görür?

Tamamilə doğrudur. Çünki onların şəxsiyyətləri ərzaq barkodları ilə formalaşır, həmin məhsullar vasitəsilə təcrübədən keçirlər, daha sürətlə, daha güclü və daha unikal mərhələlərlə. Bir neçə il öncə babam üçün başdaşı almaq istəyirdim. Daşyonan mənə yeni trendlər göstərib dedi ki, bax, burda dünyanın bütün şirkətlərinin loqoları var, istədiyin loqonu sənin başdaşına həkk edə bilərik. Sonra mənə avtomobil qəzasında ölən bir yeniyetmə qızın başdaşını göstərdi. O, çox yaxşı voleybolçu imiş və valideynləri qızlarının başdaşına “Voit” voleybol brendinin loqosunu həkk etdirmişdilər.

Məncə, bu çox kədərli olmalıdır.

Mənim babam fermer olub deyə bəzi satıcılar mənə traktor loqoları məsləhət görürdülər – “John Deere”, ya da “İnternational Harvester” traktorları – mən bunları başdaşına çəkdirə bilərdim, amma bilirsən, bu, onun yaşına uyğun deyildi. Orada şirkətlərin loqoları olan vərəqələr var idi, hətta öz başdaşın üçün belə sifariş vermək mümkün idi. Loqonun sağ tərəfində də adın, doğum və ölüm tarixlərini yaza bilərdilər. Bu, məni məyus edirdi. İnsanların bu şəkildə məhsulların təcrübə predmetinə çevrilməsi yeni kitabımın böyük bir hissəsi üçün yaxşı ideya oldu. Və düşünürəm ki, buna görə də “Y nəsli” öz idealları və hədəfləri uğrunda mübarizə aparan kütlə olub.

Pop kulturası hələ də insanların beynində qalıb

İndi ən aktual mövzulardan biri də homoseksualların hüquqlarıdır.

Bu, problemlərdən sadəcə biridir, amma risk edib desəm ki, bunun üçün də başqa bir bərabərhüquqluluq manifesti yazılsın, bu, üçüncü feminizm dalğası kimi bir şey olacaq. Necə ki, o vaxt deyirdik “qadın hüquqlarına bu boyda dünyada niyə yer yoxdur, onlar üçün mübarizə aparaq”. Hüquqlardan öncə bizə sahib olacaq yeni bir vizaj lazımdır.

Necə ki?

Hələ də görürəm ki, pop kulturası insanların beynində qalıb. “Yanan adam” festivalı kimi. İnsanların öz sosial quruluşlarını və kimliklərini test etmək üçün getdikləri laboratoriyalar da həmin “Yanan adam”a bənzəyir. Bizim yeni mədəniyyətimizsə, bax, bu laboratoriyalardan kənarda yaranacaq. Buna görə də əsərlərimin çoxu məhz bu cür kiçik “liminoid” – insan təcrübələri haqqındadır. Bu, az davam etsə də, öz növbəsində əyləncəli və maraqlı alınır. Hardasa, mənim “Boşboğaz”, ya da “Döyüş klubu” romanımdakı xaotik proseslərlə oxşarlıq təşkil edir. Və bu həmin “liminoid” laboratoriyalarının bizə verdiyi yeni simadır, bu, yeni bir şeydir, sadəcə kapitalizm, ya da marksizm deyil. Əgər bundan uzaqdasınızsa, deməli, özünüzdən də uzaqdasınız. Hər kəs eynidir və hər kəs bunun içində olmağa məcburdur. Heç kimin kənardan izləmək şansı yoxdur.

“The Talks” elektron dərgisi
Tərcümə: Mənsur Matt


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0291 saniye