Hələ çox gəzəcəksən misralarımın arasında
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 15:39 29 mart 2019 tarixində əlavə olunmuşdur

Sən hələ çox gəzəcəksən misralarımın arasında,

bənd-bənd, cümlə-cümlə, hərf-hərf keçəcəksən ürəyimdən

Qafiyələrdə görünüb sükutumda itəcəksən,

elə biləcəksən, toxuna bilmirəm sənə…

Mənsə ruhuna axıram hər dəfə vəcdə gələndə

Hər bədahət gələndə əllərindən tuturam, sən hiss etmirsən,

Gözlərində yüzlərlə arzu bəsləmişəm,

qarşılaşsaq təsadüfən,

mənə baxanda yerinə yetsin deyə…

Saçlarında ruhumun bir hissəsi dolaşır daim,

sığal çəkir onlara sən yuxuya gedənəcən,

saçların dağılır hərdən ağlım səndə qalıb həsrətim uçuşanda,

küləkdən deyil, küləkdən deyil,

sənə elə gəlir...

Hələ çox gəzəcəksən misralarımın arasında,

dolanbac hisslərimdən keçəcəksən mənsiz, təkbaşına

Mən hərflərdən yollar quracağam sənə gedən

hamısı da ünvansız, mənzilsiz...

Asan deyil yol salmaq və hər gün çətinləşir sənə doğru yol almaq da

Başqa hərflərin başlatdığı sözlərdən,

yad və sənsiz cümlələrdən yorulmuşam

Bax elə bu səbəbdən bəzən lal olmaq da,

susmaq da istəyirəm birdəfəlik.

Heyf ki, biz ı və ğ hərfləriydik,

iki sözü başladıb bir cümləyə çevrilə bilmədik...


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0202 saniye