“İdeya və məzmun olaraq, Qarabağın seçilməsi ilə çox xüsusi bir milli təfəkkürdən xəbər verir.” - Yeni Qarabağ filmi “TARIN SİRRİ” bədii filminin İcraçı Prodüseri və aktyoru Rövşən Babayevin müsahibəsi...
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 15:34 30 sentyabr 2021 tarixində əlavə olunmuşdur

Saytımız xəbər verir ki, gənc rejissor ELŞƏN İSMAYILın yeni Qarabağ filmi “TARIN SİRRİ” artıq çəkilişlərini tamamlamış, montaj mərhələsindədir. Filmdə 2-ci Qarabağ müharibəsinin bir sıra sosial, psixoloji məsələlərini izah edilməyə çalışılmış, xüsusilə müasir dövrdə Vətən qavramının, inanc və namus məsələlərinin dərin psixoloji tərəfləri işlənmişdir.

İndi isə sizə, iki dildə - Azərbaycan və İngilis dillərində təqdim olunması planlaşdırılan filmin İcraçı Prodüseri və aktyoru Rövşən Babayevin filmlə bağlı müsahibəsini təqdim edirik:

Babayev Rövşən Rəfi oğlu 1963-cü il Yanvarın 2-də Şirvan şəhərində doğulub. İncəsənət sevgisi onu daima səhnəyə, kamera önünə cəlb edib. Onun övladları da onun kimi bu sahəyə böyük həvəslə böyüyüb. Böyük oğlu Gündüz Babayev Bakı Xoreoqrafiya Məktəbini bitirib rəqs müəllimi ixtisasına yiyələnib.

İlk tamaşa əsərində Rejissor Əkbər Zülfüqarovun quruluşunda Nəcəf Bəy Vəzirovun “Dələduzlar” əsərində “Məmmədəli” rolunda oynayan Rövşən Babayev tamaşaçıların diqqətini qısa zamanda özünə cəlb etdi.

Daha sonralar Şirvan Şəhər Mədəniyyət Mərkəzində rəqs müəllimi kimi fəaliyyət göstərdi. Hal-hazırda isə Şirvan Folklor Evində rəqs müəllimliyini davam etdirir.

Şirvan Folklor Evində fəaliyyəti zamanı rəqs komandasının iştirakıyla “Cırtdan” tamaşasını səhnələşdirmişdir. Bundan başqa Mədəniyyət Mərkəzində “Başı bəlalı pitza” səhnəciyini, dahi şair və filosof Nizami Gəncəvinin 880-ci illiyinə həsr olunmuş tamaşa-kompozisiyanı hazırlamışdır.

Koronovirus pandemiyası ilə əlaqədar olaraq isə, sosial çarxda rol almışdır. Bu ərəfədə Şirvan Folklor Evinin aktyorlarının iştirakıyla yazar Altay Məmmədovun “Həmyerlilər” tamaşasında “Mühasibatçı” obrazında səhnəyə çıxmış və izləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.

2-ci Qarabağ müharibəsi zamanı Şirvan Şəhər vətənpərvər gənclərindən ibarət həvəskar komandayla birlikdə “Vətən mən də gəlirəm” adlı qısametrajlı filmi çəkmiş və xalqda milli ruhu, döyüş ruhunu qoruyub saxlamağa, inkişaf etdirməyə çalışmışdır.

 

Sizin üçün kino nə deməkdir?

-        Kinoya çox böyük həvəsim var uşaqlıqdan. Demək olar ki, bu zamana qədər çəkilən bir çox milli filmləri izləmiş, təhlil etmiş və yaradıcılıq fəaliyyətim zamanı dəyərli nüansları qeyd edərək peşəkarlıq yolunda özümü inkişaf etdirmişəm. Kino həyatın bədii təzahürüdür desək, yanılmarıq. Çünki real həyatdakı bir çox məqamları bədii quruluşda izləyiciyə təqdim edir. Beləliklə, son nəticədə kino həyatın bədiiləşdirilmiş güzgüsüdür deyə bilərik.

Şirvanda Mədəniyyət sahəsini necə dəyərləndirirsiniz?

-        Hazırkı dövrün bəzi çətinliklərini nəzərə almaqla, mən və digər Mədəniyyət işçiləri əlimizdən gələni edirik. Pandemiya ilə əlaqədar hər sahədə olduğu kimi bu sahədə də əvvəlki illərə nəzərən durğunluq yaşanmaqdadır. Lakin inkişaf yolunda əzmlə irəliləyişin olduğu da göz önündədir. Xüsusilə, Mədəniyyət Mərkəzinin rəhbəri hörmətli Nəmidə xanım Namini ilə birgə fəaliyyətimiz və onun bu sahəyə olan həvəsi, qayğısı bizi daha çox ruhlandırır və hər şeyə rəğmən işləməyə sövq edir.

Bu filmə münasibətiniz?

-        Günümüzlə səsləşən və süjet xəttiylə diqqət çəkən, vacib mövzuları ekrana gətirən dəyərli bir iş olacağına əminəm.

Filmin komandası haqqında fikirləriniz?

-        Filmin çox mehriban, yüksək əhval-ruhiyyəli, enerjili gənc, həvəskar komandası var. Əminəm ki, zamanla bu müsbət enerji və komanda üzvlərinin potensiyalı daha da artacaq və bizi daha böyük işlərdə, yüksək peşəkarlıqla işləməyə sövq edəcək.

Filmin ideyası və məzmunu haqqında düşüncələriniz?

-        Düşünürəm ki, hazırkı dövrlə səsləşməsi və gənclərimizə, xalqımıza vətənpərvərlik hissini aşılaması mövzusunda çox uğurlu addımdır. İdeya və məzmun olaraq, Qarabağın seçilməsi ilə çox xüsusi bir milli təfəkkürdən xəbər verir. Bu mövzuda filmin Ssenari müəllifi və Quruluşçu Rejissoru Elşən İsmayılı alqışlayıram.

Kino və Teatr sahəsində sevdiyiniz aktyorlar?

-        Həsən Məmmədov, Həsənağa Turabov, Siyavuş Aslan, Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Rasim Balayev, Amaliya Pənahova, Yaşar Nuri kimi korifey sənətkarlarımızın sənətə, xalqa, dövlətimizə verdiyi töhfələr danılmazdır. Və düşünürəm ki, indiki gənc sənətçilərimiz onları daim xatırlamalı və onların müqəddəs sənət yolundan bəhrələnməlidir.

 

Daim şəhərimizin mədəniyyət sahəsində xalqımıza əvəzsiz xidmətləri olan xalq teatrının aktyorları Həsənov Habil, Rahilə Hüseynova, Adilə Qəhrəmanova, Mehriban Əliyeva, İslam Əliyev, Həsənov Vəkil, Əkbər Zülfüqarov isə bizim doğmalarımız və sənət fədailərimiz olmuşlar.

Gələcək yaradıcılıq planlarınız?

-        Qam Company müstəqil kino şirkəti ilə birlikdə, Şirvan Mədəniyyət Mərkəzi, Şirvan Folklor Evi, Şirvan Gənclər Evi-nin də dəstəyi və iştirakıyla maraqlı işlər görməyi planlaşdırırıq. Bir-birindən maraqlı filmlər, kliplər və s. layihələrlə bizi gözləyin. Çox maraqlı olacaq.

 

Filmin afişası:

 

Filmin anonsları:

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0317 saniye