İnanc
AğaPaşa tərəfindən "Hekayə" bolməsinə 21:35 01 sentyabr 2019 tarixində əlavə olunmuşdur
                                                   İnanc          4-cü sinifdə oxuyurdum.Heç kəslə oynamaq istəmədiyim vaxtlar idi.Elə deyəsən məktəbdəki uşaqlar da bunu hiss eliyib məndən uzaq gəzirdilər.Ancaq dərs,məktəb, kitablar.Dərsdən qayıdanda bəzən yolun qırağındakı iydə ağacından boyum çatan iydələri qırıb yeyir, bəzən isə boğazımda quruluq yaratdığı üçün evə qaçıb su içməyə tələsirdim.
Bir gün idman dərsindən çıxmışdım.O qədər yorğun idim ki, üst paltarımın şalvarımdan sallandığıni və ayaqqabımın tozlu torpaqlı olduğunun fərqində belə deyildim.Tək istəyim evə çatıb bir az dincələndən sonra 5 almaq üçün sabahın dərslərini oxumaq idi.Elə yellənə yellənə yoluma davam edəndə yolun qırağında yaşıllığın üstündə yumru bir şey gözümə sataşdı.Daş parçasına oxşayırdı, amma mən bilən daşlar yerimir axı.Qorxsam da marağım qorxuma üstün gəldi, yaxınlaşdım.Həmin şeyin tısbağa olduğunu görəndə elə sevindim ki, az qala hoppanıb düşürdüm sevincimdən.Axı tısbağanı ancaq kənddə olanda görmüşdüm.Şəhər yerində tısbağa görəcəyimi heç vaxt ağlıma gətirməmişdim.Bir anlıq onu aparıb saxlamağın xəyalını qurdum, bu mənə çox yaxşı təsir bağışladı.Ehtiyatla onu əlimə alıb yola düzəldim.Artıq istirahət və dərs ağlımdan çıxmışdı.Ağlımda tək şey bu əlimdəki tısbağanı aparıb saxlamaq və onu yemləmək idi.Amma anamdan bu fikrimə sərt reaksiya gələcəyini bilmirdim.Nə qədər aparıb götürdüyüm yerə qoymağı tapşırsa da ilk dəfə tısbağaya görə anama qarşı gələsi oldum.Aparmadım.Anam da yəqin üzülməyim deyə çox da üstümə gəlmədi.Tısbağa üçün həyətdən ot yolub gətirdim.Yemirdi.Başını qınından çıxarıb mənə baxır, sonra yenidən qınına çəkilirdi.Mən isə çömbəlib onun bu qoyduğum otu yeməsini gözləyirdim.Düz 1 saata yaxın oturdum yanında.Otu yemədiyi üçün acından öləciyini düşünüb kədərlənməyə başlayırdım ki, elə bil o bu hisslərimi duyub yavaşca başını qınından çıxardı, otu iyləyib yavaş-yavaş dadına baxırdı.Ağır-ağır yeməsinə tamaşa eləməkdən zövq alırdım.Həm dərslərim üçün, həm də onun rahat yeməsi üçün durub keçdim evə...
Hər gün dərsdən sonra onu görmək üçün elə həvəslə evə gələrdim ki...Məktəbdə olanda da onu düşünürdüm.Ac qalmasından qorxurdum.Düşünürdüm ki anam ona yaxın durmaz.Amma hər dəfə evə gedəndə tısbağanın qabağında ot görürdüm.Zaman keçdikcə mənə öyrəşdiyini hiss eliyirdim.Nə yalan deyim mənim dostluğuma ehtiyacı olduğuna inanırdım.Əvvəlki kimi sıxılmadığını görə bilirdim.Çünki yanımda sərbəst idi.Məktəbdə dərslərimdən, sinif yoldaşlarımdan ona danışırdım.Hər-halda səsimə öyrəşmişdi.Bəzi vaxtlarda həyətdəki çarpayıda uzanıb şeir əzbərləyəndə səsimi eşidib yanıma gələrdi.Mən evə getməyənə qədər bağın içinə getməzdi.Bəlkə də məndən ona zərər gələcəyinə inanmadığı üçün yanımdan ayrılmaq istəmirdi.
Bir gün qonşu qadın bizə gəlmişdi.Mama ilə nəsə söhbət edirdi.Qarnı şişmişdi.O vaxtlar bunun nə olduğunu bilmirdim.Mama ilə yanıma yaxınlaşdı.Mənlə salamlaşdı.Gözü tısbağada idi qadının.Tısbağanın bir dəqiqəlik ona lazım olduğunu deyəndə elə bildim aparacaq.Qaçıb əlimi qoydum tısbağanın üstünə.Amma onun niyyəti qarnındakı uşağın qız və ya oğlan olduğuna inanmaq üçün tısbağanı havaya atmaq idi.Tısbağa yerə düşəndə duruşundan qız oğlan olacağını inandığı batil inanca görə dəqiqləşdirəcəkdi.İlk dəfə bunu eşidəndə tısbağamın öləcəyindən qorxdum.Vermədim.Elə ağlayırdım ki, isti göz yaşımın yanağımı yandırdığını hiss eliyirdim.Amma anam və qadın tısbağanın çanağının möhkəm olduğuna məni inandırmağa çalışırdılar və bunun heç 1 dəqiqə çekməyəcəyini dedilər.Tısbağama heçnə olmayacağına inandığım üçün razlaşmışdım.Amma üzümdəki yaşlar hələ də qalmaqda idi.Bunun tez bitməsini istəyir və bir də tısbağamla işi olmamalarını istəyirdim.
Qadın yanıma yaxınlaşıb tısbağanı götürdü və havaya tulladı.İçim əsirdi.Dua edirdim ki ona heçnə olmasın.O an içim əsəndə peşman oldum.Tısbağa tappıltı ilə yerə düşdü.Qadın sevincindən tullandı.-Oğlandı...Mənsə cəld tərsinə düşmüş tısbağamın yanına qaçdım.Onu çevirəndə çanağının çatdadığını gördüm.Tısbağa ölməsə də bu çatdığın ona əzab verdiyini duya bilirdim.Qadın gedəndən sonra anam gətirib nazik bir parça ilə tısbağanı bağladı.Anam bu yaxşılığı eləsə də anama o qadına uyduğu üçün anama küsdüm.O axşam yəqin agrısından heçnə yeməmişdi.
Səhər məktəbə gedəndə də ot hələ də orda idi.Divarın dibinə qısılmışdı.Çiynimdə çanta dayanıb ona baxırdım.Ona baxdığımı hiss eliyirdi deyəsən.Çevrilib bağın içinə tərəf süründü.O günki dərslər çox sıxıcı keçmişdi.Çünki ağlım tısbağada qalmışdı.Dərsdən sonra evə qaça-qaça gəldim ki bütün günümü ona ayırım.Divarın dibinə, kolluqlara, quma, girə biləcəyi hər yerə baxdım.Amma yox idi.Anamdan soruşanda görmədiyini dedi.Nə qədər həyəti axtarsam da tapa bilmədim.Deyesən getmişdi.Yanımdan əl çəkməyən, hər dəfə qabağına qoyduğum otu yeyən, ona zərər verəcəyimi düşünmədən yanıma gələn bu tısbağa yəqin onu qoruya bilməyəcəyimi düşünüb mənə küsüb getmişdi.Yalnızlığıma bir dost tapmışdım.O getdi, yenə də təkliyimə qayıtdım....          

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+19=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye