İnsan bu dünyada hər şeydən bezir
Yusif Nazim Ərəbsoy tərəfindən "Şeir" bolməsinə 12:08 17 aprel 2014 tarixində əlavə olunmuşdur

 

İnsan bu dünyada hər şeydən bezir

Sevda dənizində fırtına qopsa,
Aşiq də sevməkdən yorula bilir.
Səni dəli kimi sevən bir gözəl,
Sabah başqasına vurula bilir.

Sevgi də, nifrət də unudulandır,
Sevinc də ötüşür, qəm də ötüşür.
İnsan bu dünyada hər şeydən bezir,
Hətta yaşamaq da gözündən düşür.

Şair də yaxşısın axtarır sözün,
Şeri yox, ilhamı sevəsən gərək.
Bir gözəl görəndə qamaşır gözün,
Rəsmi yox, rəssamı sevəsən gərək.

Bir rəssam olasan bu bacarıqda-
Çəkəsən sevincin, qəmin şəklini.
Baxasan, doyasan, bəyənməyəsən,
Cırasan çəkdiyin həmən şəklini.

Bir şair olasan şeir yazasan,
Şeir sevdiyinin xoşuna gələ.
Sənin bu halına gülən kəslərin,
Elə bu sevgidən başına gələ.

Bəstəkar olasan, sənin musiqin
Olduqca romantik, sevilən olsun.
Onu dinlədikcə vəfasız gözəl,
Başını itirsin, saçını yolsun.

Həyatı sevdirə bilmədi heç nə,
Ölüm necə nazlı, necə incədi!
Ölmədən yaşamaq, yaşayıb ölmək,
Bax belə bir həyat ürəyimcədi.

Sevgi də, nifrət də unudulandır,
Sevinc də ötüşür, qəm də ötüşür.
İnsan bu dünyada hər şeydən bezir,
Hətta yaşamaq da gözündən düşür.

 

Yusif Nazim


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Yusif Nazim Ərəbsoy
Haqqında
YUSİF NAZİM ƏRƏBSOY (Məmmədov Yusif Ağaəhməd oğlu, “Nazim” - nəzmə çəkən, şeir yazan deməkdir) 1988 - ci il oktyabrın 10 - da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuşdur. 1995 - ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1 - ci sinfinə daxil olmuşdur. 2004 - cü ildə bu məktəbi bitirərək, orta təhsilini davam etdirmək üçün fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilmiş və 2006 - cı ildə bu məktəbin məzunu olmuşdur.  Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirmişdir.         Yaradıcılığa 14 - 15 yaşlarından başlayan Yusif Nazim Ərəbsoy əsasən, satirik mövzuda yazır. 2011 - ci ilin may ayında böyük satirik şairimiz M. Ə. Sabirin vəfatının 100 illiyinə həsr olunmuş “Satira və qəzəl” müsabiqəsinin fəxri diplomuna layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında "Bilik" fondunun "Vətənpərvərlik" mövzusunda ümumrespublika üzrə elan etdiyi müsabiqədə "Sərçə sevgisi" adlı şeiri 1-ci yeri qazanmışdır. "Şou dünya" adlı kitab müəllifidir. Kitabda müəllifin satiraları, sevgi və digər mövzuda yazdığı şeirləri, eləcə də aforizmləri çap olunmuşdur.          
Əlaqə
Tel.:
(070) 686 - 06 - 25, (050) 993-03-60
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Mirzə Ələkbər Sabir Ordeni
YouTube-da izlə
Facebook
0.0387 saniye