İnsan kimi İnsan, Müəllim kimi Müəllim...
Rizvan Fikrətoğlu tərəfindən "İnşa" bolməsinə 23:57 16 aprel 2016 tarixində əlavə olunmuşdur

Günorta saatları idi. Yasamal parklarından birində oturmuşdum. Yaxın bir dostum (abituriyentdir) zəng vurdu. Telefonu açdım. Mənə dedi ki, ali məktəbə sənəd verirəm. Jurnalist ixtisasını seçmək istəyirəm. Ancaq qeydiyyatdan keçmək üçün 12 sual təqdim olunub. Bu sahə üzrə tanıdığım təkcə sənsən, mənə kömək et. Vaxt itirmədən məmuniyyətlə onun suallarını cavablandırdım. Bu an Şahin müəllimim xəyalımda canlandı.

Jurnalist ixtisasına qəbul olmaq üçün 2014-dən bəri qabliyyət imtahanı tətbiq edildir. 2014-cü ilin aprel ayının ortaları idi. Ali məktəbə sənəd vermək üçün Masallıdan Yardımlıya (mən Masallıda hazırlaşmışam son 6 ay) getdim. Jurnalist olmaq uşaqlıq arzum olub. Müsabiqədə iştirak etmək üçün əvvəlcədən jurnalist ixtisası üzrə sənədlərimi təsdiqlətdirməli, qəbul imtahanından sonra isə qabliyyət imtahanı verməliydim. Yardımlı rayonunun Təhsil Şöbəsində elektron ərizəmi təsdiq etdikdən sonra Masallıya qayıtdım. İnternet kulubların birinə gedib TQDK-nın saytını açıb səhifəmə daxil olduqdan sonra suallarla tanış oldum. Suallar mənə yad gəlirdi. Sonuncu üç sual sırf özümlə bağlı idi. Hansı KİV-lə əməkdaşlıq etdiyimi, habelə onlarda dərc olunan yazılarımın adlarını istəyirdi.

Bu sahəyə marağım olduğu üçün bir çox yazılarım var idi. Ancaq mövcud şəraitlə əlaqədar heç bir mətbu orqanda işıq üzü görməmişdi. 

Şahin müəllim Azərbaycan dilindən məni ali məktəbə hazırlaşdıran müəllimlərim sırasındadır. O, ixtisasca jurnalistdir. Bu sahədə tək tanıdığım şəxs Şahin müəllim idi. Ona zəng vurdum. Mənə ilk 9 sualda kömək etdi. Ancaq son üç sualda dayandıq. Çünki o vaxta kimi hardasa bir yazım dərc olunmayıb. 3 gün qalmışdı vaxtın bitməyinə. Mən əvvəlcə elə düşünmüşdüm ki, həmin xanaları boş saxlasam jurnalist ixtisasına qəbul ola bilməyəcəm. Söz yox, elə deyilmiş. Onu sonralar bilmişəm. Hər nəysə...

Masallıda bir mətbəə  var. Şahin müəllim mənə dedi ki, sabah həmin mətbəədə qəzet çap olunacaq. Mən oranın redaktoru (adını çəkmirəm) ilə danışım, apar yazılarını ver indi, səhərə dərc olunsun. Mən də yazılarımı götürüb sevinə-sevinə mətbəəyə getdim. Sevincimin bir səbəbi də o idi ki, yazılarım qəzetdə çap olunacaqdı.

Mətbəəyə gəldikdən sonra Şahin müəllim deyən redaktorla görüşdüm. Yazılarımı verib sakitcə dayandım. Həyəcanlı idim. Redaktor bir yazılarıma , bir də mənə baxıb dodağını büzərək söhbətə başladı: "Normal yazıdır, baxarıq görək nə edirik". Redaktora bildirdim ki, mənim 3 gün vaxtım var. Bunları qəzetinizin səhər çıxan nömrəsində yerləşdirin ki, mən jurnalistikaya sənəd verim. Söhbət əsnasında redaktor mənə bu ixtisasa necə yiyələnməyi barədə danışdı.

Bu şəxs SSR-nin dövründə ali məktəb oxuyub. O, ilk dəfə filologiya fakültəsinə sənəd vermək istəyib. Lakin Yardımlıdan olan birinin köməkliyi sahəsində fikirini dəyişərək bu ixtisası seçib. Deyirdi ki, həmin şəxs hazırda rəhmətə gedib. Ancaq ona çox borcluyam. O olmasardı mən gördüyün bu masada əyləşməzdim.

Bu danışdıqca mən rahatlaşırdım. Düşünürdüm ki, ona yardım edən kəs Yardımlıdandır deyə, çox güman bu da mənə yardım edəcək. Bir az keçmişdi ki, redaktor " indi bu yazını mən dərc etməsəm nə olacaq?" sualını mənə verdi. Mən də həmin an "jurnalistikaya qəbul ola bilməyəcəm, uşaqlıq arzularım bir anlıq puç olacaq" -deyə cavab verdim. Gülməyə başladı. Bir neçə suallar verdi. Bütün suallarını cavablandırdım. 

Bir müddət araya səssizlik hakimlik etməyə başladı. Sonda redaktor yazılarımı mənə uzadıb dedi:
- Şahin müəllimə böyük hörmətim var. Ancaq mən bu yazıları dərc etmirəm.

Bir anlıq yerimdə donub qaldım. Söylədim ki, siz axı bu yazıları bəyəndiniz. Az öncə dediniz ki, normal yazılardır. Bu yazıları çap etməməyə səbəb nədir? Söylədi ki, səbəb odur ki, sən Yardımlıdansan. bizim qəzetdə kənar yazılar dərc olunmur. Mən dərc edə bilmərəm. Yaxşı olar ki, sən bu yazıları Yardımlıda çap olunan "Zirvə" qəzetinə verəsən. Redaktora başa salmağa çalışsam da mənim 3 gün vaxtım var. Bu üç gün ərzində "Zirvə" qəzeti çap olunmayacaq. Çox xahiş etdim, ancaq heç bir nəticə olmadı.

Ümidsiz halda geri qayıtdım. Təkrar Şahin müəllimə zəng vurdum, olanları ona danışdım. Şahin müəllimə danışdıqlarım inanılmaz gəldi. O, çıxılmaz vəziyyətimi hiss edib başqa bir vasitəyə əl atdı. Özünün imzası olmayan yazılarının 4-nün adını, dərc olunan qəzeti və nömrəsini yazdırdı. Dedi ki, həmin sualların cavabına bu məqalələrimin adını yaz. Onsuz da imzasız çap etdirmişəm. Heç bir problem olmaz. Kimsə nəsə soruşsa mən cavabdehəm. Qısası razılaşdıq.

İnternet kluba qayıtdım. Kompyuterin arxasına keçib TQDK-nın saytına daxil olaraq hesabımı açdım. Şahin müəllim deyən kimi yazdım. "Təsdiq et" düyməsinə barmağımı apardım. Çox düşündüm, öz-özümə "təsdiq edimmi?" sualını verdim. Xeyli düşündükdən sonra təsdiq etməkdən imtina etdim. 

İmtina etməyimin bir səbəbi var idi. Başqasının yazısının (məqalə) öz adıma olması iddiasını irəli sürməyim idi. Düşündüm ki, nə olsun müəllim bunları mənə yazdırdı. Bu sahəyə yiyələnməmişkən plagiata (oğurluq-kiminsə yazısını öz adına çıxarmaq) yol verirəm. Mən axı jurnalist olacağam. Bəs etdiyim bu hərəkət nə qədər düzgündür? 

Sonda öz istəyimə uyğun olaraq ərizəmi doldurdum. “Hansı KİV-lə əməkdaşlıq edirsiniz?”, “Hansı KİV-də yazılarınız dərc olunub?” kimi sualları “yox” yazaraq cavablandırdım. Ancaq ürəyimdə bir qorxu var idi. Sənədim qəbul olunmasa bəs nə edərəm? Amma başqa bir çıxış yolum da qalmamışdı. Jurnalistik ixtisasına sahib olacağam deyə, kiminsə yazısını öz adıma təqdim etmək də istəmirdim. Çünki bunu etməyə haqqım yox idi. Ancaq hər şey gec idi. Artıq sənədim təsdiq olunmuşdu.

Həmin günün səhərisi Şahin müəllimi aldatdım. Əlavə bir kağızı müəllim dediyi kimi dolduraraq (saxta) ona təqdim etdim. Lakin, qorxu hələ də içimdən dəf olmamışdı.

20 iyul 2014-cü ildə ali məktəbə qəbul imtahanı verdim. 423 bal topladım. 30 iyul jurnalistikaya qabliyyət imtahanı günü idi. Sənədimin qəbul olunmasına şübhəm var idi. Buna baxmayaraq, ümidimi kəsməmişdim. Vaxt yetişəndə məlum oldu ki, sənədim qəbul olunub. 30 iyul Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbində jurnalistikaya qəbul olmaq üçün qabliyyət imtahanı verdim. 

Nəticələr çıxanda çox sevinirdim. Çünki, jurnalistika üzrə qabliyyət imtahanından nəticəm “məqbul” qiymətləndirilmişdi. Qəbul imtahanında topladığım bala qabliyyət imtahanından keçdiyim qədər sevinməmişdim. Çünki bunun sevinci başqa idi. Özbaşına addım atmışdım. Müəllimimi aldatmışdım. Müəllimimi aldatmağıma indi də peşman deyiləm. Çünki doğru addım atmışdım. 

Jurnalist ixtisasına qəbul olandan sonra təşəkkür etmək üçün Masallıda yerləşən həmin mətbəəyə üz tutdum. Nəzakətlə redaktorun qapısını döyüb içəri daxil oldum. Redaktor əsəbi halda telefonla danışırdı. Məni görən kimi tanıdı. Məni görcək : “ Jurnalistikaya qəbul olmadın , eləmi? İndi də gəlmisən ki, mənə deyəsən səbəbkar sizsiniz”. “Əstafurullah, xeyr müəllim. O səbəbdən gəlməmişəm"-dedim. Mən BDU-nun jurnalistika fakültəsinə qəbul olmuşam. Gəldim ki, sizə təşəkkür edim. "Zəhmət"iniz az keçmədi, haqqınızı halal edin” Redaktor heyrət içində idi. Orada çox dayanmadım. Otağı tərk etdim.
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin jurnalist ixtisasının tələbəsiyəm. Bundan böyük sevinc ola bilməz. Ancaq mənə günü bu gün də dəstək olan Şahin müəllimimin zəhməti danılmazdır. Şahin müəllim İnsan kimi insan, Müəllim kimi Müəllimdir.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+8=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0274 saniye