İşğal
ceyhun fikrət tərəfindən "Elmi məqalə" bolməsinə 19:38 20 iyul 2022 tarixində əlavə olunmuşdur

Bəzən bizim cəmiyyətimizdə elə hadisələr yaşanır ki, bu hadisələr insan həyatına mənfi təsir qoyur. Gənclərin azad düşüncəsinin olmaması, bəzən də, azad fikirləri olan zamanda isə qarşı tərəflərin onları başa düşməməsi, insan həyatının məhv olmasına səbəb olur. Məsələn: əgər bir gənc evlənmək istəyirsə, gərək qohum-əqrabanın nəzərinə görə, xonça bağlayıb, qız evinə getməlidir. Hələ mən bayram günləri gələn zaman qız evinə hədiyyələr göndərməyi demirəm. Sonra oğlan özü üçün toy etmək istəyir, bu zaman oğlan öz dostlarını, evlənəcəyi xanım isə, öz rəfiqələrini toya çağırmalıdır. Amma bəzən, hətta toy zamanında görürük ki, bəzi gənclərin öz həyatı ilə bağlı söz deməyə ixtiyarları olmur. Oğlanın atası deyir ki, iş yoldaşlarım toya gələcək, çünki hörmətli adamlardır, həm də toya yaxşı pul yazdıracaqlar. Anası dillənir ki, bəs mənim adamlarım, hələ rəfiqələrimi demirəm. İndi söhbətimizlə əlaqədar hələ qız evindən danışsam sözüm çox uzun olar. Amma ailə həyatı qurmaq istəyən gənc isə baxır ki, şadlıq sarayındakı yerlər tutulub, daha yer qalmayıb ki, öz adamlarını toyuna çağırsın, daha heç nə deməyib,valideynlərinə qarşı çıxa bilmir. Axı məcburdur, toyu atası eləyir. Əgər həmin oğlan atasına etiraz edib desəydi ki, mən öz toyuma, öz adamlarımı çağıracam, bu zaman isə həmin oğlanı böyüklərə söz dediyi üçün  qınayacaqdılar. Çünki evin kişisi gedib bankdan pul götürüb ki, oğlunun toyun etsin. Ola bilər ki, evin kişisi oğluna deyə bilər ki, get toyunu özün elə.  Belə halda həmin gənc məcburdur, işğal altında qalsın. Çünki həmişə ailədən aslı qalıb. Deyək ki, toy oldu və gənclər evləndi.  Yenə cəmiyyətin gözü bu təzə evlənənlərdədir. Hamı gözləyir ki, uşaq olsun. Uşaq nə oldu? deyənlərin sayı çoxalır. Yenə qohum-əqraba imkan vermir ki, bu iki gənc öz həyatlarını özləri düşünsünlər. Hər kəs düşünür ki, uşaq olmalıdır, əgər uşaq olmasa deməli problemləri var. Yenə dedi-qodular, köhnə fikirlər, meydana gəlir.  Deyək uşaq  oldu və həmin zaman yeni fikirlər ortaya çıxır.  İndi isə deyəcəklər ki, uşağın adın gərək biz qoyaq. Sankı qohum-əqraba SSSR-dir, evlənən gənclər isə Azərbaycandır. Yazmaqla qurtarmaq olmaz bu işləri, amma yazımız hələ davam edir. Bir neçə aydan sonra isə, iş problemi çıxır ortaya. Hə bu gənc evləndi, indi mütləq gərək işləyə, bəs harda? İndi bu hardanı da yazaq.  Toydan yığılan pul banka qayıtmalıdır, yaxud  evin kişisinin cibinə getməlidir.  Vay o gündən ki, toy zamanı  pul az yığıla, görün o zaman nə qədər problemlər üzə çıxacaq.  Hə harda qaldım, orda qaldım ki, gənc harda işləyə? Tez pul tapıb, onu yaxşı yerə işə düzəldirlər, yoxsa evə pul gətirən olmayacaq.  Bəlkə bu gənc öz düşüncəsinə, öz həyatına uyğun iş axtarıb, sonra gələcəyini  bu işlə qurmaq istəyir.  Amma oğlanı fikirləşən kimdir, yenə SSSR adəti, oğlan bizə işləməlidir və bizim sözümüzlə hərəkət etməlidir. Çünki biz onu işə qoymuşuq.    Həmin gəncin bu zaman əgər ağlı olmasa, yəqin ki, (bu fikir bütün gənclərə şamil olunmur) girəcək millətin cibinə. Millətin cibindən, keçəcək dövlətin cibinə. Evdə qorxaq olsa da, öz adamlarından qorxsa da, amma millətin yanında vəzifəsi var axı, gərək hamıya qan uddura.  Bizim millət isə fağır millətdir axı, SSSR-ni görüb, bundan qorxacaq. İndi keçək əsas məsələyə, dünyada yeganə bizim dövlətdir ki, kimə vəzifə verirsən, özünü ağa bilir, özünü hər kəsdən yuxarı bilir. Halbuki vəzifə, O, adama verilir ki, O, millətinin xidmətçisi olsun.  Ona verilən maaşdan əlavə heç kimin əlinə baxmasın və cibin kəsməsin.  Amma bizdə tərsinədir. Vəzifəyə gələn kimi hami qorxudan buna hörmət edir, həmin qorxanlardan soruşursan ki, kimdir bu?  Elə o qorxanlar, quyruq bulayanlar, yaltaqlar deyir: A kişi, məgər tanımırsan? bilmirsən kimdir bu? Filankəs müəllimdir bu. Amma dərinə getsən, baxırsan heç kimdir o. Lakin ata hesabına vəzifəsi var. Əgər onu bu vəzifədən götürüb atsan bayıra, küçə dilənçisindən başqa heç kimdir o. Çünki əvvəldən onun müstəqil fikri olmayıb. Azad düşüncə ilə öz həyatına başlamayıb, həmişə atam, anam, qohum-əqrabam nə deyər prinsipi ilə yaşayıb. Elə bilməyin yaşayıb, deyərdim sürünüb. Sadəcə bizdə var, ata hesabına kişı olmaq. (Cəmiyyətdə bəzi gənclərdə var ki, öz zəhməti hesabına cəmiyyətdə ad qazanıb, fəaliyyət göstərir) Bəlkə də heç bir, ölkədə belə bir şey yoxdur. Bu geriqalmışlıq SSSR-dən keçib bizim boğazımıza. Təəsüflər olsun ki, müstəqil dövlət olmuşuq, amma  fikirlərimiz müstəqil olmayıb.

   

      

      www.ceyhunfikrət.wordpress.com

      


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0268 saniye