İyirmi dörd fəsil (19-cu hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 17:47 09 iyul 2016 tarixində əlavə olunmuşdur

Həyat... Beş hərfdən ibarət bu söz sənin ömrünü əhatə edir. Sən bu beş hərfli sözü yaşamalısan. Bu dünyaya gəlmisənsə, sənə verilən bütün sınaqlardan keçməli, sənə verilən bu həyatı bütün çətinlikləri və bütün gözəllikləri ilə yaşamalısan. Başqa seçimin yoxdur. "Mən bunu istəmirəm" deyə bilmək iqtidarında deyilsən. Sən qulsan. Qullar seçmirlər, seçilirlər. 

Nicat və mən bu taleyi yaşamaq üçün seçildik. İkimiz də bir-birimizi uzaqdan sevmək üçün, bir-birimizi başqa insanlarla əl-ələ görmək üçün seçildik. Bəs deyirdilər insanın taleyi öz əlindədir? Mən valideynlərin istəyi ilə Turalla nişanlanmağa məcbur qalmasaydım, son bir il ərzində həyatımın ən ağır sınaqlarından keçməyə məcbur qalmasaydım indi hər şey daha gözəl ola bilərdi həyatımda. Doğrudur, Nicat cəsur ola bilmədi, məni itirməkdən qorxub, başqa bir qızla nişanlandı. Amma bu gün Nicatın da nə vaxtsa məni sevdiyini öyrənəndə mən əvvəlki Gülanə olsaydım, həyat başqa cür ola bilərdi. Mən nişanlısı ölmüş bir qız olmasaydım, mən sevgisindən, təhsilindən, işindən qopmuş, həyatdan ümidləri üzülmüş bir qız olmasaydım, bəlkə də Nicata olan hisslərim yenidən bizi birləşdirə bilərdi. Axı o mənim ilk məhəbbətim idi. Amma "tale" deyilən şey bizi getdikcə bir-birimizdən uzaqlaşdırdı, hələ də uzaqlaşdırmağa davam edirdi. 

Mən sevdiyim hər şeyi məndən alan bu şəhərdə qala bilməzdim daha. Nicatın yanından qayıdandan sonra axşamadək ancaq mənə itirdiklərimi xatırladan bu şəhərdən getmək, uzaq bir yerə köçmək haqqında fikirləşdim. Hara gedə bilərdim axı? Gedəcək bir yerim yox, döyə biləcəyim bir qapım yox... 

Telefonuma bir mesaj gəldi. Bu mesaj mənə yeni bir ümid vəd edirdi. Bir neçə ay öncə xəyalını qurduğum "ilk kitabımın təqdimat mərasiminə" bir addım daha yaxınlaşırdım. Afər xanımdan gələn bu mesaj mənə böyük bir sürpriz oldu. Mesaja bir şəkil də əlavə edilmişdi. Bu bir kitab şəkli idi: kitabın üz qabığında payızın xəzanında, qızılı yarpaqlar üzərində oturan mavi donlu tənha qız vardı. Kitabın üzərində belə yazılmışdı: "Gülanənin gündəliyi: iyirmi dörd fəsil" Bu mənim aldığım ən gözəl hədiyyə idi. Afər xanım mənim romanımın kitabını çap etdirib, bir nümunəsini mənə göndərmişdi. Bu möhtəşəm hədiyyə idi mənə. Aylar keçəndən sonra ilk dəfə bu hədiyyə ilə üzüm güldü. Vaxt itirmədən Afər xanıma zəng vurdum. Kitaba görə ona təşəkkür etdim, amma sevincimi ifadə etməyə söz tapmırdım. İki gün sonraya görüş təyin etdik. Kitabla bağlı çox şey danışmalıydıq. 

********

Görüş günü gəldi çatdı. Dənizkənarı parkda bir kafedə dənizi izləyə biləcəyimiz bir masa seçib əyləşmişdim. Afər xanım əlində hədiyyə paketi ilə masaya yaxınlaşdı. İlk cümləsi bu oldu: "İlk kitabın xeyirli olsun". Məktəb illərindən bəri ən çox eşitmək istədiyim cümləni eşitdim. İlk dəfədir mənim bir kitabım var və bu münasibətlə məni təbrik edirlər. İnanılmaz dərəcədə həyəcanlı bir duyğu imiş. Necə də xoş idi o duyğunu yaşamaq. Afər xanım hədiyyə paketini mənə uzatdı. Asta-asta ayağa qalxdım. Çox həyəcanlı idim. Paketi əlimə aldım, həyəcanla içindən kitabı çıxartdım. Dizayn möhtəşəm idi. Kitabın üz qabığı üçün seçilmiş şəkil də, kitabın adı da, yazılar da çox gözəl idi. Uzun sözün qısası, kitabım mükəmməl görünürdü. Kitaba baxdıqca gözlərimdən yaş süzüldü. Qeyri-ixtiyari olaraq Afər xanımı qucaqlayıb, ağlamağa başladım: 

-İlk dəfədir belə dəyərli bir hədiyyə alıram, sizə nə qədər təşəkkür eləsəm, yenə də azdır. Bu hədiyyəyə görə çox sağ olun. Uzun zamandan sonra ilk dəfə sizin sayənizdə yeni ümidlərim oldu, ilk dəfə yenidən həyatda bir məşğuliyyətim olduğunu, nəyisə bacardığımı hiss elədim. Minnətdaram. 

-Ən çox mən sənə təşəkkür etməliyəm, əzizim. Sən çox istedadlı qızsan. Sən bunu bacardın. Bax, sənin ilk kitabın artıq hazırdır və o sənin əlindədir. Bilirsən, sənin kimi bir qızın üzünü güldürməyə, sevindirməyə dəyər. Başına gələn bu qədər hadisələrdən sonra, sən bu sevinci yaşamağa layiq idin. Azca da olsa üzünü güldürə bildimsə özümü xoşbəxt hesab edərəm. 

Bu yeni bir başlanğıc idi, yeni həyata doğru bir addım idi. Görüş boyunca kitabı vərəqləyirdim, inana bilmirdim ki, əlimdə tutduğum kitabın müəllifi mənəm. Elə bilirdim ki, bu da məşhur yazıçılardan birinin kitabıdır və onu oxumaq üçün səbrsizlənirdim. Halbuki orda bəhs olunan hadisələrin müəllifi mənəm və ordakı hər şeydən xəbərdaram. Bu çox maraqlı bir duyğu idi. Bunu yaşamağa dəyərdi. 

Görüşdə danışdığımız ən vacib mövzu da kitab üçün təqdimat mərasimi keçirmək idi. Təxminən bir ay sonraya kitab üçün təqdimat mərasimi keçirməyi planlaşdırdıq. Bir ay ərzində isə lazım olan hər şeyi hazır etməliydik: təqdimatın keçiriləcəyi yeri, dəvət olunacaq qonaqların siyahısını və s. Afər xanım hələki 150 nüsxə çap etdirmişdi. Ehtiyac olarsa növbəti nəşr üçün müraciət edə biləcəyimizi demişdi. İnana bilmirdim ki, ən azı 150 insan mənim kitabımı oxuyacaq. Necə də gözəl hisslər yaşayırdım... 

********

Möhtəşəm bir günün ardından anamı da azca sevindirmək istədim. Anama kitab barədə heç nə deməmişdim. Ona sürpriz etmək istəyirdim və planım baş tutmuşdu. Anam mətbəxdə iş görürdü. Əlimdə kitabla daxil olub sürprizi pozmaq istəmədim, buna görə də əllərimi arxada gizlətdim. İçəri keçən kimi anam sorğu-suala başladı: 

-Nə gec gəldin? Niyə bu qədər gecikdin? 

-Narahat olma, ana. İşim uzun çəkdi bir az. Ona görə gecikdim.

-Bura bax görüm, o nə işdir ki, nə gedəndə demirsən, nə gələndə demirsən? 

-Sənə sürpriz eləmək istəyirdim. Ona görə heç nə demədim sənə. 

-Nə sürprizi? 

-İndi biləcəksən. 

Birdən arxada gizlətdiyim kitabı anama göstərdim. Anam kitabın üstündə mənim adımı görəndə çox təəccübləndi. 

-Bu nə deməkdir? 

-Bu o deməkdir ki, sənin qızının bir kitabı var artıq. Hamıdan birinci sənə göstərmək istədim . 

-Çox gözəldir. İnana bilmirəm. Gəl səni qucaqlayım. Məni çox sevindirdin, gözəl balam. Elə bilirdim, hamıdan, hər şeydən küsmüsən. Amma sən demə bu kitaba görə uzaqlaşmısan hər şeydən. 

-Yox, əslində elə deyil. Kitab mənim özümə də sürpriz oldu.

-Necə yəni? 

Anama hər şeyi başdan danışdım. Çox təəccüblənmişdi. Amma eyni zamanda da çox sevinmişdi. Uzun müddətdən sonra qızının ilk böyük uğuru idi. Təqdimat haqqında danışanda bir az da sevindi. Məndən daha çox həyəcanlı idi. Axı o anadır... 

Həyəcanımı gizlədə bilmirdim. Birdən hər şeyi unudub bu gözəl xəbəri bölüşmək üçün az qala Nicata zəng vuracaqdım. Qəfildən olanları xatırlayıb, zəngi dayandırdım. Söz verdim ki, bir də heç nəyə görə onu narahat etməyəcəm. 

Sevincimi bölüşməyə bir yoldaş axtarırdım. Aidəni xatırladım. Turaldan sonra ona həmdəm olmağa çalışırdım. Doğrusu, əvvəlki qədər sıx münasibət qurmurdum. Amma hər zəngini cavablandırırdım ki, özünü tək hiss etməsin. Dərdinə şərik olmağa çalışırdım. Buna görə də indi sevincimi ona da bildirmək istədim. Zəng vurdum, bir xeyli danışdıq. Kitabım haqqında eşitdiklərinə çox sevindi. Təqdimatda iştirak edəcəyinə söz verdi. Bu məni çox sevindirdi. Onun da nəhayət üzü güləcəkdi. O da bir xoş hadisədə iştirak edəcəkdi. Buna səbəb olmaq da insana bir rahatlıq gətirir. 

********

Həftələr keçirdi. Nicat mesaj yazır, zəng vurur, əlaqəni kəsməməyə çalışırdı. Özünü günahkar hesab edirdi. Sanki Turalın ölümündən istifadə etmiş kimi göründüyünü, əslində isə Xatirədən əvvəl məni sevməyini açıqlamağının Turalın ölümü ilə bir əlaqəsi olmadığını deyirdi. Amma mən dostluğumuzu davam etdirə bilməzdim. Buna görə də zənglərinə və mesajlarına cavab vermirdim. Lakin görəndə ki, ona da əziyyət verirəm, belə qərara gəldim ki, onu çox incitməyim. Bir mesaj yazdım. Mesajda onunla danışmaq istəməməyimin səbəbini izah elədim və bundan sonra onunla əlaqə qurmaq istəmədiyimi dedim. O mülayim bir tərzdə mənə söz verdi ki, mən danışmaq istəmədikcə o da məni narahat etməyəcək. Beləcə mən onu bir dost kimi də itirdim. 

Qorxurdum. Birdən ona olan hisslərim yenidən canlanar, ilk məhəbbətimə qarşı zəifləşərəm deyə qorxurdum. Buna görə də bacardıqca uzaqlaşırdım. 

Günlər keçirdi, təqdimata lap az qalmışdı. Bütün hazırlıqlarımız tamamlanmışdı. Afər xanım bir çox ədəbiyyat nümayəndələrini tədbirimə dəvət etmişdi. Bu işdə mənə çox köməyi toxunmuşdu. Buna görə də onun üçün bir hədiyyə sifariş etmişdim, təqdimat günü hamıya onun haqqında danışıb, köməyinə görə təşəkkür edib, hədiyyəsini elə hamının gözünün qarşısında özünə verəcəkdim. 

********

Təqdimat günü gəlib çatdı. Anam, Aidə, bəzi qrup yoldaşlarım da tədbirdə məni tək qoymadılar. Dəvət olunanların bir neçəsi istisna olmaqla, qalan hamısı gəlmişdi tədbirimizə. Bu məni çox sevindirirdi. Bəzi internet saytlarından, qəzetlərdən və iki televiziya kanalından da media işçiləri dəvət olunmuşdu. Bunların hamısını Afər xanım təşkil etmişdi. Qazandığım uğurumda onun böyük əməyi vardı. Ömrüm boyunca ona minnətdar olacaqdım... 

Çox möhtəşəm bir tədbir oldu. Həyatımın ən gözəl günü idi. Tədbirin sonuna az qalmışdı ki, mənə yenidən söz verildi. Gələn hər kəsə təşəkkür etdim, tədbirdə iştirak etdiklərinə görə. Elə bu anda "O" əlində gül buketi ilə içəri daxil oldu... 

(ardı var) 

Gülzarə Hüseynova 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0313 saniye