İyirmi dörd fəsil (iyirmi birinci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 16:35 28 iyul 2016 tarixində əlavə olunmuşdur

Yeni iş həyatına başlamışdım. Həyat öz gözəllikləri ilə məni təəcccübləndirirdi. Sanki neçə aylardan sonra ilk dəfə nəfəs alırdım. Bir ildir mənə yalnız tərs üzünü göstərən həyat, nəhayət ki, məni sevindirməyə çalışırdı.

Artıq bir həftə idi yeni iş yerimdə, yeni tanışlara öyrəşmişdim. Ssenari qrupunun ayrı iş otağı vardı. Günün çox hissəsini öz otağımızda yazı yazmaqla keçirirdik. 

Bir gün qızlardan biri otağa gəlib bizi çəkilişi izləməyə çağırdı. Əvvəlcə mən getmək istəmədim, amma çox təkid etdi. Serialın çəkilişləri hələ yeni başladığından və çox vaxt iş otağında olduğumdan obrazları kimlərin ifa etdiyindən xəbərsiz idim - xüsusilə də Nicatdan. Sən demə Nicat da bu seriala çəkilirmiş. Onu pavilyonun tam mərkəzində görəndə həyəcandan titrəməyə başladım. Mən onun aktyor olduğunu necə də unutmuşdum. Heç ağlımdan keçməmişdi ki, nə vaxtsa bir gün çəkiliş meydanında onunla rastlaşa bilərəm. O da hələki məni görmürdü. Məndən xəbərsiz işinə davam edirdi.

Onu teatrda izləmişdim, amma çəkiliş meydanında ilk dəfə görürdüm. İstedadlı olduğunu bilirdim, amma bu qədər yox. Gözlərimi ona dikmişdim. Fikrim tamam onda idi. Qəfildən "stop" deyiləndə ayıldım. Çəkiliş bitdi. 

İş yoldaşım Nigar Nicatgilə yaxınlaşıb söhbətə başladı. Düzünü desəm, mən hələ Nicatla danışmağa hazır deyildim. Məni görməsin deyə səssizcə çəkiliş meydanından uzaqlaşdım. İş otağımıza qayıtdım. Təzəcə yerimə əyləşmişdim ki, Nigar, yanında da Nicat - otağa gəldilər. Nicat otaqda məni görüb dondu. İçəri girəndə üzündə gördüyüm təbəssüm tamamilə təəccüblə əvəzləndi. Sorğu-suala başladı: 

-Sən burda neynirsən? 

-İşləyirəm. 

Uşaqlar da təəccüblə bizə baxdılar. Nigar dözə bilmədi: 

-Siz tanışsınız? 

İkimiz də güldük. Əvvəldən tanış olduğumuzu deməli olduq. Demək olar ki, iş vaxtı bitmişdi. Nicatın baxışından başa düşdüm ki, mənimlə danışmağa can atır. Amma iş yoldaşlarımızın yanında olmağımız mənim üçün bir bəhanə oldu. Fikirləşdim ki, onların başı söhbətə qarışar, mən də iş vaxtının qurtarmağı bəhanəsi ilə otaqdan çıxaram. Amma alınmadı. Telefonuma mesaj gəldi. Baxdım ki, mesaj Nicatdandır: "Çalış, birlikdə çıxaq. Səninlə təklikdə danışmaq istəyirəm." 

Bilmədim neyləyəm. Ayağa qalxıb, uşaqlarla sağollaşdım. Mən çıxanda Nicat "gözlə" dedi. Əslində iş yoldaşlarımın yanından belə çıxmaq istəməzdim. Qorxurdum ki, Nicatla birlikdə çıxmağımı başqa cür başa düşərlər. Amma Nicat mənə başqa yol qoymamışdı. "Gəl, birlikdə çıxaq, yolda bir az söhbət edərik" dedi. Razılaşmalı oldum. 

Metroya qədər yolumuz uzun idi. Danışa bilmək üçün piyada getməyə qərar verdik. 

-Gülü, nəsə olub? 

-Yox. 

-Sanki hələ də soyuqsan mənə qarşı. Yeri gəlmişkən, səni burda görəndə təəccübləndim. İşin xeyirli olsun. 

-Çox sağ ol. 

-İkimizdən danışaq bir az? 

-Nə danışaq? 

-Xatirə ilə yollarımız ayrılıb. Bu günə qədər barışıq olmayıb. Bu gündən sonra da olmayacaq, buna əmin ola bilərsən. 

-Bu mövzuda məni əmin etmək nəyə lazımdır ki? 

-Xatirə ilə nişanlanmağım bəlkə səhv, bəlkə də doğru idi, bilmirəm. Amma daha cəsur olub, səni sevdiyimi vaxtında deyə bilsəydim, bu gün olanların heç birini yaşamazdıq bəlkə də. 

-Bəlkə də. 

-Necə? Düz eşitdim? Yəni, sən hər şeyin daha fərqli olmağını istəyərdin? 

-Həyatda çox çətin günlər görən insanlar təbii olaraq hər şeyin fərqli olmağını arzulayırlar. 

-Gülü, əgər bircə şans versən, mən hər şeyi dəyişə bilərəm, inan mənə. İcazə ver, həyatının çətin günlərini yaddaşından silim. Səni xoşbəxt eləyim. 

-Bu alınmaz, Nicat. 

-Niyə alınmasın? Mən sənə söz verirəm, hər şeyi dəyişəcəm. 

-Yox. Bu mövzunu danışmayaq, xahiş edirəm. 

Nicat təkid etsə də, mən mövzunu bağlamağa çalışırdım. O mənə hisslərindən, peşmanlığından danışdıqca, mən ona qarşı hisslərimin oyanmağından, ona qarşı zəif olmaqdan qorxurdum. Amma Nicatla demək olar ki, hər gün rastlaşmaq ehtimalı bu mövzunun bağlanmağını mümkünsüz edirdi. 

********

Yeni iş yerimdə ilk dəfə icazə almışdım: atamın ölümündən bir il ötürdü. Ehsan verirdik. İş yoldaşlarım da məclisə gəlmişdilər. Fikrət əmigil də bizi gözü yolda qoymadılar, bütün gün yanımızda oldular. Məhəllədən qonşular, bir də "ən yaxın qohumlar" da gəlmişdilər. O qohumlar ki, elə sonuncu dəfə atam öləndə qapımızdan çıxmışdılar. Bu bir il ərzində heç nəyimizlə maraqlanmayan, telefonla da olsa bir dəfə zəng vurub, hal-əhvalımızı soruşmayanlar necə göz yaşı tökürdülər məclisdə? Onlar hamısı gözümdə axmaq, ən vicdansız insanlar kimi görünürdülər. 

O gün gözlərim Nicatı axtarırdı. Sanki səsini eşitdim, amma fikirləşdim ki, yəqin burda olmağını istəmişəm deyə qulağıma səsi gəlib. Amma ikinci dəfə onun dilindən adımı eşitdim. Arxaya çevriləndə onun əlində sini ilə dayandığını gördüm. 

-Mümkünsə bir neçə stəkan çay süzə bilərsən? 

-Nicat, sən nə vaxtdan burdasan? 

-Yarım saat olar. Qapıdan girəndə dayın oğlu ilə salamlaşdım. Sonra içəri otağa keçdim, səni görməyə fürsətim olmadı. 

-Çox sağ ol ki, gəlmisən. Düzünü desəm, elə gözlərim səni axtarırdı. 

-Səncə gəlməyə bilərdim? 

Ona bir də təşəkkür etdim. Çayları süzüb, siniyə qoydum. Sadəcə məclisdə olmağı deyil, kömək eləməyi də məni sevindirmişdi. Onun dostluğu ilə bir də fəxr elədim. Vaxtilə Tural heç nə bilmədiyi halda, məni Nicata qısqanırdı. Nə biləydim ki, Tural nə vaxtsa haqlı çıxacaq. Görəsən, Nicat bu gün dostum kimi, yoxsa məni sevən oğlan kimi yanımda idi? Bu məsələ artıq beynimin bir hissəsini zəbt etmişdi. 

Məclis bitəndə hətta qohumlar da artıq getmişdi, amma Fikrət əmigil və Nicat hələ də bizdə idilər. Yadıma gəlir ki, ən son mətbəxdən çıxanda Fikrət əmi ilə ikisini atamgilin otağında görmüşdüm. Fikrət əmi otaqda səliqə yaratmaq istəyirdi, yerdən düzdüyümüz balaca döşəkçələri üst-üstə yığmağa çalışırdı. Nicat onu əyilməyə qoymadı, döşəkçələri özü yığdı. Bir an Fikrət əminin Nicatı ilk dəfə - mənimlə evə qayıdanda gördüyü gün yadıma düşdü. Həmin gün gələcək gəlninin yanında başqa bir oğlanı görüb necə qəzəblənmişdi ona. Bu gün isə Nicata sönük baxışlarla baxırdı. Bəlkə də Nicat bu baxışların mənasını başa düşürdü, amma büruzə vermirdi. Nicat Fikrət əminin əlini sıxıb otaqdan çıxanda ayıldım. Hələ onda başa düşdüm ki, artıq neçə dəqiqədir ayaq üstə onlara baxıram. Baxışlarımı yerə dikib, heç nə olmamış kimi davrandım. Nicat gəlib, mənə başsağlığı dilədi, mətbəxdən anamı da səsləyib, getmək üçün icazə istədi. Anam da gəlib köməyinə görə təşəkkür etdi. 

Nicat gedəndən sonra bizdə ancaq Fikrət əmigil qalmışdı. Axşam düşmüşdü artıq. Otağı səliqəyə salıb, Aidə ilə birlikdə masanı əvvəlki yerinə qaytarıb, stulları ətrafına düzdük. Mətbəxə keçib, hamıya çay süzdüm.

Söhbət edirdik. Atamla olan günləri xatırladıq. Necə oldusa Fikrət əmi söhbəti Nicata bağladı. Yaman tərifləyirdi: "Onu birinci dəfə görəndə xoşum gəlməmişdi. Elə bilirdim düz yolun adamı deyil. Amma bu gün gördüm ki, sizin ailəyə necə hörmətlə yanaşır. Nə qədər kömək elədi bu gün. Sağ olsun." 

Sanki Nicatın yaxşı insan olduğunu ilk dəfə eşitmiş kimiydim. Onun haqqında deyilənlər necə də xoş idi. Sevinirdim ki, yaxınlarım da onun barəsində yaxşı şeylər düşünürlər. 

(ardı var) 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0342 saniye