Kağız qəbirlər
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 14:11 05 yanvar 2016 tarixində əlavə olunmuşdur

Bayram axşamı bayırda kəskin soyuq olsa da şəhərdə həmişəkindən çox adam gözə dəyirdi. Sanki heç kəs evinə getməyə tələsmir, şəhərin küçə və xiyabanlarında insan qaynayırdı.
Kənan mağazanın qarşısında maşını saxlamaq üçün xeyli müddət növbə gözləsə də bunun mümkün olmayacağını anladı. Məcbur qalıb bir neçə yüz metr irəlidə yeni tikilmiş binalara tərəf irəlilədi. Burada da yer tapmadığı üçün avtomobili binaların arxasındakı sahibsiz yarımtikililərin arasında saxladı. Maşından düşəndə soyuq iliklərinə kimi işlədi. Tələsik arxa oturacaqdan paltosunu götürüb sonuncu düyməsinəcən bağladı. Elə bir neçə addım atmışdı ki, qarşısında dayandığı yarımçıq tikilinin içərisində kiminsə bərkdən öskürdüyünü eşitdi. Bir neçə dəfə geri çevrilib baxsa da, qaranlıqda heç nə görmədi.
Təxminən yarım saatdan sonra qayıdıb əlindəki torbaları baqaja qoydu. Maşına əyləşmək istəyirdi ki, içəridən yenə qəribə xırıltı və bərk öskürək səsi eşitdi. Qapını örtüb zibil yeşiklərinin arasından keçib tikilinin girişinə doğru irəlilədi. İçərisi zülmət qaranlıq olduğu üçün girişin önündə dayandı.
- Kimsə var burada? Ey! Kimsə var?
"Var!" içəridən boğuq səs eşidildi.
Cibindən çıxardığı telefonun işığını səs gələn səmtə tuşladı. Üst-üstə yığılmış karton qutuların arasındakı əski bir döşəyin üstündə 60-65 yaşlarında bir kişi yarı uzanıqlı vəziyyətdə oturmuşdu.
Kimsiniz?Nə lazımdır?!
- Heç səs eşitdim. Siz yaxşısınız? Nəsə olub sizə?
- "Yox heçnə olmayıb. Nə ola bilər ki?!" kişi istehza ilə gülümsündü.
Kənan bir necə addım da yaxınlaşıb: "Siz burada qalırsınız?" soruşdu.
- "Yox şəhərin mərkəzində villada yaşayarıam. Bura bayramqabağı istirahətə gəlirəm" deyib ucadan qəhqəhə çəkdi. Ancaq gülüşü uzun sürmədi. Çünki ardınca bərk öskürməyə başladı. Adama elə gəlirdi ki, bir az da davam etsə nəfəsi kəsiləcək.
- Bağışla zarafat elədim. Təssüf ki, sənə oturmağa yer təklif edə bilməyəcəm.
- Eybi yox. Amma siz çox pis soyuqlamısınız. Ciyərlərinizin xışıltısı belə uzaqdan eşidilir.
- "Boş şeydir. Küçə adamlarına heç vaxt soyuq olmur. Biz ya öz əcəlimizlə ölürük, ya da maşın vurur": deyib kürəyini arxadakı karton yığınına söykəyib qamətini düzəltdi.
Kənan: "Görürəm zarafatınızdan da qalmırsınız?!".
- Neynim?! Həyat bütün zarafatlarını öyrədib.
Kənan telefonun işığı ilə köhnə tikilinin divarlarına nəzər saldı. Tavanın yuxarısında kiçik nəfəslikdən başqa otağın işıq düşən başqa bir yeri yox idi.
Burası türmə kimidir. Çox qaranlıqdır.
- Qoca mənim üçün həmişə qaranlıqdır deyib, sol əli ilə yanına söykədiyi əl əsasını qaldırıb karton qutuya döyəclədi.
Kənan telefonun gur işığını qocanın gözlərinə yaxınlaşdıranda o, heç gözlərini belə qırpmadan işığa baxırdı.
- Əmi kimin-kimsən?!...
Kişi onun sözünü acıqlı tərzdə yarımçıq qoydu.
Bəlkə başqa şeydən danışasan?!
Bir müddət otağa səssizlik çöksə də kişi sükutu pozdu.
- Oğul bu gün ayın neçəsidir?!
- İlin sonuncu günüdür. Bu gün bayram axşamıdır. Sabahdan yeni il gəlir.
- "Sabahın bu gündən nə fərqi olacaq ki?!": qoca soruşdu.
Kənan nə söyləyəcəyini bilmirdi. İstənilən xoş söz saxta təsəllidən başqa bir şey olmayacaqdı.
Mən bilirəm. İstəyirsən deyim?!
- Aha
Sabahdan gecələr daha soyuq, ölüm daha yaxın olacaq. Vəssalam!
Kənan telefonun işığı ilə kişiyə bir daha nəzər saldı. Üzərində nimdaş boz plaş, dizi yırtıq çirkli şalvar və solğun çiçək şəkilləri olan qadın jaketi vardı. Bəlkə də əynindəkinin qadın paltarı olduğundan xəbərsiz idi. Alnı və üzü dərin qırışlar içərisində örtülmüş qocanın ağ, uzun saçları, rəngi tamam solmuş ala gözləri vardı. Alt çənəsi titrəyirdi. Ağzının kənarından axan su quruyub çənəsində iz qoymuşdu.
Kişi sözünə davam elədi. Bilirsən oğul daş imarətlərdən gördüyün kağız qəbirlərə gedən yol heç kəsin öz seçimi deyil. Bu hər şeydən əvvəl tanrının. Həyatın seçimidir. Biz istəsək də bundan qaça bilməzdik. Hamı layiq olduğu həyatı yaşamır. Hər kim oluruqsa olaq, harada yaşayırıqsa yaşayaq, hətta layiq olmadığımız həyatı belə yaşasaq da, gərək ləyaqətlə yaşayaq. Kişi görməyən gözıərini bir nöqtəyə zilləyib susdu.
- Kənan onun sağ biləyindən tutub dedi: "Əmi sən üşüyürsən. Özü də hərarətin var. Bax belə getsə ənənəni pozmalı olacaqsan ha".
Kişi təəcüblü halda: "Hansı ənənəni?!".
Kənan gülümsünərək: "Evsiz insanların öz əcəli ilə ölmək ənənəsini"
Hər ikisi bərkdən gülüşdülər.
Kənan azca kişiyə doğru əyilib çox asta səslə: "Sənin üçün neyniyə bilərəm, nə istəyirsən?" deyə soruşdu.
- Sənin canının sağlığı. Heç nə lazım deyil.
- Bax əmi səmimi deyirəm istədiyin nəsə varsa söylə.
Yoxdur. Şükür yaradana. Necə deyərlər kor quşunkunu Allah öz yuvasında yetirir. Bu qarşıdakı binanın aşağısında bir restoran var. Orada bir qız işləyir. O, qız hər gün zibil atmağa çıxanda artıq qalmış yeməkləri bir torbada gətirib bu otağın qapısından içəri qoyub qaçır. Bir neçə dəfə təşəkkür etmək üçün səsləsəm də cavab verməyib, qaçıb gedib. Yəqin qorxur məndən?! Hər bir halda Allah hamısından razı olsun. İşləri avand olsun. O, restoran olmasa mən burada çoxdan ölüb getmişdim.
Kənan: "Bəs qız olduğunu haradan bilirsən?!"
- Ayaq səslərindən. Bir də o, gedəndən sonra buradakı üfunət qoxusu yox olur. İnsanın ağlını alan gözəl bir ətir yayılır içəri. Oğul, mən çoxdandır öz üzümü görməmişəm. Bəlkə sualım sənə qəribə gələcək. Mən çox iyrənc görsənirəm?!
- Kənanı qəhər boğmuşdu. Səsinin xırıltısını hiss etdirməmək üçün yüksək səslə: "Ay əmi nə danışırsan?! Səni bəzəyib gözəllik müsabiqəsinə çıxarsalar. İnan mənə qalib gələrsən" dedi. Bu sözə kişini gülmək tutdu.
- Yox, görürəm sən də məzəndən qalan deyilsən. Allah üzünü güldürsün. Kefimi açdın. Çoxdandır qapımı açan yox idi, heç sözün düzü mənim bu kağız imarətimin qapısı da yoxdur.
Bu an tikiliyə tərəf gələn ayaq səsləri eşidildi. O, səsi eşidən kimi, telefonun işığını söndürdü. Bir neçə saniyə sonra qapının önündə kimsə əlindəki selofan paketi girişin önünə qoyub iti addımlarla uzqlaşdı.
Kənan onu görmək üçün tez girişə doğru irəliləyib bayıra boylandı. Gənc qız iti addımlarla binanın altındakı qapıya çatıb, geri çevrilmədən qapını açıb binaya daxil oldu.
Kənan torbanı götürüb kişinin yanına qoyub: "Di yaxşı, yoldaşım təkdir. Onu çox gözlətməyim. Bayramın mübarək. Arzu edirəm gecələrin soyuq keçməsin. Allah amanında qal".
- Salamat get oğul. Yolun işıqlı olsun...
Kənan maşına əyləşib dövrə vurub binanın önündən keçən yola çıxdı. Bir neçə metr getdikdən sonra anidən dayandı. Maşından düşüb binaya doğru addımladı. Heykəl kimi dayanmışdı. Dəqiqələrlə binaya tamaşa elədi. Yolu kəsdiyi üçün arxada dayanan maşınların siqnal səsindən qulaq tutulurdu. Sanki bu səsləri eşitmirdi. Maşına əyləşib sürətlə bir neçə kilometr irəlidəki aptekə çatdı. İçəri girib: "Mənə soyuqdəymə, qızdırma, öskürək əleyhinə dərmanlar verin!" dedi.
Əczaçı oğlan hövlank alıcının tələskənliyinə təəcüblənmiş halda: "Yəni necə bir dərman?".
- Ən yaxşısını, bir az tez olun!..
Bir neçə dəqiqə sonra qayıdıb tikilidən içəri girdi və kişini qorxutmamaq üçün Əmi mənəm, sənə dərman gətirdim dedi. Kişi təşəkkür üçün nəsə demək istəsə də Kənan macal vermədi. Kişinin yanında çöməlib dərmanlar olan paketi onun ayaqlarının arasına qoydu.
-Qulaq as mənə! Şüşədə olanı öz qapağına töküb içərsən, həbləri isə tək-tək qəbul elə deyib ayağa qalxdı. Əvvəlcə paltosunu, sonra isə yun poluverini çıxardı. Kişiyə tərəf əyilib paltarları onun dizlərinin üstünə qoydu.
Bunları da geyinərsən. Qorxma gecənin soyuğundan! Sabah sənə daha qalın şeylər gətirəcəm deyib çıxışa tərəf irəlilədi. Kişinin təşəkkür dolu alqışlarını eşitmirdi. Dəli bir hıçqırığa boğulmuşdu. Qapının önündə ayaq saxladı, geriyə çevrilib: "Əmi! O, binanın altında restoran yoxdur, buralarda ümumiyyətlə restoran yoxdur" deyib otaqdan çıxdı.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0224 saniye