Kimsəsiz ev
Aykan Hüseynli tərəfindən "Hekayə" bolməsinə 20:39 24 mart 2014 tarixində əlavə olunmuşdur

Hava çox gözəl idi. O, həmişəki kimi öz sevdiyi işlə məşğul olurdu. Yayda hava belə olanda həmişə kitabını da götürər, bağçada öz sevimli guşəsində oturar, havadan və təbiətin gözəlliyindən ilham ala-ala siyahıya aldığı əsərlərdən oxuyardı. Hərdən gözünü kitabdan çəkib uçuşan kəpənəklərə, evlərinə baxardı. Baxdıqca da xəyallara dalıb gedərdi. Uşaqlığı bu kənddə keçmişdi və buranı dünyanın heç bir yerinə dəyişməzdi. Imkan tapdıqca kəndə gəlirdi. Amma bu o qədər də asan olmurdu. Həm məsafənin uzaqlığı, həm də ki iş onu buralardan tamam ayrı salmışdı. Indi də Bakıya qayıtmağına cəmi dörd gün qalmışdı və kənddən heç ayrılmaq istəmirdi. Burdan ayrılmaq ona çox pis təsir edirdi. Allah bilir bir də nə vaxt gələcəkdi evinə? Neçə ildən sonra? Üç il, ya beş il?!

Dörd gün keçdi və o, Bakıya yola düşdü. Elə bil kənddən birdəfəlik gedirmiş kimi yol boyunca ağladı. Hər saniyə onu doğma torpağından bir az daha ayırırdı. Təyyarəyə minərkən fikri o qədər dağınıq idi ki, öz yerini güclə tapdı. Keçib oturdu. Əvvəllər pəncərənin yanında kimin oturacağı barədə kənddən çıxan andan bacısı ilə dalaşardı. Bacısı deyərdi - "Mən oturacam", o deyərdi ¬- "Mən". O zaman bu olanlar onu çox əsəbləşdirsə də, indi gözləri doldu. Çünki tək idi və ailəsi artıq yox idi. Elə ona ən çox da təsir edən atasıgilin yoxluğu idi. Onları maşın qəzasında itirmişdi. O zamandan Bakıda xalasıgildə qalırdı. Həmin hadisədən sonra uzun müddət özünə gələ bilməsə də, sonda həyatı haqqında bəzi qərarlar verdi və yaxşı bir işə girdi. İşdən fürsət tapdıqca da kənddəki evlərini ziyarətə gəlirdi. Elə bil oraya gedəndə təsəlli tapırdı. Hər nöqtəsində xatirələri olan, böyüyüb boya - başa çatdığı o evi görməyi çox istəyirdi. Elə hey xalasına deyirdi ki, "Bu il kəndə getməliyəm. Başqa vaxt imkanım olmayacaq". Kəndə getdi və artıq ürəyi yerinə gəlmişdi. Əvvəllər həyətlərində voleybol setkası əvəzinə iki ağacın ortasına qoyduqları uzun taxta, su qızdırarkən və nənəsinin doşab bişirmək üçün istifadə etdiyi sonmüş ocağın qalıqları, oyuncaq kimi istifadə etdikləri babasından qalma həkim bıçağı və tərk edilmiş, bir zamanlar işıqları sönməyən, bütün günü səs- küyün kəsilmədiyi, indisə, kimsəsiz qalmış o ev ağlından çıxmırdı...

"Diqqət! Diqqət! Hörmətli sərnişinlər, biz artıq Bakı Beynəlxalq Hava Limanına çatırıq. Bakıda havanın temperaturu +7 dərəcədir..."


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
7+19=
Hesaba giriş
Müəllif

Aykan Hüseynli
Haqqında
Bakı Slavyan Universitetinin ingilis dili müəlliməliyi ixtisasını bitirmişəm. Yazı yazmağa həvəsim çoxdu. Amma biraz tənbəl olmağım bu işi reallaşdırmağıma mane olur. Əsasən hansısa əsəri tərcümə etməyi, qeyri-adi yerlər haqqında yazı yazmağı xoşlayıram..
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0245 saniye