Kölgə əsiri
Elnur Osmanov tərəfindən "Hekayə" bolməsinə 12:04 13 iyun 2015 tarixində əlavə olunmuşdur

1

1902-ci ildə Sakit okeanda  bir şəxs xilasedici qayıqla halsız halda sivilizasiya ilə heçbir əlaqəsi olmayan adanın sahillərinə gəlib çıxır. Bəxti onda gətirir ki bu adada kannibalizm dəbdə deyildi. Yerli qəbilə natural təsərüffat dövründə yaşayırdı.   Əsas məşğuliyyətləri balıqçılıq idi. Demək olar ki bütün cavanlar hər gün 3-4 saat qayıqlarla balıq tutub günlərin qalan hissəsini dincəlməklə , ailələri ilə keçirirdilər. Ailədə nisbətən yaşlı olanlar isə cavanlar üçün qayıq düzəltmək, evləri tikmək və s. bu cür köməkçi işlər ilə məşqul idilər. Qadınlar da uşaqlarla meyvə yığardılar. İşləməyib yeyən  yalnız şaman Bafas və qəbilə başçısı Yopud idi. Onların ailəsinin yeməyi qəbilə tanrılarının simvolu olan daşın ətrafına gətirilən nəzirlərdən çıxırdı. Bu minvalla qəbilə uzun illər sakit - firavan həyat sürürdü. 

Özlərinə aid olmayan qayığı və onun içində halsız halda olan insanl görən yerli balıqçılar kömək edərək quruya çıxardırlar, içməli su verib özünə gətirirlər. Bu şəxsin adı Ziaf Knapp olur. Özü isə ABŞ-da iqtisadiyyatçı , maaliyyə eksperti işləyirmiş. Ziaf tam özünə gələndən sonra qəbilə başçısı Yopudun yanına aparırlar. O, qərar verirki ” qonaqdı,  bir həftə yesin içsin , tam özünə gələndə basın işə, cavandı. Özü özünə balıq tutsun dolansın, öz gəldiyi qayığı da  təmir edər , əri dənizdə batmış qızlardan da birini verərsiz evlənər “

Balıqçılar onun dediyi kimi edirlər. Ziaf bir həftə yeyir , içir, tam özünə gəlir. Dillərini anlamasa da əl hərəkətləri ilə artıq qəbilə üzvləri ilə əlaqə qurmağı bacarır. Tam özünə gələndən sonra ona qalacağı yeri və bir yarımçıq tikilmiş daxma göstərirlər ki bunu təmir edəcəklər . Bir iki günə çıxacaq dənizə balıq tutacaq . Başa salırlarki burda hərkəs işləməlidi, işləməyən ac qalır. Ziaf da aristokrat bankır ailəsində böyümüş insan olur, fiziki əmək, özü də balıqçılıq nədi heç anlayışı olmayıb. Amma əlacsızlıqdan daxmanı yavaş-yavaş qəbilənin yaşlıları ilə təmir edirlər. Bir neçə gün digər balıqçılar ilə çıxır balıq tutmağı filan öyrənir, sonra artıq tək çıxır, özünün birtəhər dolandırır. Aylar keçir bu minvalla . Hərgün ümid edirki onu axtaracaqlar və əvvəl axır dalınca bir gəmi gələcək. Amma keçən 9 ay ərzində bir dəfə də olsun hansısa gəmi bu adanın yaxınlığından keçmir. Yavaş-yavaş taleyi ilə barışıb burda planlar qurur gələcəyi üçün.  Artıq qəbilənin dilini tam öyrənir. Amma yenə də fiziki əmək ona çətin gəlir. İşdən yayınmaq üçün yollar axtarmağa  başlayır,  iqtisadi təhsilindən istifadə etmək qərarına gəlir. Təxminən sayır ki qəbilədə 100 ailə var və hər ailənin bir qayığı ilə 2 cavan üzvü bir sutkada tutduqları balıq iki sutkalarına qidalanmağa kifayət edir. Yəni gün ərzində ya günortaya qədər işləsələr 4 - 5 insanı, yəni bir ailəni, və ya iki gündən bir tam gün işləsələr yenə bir ailəni doyduracaq qədər balıq tuta bilərlər. İşləməyib yeyənlər isə ancaq şaman və başçının ailəsidir. 100 ailənin 2 ailəni dolandırması isə cəmi 2% dövlət vergisi anlamına gəlir. Bu da 50gündə cəmi bir gün başçı üçün işləmək deməkdi. Kapitalist ruhunda böyümüş Ziaf üçün bu çox əlverişli statistika kimi görünür. 
  Ziaf başlayır hərgün işdən sonra Yopudun evinə getməyə, əvvəlcə planını birbaşa demir. Sivilizasiya haqqında söhbətlərlə onun diqqətini cəlb etməyə çalışır və müəyyən vaxtdan sonra Yopud  hər gün özü Ziafı çağırıb onun danışıqlarını dinləyir. Zaman keçdikcə Ziaf dünya ölkələrində kralların, imperatorların necə cəh-cəlalla yaşadığını, vergilərin dəfələrlə çox olduğunu , istənilən naz-nemətdən limitsiz istifadə etdikləri məlumatlarla Yopudun nəfsini qarışdırır. Amma Yoput əlbəttə ki başa düşür ki indiki vəziyyətdə vergiləri qaldırmaq olmaz. Balıqçı ailələrinə desən ki artıq könüllü yox məcburi olaraq tutduğunuz balıqların hər 10gündən biri bizimdi onda onu və şamanı həmin gün dənizə atarlar. Çünki nə qədər primitiv qəbilə olsalar da iki ailəni dolandıracaq miqdarı dəqiq hesablaya bilirlər və ondan artıq miqdar balığı verməyə razı olmazlar.

***
Bir gün yenə Ziaf günortadan sonra başçının evinə gedir və bu dəfə şaman Bafası da çağırır. Ziaf xahiş edir ki bu məsələdən artıq heçkimin xəbəri olmasın, məsələ üçünün arasında qalsın. Yopudun evində balıq formalı ortasında dairə olan stol olur. Ziaf özü bu dairənin yanında, Yoput və Bavas isə balığın baş və quyruğuna yaxın əks tərəfində əyləşirlər. 
Ziaf deyir : Hörmətli Yopud və Bafas mən artıq 9 aydır ki sizin qəbilədəyəm. Sizin hamınıza əvvəla təşəkkür edirəm ki məni qəbul etdiz, özünüzün bir üzvü kimi məni işlə, evlə təmin etdiz. Bu işdə əlbəttə ki ən böyük təşəkkür siz ikinizə düşür, sizin qərarlar olmasa idi məni dənizə də ata bilərdilər, vəhşi balıqlara yem edə bilərdilər. Ona görə sizə mən minnətdarlığımı sizə yaxşılıqlar etməklə bildirmək istəyirəm. Siz bütün qəbilənin məsuliyyətini öz çiyinlərinizdə daşıyırsız, qəbilədə yaxşı bir məsələ olanda sizə elə də böyük sağol deyən olmur. Amma mənfi bir hal baş verən kimi bütün qəbilə sizi qınayır. Avropada, Amerikada məsuliyyət daşıyan insanlar həmişə daha yaxşı yaşayırlar. Sizin isə uşaqlarınız, oğullarınız digərləri kimi həm balıq ovunda da əziyyət çəkir, yoldaşlarınız meyvə yığımına da gedir, evləriniz isə adi bir balıqçının evindən demək olar ki fərqlənmir. Bu sözümdən inciməyin amma siz öz xeyrinizə olan heçbir qərarı verə bilmirsiz . Sizin hakimiyyət formal bir hakimiyyətdir, qəbilə isə birdir. Hamısı eyni düşünür, hamısı eyni tərəfdədirlər. Hal - hazırda siz onlardan asılız, onlar sizdən yox. İstənilən vaxtı onlar sizi dənizə atıb özlərinə yeni başçı və ya şaman seçə bilərlər. Məsələni dəyişməyə burdan başlamaq lazımdır əzizlərim. Yəni mən sizə kömək edə bilərəm ki siz qəbilədən asılı olduğunuz halda qəbilə sizdən asılıdır deyə bir təsəvvür yaransın. Hər bir qəbilə üzvündə elə bir hiss olmalıdır ki nəyisə dəyişsək daha pis olacaq. Ona görə də onlar sizin qərarlara etiraz edə bilməyəcəklər. Bunun üçün isə ilk addım qəbilədə sizdən yox, qəbilənin öz üzvlərindən daxili narazıçılıqlar yaratmaq lazımdır. Əslində diqqətlə baxsaq qəbilənizdə daxili çəkişmələr hal hazırda da var. Amma bunlar sadəcə yoluna qoyulur, böyüdülmür. Bizim birinci məqsədimiz bu xırda çəkişmələri böyüdüb sonra isə qismən həll etməkdir. Bu zaman həm sizin hakimiyyətə inam, həm də qəbilədə hakimiyyət qarşısında bir məsuliyyət, bir qorxu formalaşacaq. Mən müşahidə etmişəm artıq neçə aydır, sizin qəbilənin insanları da digər dünyadakı insanlar kimi mənfi və müsbət cəhətləri var. Demək istəyirəm ki hər kəsdə mənfi cəhətlər var və bu mənfi cəhətlər insanı kölə halına salır. Biz də bu insanların xarakterində olan paxıllıq, təkəbürrlük, şöhrətpərəstlik, tənbəllik, nəfs, nifrət və s. cəhətlərindən istifadə edib onları özləri hiss etmədən, özlərini azad saydıqları halda belə istədiyimiz kimi idarə edə bilərik. Balıq qarmağa niyə düşür, çünki onu qarmağa gətirən qidalanma instinkti olur. İnsanlar da elədi, onları instinktlərinə tabe etdirirək tora salmaq olur. Balıq daha çətin qidanı qoyub, qarmaqdaki daha asan soxulcana meyl etdiyi kimi insanlar da həmişə nəfslərinin qurbanı olurlar. Keçək indi real addımlara. Mən fikir vermişəm ki sizdə daha çox sözü bir olan bir neçə nəsil var, məsələn Barrlar nəsli adanızın ən yaxşı meyvə bitən , bulaqlar olan yerində məskunlaşıblar. Digər Luqqlar nəslinin isə balıq ovu sahəsi daha çox balıq çıxan yerdir, və digər nəsillərin nümayəndələri isə hörmət xətrinə, söz-söhbət olmasın deyə həmin sahədə balıq tutmurlar. Əvəzində isə daha çox vaxt itirib digər sahələrdən balıq tuturlar. Luqqlar isə meyvə yığmaq üçün və su gətirmək üçün daha çox yol gedirlər, vaxt itkisi və əziyyət çəkirlər. İlk əvvəl bu iki nəsil arasında həmişə olan xırda narazılıqları böyüdüb ixtilaf səviyyəsinə çatdırmaq lazımdır. Hər iki nəsil elə düşünməlidir ki digər nəsil onun sahəsinə göz dikib, daha yaxşı yaşamaq üçün digərlərinin daha pis yaşamasını istəyirlər. Biz nəsillər arası münaqişələr yaratdıqdan sonra isə qəbiləni siniflərə ayırmalıyıq. Çünki hal hazırda qəbilədə olan 100 ailədən hamısında demək olar ki eyni iş sistemi gedir, bütün cavanlar balıqçıdırlar, bütün orta yaşlılar qayıq və ev ustası, bütün qadın və uşaqlar isə meyvə yığırlar. Bir ailə bu zaman digərinə ehtiyac duymur, heçnədən çəkinmir. Amma biz isə əmək bölgüsü yaratmalıyıq ki insanlar normal yaşamaqları üçün daim digərlərinə ehtiyac duysunlar. Bir insanın əməyini digər insana satmalıyıq, bu vasitəçilikdən isə özümüz onların özündən daha çox xeyir götürəcik. Qəbilədə elə bir sistem qurulmalıdır ki ailələrin bir birindən iqtisadi asılılığı yaransın və bu asılılıq zənciri bizim əlimizdə olsun. Müasir kapitalizmdə bu asılılıq zəncirinin adı puldur. 
Bafas və Yopud  maraqlı halda soruşurlar :

- O nədir elə? izah et Ziaf
Ziaf : Pul heçnədir, hava belə puldan daha dəyərlidir. Ancaq insanlar pulu bütün dünyadan hər şeydən vacib sayırlar. Elə ona görə də pulu idarə edən insanları da idarə edir. Sizdə də elə olacaq, əgər pul sistemini tətbiq etsək. Baxın hesablayaq, tutaq ki dənizdən bütün qəbilə 100 ailə hərəsi 10kq balıq tutur, meşələrdən isə 10kq meyvə yığır hər ailə. Toplam olaraq 1000 kq balıq və 1000 kq meyvə sizin qəbilənin gündəlik büdcəsi deməkdir. Hər kq meyvəni və ya balığı 1 şərti vahid pula bərabər etsək onda demək 2000 ş.v. gündəlik büdcə edir. Yəni pul əslində insanların əməklərinin və təbii sərvətlərin ekvivalentidir. Amma natural təsərüffat zamanı əməyi idarə etmək olmur, pul ilə işlədikdə isə bütün insanların gördükləri əmək və təbii sərvətlərin toplamı pulu idarə edənin əlində olur, insanlar isə heç özləri bundan şübhələnmirlər. İnsanları isə buna öyrəşdirmək üçün pullu təsərüffatın pulsuz qarşısında üstünlüklərini demək lazımdır. Məsələn: kimsə tutaq ki bir iki gün xəstə olur və balıq ovuna gedə bilmir, əvəzində isə qonşudan həmin gün balıq alıb  meyvə ilə dəyişirlər. Amma bəlkə heç qonşuya meyvə lazım deyil və ya onun da artıq balığı yoxdu. Amma pul sistemində isə insan sağlam vaxtı tutduğu balıqları pula dəyişə bilər və sonra xəstə olduqda və ya başqa səbəbdən balıq tuta bilmədikdə həmin pul ilə yenidən alıb dolana bilər. Pul insanlar arasında təbəqələşməyə, əmək bölgüsünə səbəb olacaq. İnsanlar da daha çox siniflərə ayrıldıqca onları idarə etmək daha rahat olacaq. Bu sonrakı mərhələlərdir. Bafas, indi sizdən bir xahişim olacaq bizə iki dediyim böyük nəsildən iki nəfər lazımdır, elə insanlar ki onların əqli yox, ancaq davranış problemləri olsunlar. Yəni tərk edilmiş , digərlərinə çox qarışmayan, daxili uğursuz insan tapın mənə. Belə insanları biz təxribatlarda istifadə edək və biraz ixtilaflar yaradaq.
Bafas və Yopud ilkin olaraq razılıq verirlər , lakin son qərarlarını fikirləşdikdən sonra verəcəklərini deyirlər.

***
Ziaf Knapp həmin gün evə gedərək düşünməyə başlayır :
"Bəlkə mənim bugün qəbilədki insanları idarə etmək haqqında dediklərim sözlər mənə də aiddir. Bəlkə mən də hakimiyyət, idarəçilik , mülk, şəhvət kimi instinktiv hisslərin təsiri ilə bu addımları atıram. Axı bu qəbilədə hal hazırda insanları bir birinə bağlayan sadəcə qohumluq və ünsiyyət ehtiyaclarıdır. Onlar yalnız təbiətdən asılıdırlar, heçkimin iradəsindən yox. Heç bir idealogiyaya qulluq etmirlər, Heçkimə dərindən nifrət bəsləmirlər, heçkim geyimi ilə, evinin böyüklüyü ilə fəxr etmir. Bəlkə mən özüm müasir cəmiyyətin kapitalist ruhunun əsiriyəm. Kapitalızm burda yoxdu, amma onun kölgəsinin hələ də əsiriyəm belə çıxır ki. Çünki mənim düşüncə tərzim, təhsilim, yaşayış qanunlarım bu normalarla işləyir. Bir vaxtlar yəqin bütün dünyada bucür cəmiyyət olub, sonradan insanların hakimiyyət, şöhrət hissləri digər tayfalara hücum etməyə məcbur edib. Beləcə müharibələr, münaqişələr zamanı daha güclü tayfalar daha zəifləri qul kimi işlətməyə başlayıb. Mərhəmət hissi insana yəqinki sonradan aşılanan hissdir, kimsə təbiəti ilə mərhəmətə daha meyilli və ya az meyilli ola bilər , amma hər halda qədim dövr filosofları belə qullardan danışarkən bunu normal bir hal kimi qəbul edirdilər. Belə çıxır ki o dövrün ən ziyalı filosofları, alimləri belə mərhəmət hissindən kasad olublar. Yəni onlar belə cəmiyyəti iki təbəqədə görüblər, qullar və quldarlar. Amma baxaq görək artıq 20-ci əsrdir nəsə dəyişibmi? Zənnimcə yox. Quldarlıq feodalizmlə, feodalizm kapitalizmlə əvəz olunub. Amma insanlar yenə də qul halındadırlar. Çox qismi ehtiyaclarının qulu, az qismi isə nəfsinin qulu. Amma birincilər də ehtiyacları qarşılandıqca ikinciyə çevrilirlər. Yəni dar qəfəsdən çıxan quş daha böyük qəfəsdə qalır onsuz. Baxıram ki bu adada çatmağa, paxıllıq etməyə obyekt yoxdu.Düzdü kimsə daha güclüdü, kiminsə qadını daha gözəldi, kimsə balığı daha yaxşı tutur, kimsə evi bulağın yanındadı. Müəyyən narazıçılıq hissləri hamıda tapmaq olar. Amma di gəl ki kapitalizmdəki kimi bir qism insanlarda israfçılıq və əksər insanlarda isə ehtiyac içində boğulma yoxdu bunlarda. Qəbilə üzvünün bir qarnı var onu da yeyir sabah ümid edir ki, yenə də balıq və meyvə olacaq və qalan vaxtlarını özlərinə ailələrinə həsr edirlər. Heçkim kiməsə çatmaq istəmir burda, qəbilə başçısı belə digər balıqçılar kimi eyni daxmada yaşayır eyni balıqdan yeyir. Heç kim başçı belə olmağa meyl etmir. Çünki onun qərarları sadəcə tövsüyyə xarakterlidi və ancaq yüngül sosial məsələləri əhatə edir. Adada polis yox, ordu yox, həbsxana yoxdur. Çünki cinayətkarın yetişməsi üçün şərait yoxdur. Tənbəli belə ac saxlamırlar, məcburi yüngül işlərdə işlədib yeməyini verirlər. Əlbəttə Yopud danışıb ki , qəbilədə oğurluq və başqa oxşar hadisələrolub, amma burda hamı bir birini tanıyır və cinayətkarı dənizə atıblar məsələ bitib. Amma indi mən 28 ildi bağlandığım zəncirləri qıra bilmirəm. Yüksəkdə oturub idarə etmək həvəsi, kimləsə kimisə dalaşdırmaq, kiminsə yalvarışlarını eşitmək, istənilən neməti bir əl işarəsi ilə gətizdirmək. Çünki mən bunları görmüşəm. Bunlara doğru aparır məni instinktlərim. Çünki adi bir bank işçisi idim, bankda olan 30-40 işçidən biri. İnsanları başa düşsəm də incitməkdən, yalvarışlarını eşitməkdən həzz alırdım. Qərarlarımla borcu olduğuna görə neçə nəfəri evsiz qoymuşam. İndi isə seçilib özüm başında olan bir cəmiyyət qura bilərəm. Nədir görəsən insanları həmçinin məni də kiminsə acısı hesabına önə çıxmağa məcbur edən?, bəlkə özüm də hiss etmədən burda hakimiyyəti ələ alıb böyük bir gəmi düzəltdirib yenidən sivilizasiyaya, doğma mühitə qovuşmaq hissi? Bəlkə qəzetlərdə şöhrətləşmək hissi ? Heyif ki bunu özüm də qərar verə bilmirəm, amma hakimiyyət ehtirası qarşısında acızəm hal-hazırda " 
Bu kimi fikirləri beynində dolaşdıra-dolaşdıra sahildə gəzintiyə çıxır. Elə bu vaxt bir balıqçı təkbaşına qayığını sahilə çıxardıb, tutduğu balıqları kisələrə yığırdı. 
- Xoş gördük Ziaf . deyərək gülərüzlə onunla salamlaşdı.
- Axşamın xeyir Edas, ov olub ?
- Pis deyil
- Evdəkilərə bəs edəcək? 
- Bəs edər, istərsən sən də götür Ziaf
- Yox təşəkkür edirəm, bugün özüm də işləmişəm, Edas heç düşünmüsənmi işləməyəsən , meyvənin , balığın, qəbilə qızlarının ən yaxşısı sənin olsun heçnə etmədən?
- Yox Ziaf onsuz da işləməyəndə gün keçmir, həm də digərlərindən artıq nəsə istəmək Tanrıların xoşuna gəlməz, hamı necə mən də elə dolanıram. Mən qəbilə üçün nə etmişəm ki Tanrılar məni hər şeyin daha yaxşısı ilə mükafatlandırsın ? Mən də adi bir balıqçıyam digərləri kimi. 
- Düz deyirsən, İşin avand olsun Edas, hələlik
- Hələlik Ziaf
Ziaf dəniz qırağı ilə gəzə-gəzə bir fikir onu tərk etmir: " primitiv bir insan necə olur ki cəmiyyəti qarşısında, inancı qarşısında layiq olduğundan artıq heçnə istəmir, amma materiklərdəki insanlar əksəri özlərini digərlərindən daha vacib sayıb, heçbir müsbət şey etmədikləri halda hamıdan yaxşı yaşamağı həm xalqdan, həm dövlətdən, həm də dua etdikləri tanrılarından istəyirlər ".

2

Şropin kirayə qaldığı mənzildə yenicə qapısına qoyulmuş məktubu açır:

- Hörmətli Şropin , sizin qətiyyətiniz, cəsarətiniz bizi heyran etdi, siz artıq təşkilatımızın tam hüquqlü bir üzvünə çevrilirsiz. Bu münasibətlə sizi təbrik etmək olar. Amma bu sadəcə ən çətin akademiyaya qəbula bənzəyir. Yəni hər şey hələ qarşıdadı.
İlk əvvəl təşkilatımızın qanunlarını sizə yazmaq istərdim
1) Bizdən gələn məktublar Siz tərəfdən təklikdə oxunduqdan sonra dərhal yandırılmalıdır. Bilin ki , hansısa məktub saxlanılarsa və kiminsə əlinə keçərsə bu sizin üçün həyatınız bahasına başa gələcək. Bunu nəzərdən qaçırmayın
2) Məktubların hardan və kim tərəfindən gətirildiyini araşdırmayın, əgər təşkilat haqqında bizim sizə dediklərimizdən artıq nəsə öyrənməyə çalışsaz bu da həmçinin sizin həyatınızı təhlükəyə ata bilər
3) Sizə hər məktubla tapşırıqları yerinə yetirmək üçün kifayət edəcək məbləğ göndəriləcək, çalışın lazımsız xərcləməyin
4) Sizin sinifdə olan heçbir üzvümüz bir birini tanımır. Biz eyni tapşırıq üçün bir neçə nəfər göndərə bilərik. Əgər kimsə sizə bizim təşkilat haqqında söhbət açmaq istəsə dərhal bizə məktubla məlumat verin
5) Məktub göndərmək mümkün olmayan halda sizin üçün çatdırılası olanlar aS simvolları ilə işarələnmişdir.
Bu qaydalar idi, indi isə keçək sizin ilk tapşırığınıza. 4 gündən sonra Yaponiyaya Kaliforniyadan gəmi çıxacaq, gəmidə Yaponiyanı Rusiya ilə müharibəyə hazırlamaq üçün ABŞ və İngilis agentləri, hərbiçilər, bankirlər və digər bu məsələdə maraqlı şəxslər olacaq.  Gəminin dəqiq çıxma vaxtı və yeri sizə məlumat veriləcək. Hal hazırda gəmidə buxar mühərrikinə xidmət edən ehtiyyat mexaniklərdən birinin şəxsiyyətini müəyyən etmişik, siz onu tapıb neytrallaşdırmalısız və özünüzü onun kimi təqdim etməlisiz. Növbəti məktubumuzda sizə onun adına düzəldilmiş saxta sənədlər və gəminin çıxma vaxtı və yeri haqqda məlumat veriləcək. Çalışın işinizi qüsursuz görün. Hələki sizin bilməli olduğunuz sizin gəmidə olmağınızdır. Uğurlar. Bu vərəqin arxasında mexanikin ünvanı və rəsmi var. 48 saat ərzində onu neytrallaşdırın. 
Şropin məktubu oxuyub adresi ayrı bir vərəqə yazdı və məktubu həyəcanla yandırdı. İçində bir qorxu var idi, çox narahat oldu. Doğurdan da məktubda deyildiyi kimi çətin bir ali məktəbə daxil olandakı sevinc ilk dərsə qədər davam edir. Amma ali məktəbdən qovulma varsa, bu işdə isə qovulma tamam başqa səmtə olur. Otaqda həyəcanlı halda sağa sola sürətli yeriyərək bir qərara gəlməyə çalışır. Özünü tam əlacsız, köməksiz hiss edir. Əgər doğurdan da uşaqlıqdan arzu etdiyi dünyanı pislikdən təmizləmək günahsız bir mexaniki həyatdan təmizləməkdən keçirsə bəlkə aldanıbdır. Bəlkə hər şeyi getsin polisə özü xəbər versin? Və bu oyundan çıxsın ? Əgər deyilənlər doğru isə bu öz ölümünə qol çəkməkdir. Onsuz itirəcəyi bir şey qalmayıb. Nə Rusiya , Nə ABŞ , nə də Osmanlı artıq onu qoruya bilməz. Onun üçün vətən anlayışı artıq silinib. İndi düşündüyü yalnız bir neçə aydan sonra sağ qalıb qalmayacağıdır. Amma bəlkə də iki millətin qanını daşıdığı üçün , seçim edib heç bir tərəfə vətənpərvərlik edə bilmədiyi üçün indi bu əziyyətləri çəkir. Valideynlərini qınamaq da istəyir , amma bəlkə də qarışıq olması ona çox məsələləri bəlli edir. Damarında ancaq bir millətin qanı axan üçün axı çətin nə var ? Millətin hansı tərəfə döyüşür, sən də ora . İki yolagetməyən xalqın qarışığı olmaq çox çətin məsələdir, hansı tərəfə hərəkət etsən xain olursan, elə ona görə bəlkə ikitərəfli xain olmaq qərarını verdi ? Şropin bu fikirlərlə bir neçə saat otaqdan çıxmır. Amma tapşırığa hazırlaşmaq lazım idi. Şam yeməyinin vaxtı yaxınlaşırdı...

***

Şam yeməyindən sonra Şropin mexanik Mitsevin axtarışına çıxır . Cənubi Kaliforniyada neft tapıldıqdan sonra Los-Anceles çox böyümüşdür. Şropin yeni salınan küçələri, yeni tikilən evləri seyr edə - edə şəhərin kənarında əsasən kasıb miqrantların və qaradərililərin məskunlaşdığı evlərə yaxınlaşır. Ünvan 23 nömrəli evi göstərirdi. Gizlincə evin kənarına yaxınlaşıb pəncərədən öz qurbanını axtardı. Orta yaşlarında slavyan görünüşünə malik bir şəxs, zənci qadın və iki uşaq. Uşaqlar mulat olduqlarından Şropin müəyyən etdiki bunlar Mitsevin yoldaşı və uşaqlarıdır. Pəncərədən xoşbəxt bir ailəni seyr edirdi. Mitsev və Şropinin ortaq və fərqli cəhətləri var idi.  Əsas oxşar cəhəti o idi ki hər ikisində slavyan qanı axır, hər ikisi üzdən və bədən quruluşundan bir-birinə oxşayırdı,  fərqli isə Mitsevin ailəli olması idi. Şropinin 41 yaşı olsa da keçirdiyi həyat tərzi ona ailə qurmağa imkan verməmişdir. Uşaqlığının 77-78-ci il rus-türk müharibəsinə düşməsi onun həyatının axarını elə dəyişmişdir ki hələ də şəxsi həyatını nizamlamaya bilməmişdir. Bəlkə bu səbəbdən elə “aS”  təşkilatı onu ov yox ovçu kimi seçmişdir. Amma işin qəliz tərəfi odurki , Şropin düşünürdüki bu oyunda ov və ovçunu sadəcə zaman fərqləndirir.  Hamı ovdu onsuz, sadəcə müvəqqəti olaraq kiməsə hücumda olmaq şansı verilir. Hal hazırda da ovçu Şropin, ov isə Mitsevdi. Amma sabah bəlkə vəzifələr dəyişə bilər. Ona görə təşkilatın belə sözlərinə ehtiyatla yanaşmaq lazımdır. İkitərəfli oyundan çəkinmək lazımdır. Şropin bunları düşündükcə diqqətini 4-6 yaşlarında qızı və 9-10 yaşında olan Mitsevin oğlu çəkdi. Özü də iki millətin qarışığı olduğu üçün bir anlıq onların taleyini fikirləşdi. Bəlkə də bu şəhər elə ona bu uşaqlara görə mələklər şəhəridir ? Daim skeptik dünyagörüşü ilə seçilən Şropin əslində heçbir irrasional varlıqlara inanmırdı. Onun üçün bütün dini, fövqəltəbii məsələlər sadəcə insan psixologiyasının simvolik izahları idi. O düşünürdüki keçmişdəki insanları tərbiyələndirməkdən üçün belə simvolik obrazlara ehtiyac olub. Daima elmdə yeni olan hər şeyi öyrənmək həvəsi onu Ziqmund Freydin ilk əsərlərini oxumağa məcbur etmişdi. Şropin oxuduqlarını olduğu kimi yox, öz başa düşdüyü kimi qəbul edirdi. Onun fikrincə Freyd insan şüurunu hissələrə bölməklə şeytanı, mələkləri və s. varlıqları elə ayırd etmişdir. O düşünürdüki “aS” təşkilatı əslində çox qədimdən mövcüd olub, bütün əxlaq kodeksləri, davranış qaydaları, demokratik quruluşlar və hətta dinlər o təşkilat tərəfindən yaradılıb. İndi də düşünür ki elmin inkişaf edib dinin standart doqmalarının sarsıtdığı anda Freyd və s . kimi alimlər də həmin təşkilat və ya üst-təşkilat tərəfindən yönəldilir ki , müasir cəmiyyətə daha uyğun idealogiya formalaşsın. O, düşünür ki elm də yəqin dərman kimidir, birdən birə dozası çox olarsa cəmiyyətə ölümcül təsir görstərə bilər, amma hissə hissə verildikdə cəmiyyətə müalicəvi effekt göstərir. Yenə fikrinin uzaqlara getdiyini anlayan Şropin yenidən diqqətini uşaqlara yönəldir. İndi onun fikrincə dinlərdəki mələklər obrazı elə o iki uşaqlardır, yaşlılar əvvəl axır bu şəhəri onlar üçün buraxacaq. O Mitsevin zənci bir qadınla evlənməsindən çox təsirləndi,  ABŞ-da çox müddət əvvəl quldarlıq ləğv olunsa da hələ də irqi ayrıseçkilik davam edir. Uşaqların taleyini fikirləşir, Mitsev olmasa onlar adi bir zənci kimi böyüyəcəklər. Çox güman normal təhsil ala bilməyəcəklər və bundan da qaynaqlanan problemlərlə üzləşəcəklər. Heçcürə Mitsevi ov kimi görə bilmir, evin kənarında bir yerdə gizlənərək düşünməyə başlayır. "Əgər ki , mənə lazımdır gəmidə onun əvəzinə özüm olum bunun üçün Mitsevi öldürmək lazım deyil, onu sadəcə həmin dövrdə neytrallaşdırmaq da kifayət edər. Amma bu təşkilatın xoşuna gedəcəkmi ? Mən bu təşkilata qoşulmuşam ki, yaxşılıq edim, amma yaxşılıq etməyim pislik etməkdən başlayacaqsa onda öz qaydalarım ilə oynayacam, təşkilat yəqin improvizasiyanı sevər . Bəs necə neytrallaşdırmaq ? Gedib özü ilə söhbət edib başa salmaq ? Və ya bir yerə gizlədib, sonra məktubla ailəsinə yerini xəbər etmək ? Daha çox ikinci ağlabatandır. Yer tapmaq lazımdır. "
Şropin fikrində planlar qura-qura şəhərin mərkəzinə doğru getməyə başlayır...

***

Növbəti günün səhəri , Şropin yenidən Mitsevin evi qarşısına gəlib gizli mövqe seçir. Mitsev evini tərk edib , küçə boyu aşağı düşməyə başlayır. Şropin sakitcə yaxınlaşıb plaşının altındakı tapançanı Mitsevin belinə dirəyib sakitcə faytona oturmağı əmr edir. Şəhərdən kənarda dəniz sahilində köhnə bir daxmaya gətirir. Mitsev özünü qəribə sakit aparırdı. Sanki belə də olmasını gözləyirdi. İçəri girən kimi Şropinə rusca deyir :
- Axırki Aqsis mənə qarşı da ova başladı demək?
Şropin bir anlıq onun rus mənşəli olduğunu və ov haqqında məsələni eşitdikdə sarsıntı keçirdi. Amma ilk əvvəl kartlarını açmaq istəmədi və ingiliscə söhbəti davam etmək istədi , özünü heçnə bilmirmiş , başa düşmürmüş kimi göstərməyə çalışdı.
  Mitsev yenə rusca söhbəti davam etdi :
- Elə bilirsən Yaponiyaya üzəcək Naqapo gəmisində Aqsisdən heçkim yoxdur ? Düşünürsən ki hamısı NOM agentləridi ? Fizikanı xatırlayırsan həmyerli ? Nyutonun 3-cü qanunu. Bil ki , iki ildən sonra Rus-Yapon müharibəsi onsuz da başlayacaq, Naqapo Yaponiyaya çatsa da, çatmasa da. Sən, mən və gəmidə olan əksəriyyət isə sadəcə kukla teatrındakı iplərik. Mən bilirdim ki, əslində Aqsis və NOMun fəaliyyətinin eyni bir üst-təşkilat tərəfindən idarə olunduğunu araşdırmaq mənim həyatım bahasına başa gələcək. Amma bu qədər ironik və tez olacağını düşünmürdüm. Hazıram mən indi. Öldürmək istərsən öldür. Düşünürdüm son iki gün də keçsə, mən ailəmlə birgə oyundan çıxa bilərəm. Naqapoya ailəmi gizlincə keçirmək planlarım var idi. Yəqin artıq ailəmi də görmüsən. Aqsisə qulluq edirsənsə mənim haqqda hər bir şeydən xəbərin var. Məndə olan məlumatlara görə Aqsis Naqaponu sən və gəmidə olacaq digər gizli agentlərin köməyi ilə Yaponiya sahillərinə az qalmış qəzaya uğratmaq istəyir . Amma öz agentlərini xilas edəcəklər. Bunun üçün də yəqin xilasedici qayıqlardan ikisi Aqsis agentləri tərəfindən hazırlanacaq. Sən özünə görə narahat olma. Tarixdə belə hadisələr çox olub. İndi mən ailəmə görə qurduğum  planımı deyim : Gizli xəritələrə əsasən Sakit okeanda hələ də izolyasiyada olan tək-tək adalar var.  Fikrim Naqapo həmin adaların yanından keçən zamanı ailəmlə birgə o adalara qaçmaq idi. Hər bir detalı ilə bu planı hazırlamışdım.  Bu planetdə materiklərin ən ucqar yerində olsan belə NOM ya Aqsis səni tapar. Tək ümidim  okeanda o adalarda yerli qəbilələr arasında yaşamaq idi. Amma heyif. Yoldaşım və uşaqlar deyəsən ömürlərini mələklər şəhərinin qara hissələrində keçirəsi olacaqlar yəqin.
Mitsev bunları danışdıqca, Şropin donub qalıb, hər bir detalı analız etməyə çalışırdı. Bəlkə bu tapşırıq sadəcə yoxlamadı və Mitsevin bütün danışıqları əvvəldən hazırlanmış bir ssenaridir ? Amma tərəddüd etmək olmaz. Həm də doğurdan da Naqapo qəzaya uğrayacaqsa aS onu xilas edəcəkmi ? . Biranlıq içində olan qorxu onu belə bir nəticəyə gətirdiki bəlkə onun təşkilata lazımlığı sadəcə bu bir iki həftəlikdir . İtirəcəyi bir şey olmadığı qənaətinə gəlib elə rusca Mitsevdən soruşur.
- “aS” inisialları elə Aqsis deməkdir ?
- Bəli , həmin sənə tapşırıqları verən təşkilat
- Demək Aqsis və mənim mübarizə apardığımı düşündüyüm şəxslər də eyni bir məqsədə qulluq edirlər ?
- Əslində yox, hər tərəf özünü digər tərəfə düşmən görür. Üstəlik NOM üzvlərinin çoxu heç Aqsis deyilən təşkilatın olmasından bixəbərdirlər. Düzü gəldiyim qənaətə görə Aqsis NOMun immunitet sistemidir, sistemə düz gəlməyən insanları təmizləyir. Yəni Aqsis əslində NOMun daha ideal fəaliyyətinin sığortaçısıdır. Məsələn sən Aqsis üzvü məni məhv etməyə gəlmisən, çünki mən onların qanunlarından kənar işlər görmüşəm. 
- Mitsev , mən tutaq ki sənə inandım.  İndi artıq xəbərdar oldun ki, sənə qarşı bugünki plan nə idi.  Nə təklif edirsən ? Sənin ailəni , səni və məni xilas edəcək bir yol varmı ?
- Gərək fikirləşək dost,  amma düşünürəm hansısa çıxış yolu tapmaq olar

 3

 Yopud və Bafas öz aralarında Ziafın təklifini müzakirə etməyə başlayırlar. Bafas deyir :  Mənə elə gəlir ki Ziafın məqsədi əslində bizim yox daha çox öz xeyri üçündür. Qəbilədə indiyə qədər əcdadlarımızın qurduğu sistemi özümüz də tam başa düşmədiyimiz bir yolla dağıtmaq təhlükəsi var. 
Yopud  : Düz deyirsən, amma onun danışıqları doğru isə biz də materiklərdəki krallar, imperatorlar kimi yaşayardıq.  Adanın hər naz-neməti bizim olardı. Mənə elə gəlir ki, Ziaf dediyini edək , ixtişaşlar yaradaq, bir iki qətl baş versin, biz də ataq bunu elə Ziafın boynuna, sonra qəbilə onu özü məhv edəcək. Bizə isə qurulmuş itaət sistemi qalacaq. Necə fikirdir ? 
Bafas : Təhlükəlidir Yopud , onun danışıqlarından mən belə anlayıram ki o bizdən daha yaxşı insanların davranışını araşdırıb qərar verə bilir. Çox istəyib ,azdan da ola bilərik.
Yopud və Bafas bu tərzdə mübahisələrini davam etdirirək, hələki bir qəqiq qərara gələ bilmirlər. Ziafı çağırıb məsələyə daha da aydınlıq gətirmək istəyirlər. Səhər təzdən yenidən Ziaf Yopudun yanına gəlir həmin stol arxasında oturaraq söhbətə başlayırlar :
Yopud : Biz hələki sənin dediklərini tam başa düşə bilmirik Ziaf, bizim bu işdə indiki vəziyyətimizi itirmək təhlükəmiz çox böyükdür. Nə deyirsən?
Ziaf dəniz kənarındakı Edasla söhbətdən sonra dəqiq nə edəcəyini hələ də bilmirdi. Yopud və Bafasdan müəyyən müddət fikirləşib, plan qurmaq üçün möhlət istədi. Onlar da hələ buna tam hazır olmadıqlarını deyib müvəqqəti razılığa gəldilər. Ziaf ordan çıxıb yenə Edasla rastlaşdığı yerə gəlir və görür ki Edas hələ dənizə indi çıxmağa hazırlaşır. 
- Sabahın xeyir Edas, ova gedirsən?
- Sabahın xeyir Ziaf, hə görək bugün hava da yaxşıdı.
- Olar bugün mən də sənə kömək edim, biraz ovdan da götürərəm axşam özümə,a 
- Niyə də olmasın, gəl otur, mənə də sizin dünyanızdan danışarsan
Ziaf qayığa minir və onlar yavaş yavaş cənuba doğru uzaqlaşırlar, ada artıq üfuqdə itməyə başlayır
- Ziaf sizin dünyada sən nə işlə məşğul idin?
- Bank işçisi idim
- İzah et görək o nədi elə
- Bank odur ki bax qonşunun ailəsi gündə 10 balıqla dolanır, sənin isə balığın hesab edək ki hansısa səbəbdən yüzlərlədi , qonşun tutaq ki xəstə olub 10 gün balıq tuta bilməyəcək. Sən də ona bugün 100 balıq borca verirsən deyirsən hər qaytarmadığın gün 10 balıq üstünə gəlir. Əgər 10 gün qonşun xəstə olsa demək 10 gündən sonra o sənə artıq 200 balıq qaytaracaq. Amma o qonşun bir gündə bu balığı tuta bilməz axı. Demək əvvəlkindən 4 qat artıq işləməyə məcbur olacaq. Bax sağaldıqdan sonrakı 10 günün hər günü 10 balıq özünə ailəsinə tutmalıdır, 10 balıq əsas borcdan qaytarmalıdır hər günə, 10 balıq xəstə olduğu günlərdəki üstünə gələn hissədən və 10 gün də işləyib borcu tam qaytarana kimi keçən vaxta görə hesablanan hər günə 10 balıq. Beləliklə iş ağırlığı 4 dəfə artmış olur. Nəticə də isə 100 balıq borca vermisənsə 20 gündən sonra 300 balıq geri götürmüş olursan. O balıqları da digərlərinə borc verib yenə 10-20 gün ərzində dəfərlərlə çoxaldırsan və sənin fiziki işdə işləməyinə artıq ehtiyac qalmır. Üstəlik sənə dediyim sistem dünya ölkələrində elə bir səviyyəyə çatır ki fiziki olaraq borcalan şəxslər borcu və onun üstünə gələn hissəni tam qaytara bilmirlər, daimi asılılıq yaranır. Bax mən də ABŞ deyilən dövlətdə bu işin içində birisi idim. Düzdü indi mənim vəzifəm adi şəxslərə yox, böyük dövlət kompaniyalarına kreditlər, yəni bayaq izah etdiyim borcları vermək idi.
- Deyəsən təxmini də olsa başa düşdüm, Ziaf, demək bu yaxşı bir iş deyil.
- Əlbəttə cəmiyyətdə kimlərinsə daima varlanması, kimlərinsə isə daima kasıblaşmasına səbəb olur. Dövlətlərarası borc isə bir dövlətin digərlərindən asılılıq halına düşməsinə zəmin yaradır. Mənim əsl işim bu sahədə idi. Mən qəzaya düşdüyüm gəmi bax sizdən qərbdə yerləşən Yaponiya dövlətinə hərbi sənayesi üçün qızıl və silah-sursat aparırdı. Çünki bizim dövlətdə müəyyən dairələr istəyirlər ki Yaponiya digər bir böyük dövlət olan Rusiya ilə müharibəyə başlasın. Amma zəif dövlətlə güclü dövlətin müharibəsi tez həll olur, xərclər az sərf olunur. Ona görə də dediyim müəyyən dairələr maddi kömək edib əvvəlcə hər iki tərəfi gücləndirir, sonra bir biri ilə dalaşdırır, onların bir birinin üzərindəki qələbəsi sadəcə formal xarakter daşıyır. Çünki əslində ikisi də uduzmuş sayılırlar. İnsan və maddi itgilər səbəbindən iqtisadiyyatları tənəzzül edir. Bizim tərəfdən ayrılmış borclar isə öz qüvvəsində qalır. Bu borcu qaytarmaq mümkün olmadığından biz öz tələblərimizi onlara istənilən şəkildə deyirik və əməl etdiririk. Yəni əsl qalib müharibədə iştirak edənlər yox, müharibələri maaliyyələşdirənlər olur. Edas yəqinki sən bunları tam başa düşmədin, heç neçə il sivil ölkədə yaşayanların çoxu bunu başa düşmürlər. Bunları mən öz ölkəmdə danışa bilməzdim, amma burda mən fikirlərimi bölüşməyə, danışıb qəlbimi rahatlamağa adam axtarıram.
- Biz də əgər Tanrıların xoşuna gəlməyən hərəkətləri çox edəriksə Tanrılar adasına gedirik, orda biz bütün günahları səsləndirib onlardan bağışlanmaq dilərik. Bəlkə səni ora aparım, əgər indiyə qədər etdiklərin insanların ziyanına olduğunu başa düşmüsənsə mənə elə gəlir ki Tanrılar səni bağışlayar. Təmiz qəlbinlə ya burda qalarsan ya da geriyə öz evinə qayıtsan artıq daha yaxşı bir işdə işləyərsən
- Hardadı o ada? Oranın öz sakinləri var ?
- O ada biraz günçıxana doğru getsək ordadı, uzaq deyil. Orda yalnız bizim məbədin bir qoruyucusu var. Yaşlı insandı, çox ağıllı məsləhətləri var. Düşünürəm onunla da söhbət etsən sənə maraqlı olar. Səni o daha yaxşı başa düşər. 
- Gedək onda ora Edas, təşəkkür edirəm

***

Ziaf və Edas Tanrılar adasına çatıb, qayıqdan düşürlər. Bu ada qəbilənin yaşadığı ada qədər böyük deyildi, amma təbiətinin gözəlliyi ilk anda insanı valeh edirdi. Edas sahilə çıxan kimi bütün tanrılar üçün dua edir və sıx ağacların arası ilə dar bir yolla adanın içərisinə doğru hərəkət edirlər. Qədim bir daş tikiliyə yaxınlaşırlar, tikiliş tərzinə görə avropa ölkələrindəki məbədləri xatırladır deyə Ziaf özlüyündə qənaətə gəlir. Edas Ziafdan gözləməyi xahiş edir, məbədə daxil olur. Bir neçə dəqiqədən sonra təxminən 80-90 yaşlarında amma şux görüntülü bir yaşlı ilə qayıdır. Bu məbədimizin qoruyucusu Neyabdı deyə Ziafa təqdim edir. Ziaf baş əymək istəyir lakin Neyab qoymur və deyir : " İnsan insan qarşısında baş əymir oğul, insan ancaq təbiət qarşısında baş əyə bilər". Əl uzadıb adi avropalılar kimi onunla salamlaşır. Bu jest onu çox təəcübləndirir, çünki qəbilədə belə salamlaşma hələki görməmişdi. 
Neyab :
- Edas bizim söhbətimiz uzun çəkəcək , sən ovuna davam et, axşam gəlib qonağı apararsan
Edas razılaşır və qaçaraq ağacların arası ilə qayığa tərəf qayıdır. Neyab Ziafı ağacın altında səliqə ilə düzəldilmiş oturacaqda oturmağa dəvət edir və söhbətə başlayır
- Xoş gəlmisən Ziaf bizim adalara, yəqinki qəbiləmizdə səni incidən olmayıb?
- Xeyr Neyab, əksinə. Mən həmişə elə düşünmüşəm ki okeanlarda qəbilələrin arasına düşsəm çətin sağ qalam. Amma gözlədiyimin tam əksi oldu. Nəinki sağ qalmaq həm də təbiətinizin, insanlarınızın təsiri ilə həm fiziki həm də ruhən özümü daha sağlam hiss edirəm.
- Amma yəqin geriyə öz insanlarınızın arasına qayıtmaq fikrindən heç çıxmır
- Düzdü, insan necə də olsa doğmaları, dostları, yoldaşları , yediyi yeməklər, gəzdiyi şəhərlər , yerlər üçün darıxır. Amma 9 ay ərzində demək olar ki özümü sizin qəbiləyə tam öyrəşmiş hiss edirəm. Neyab, sizə bir sual verim, niyə mənimlə adı avropalı kimi görüşdüz, bunu hardan öyrənmisiz?
- Gəl içəri oğul, sənə bir yer göstərim. 
Ziaf məbədə daxil olarkən gözlərinə inanmadı, içəridə səliqə ilə düzəldilmiş taxta rəflər kitablar ilə dolu idi. 
- Ziaf , təxminən 160 il bundan əvvəl bu adaya kiçik bir gəmi gəlir, gəminin əksər üzvləri sahilə çatmamış aclıq və susuzluqdan ölürlər . Bu gəmi ingilislər tərəfindən qovulan ispan gəmisi idi. Gəmidə o dövr üçün çox əhəmiyyətli sayılan kitablar, sənədlər və bəzi təşkilatların üzvləri var idi. Amma bu adaya düşdükdən 2-3 ay sonra demək olar bütün sağ qalanlar müxtəlif səbəblərdən ölürlər, yalnız babam sağ qalır. Onu da xəstə halda qəbilənin üzvləri bu adaya gələrkən görürlər və adaya aparıb sağaldırlar. Babam sağaldıqdan sonra onun orda söhbətləri qəbilədə şamanın diqqətini çox cəlb edir, onunla dostlaşır . ,Şaman öz qızını yəni nənəmi babama ərə verir. Sonradan onlar qərara gəlirlər ki bu adada məbəd tiksinlər .Mənim babam və nənəm sonradan daima burda qalmağa başlayır. Babam atama, ispanca, latınca , fransızca, ingiliscə oxumağı, yazmağı öyrədir . Atam də həmin biliklərini mənə öyrədir. İndi mənim də vəzifəm bu məbədi qoruyub, hələki qəbilədə yaşayan oğluma təhvil verməkdi. O da bəzi kitabları aparıb orda oxuyur. 
- Çox maraqlıdır, demək sizin əsliniz 1/4 hissə avropalıdır?
- Bəli elə çıxır. Səni görəndə çox sevindim, mənə danışarsan bu 160 ildə dünyada nələr dəyişib, halbuki bilirəm ki , mahiyyətcə çox güman heçbir şey dəyişməyib.
Ziaf 1739-cu ildə "Cekinsin qulağı" müharibəsindən başlamış özü adaya düşdüyü ana qədər olan bütün tarixi hadisələri Neyaba danışmağa başlayır.
- Neyab axıra qədər dinləyib gülümsəyərək deyir : Ax İngilislər , demək istədiklərinə nail olub dünyanın əksəriyyətini ələ keçiriblər. 
- Demək olar ki elədir. Amma mənim vətənim ABŞ indi müstəqil dövlətdir və Britaniya ilə yanaşı dünya siyasətində öz sözünü deməyə qadirdi.
- ABŞ-da bəs idarəçilər əksər hissəsi əslən kimlərdi?
- İngilislər
- Ay sağol

***

Neyab və Ziaf məbəddən çıxıb adanı gəzə-gəzə söhbətə davam edirlər : 
- Siz niyə burda qalırsız bəs , qəbilə ilə birgə niyə qalmırsız ?
- Mənim babam, atam ,mən də ömrümüzü burda təklikdə keçirib, bütün əlimizdə olan kitabları dərk etməyə həsr etmişik. Ziaf qulaq as. Mənim fikrimcə dünyada iki insan tipi olur, yaradıcı və sərfiyyatçı. Hər iki tip əslində cəmiyyətə yararlı sayılır, əgər cəmiyyətdə sağlam prinsiplər hökm sürürsə. Yaradıcı insan sorğulayan insandı, belə insanlar cəmiyyətdə bəlkə də 1-2% rast gəlinir, lakin indiyə qədər bəşəriyyətin etdiyi bütün uğurlara onlar imza atıblar. Sərfiyyatçılar isə təlqinçilərdir, onlar üçün həyati prinsip təkrarlamaq və instinktlərin ardınca getməkdi. İnsanların və digər canlıların bildiyin kimi həyatda qalmaqlarının əsas səbəbi çoxalmaqdır, ona görə bütün canlılar buna meyl edir, bütün orqanızmdə sistem elə qurulub ki bu funksiyaya xidmət etsin, insan qidalanır ki çoxalsın, özünü və övladını təhlükədən qoruyur ki çoxalsın. Sürü halında yaşayan digər canlılarda olduğu kimi insanlarda da hakimiyyət hissi yenə də çoxalma hissinə dayanır. Çünki kollektiv halında yaşayan digər canlılarda olduğu kimi erkəklər dişilərin diqqəti uğrunda daima mübarizə aparır. Bəzən etdikləri şüurlü şəkildə və birbaşa bununla bağlı olmasa da, amma nəticədə yenə də sərfiyyatçı insanların etdikləri hamısı cinsi istəklərə dayanır. İnsanlar niyə varlanmaq istəyirlər ? Bir qismi birbaşa olaraq çox qadın əldə etmək üçün, bir qismi çoxalmanın bir qanunu olan övladlarının daha yaxşı gələcəyini təmin etmək üçün, bir qismi isə hakimiyyət əldə etmək üçün, hansıki yenə də cəmiyyətdə əsas da əks cinsin gözündə daha qüdrətli görünmək, hörmət, diqqətə sahib olmaq üçün edilir, bu da bayaq izah etdiyim sürü prinsipi ilə seçilmiş erkək tipinə uyğun gəlir. Sərfiyyatçılar arasında da çox ağıllı insanlar ola bilər, amma onların hər bir etdiyi əməl, oxuduqları kitablar, yiyələndikləri elm və peşələr belə sadəcə cəmiyyətdə müəyyən mövqe tutub, yenə də daxilən və kənardan özlərinə yüksək qiymət vermək, cəmiyyətdə təsdiqlənmək üçün edilir. Sərfiyyatçı insanlar daim əldə etdikləri nəticələri önə çəkməyə çalışırlar, digərlərinin bunu bilməsini, görməsini istəyirlər. Amma elə insanlar da varki sərfiyyatçıdırlar lakin dini nöqteyi nəzərdən təkəbbürdən uzaqdırlar. Əslində bu insanlar da birincilərdən o qədər də fərqlənmilər mahiyyətcə, çünki etdiklərini özlərinə görə yox, onlara mükafat verəcək tanrılara görə edirlər. Əgər insan nəsə edirsə və bunun müqabilində ya cəmiyyətin diqqətini ya tanrının mükafatını gözləyirsə bu sadəcə instinktdir. Lakin cəmiyyət üçün praktik nəticədə təkəbbürdən uzaq insanlar daha xeyirlidir. Bu insanlar yaxşı əməlləri tanrıların xoşuna gəlmək üçün edirlərsə, pis əməllərdən də sadəcə tanrıların cəzasından qorxaraq çəkinirlər. İlk insanlar formalaşandan indiyə qədər cəmiyyətin normal funksiya göstərməsi, inkişafı üçün müəyyən qaydalar tərtib olunub. Bu qaydalar adət, ənənə, əxlaq qanunları və sonda isə dini prinsiplərə çevriliblər. Çünki cəmiyyətin əksər hissəsini təşkil edən təlqinçilər üçün kənardan nəzarət prinsipi mütləqdir. Sən kiçik uşaqları təsəvvür et, onlar üzərində nəzarət olmadıqda onlar istədiklərini edirlər, amma tərbiyəçi nəzarətində isə ondan çəkinərək müəyyən qaydalardan kənara çıxmırlar. Dini prinsiplər də böyük insanların öz üzərində bir növ daimi müşahidə gözü hissini aşılayır və onlar müəyyən əməllərində özlərini gözləməli olurlar. Çünki sərfiyyatçı insanlar üçün bu müşahidənin olmaması instinktlərin birbaşa icrasına yol açır. Oğurluq, əxlaqsızlıq, yalançılıq bu adətən sərfiyyatçı insanların dini prinsipləri sarsıldıqda, zəiflədikdə və ya ümumiyyətlə olmadıqda meydana çıxır. Amma deyə bilərsən ki inanclı insanlar arasında da oğrular, əxlaqsızlar və yalançılar kifayət qədərdir. Əslində onlar inanclı insanlar deyillər, onlar inanc pərdəsi altında özünü və digərlərini aldatmağa çalışanlardı. Əgər insan bilirsə ki xəyanətin cəzası o dünyada çox ağırdır və bunu edirsə demək o insanın qəlbində əlbəttə təmiz inanc yoxdur. Kim zəhmli atasının qarşısında artıq söz danışa bilər əgər bilirsəki bu an atası otaqdadırsa?. Bu insanlar əgər qəbul edirlərsə Tanrı hər zaman onları görür və bilə bilə qadağan olunmuş əməlləri edirlərsə bu o deməkdirki Tanrının onları görmələrinə və ya ümumiyyətlə Tanrının olmasına şübhələri var. Belə insanların duaları, boyunlarından asdıqları xaçları, itaətləri , ritualları sadəcə riyakarlıqdır, digərlərinin diqqətini cəlb etməkdir. 
- Neyab, əgər dini əksər insanlar üçün vacib hesab edirsizsə niyə onda babanız bu qəbilədə xristianlığı təbliğ etmədi?
- Ay sağol, yaxşı sualdı. Əslində xristianlıq və digər hakim dinlər mahiyyət cəhətdən müsbət hal sayıldıqları halda insanların nəinki instinktiv ehtiyaclarını hətta dünyagörüşlərini idarə etmək üçün istifadə edilir . Bax bu qəbilənin inanclı insanı Bavasın sözü ilə kimsə kimisə öldürməz, Bavasın qarşısında baş əyməz, onun əlini öpməz, hər dediyini etməz. Çünki burda dini prinsiplər çox sadədir, sadəcə insanların heyvanı hissələrini idarə edəcək səviyyədə qadağalara malikdir. Digər işlərdə isə insanlar sərbəstdirlər. Dünyagörüşünü idarə etmədən insanı qul halına salmaq olmaz. Ona görə də babam da, atam da, mən də bu qəbilənin dini prinsiplərinə toxunmadıq. İndi isə başda sənin mənə verdiyin suala qayıdaq.Niyə bu adada tək yaşamağı qərara alırıq. Bunun üçün ikinci tip insanları izah edim, yaradıcı tip. Bu tip insanlar da heyvani hisslərə malik olsalar da çoxalma ilə heçbir əlaqəsi olmayan zövqlərə malik olurlar. Yəni əgər bir riyaziyyatçı ömrünü həsr edib hansısa teoremi isbat edirsə və bundan mənəvi zövq alırsa bu kimə görə edilir? Əksinə belə insanların cinsi və şəxsi həyatları çox vaxt qaydasında olmur, çünki onların fikirləri elmdə olur. Onlar işləmirlərki yaşasınlar, yaşayırlar ki işləsinlər və öz yaradıcılıq işlərindən həzz alsınlar. Bu insanlar sorğulayan insanlardırlar, bu insanlar təbiətə sirrli bir kitab, sirrli bir əsər kimi yanaşırlar. Onlara izah kifayət etmir ki Tanrı qəzəbləndi zəlzələ oldu, tanrı razı qaldı yağış yağdırdı. Onlar bunun mahiyyətini anlamağa çalışırlar, heçbir çoxalma instinkitinin bu əməldə rolu yoxdur. Onların etdikləri əməllərin əksəriyyəti sadəcə elm ehtiraslarının söndürülməsi üçün və bunun ardı olaraq cəmiyyətə nəsə elmi, texniki və ya fəlsəfi yenilik gətirmək üçün olur. Bu insanlara oğurluq etmə, xəyanət etmə, yalan danışmağa çoxvaxt ehtiyac olmur. Onlar mənfi hərəkətləri cəza qorxusundan deyil sadəcə cəmiyyətdə mənfi hərəkətlərin təsirini anlayaraqdan etmirlər, birdəki mənfi hərəkətlər adətən heyvani hisslərlə bağlı olduğundan belə insanların heç mənfi hərəkətlər etməsinə zəmin belə yaranmır. Yəqin tarıxdən xatırlayarsanki çox alimlər, şairlər sadə həyat tərzi sürüblər. Yaradıcı insanlar çox vaxt bəzək əşlayarından istifadə etmir, sadə geyinirlər, az danışırlar. Çünki onlar üçün cəmiyyətdə özünü təsdiq bir o qədər də vacib deyil. İnsan kolllektivdə olarkən özünü təsdiq etməyə çalışır, yenə deyirəm yaradıcı insanlar belə instinktlərdən və sürü psixologiyasından tam azad deyillər, cəmiyyət içində olduqları halda istər istəməz insanın hərəkətlərində digərlərindən seçilib daha öndə olub diqqət cəlb etmək aspektləri nəzərə çarpır. Ona görə də bizim nəsil bu yolu seçib burda təklikdə yaşayırıq ki sürü psixologiyasının təsirlərindən tam uzaq olaq. Ancaq bu halda insan etdiyi əməlləri digərlərinə lovğalanmaq üçün yox, paxıllıq hissindən yox, tanrılar razı qalsın deyə yox, sadəcə özü üçün edir, öz elm ehtirasına tam tabe olub, hansısa qərarlara gəlir. Bax mən bütün ömrümü burda olan kitabları oxuyub, indiyə qədər yazılanlardan, oxuduqlarımdan çıxardığım nəticələrdən həzz alıram. Amma burdan oxuduqlarımdan bilirəm ki, mədəni ölkələr də oxumaq belə özünütəsdiq, lovğalıq, üstünlük formasıdır. Çox insan sadəcə digərlərinin gözündə savadlı görünsün deyə oxuyur, evində ziyafəti cüzi hissəsini heç oxumadığı kitablarla dolu otaqda verir ki savadlı insan təəsüratı oyatsın. Səninlə mən qəbilənin dilində danışdım gördünmü, halbuki bu kitabları oxumaq üçün babam atama , atam da mənə latın,frasnız, ispan, ingilis dillərini öyrədib. Amma aristokrat cəmiyyətin üzvləri digərlərindən seçilmək üçün öz dilində yox fransızca danışır avropada məsələn. Ziaf sən mənə bu 150-160 ilin tarixini danışdıqca mən hiss etdim ki səndə də yaradıcılıq elemenltləri var, insan təfəkkürü inkişafa meyillidir, sən əlbəttə öz yaradıcılıq, sorğulamaq elementlərini inkişaf etdirməsən sərfiyyatçılardan bir o qədərə də fərqin olmaycaq. Bütün bunları sənə ona görə danışdım. Ümid edirəm nəvaxtsa materikə qayıdasan və dediklərim sənin köməyinə gələr. 
- Çox sağol Neyab maraqlı söhbət üçün, artıq Edas da gəlir, ümid edirəm yenə də gəlib sizinlə söhbət edəcəm, təşəkkür edirəm

 4

Şropin gözlədiyi kimi Naqaponun sahildən çıxmasına 1 gün qalmış poçt qutusuna Mitsevin adına düzəldilmiş sənədlər, gəmiyə keçmək üçün lazım olan təlimatlar və gəminin çıxma vaxtı, yeri haqqında məlumatlar gəlir. Şropin hamısını oxuyur , yarım saat keçdikdən sonra evin qapısından yox, pəncərəsindən gizli çıxaraq, Mitsevlə parkda gizli təyin etdiyi görüş yerinə gedir.

- Mitsev sənin ailən və gəmiyə keçmək üçün lazım olan qutu hazırdımı ?

- Hə , hamısını hazır etmişəm, gəmidə işləyən aşbazla da artıq dünən söhbət etdim. Biz anbarda gəmiyə gedəcək 4 nömrəli ərzaq konteynerində gizlənəcik. Bu qutuda gizlənməyimiz həm şübhələri azaldacaq, həm də elə qutuda olan ərzaqlarla bir müddət qidalanmağımızı təmin edəcək. Amma 12 saat ərzində bizi qutudan çıxarmağı unutma Şropin, bizim də təbii ehtiyaclarımız var.

- Yaxşı, bir yol fikirləşib tapmağınıza sevindim. Mənim Aqsis tərəfindən gəmidə hansı tapşırığı yerinə yetirəcəyim haqqda hələ məktub gəlməyib, son məktublarında bu tapşırığı gəmiyə minməzdən birbaşa əvvəl mənə veriləcəyini dedilər.

- Əgər deyiblərsə elə də olacaq. Diqqətli ol, məktubları özünlə gəmiyə mindirmə. Nom agentləri səni ifşa etməsinlər.

- Əlbəttə , bugündən mən oldum Borislav Mitsev - deyərək gülümsəyib Mitsevin əlini sıxır və ayrılmaq istəyəndə Mitsev onu saxlayır :

- Lap yadımdan çıxmışdı Şrobin ! Al bu çaxırı, bizim aşbaz bugün onunla söhbət edəndə mənə verdi. Deyir Qafqazdandı.

- Təşəkkur Mitsev.

Həyəcandan həmin günü Şropin demək olar ki yata bilmir, yalnız səhərə yaxın hər janrda yuxu görə-görə biraz yata bilir . Səhər yuxudan qalxanda isə yalnız bir epizod və yadına düşür :

"Hər yan qaranlıqdı , yoxsa gözləri görmür? Nə qədər çalışsa da əllərini ayaqlarını tərpədə bilmir. Qışqırıb kimisə köməyə çağırmaq istəyir, amma bacarmır, sanki bədənində bütün orqanlar fəaliyyətini dayandırıb, ancaq beyin oyaqdı. Qəribə bir təəsürat əslində heç bədənin heçbir hissəsini də hiss etmir. Biraz sakitləşib soyuqqanlı halda düşünməyə çalışır, amma ağlına gələn tək şey onun təcrübə obyekti olması olur. O düşünür ki onun beynini indi hansısa alimlər ancaq qan dövranına qoşaraq saxlayırlar, beyinə gələn və gedən sinirlərin hamısı kəsilib və ya hansısa hələ aktivləşməmiş bir cihaza qoşuludu. Düşünür ki indi o ancaq beyindən ibarətdi, heçnə görmür, heçnə eşitmir, heçnə hiss etmir. Ağrı da yoxdu. Ancaq fikirlər. Birdən ağlına belə bir fikir gəlir ki, bəlkə indiyə qədər yaşadıqları da elə bu beyninə verilmiş siqnallar idi, bəlkə heç reallıq əslində yoxdu, sadəcə beyinə daxil olan siqnallar hər insan üçün reallığı yaradır ? Bəlkə anası da, atası da, elə dünən görüşdüyü Mitsev də sadəcə siqnallardan ibarət olublar. Lazım olan anda görüntü siqnalı, əlini sıxanda hissiyat siqnalı verilib beyinə. Bəlkə indiyə qədər yaşadıqları hamısı sadəcə tək onun şüuru üçün hesablanmış bir teatr olub ? . İndi isə nə səbəbdənsə beyni yerləşən laboratoriyada elektrik kəsilib və bütün avadanlıqlar işini dayandırıb. Əgər heçbir hissin və heç bir hərəkət orqanın yoxdusa nə etmək olar ? Necə məlumat öyrənmək olar ? İndi ancaq hiss etdiyi vaxtdır, sadəcə boş, sonsuz bir vaxt, keçdikcə də heçnə dəyişməyən bir vaxt. Bu əslində azadlıqdır yoxsa həbsin ən son mərhələsi ? . Hər zaman kritik düşünməyə meyilli olan Şrobin bir ipucu tapmaq istəyir qaranlıqda. Məktəbdə keçdiyi riyazi tənlikləri yadına salır, həll edir, düz nəticəyə gəlir, özlüyündə belə bir qərara gəlir ki, beyin qabığı əgər hesablamanı düz yerinə yetirirsə demək yatmayıbdır, yuxu deyil. Bundan sonra necə yaşayacaq bəs ? Ancaq qaranlıq ? Bəlkə indiyə qədər yaşadıqlarını getdikcə xatırlayıb özünə bir xəyali dünya quracaq ? Düşünür ki bəlkə elə ölüm budur ? Bəlkə öləndə insan beyni xaricdən siqnal almır , yalnız yaşadıqlarına əsasən də özünə cənnəti ya cəhənnəmi qurur? Təsəvvür etməyə çalışır ki, indiyə qədər beyninə daxil olmuş informasiya və yaşadıqları xatirələr əsasında, özünə hansı bir dünyanı qura bilər ? Əgər xaricdən daha heçbir informasiya almayacaqsa yavaş yavaş özü də bu qurduğu dünyaya inanacaq. Artıq bir müddətdən sonra bəlkə özünü də aldadıb öz dünyasında adi bir insan olacaq . Bəlkə indiyə qədər yaşadıqları da elə 5-6 yaşından özünü xatırladığı uşaq da elə özü özü dünyasını yaradıbdır ? Əslində heçbir real dünya yoxdur ? Və rus matryoşkası kimi bu prosses iç-içə təkrarlarnır, Şrobin özü bu qaranlığa düşən daha əvvəl birinin yaratdığı obrazı olubdur ? Bu səbəbdən bəlkə elə hamı özünü daha vacib, həyatda hansısa missiyanı yerinə yetirməyə göndərilmiş insan kimi təsəvvür edir ?

Bəlkə düzgün yaşamağa, oxuyub öyrənməyə ona görə bu qədər əhəmiyyət verilir ki , hər bir kəs bu qaranlığa düşəndə daha geniş dünya qura bilsin özünə ? Dindar bir insan bəlkə bu qaranlığa düşüb öz təsəvvürünə görə öz dünyasını öz cənnətini qurur xəyalları ilə və orda da daimi qalır ? Amma bu qaranlığa düşənə qədər nə yaşayıbsa yalnız onun əsasında xəyallar qurulur axı, ona görə də pislik, paxıllıq, şər içində yaşayan biri bu qaranlığa düşdükdə yaratdığı dünyadakı obrazlar da elə bu xarakterdə olurlar və ona görə onun qaranlıqdaki dünyası da cəhənnəmi xatırladır ? Yəni insan günahları bəlkə bu səbəbdən elə qadağan olunur ki ,qaranlığa düşəndə hərəsi daha artmış bir obraz şəklində özünə əzab verəcəklər ? Rus-Türk müharibəsində 18 yaşında kor olan bir rus əsgərlə söhbəti yadına düşür. O deyirdiki indi onun indi təsəvvür etdikləri ancaq 18 il gördüyünün əsasında formalaşır. Məsələn Sofiyada olanda həmin rus əsgərin yanından ilk dəfə avtomobil keçir, halbuki o 1878-ci ilə qədər görməmişdi. İndi o avtomobili nə qədər başa salsan da o beynindəki avtomobili yenə də kor olana qədər gördüyü at arabası və digər texnikaların obrazında təsəvvür edəcək. Ona görə də əgər insana daxil olan bütün məlumatlar kəsilərsə insan da bütün dünyasını bu məlumat kəsilən ana qədər daxil olan məlumatlar əsasında qurur. Bəlkə heç beyin də yoxdu əslində, sadəcə şüur var? Və bu şüur da özünə dünya quran zaman öz özünü inandırır və dünyanı materiallaşdırır. Bəlkə indiyə qədər yaşadığı hər şey də elə sadəcə obrazlar olub? Və ya onun özü kiminsə yaratdığı obraz olub? İndi dünyanın quruluşunu başa düşdükdə özü də obrazlar yaradacaq. Və bu sxema piramida kimi daha böyük bir şüurun yaratdıqlarıdır ? Yəni, "heçnə yox idi, əvvəl söz var idi" deyə İncil deyirsə bəlkə elə bu nəzərdə tutulurmuş ? Yəni indi bax Şrobin üçün də heçnə yoxdu, ancaq söz var ( söz isə keçmişdən informasiya, xatirə anlamına gəlir ). Ancaq bu sözlə o öz dünyasını quracaq və öz dünyasının tanrısı olacaq ? Və bu prosses ağacların budaqlanıb şaxələndiyi kimi dövrlərlə, təkrarlanıb davam edir və hər bir şüur sonda öz dünyasını yaradır ? Amma yenə də hər şüur daha üstün süurün yaratdığı olur və özü də digər şüura səbəb olur "

Şropin yuxusu haqqında düşünərək hazırlaşmağa başlayır, bir saatdan sonra artıq portda olmalı idi .

***

Şropin porta çatdıqda Naqapoya elə ərzaq konteynerləri yüklənirdi. Onları seyr edərkən bir uşaq velosipedlə gəlib onun qabağına yerə məktub atıb uzaqlaşır. Şrobin məktubu dərhal götürüb açıb oxuyur

- Hörmətli Şropin və ya Mitsev desək daha doğru olar daha , indiyə qədər etdikləriniz qüsursuz olub, ümid edirik gəmidə də bizim tapşırıqları düzgün yerinə yetirə biləcəksiz. Vəzifəniz gəmidə 14-cü kayutada səyahət edəcək Ziaf Knab adlı bank işçisini tapmaqdır. Sizin vəzifəniz onu tapıb, onunla təsadüf dostluq münasibətləri qurmaqdır. 3-cü gecə isə saat 21-də Ziafın kayutasında oturub birgə içki içməlisiz , çalışın o tam halsızlaşana qədər içirdin, saat 23-də isə siz gəminin restoranına gedib, özünüzü dəm kimi aparıb dava-dalaş salmalısız. Çalışın Ziaf öz kayutasında qalsın həmin an. Sizin vəzifəniz bu qədər. Növbəti təlimatı siz Yaponiyaya çatanda əldə edəcəksiz.

Şropin dərhal məktubu cıraraq zibil qutusuna atır , gəminin trapına doğru irəliləyir. Sənədlərini təqdim edərək içəri daxil olur. Mitsev ehtiyyat mexanik olduğuna görə Şrobini birbaşa mühərrik bölməsinə deyil sərnişin kayutalarında ayrılmış yerinə göndərirlər.13-cü kayuta. İçəri keçir və düşünür . Təsadüf ? . Skeptik düşüncə tərzi onu belə əlamətlərə inanmamağa öyrəşdirmişdi. Əksinə özü həmişə uşaqlıqdan deyilən pis əlamətləri qəsdən edərdiki, yoxlasın görsün qara pişik keçəndə, güzgü sınanda və s. nəsə olması orta statistik ehtimalla baş verir, yoxsa bədbəxt hadisələrin ya uğursuzluqların baş vermə ehtimalı yüksəlir?. Amma bütün müsahidələrindən belə bir qənaətə gəlmişdiki bu işlərə inananlar sadəcə özləri pis bir şey gözlədikləri üçün həmin gün qarşılarına çıxan pis bir hadisəni məsələn səhər tezdən qarşılarından keçən pişiklə əlaqələndirirlər. Şropinin düşüncəsinə görə insanlar daima məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar, bunun üçün bəhanələr fikirləşirlər. Ulduz falları, ruhlar, cinlər , bədnəzər , şeytanlar onun üçün sadəcə insan zəiflikliklərinin nəticəsi idi. Çoxları pis xasiyyətdə olduğunu, pis şəraitdə yaşadığını, kiməsə zülm etdiyini öz iradəsi ilə yox kiminsə iradəsi ilə olduğunu qəbul etməklə özlərinə toxtaqlıq verib, yaxşı insan olduqları fikirlə sakitləşirlər. Məsələn cinayətkar bir oğurluq edirsə və deyirsə şeytan yoldan çıxartdı bu hansı məntiqə sığır ? Bu insanlar bir növ öz iradələrinin pis tərəflərini görünməz varlıqlara bağlayırlar. Əslində skeptik düşüncə tərzində olsa da heçvaxt insan şüurunu tam izolyasiyada olan ,sadəcə beyin hüceyrələrinin siqnal toplusu kimi qəbul etmirdi. Onun fikrincə beyin sadəcə görünməz dünya ilə görünən dünya arasında qapıdır. Şüur görünməz dünyanın beyinin məhdud imkanları vasitəsilə maddi dünyaya pəncərəsidir. O düşünürdüki beyin təsadüf rəqəmlər generatorudur. Hər bir fiziki prosses fizikanın məlum qanunlarına əsasən baş verir. Şropin möcüzələrə inanmırdı. Nəsə möcüzə kimi işlər baş verirsə belə bu da fizikanın hələki açılmamış qanunları əsasında baş verir. Uşaqlıqdan həmişə hər şeyi sona qədər analız etmək həvəsi onu bir məntiqi nəticəyə gəlməsinə səbəb olmuşdu. Hər bir fiziki hadisəni o vaxta qədər xırdalamaq olar ki, nəticədə o təsadüfə dayansın. Amma təsadüf təbiətdə mümkündürmü ? İdeal təsadüflər ola bilərmi ? Ehtimal nəzəriyyəsinə görə biz zəri atdıqda hər 6 üzün düşmə ehtimalı 1/6 qədərdir. Bu qanun atdığımız zərlərin sayı çoxaldıqca daha da dəqiq işləməyə başlayır. Yəni 6 dəfə zər atanda ola bilsin 1/6 ehtimal özünü doğrultmasın. Amma 6000 dəfə zəri atsaq demək olar ki hər üzün düşməsi 1000-ə yaxın olacaq. Amma gəlin baxaq görək bu təsadüfdürmü ? Yəni zəri atdıqda onun ilkin olaraq əlimizdəki vəziyyəti, atan zaman qüvvə, qüvvə vektoru, düşdüyü taxtanın hər dəfə fərqli səthi və s. dəyişir. Ona görə də nə qədər çox cəhd edirik üzlərin bərabər düşmə ehtimalı çoxalır. Amma çox dəqiq elə bir cihaz düzəldə bilərik ki zəri həmişə eyni qüvvə və eyni istiqamətdə atsın. Bu cihaz çox dəqiqliklə işləsə yəqinki zərin hansısa bir üzünün düşməsi daha çox olacaq. Bu nəticəyə görə o düşünürdüki əslində təsadüf yoxdur, sadəcə gözlə gördüyümüz makrodünyadakı prosseslər əslində mikrodünyadakı xırda "təsadüfi" prosseslərin nəticəsidir. Prossesləri o qədər dərinə qədər izləmək imkanımız olsa isə əvvəl axır atomları, molekulları, onların da qurulduğu hissələri və onların hissələrinin də qurulduğu hissələri araşdırsaq maddi dünyadan çıxıb sadəcə dalğa dünyasına düşərik. Yəni sonda bütün təsadüf kimi dərk etdiyimiz hadisələri idarə edən böyük bir görünməyən dalğa okeanı və ya təmiz şüur var. İnsanların və digər canlıların da beyni bu okeanın dalğalarını bizim maddi mühitə çatdırmaq üçün ən qısa yoldur. Beyin nə qədər inkişaf edirsə düşüncə okeanı ilə pəncərə daha böyük daha təhrifsiz olur. Bütün təkamülün, inkişafın məğzini bunda görürdü Şropin. Digərlərinin Tanrı dediyi Şropin üçün elə bu okean idi. Hər bir beyin isə bu Tanrının hər fərddə maddi mühitlə əlaqə üçün formalaşdırdığı qapı idi.Həm hər bir canlı üçün həyatın məqsədini, həm də Tanrını bütün canlıları yaratmaq məqsədini o bunda görürdüki Tanrı canlılar vasitəsilə görünən və görünməyən dünya arasında qapı yaradır. Bəzən kimləsə yanaşı oturanda bir birini sözsüz başa düşmənin səbəbi budur bəlkə ? Bəlkə, əslində iki fərqli insan sadəcə eyni otağa müxtəlif səmtdən açılan qapılardır ?

Gəminin buxar mühərriklərinin işə düşməsi səsi Şropini bu fikirlərdən ayırdı. Yüklərini kayutada yerləşdirib, göyərtəyə çıxdı.

***

O gəminin göyərtəsindən yavaş yavaş uzaqlaşan sahilə baxırdı. Üzə bilmədiyinə görə hər dəfə dənizə çıxanda qəribə bir qorxu hissi yaranırdı. Amma yaşadığı çətin yeniyetməlik , gənclik illəri onu qorxu hissi ilə doğmalaşdırmışdı. Qorxsa da həmişə qorxduğu şeylərə maraq göstərirdi. Bu özünə əziyyətdən həzz alma deyildi, sadəcə qorxunu araşdırmaq, dəf etmək üçün yollar axtarmaq, özündən sonrakı nəsillərə qorxduqları şeylərlə mübarizə yollarını öyrətmək kimi bir hiss idi. Qorxu hissinin üzərinə getmək olmasa idi çox böyük elmi kəşflər çox gümanki heç olmazdı. Uşaqlıqdan cəmiyyətin bütün köhnəlmiş prinsipləri ilə prinsipə girən Şropin indi də tam anlamadığı bir missiyanı öz üzərinə götürmüşdü. Mitsev ilə söhbət onu dünyanı xilas etmək fikirlərindən soyutsa da, ən azından Mitsevin ailəsini xilas etmək üçün bu riskə getmişdi.

Artıq gəmi sahildən tam uzaqlaşıb qərbə doğru tam sürətilə irəliləyirdi. Şrobin missiyanın da icrasına başlamalı idi , çünki Aqsisin məktubdakı dediklərini etməsə həyatı, həmçinin Mitsevin də ailəsinin həyatı risk altında idi. O bilirdiki ondan başqa da Aqsis agentləri gəmidə var və ona nəzarət edəcəklər. 14-cü kayutaya yaxınlaşıb, qapını döyür.

- Buyurun

- Xoş gördük, keçmək olar ?

- Əlbəttə

- Mən Borislav Mitsev, sizin qonşunuz, gəminin ehtiyyat mexaniki

- Çox gözəl cənab Mitsev, mənim də adım Ziaf Knapp, keçin əyləşin, onsuz da yolumuz hələ çox çəkəcək.

Şropin və Ziaf nahara kimi söhbət edirlər və çox ortaq maraqlarının olduğu üzə çıxır. Şropin düşünür ki Aqsis üçün bu sadə bankirin nə əhəmiyyəti ola bilər ki. Amma hər halda başqa bir insan rolu oynadığına görə məsələni tam araşdırmaq çətin olar deyə düşünür. Amma həqiqəti nə vaxtsa biləcəyinə ümid edir. Yadına düşür ki gəminin ərzaq anbarına daxil olub Mitsevi və ailəsini konteynerdən azad etmək lazımdır. Aqsis agentlərinin onu izləməsin deyə əvvəl ayaqyoluna ordan çıxandan sonra isə heç kimin izləmədiyindən əmin olub anbara doğru gedir. Mexanik olduğuna görə sənədini göstərməklə gəminin demək olar ki əksər hissəsinə keçid hüququ var idi. Anbarda 4 nömrəli ərzaq konteynerini tapır. 4 dəfə qapısına vurur. Cavabında isə Mitsev 2 dəfə içəridən döyür. Mitsevin planı hələki ideal işləyirdi. Konteynerin qapısını çöldən açıq qoyur və Şrobin özü tez anbardan uzaqlaşır.

2 gün həm Aqsisin dediklərini edir, həm də Mitsevlə gündə bir dəfə əlaqə saxlayıb lazım olanları ailəsinə anbara aparır. 3-cü gün artıq saat 20:00-da gəminin restoranına gedib içki almaq istəyir, lakin yadına düşür ki Mitsevin verdiyi çaxır çantasındadı və onu elə çıxardıb Ziafın kayutasına keçir. İçki məclisi o qədər qızışır ki, bir də yadına düşür ki artıq saat 22:50di , gəminin restoranında dava-dalaş salmaq vaxtıdır. Ziaf artıq demək olarki tam halsız , yuxulu idi. Ayaqyoluna çıxmaq adı ilə Şropin kayutadan çıxıb restorana tərəf gedir. Restorana daxil olub ucadan mahnı oxumağa başlayır. Ətrafında bir neçə xanım oturmuş hərbi formada şəxsə yaxınlaşıb, xanımlardan kimləsə rəqs etmək istədiyini söyləyir. Kənardan onu aralamaq istəyən restoran işçilərinə hərəsinə bir-iki dənə ilişdirir və restoranda çaxnaşma başlayır.

Şropin növbəti gün özünə gələndə artıq kayutasında idi, saata baxır nahar vaxtıdı. Dünənki hadisənin davamını necə bitdiyini nə qədər xatırlmağa çalışsa da heçnə alınmır. Əzgin, bütün bədəni ağrıyırdı. Bir təhər özünə gəlib, Ziafın kayutasına keçir. Qapı bağlı idi. Nə qədər döysə də açan olmur. Fikirləşir ki yəqin o da hələ içkinin təsirindən tam ayılmayıb və yatır. Axşama qədər kayutasında qalın dincəlir özünə gəlir. Sonra yenə Ziafın kayutasına baş çəkir. Deyəsən Ziaf həqiqətən də yerində yox idi. Qulluqçudan onun otaqdan çıxıb çıxmadığını soruşur. Qulluqçu deyir ki Ziaf Knapp dünən gecə siz çıxandan sonra bir nəfərlə dəm halda söhbət edə edə kayutadan çıxdı və sonra hələki yerinə gəlməyibdir. Həmin gün axşam anbara gedir və Mitsev ailəsi ilə birgə yerində olmadığını aşkarlayır.

Nə qədər çalışsa da gəmi Yaponiyaya çatana qədər nə Ziaf nə də Mitsev haqqında heçbir əlavə məlumat öyrənə bilmir.

Gəmi Yaponiya sahillərinə yaxınlaşdıqca Aqsisin planlaşdırdığı qəza olduğunu gözləyir. Lakin heçnə baş vermirdi, heçbir əlavə tapşırıq və ya məktub gəlmədi.

Yaponiyaya çatır və sahildə gəzişir. Nə edəcəyini bilmir. Çünki başqa bir təlimat yox idi. Missiyasının da nə olduğunu tam anlaya bilməmişdi. Sahildə gəzişərək üzərində aS simvolu olan nəsə axtarır ki növbəti təlimatı tapsın. Birdən gəminin yan aldığı yerə yaxın işıq dirəyinin birinin üzərində aS simvolunu görür, dibini qazıb məktubu çıxardır , bu dəfə məktubda həmişəkindən dəfələrlə çox, öz həyatını tam qura biləcək səviyyədə pul var idi , məktubda yazılmışdı :

" Şropin yəqin ki hələ tam hər şeyin necə olduğunu başa düşmürsən. Sənə indiyə qədər Aqsis adından məktubları yazan mən Mitsev olmuşam, əslində Aqsis deyilən təşkilat yoxdur . Naqapo isə sadəcə bir ticarət gəmisi idi, hansıdakı Ziaf Knapp adlı bank işçisi anbarda 3 nömrəli konteynerdə Yaponiyaya qızılla dolu seyf aparmalı idi. İndi bank anbarda qızılların itdiyini, Ziafın Yaponiyaya çatmadığını aşkarlayanda böyük qalmaqal başlayacaq, ilk növbədə onunla əlaqədə olan Mitsev adlı mexaniki yəni üzdən səni, sənədlərdə isə məni axtaracaqlar. Odurki sən mənim sənədlərimi məhv elə və sənə saxladığım pul ilə öz adınla yenidən Şropin həyatına davam et. Çox güman ki, tədqiqat belə bir nəticəyə gələcək ki , Ziaf qızıllarla birgə xilasedici qayıqla gəmidən qaçıbdır. Narahat olma Ziafla mənim çoxdankı əlaqələrim və haqq-hesabım var idi. O sənə verdiyim içkinin təsirindən özü də ayılanda artıq tamam başqa dünyaya düşəcək. Nə səni, nə məni bu işdə günahkar görməyəcək. Mən qəddar deyiləm, sadəcə bu etdiklərimin səbəbi  2 il əvvəl banka borcum olduğuna görə  məni və ailəmi çöldə qoyduğu üçün Ziaf və onun işlədiyi bankdır . Sən isə bağışla səndən istifadə etdim. Amma səni daha tanıyan olmayacaq. Məni axtarmağa çalışma. Polisə də bu haqqda məlumat versən bilirsənki sənin özünü bu işdə əlin olduğu üçün çox incidəcəklər. Səninlə nə vaxtsa dost kimi yenidən görüşəcəyimizə əminəm. Özünə yaxşı bax. Ailəmə kömək etdiyin üçün təşəkkür. Borislav Mitsev"

SON


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

Elnur Osmanov
Haqqında
Hər kəs ona verilən qədər yox, daxilindəki qədər azaddır
Əlaqə
Tel.:
+994558390527
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0439 saniye