Mazut qoxulu sevgilim...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 01:26 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Ovuc içindəki xətləri
daha qabarıq idi.
Torpağın altında qalmış
ağac kökü qədər sərt...
Və yumruqları daha böyük idi
bütün qüvvəsi əlində toplanmış kimi...

Dırnaqlarının ətlə birləşdiyi yerdə
qara cizgilər yol salmışdı
zəhmətdən yaranmış kimi...

Şimşək çaxması kimi
gurultulu gözləri
sanki, illərin əziyyətini danışırdı...

Texnika dilində danışmağı bacarardı
Bunu sənət edinmişdi özünə.
Təhsilini bitirib,
bu sahədə çalışmışdı düzünə...

Hər görüşünə gələndə
sanki, gövdəli sərt bir ağaca sarılırdı bədənim.
Heybətindən güc alıb
Vüqarına bir daha vurulurdu ürəyim...

Bir dənizdən alardım
qoxusunu
bir də özündən.
Sarıldığım vücudu əmək qoxuyardı...

Sənəti hopmuşdu canına
sevirdi onlarla uğraşmağı
yaralı bir adamı sağaldan həkim  misalı...
Yenidən həyata qaytarardı
yüksək qabaritli yük daşıyıcılarını...

Neft barındıran dənizə yayılan qədər
Yayılmışdı qanına mazut qoxusu.
Boynuna sarılanda burnumu dayayıb
qoxuladığım olmuşdu mazut qoxusu.

Əlləri qara, ruhu təmiz- sevdiyim,
"mazut qoxulu sevgilim"

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0551 saniye