Məlalə – cəhalətə qalib gələn əzm!
Fərrux Rəhimli tərəfindən "Məşhurlar" bolməsinə 12:43 06 may 2018 tarixində əlavə olunmuşdur

Cahil adlandırılan insanların əsas xüsusiyyəti keçmişlə yaşamağı, yeniliyi qəbul etməməyidir. Bu tip insanlar keçmiş zamanlarda olanları, danışılmış nağılları, eşitdiyi və ya şəxsi düşüncələrini digər insanlar arasında yeritməyə çalışırlar. Yenililiklərə qarşı çıxmaq, müasir dünyayla ayaqlaşmamaq, fərqlilikləri qəbul etməmək onların ümumi xüsusiyyətləridir. İndiki dövrdə “cahil” sözü "bilməyən" mənasını ifadə etmir, daha çox "bilməyin əleyhinə olan" mənasında işlənir. Artıq çağımızda bilməmək imkanı yoxdur. Bu günün cahilliyi yalnız eqoistlikdə özünü göstərir. İnsanlar eqoist olduqda araşdırma etmir və mövcud biliklərini saxlamağa çalışırlar. Onlar öz biliklərinin qiymətli olduğunu hesab edir, yalnız özlərini düşünür. Əksinə, insan beyni hər gün yeni bir informasiya qəbul etmədikdə, köhnə fikirləri onu üstələyir. İnsanın savadlı, cahil ya yenilikçi olmağında, cəmiyyətdə müəyyən mövqeyə gəlməyində əsas məsuliyyət ailənin – ata və ananın üzərinə düşür. Ata və ana uşaqla ünsiyyət quran ilk insandır. Uşaq yetkinlik yaşına çatdıqda, həyatı dərk etməyə başladıqda isə ilk olaraq ata və anasını özünə nümunə götürür. Cəmiyyətə faydalı övladların yetişməsi üçün ailə üzvlərinin təhsilli olmağı önəmlidir. Uşaq tərbiyəsində ana böyük rol oynadığı üçün qadınların təhsil alması kişilərdən daha vacibdir. Çünki elə kişiləri də cəmiyyətə qazandıran qadındır – anadır. Hal-hazırda dünyada təhsilli, yüksək mövqelərdə dayanan qadınlar şükürlər olsun ki, artmaqdadır. İndi isə sizə hələ kiçik yaşlarından məşhur olmuş, təhsil almaq uğrunda ölümə meydan oxuyan balaca bir qızcığaz barəsində danışaq. Bu qızcığaz Pakistanda təhsil almaq hüququnu müdafiə etdiyi üçün Taliban terroristləri tərəfindən vurulan həmin o qızdır. “Qadınlarla kişilərin yan - yana oturmadıqları müddətcə heç bir mübarizə uğurlu ola bilməz. Dünyada iki güc vardır; biri qılınc, digəri qələm. İkisindən daha qüvvətli olan, üçüncü güc isə qadınların gücüdür” – deyə hayqıran, kiçik olsa da, böyük xəyalları, əzmi olan bu qız.

İdealist atanın qəhrəman qızı  

“Mən doğulanda kənd əhalisi anamın halına acımış, heç kim atamı təbrik etməmişdi...” bu sözləri 2014-cü ildə “uşaq və gənclərə qarşı zorakılıq əleyhinə mübarizəyə və uşaqların təhsil almaq hüququ uğrunda fəaliyyətlərinə görə” Nobel Sülh Mükafatına layiq görülün, 17 yaşında ən gənc laureat olan Məlalə Yusəfzay öz həyatından bəhs edən “Məlalə-mənəm” adlı kitabın birinci fəslində qeyd etmişdir. Qadınların onsuz da ikinci dərəcəli vətəndaş rəftarına məruz qaldığı, yaxın zamana qədər bir çox ölkələrdə siyahıya alınmadığı, qadın olmağın onsuz da böyük çətinliklər doğurduğu dünyada Paştun ailəsində qız uşağı dünyaya gətirmək utanc mənbəyi sayılır. Puştunlar və ya Paştunlar — kompakt şəkildə Əfqanıstan İslam Respublikasında, Pakistan İslam Respublikasında və İran İslam Respublikasında yaşayan xalqdır. Sayları təxminən 49 milyon nəfərdir. Danışdıqları dil İran dillərindən biri olan puştu dilidir(2). Məlalə öz kitabında həyatı ilə əlaqədar aşağıdakıları qeyd edir: “Oğlan övladın doğumunun silahlar atılaraq bayram edildiyi, qız uşaqlarının isə örtüklərin altında gizlədildiyi, həyatdakı rollarının sadəcə yemək bişirmək və uşaq doğmaq olduğu torpaqlarda dünyaya göz açmış bir qız...” Puştun ailəsi üçün kədərli sayılan bu gündə Məlalənin ailəsini təbrik etmək üçün gələn bir-iki nəfərdən biri də atasının əmisi oğlu Cihan Şir Xan Yusəfzay idi. O, ailəni təbrik etmək üçün xeyli miqdarda pul və Yusəfzay nəslindən sadəcə kişilərin adının yazıldığı şəcərəni hədiyyə gətirmişdi. Məlalənin atası şəcərənin üstündə öz adından sonra incə cizgi çəkir və ucuna “Məlalə” yazır, beləliklə bu qızda qeyri-adi qabiliyyət olduğuna olan inancını bir daha dilə gətirir. Qızına Əfqanıstanın ən böyük qadın qəhrəmanı olan Maivandlı Məlalənin adını qoyan ata evlərinə gələn hər kəsə o cəsur qəhrəmanın hekayəsini danışır və qızına onun adını qoyduğunu qürurla vurğulayırdı. “Uşaqlıqdan bəri atamın məktəb açmaq xəyalları olsa da imkanı olmadığı üçün bu xəyalına qovuşa bilmirdi. Elmdən daha mühüm heç nə olmadığını düşünən atam çox ağır şəraiti olan məktəbdə oxusa da, bu imkanı əldə edə bilməyən milyonlarca uşaqdan daha şanslı idi. Təhsil almaq atama bəxş edilən böyük imtiyaz idi. Zəngin, kasıb, qız, oğlan - bütün uşaqların təhsil almaq hüququnun olduğuna inanırdı atam... Onun xəyalındakı məktəbin partaları, kitabxanası, kompüterləri, divarların rəngarəng afişaları və ən əsası tualeti var idi.” Atasının sonralar qurduğu məktəbdə təhsil alan Məlalənin isə daha böyük hədəfləri var idi. Yaxşı təhsil almaq, həkim olmaq və insanları xilas etmək istəyirdi. O, indi daha çox insanı xilas etmək üçün həkimlərə də, tələbələrə də, müəllimlərə də kömək etməyə qərar verib. Keçən il universitetə daxil olub, fəlsəfə, politologiya və iqtisad üzrə təhsil alır. Dünyanın ilk müsəlman qadın baş nazirini seçən Pakistanın ən gənc baş naziri olmaq istəyir. Yəni bütün ölkənin həkimi olmaq. Çünki onun sözləri ilə desək (3): "Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə çıxış yoludur."  

Ədəbiyyat:   1. Malala Yusufzay, Christina Lamb “Ben Malala”  

2. https://az.wikipedia.org/wiki/Pu%C5%9Ftunlar  

3. http://barisozcan.com/23-nisanda-sihirli-bir-kalem-diliyorum/  

Günel Əsədova, Fərrux Rəhimov// moderator.az


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0409 saniye