Mən kiməm ?
Vüsal Hacıyev tərəfindən "Esse" bolməsinə 14:41 18 may 2014 tarixində əlavə olunmuşdur

Bu sualı heç kəsin duymayacağı pıçıltı ilə tələffüz etməyə başladım. Otağa qəribə sakitlik çökmüşdü. Sanki hər şey bütün əşyalar məni  müzakirə etməyə hazırlaşırdı. Qapını yaxşı-yaxşı bağlayıb  pəncərələri örtükdən sonra, otaqda demokratik vəziyyət elan etdim. Rəfdəki kitablar və qəzetlər konstitusiyadan demokratiya sözünü  axtarmağa başladılar. Lakin bu vaxt notebookun batareyası zəiflədiyi üçün özündə cəsarət tapdı və pıçıltı ilə  bu sözləri dedi:

         ESCAPE..Həmişə uzaqlaşmaq istəmisən mənfi emosiyalardan, bədbin insanların  ədalətsiz  proqnozlarından  müayinəsiz  diaqnozlarından. Bəzən özün də əlini alnına qoyaraq, gözlərini qaranlıqdakı ən uzaq balaca ulduza zilləyib həyatın mənasını axtarmağa çalışıbsan. Buludlar arasından xilas olan yeni doğulmuş ay qaranlıqda itirdiyin ulduza görə təsəlli verib sənə. Qaçmağa çalışıbsan iki üzlü insanların səmimi sözlərindən. Bütün situasiyaların kənarında dayanaraq barmağı tətikdə olan əsgər kimi Escape tuşunu həssaslıqla istifadə edibsən. Dostum , mənim ədalətimə çox güvənmə çünki belə etsən tənhalıqla üz-üzə qalarsan.

         Enter...Səni tək qalmağa qoymaram. Həmişə ağlının bir küncündə duraraq yeni maraq sahələri yaradıram. Nəsə elə dostum, nəsə elə ! deyərək müxtəlif ideyalar axtarışına təhrik edirəm. Bu vaxt  müxtəlif layihələr, tv ssenariləri və s.yaradırsan . Roman yazmaq sevdasına düşürsən . Lakin məni bağışla bütün bu ideyaların kağız üzərində qalır həyata “enter” etməyi bacarmıram. Bəzən bütün günü xobbinə həsr edirsən. Elektronika hissələri ilə xəyallarındakı FM verici dövrəsi hazırlayırsan  300-350 metr yayımlananda dünyanın ən xoşbəxt adamı sən olursan.

         Delete...Həmişə sıfırdan başlamaqda sənə kömək etmişəm. Hər şeyin sıfırıncı nöqtəsi səni maraqlandırıb. Bəzən bütün cızma-qaralarını bir yere yığıb Ctrl+A+Delete etmək istəyibsən. Sonradan bəzilərini bərpa etsəndə  bəziləri üçün peşman olubsan. Elə hadisələr, elə şəxslər və elə duyğular var ki hələ də delete altındadır.

         CAPS LOCK...Son vaxtlar çox az-az görüşürük. Əvvələr başına gələn hər hadisəni, görüşdüyün hər şəxsi Böyük hərflərlə yaddaşına yazardın. Böyütdüyün insanların əslində çirkin gözəllər olduğunu biləndən sonra isə böyük hərflərlə yazmaqdan ehtiyat etdin. Gözündə böyütdüyün insanların siyahısı tədricən azalır. İndi səni təəcübləndirən hadisələrə də az-az təsadüf edilir.

         Probel...Çox təəssüf  ki, bizim dostluğumuz bir qayda olaraq alınmır. Sənin fasiləsizliyin zəhmətkeşliyin  və inadkarlığın bizim münasibətləri həmişə korlayıb. Bəlkə sənin mənim qədər qayğına qalan yoxdur. Bu vaxt notebook öz sözlərini yekunlaşdırdı.

         Kitab və qəzetlər deyəsən konstitusiyanın 47-ci –söz azadlığı maddəsini tapdıqları üçün sevinirdilər.Lakin qəzetlər danışmağa başlayanda qrammatika kitabları cümlələri  və orfoqrafik xətaları redaktə etməyə başladılar, qəzetlər isə kitab müəlliflərini qərəzli olmaqda günahlandırdı.

         Səbirli olmağım ilə həmişə fəxr etməyimə baxmayaraq bu gün onların danışığını təqdim etməklə sizi sınağa çəkmək fikrim yoxdur. Qapıları və pəncərələri açdım  ki, bəlkə içəridəki demokratiya ab-havası bayıra da çıxdı.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Vüsal Hacıyev
Haqqında
Jurnalist
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0217 saniye