Mənasız
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 20:41 02 aprel 2018 tarixində əlavə olunmuşdur

                                                                      Mənasız...

             İlk dəfə uzun bir yol qət etmişdim. Xeyli adamla görüşüb onların üz ifadəsini görmüşdüm. Amma nə qədər cəhd etsəm də, istədiyimə nail ola bilmədim. Fikirləşirdim ki, axı niyə mənim sözlərim kiməsə təsir edər? Axı mən bir məktubam. Ağ, üzəri qara sözlərlə ləkələnmiş bir kağızam. Axır-əvvəl bir şəxs məni əzib bir kənara atacaq.

                Hər məktub kimi məni də yazmağa başladılar. Lələyin ucu mənə dəyib dururdu. Yazan şəxsin çox ciddi üzü diqqətimi çəkdi. Onun yazdıqlarını mən oxuyub, dərindən anlayırdım. O, düzgün yolu seçmişdi. Onun təmkinli üzü getdikcə məni həyəcanlandırırdı. Sanki yazdığı baş tutmasa, dövləti məhv olar. Mən də onunla razı idim. Ümidvaram ki, diləyimizə nail olarıq. O, məni buz kimi soyuq əlləri ilə bağladı. Birdən mən qeyri-ixtiyari olaraq ağrı hiss etdim. Sanki kimsə iti uclu iynəni mənə batırdı. Düşünürəm ki, bu caynaqlar idi. Lakin tez bir zamanda mən ağrını unutdum. Özümü göydə bir quş kimi hiss etdim. Hava axını mənə çox sürətlə dəyirdi. Bir anlıq qorxdum ki, bu külək məni yaralaya bilər. Çünki artıq cırıldayan bir səs qulağıma dəydi. Amma buna baxmayaraq yaxşı ki, möhkəm bir parçadan düzəlmişəm. Yolun xeyli hissəsi sakit keçirdi. Birdən necə oldusa aramsız şəkildə silkələnməyə başladım. Mən çox vaxt buna fikir vermirdim. Lakin qəflətən məni kimsə baş-ayaq fırlatdı. Göyərçin səfeh hərəkətlər edirdi. Çox qəribə tərzdə uçub nəyə isə dəyirdi. Birdən ağır bir zərbə endirildi. Qəribə səslər qulağıma çatdı. Göyərçinin səsi isə çarəsiz və qorxmuş eşidilirdi. Mənim gözümün qabağından qara rənglər keçirdi. Qara rənglər hər tərəfdən göyərçinə maneə törədirdi. Onu yerində saxlayır, vururdu. Sonra məni kimsə bütün gücü ilə dartmağa başladı. Az qala cırılıb ölərdim. Amma xoşbəxtlikdən göyərçin buna imkan verməyib, həyatımı xilas etdi. Bu an məsələnin nə yerdə olduğunu anladım. İri, qəddar və iqtidarlı qartallar göyərçini dövrəyə almışdılar. Birdən bu ağ, günahsız quş sürərlə aşağı enməyə başladı. Onun ölü və ya diri olduğunu ayıra bilmirdim. Necə oldusa özümü bu caynaqlardan azad hiss etdim. O, məni kiminsə kobud əllərinə atdı. Bu vaxta kimi mən göyərçini izləyirdim. O, sadəcə olaraq uçub getdi. Bu kobud əl isə məni açmağa başladı. O, sözləri oxuyan kimi qaşlarını çatdı. Mən bu anı səyahəti başlayandan gözləyirdim. Bu ifadə isə məni qorxutdu. Birdən o, yazılanlardan imtina etsə... Onda nə baş verər? Yox! Axı imtina etmək mümkün deyil. Bəlkə o, yazını aydın görmür. Əslində günəşin parlaq, saf şüası mənim üzərimdəki hərfləri aydın göstərirdi. Bundan sonra o, məni daha da heyrətləndirdi. Sadəcə dişlərini ağartmağa başladı. Bəlkə, sevinirdi ki, sülh bağlanacaq. Amma mən onun gülüşündə hiyləgərlik, qəddarlıq sezdim. O, əlini yelləyib digərlərini çağırdı. Onlar da ona qoşulub sırtıq-sırtıq gülməyə başladılar. Nə baş verdiyini mən anlamırdım. Məni kiminsə əlinə verdi. Ona əmr etdi ki, bir lələk götürüb dediklərini əlavə etsin. Yenidən lələyin ucu mənə toxunurdu. Amma bu dəfə lələk çox kobud hərəkət edirdi. Çünki yazan şəxs həyəcandan sərt şəkildə lələyin ucunu üzərimdə gəzdirirdi. O, yaza-yaza mən oxuyurdum: “Biz, sizin istəyinizi rədd edirik. Döyüşərək sizin əsgərlərinizi məhv edəcəyik. Torpaqlar bizim olacaq. Son nəfəsimizə qədər mübarizə aparacağıq.” Mən oxuduqca ürəyimin təşvişdən donduğunu hiss etdim. Həyatımda ilk dəfə belə vəziyyətlə qarşılaşmışdım. Sülhdən boyun qaçırmaq, müharibəni davam etməyi mən heç vaxt anlamıram. Bu insanlar müharibəni davam etməklə nəyə nail olurlar? Əslində, yeni torpaqları əldə etməyin yaxşı, hətta əla tərəfləri var. Amma əgər bu çoxlu itkilərə, ölümlərə, insanın məhvinə gətirib çıxarırsa, onda niyə bu qədər əziyyət çəkmək lazımdır? İnsanlar bir-birini öldürüb yeni torpaqlar əldə edirlər. Bu mənim üçün həmişə müəmma kimi qalacaq. Kişi isə məni kobud ələ verdi. Göz gəzdirib, məni sadəcə olaraq yenidən bükdü. Sonra isə mən yola düşdüm. Hələ də özümdə deyildim. Yenə də bu uzun, ağır və hətta ölümlə nəticələnə bilər cığırla getməli idim. Lakin bu dəfə hər şey daha yüngül keçdi. Həmin caynaqlar məni əzmədi, küləyi də hiss etmədim. İşıqsız bir yerdə idim. Təkcə xırda deşiklərdən nur gəlirdi. Bir fərqə də diqqət etdim ki, mən ora-bura hoppanıb düşürdüm. Çox kobud səslər qulağıma çatırdı. Sanki kimsə ayağını yerə sürətlə çırpırdı. Adamın səsi də gəlirdi. Yenidən avaz qulağıma çatanda ip ucu kimi oldu. Axır ki, mən anladım. Sürətlə çapan atın üzərində idim. Adam onu vurduqca o da səsini qaldırırdı. Zülmətdən işığa çıxan kimi bu bezdirici səyahət bitdi. Məni nəm əllərə verdilər. Açan kimi üç nəfəri gördüm. Birinin üzü həyəcandan qırmızı rəngə çalır, digəri dişlərini bir-birinə sıxıb ağır-ağır nəfəs alır, məni tutanın isə tamamilə yaş əlləri var idi. Oxuyan kimi onların üz ifadəsi daha da dəhşətli günə düşdü. Mən, indi nə baş verəcəyini təsəvvür edə bilmirdim. Sadəcə olaraq heç təsəvvür etmək də istəmirdim.

            Mən hal-hazırda qırılmış, əzilmiş, qırmızı ləkələrə boyanmış və sonuncu nəfəsimi verərək irəlidəki mənzərəni neçənci dəfə seyr edirdim. Göydə ağ göyərçinin üstünə cummuş, qara rəngdə, özündən razı qartallar dövrə vururdular. Düzənlik qırmızı, artıq sinəsi əbədi olaraq enən, heykəl kimi gözləri bərəlmiş cəsədlərdən ibarət idi. Onların tünd qırmızı, hətta qara rəngə çalan mayesi yaşıl otları rəngləmişdi. Heç bir tərəf qalib gəlmədi. Budur insanların yaratdığı ilk faciə. İnsanlar hər hadisənin yaxşı olduğunu sanaraq, dəhşətli nəticəyə gözlərini yumurlar. Bəlkə də mən müharibəni dayandırmağa çalışan ilk məktub deyildim və axırıncı da olmayacağam. Bilirəm ki, bu sözləri bitirəm kimi əbədi yuxuya qərq olacağam. Amma gələcəkdə insanların bir də belə səhvə yol verməyəcəklərini görərək ölmək istərdim.

                                                                                                           Əlişli Çinarə 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0626 saniye