Məndən daha cəsur olmağı bacaran tanımadığım birindən
Nihat Atabəyli tərəfindən "Hekayə" bolməsinə 11:22 28 mart 2016 tarixində əlavə olunmuşdur

Səhər uzun bir gün məni gözləyir deyə həyacandan yuxum gəlmir. Hava limanı, təyyarələr, Pekin, texnologiya. Bütün bunlar mənim üçün illərlə xəyalım olacaq qədər vacib olub. Üç illik magistr haqqda düşünərkən ağlıma iki şey gəlir. Geriyə dönərkən iyirmi yeddi yaşımda olacağım və arxada qoyduqlarım üçün peşiman olmayacağımdan əminliyim. Əslində hələ də gec deyil. Səhər yuxudan oyanıb aeroporta deyil onların yaşadığı küçəyə də gedə bilərəm. Çindəki təhsilim əvəzində onu seçməyim o qədər də pis seçım olmaz. Lakin eqo məni məhv edir deyə mən ondan ayrılma səbəbimi təhsilimə bağlamalı oluram. O isə getdi. İki il öncə etdiyi kimi. Heç nə demədən, heç bir xatirə qoymadan. Yalnız susan cümlələr mənə onu xatırlada bilər ki, onların da deyəcək o qədər sözü qalmayıb. Hər gün yatmazdan əvvəl onu düşünərək nə qədər axmaq olduğumu özümə sual verməkdən hələ də bezməmişəm. O itirələcək biri deyildi. Lap ilk gördüyüm gündən fikrimi özünə istəmədən çəkdiyi kimi indi də istəmədiyi təqdirdə düşşüncələrimin mərkəzinə qonurdu. Bəlkə də heç xəbəri belə yoxdur ki, bu an onu düşünən biri var. Onun o saf, hələ də həyatın murdarləqlarını tanımayan uşaq siması... Onu bir daha seyr etmək üçün nələrdən keçməzdim?! Bakıdakı son günümdə bu istəyə biləcəyin axırıncı arzum da sayıla bilər. Ancaq inanmıram ki, mən bir də ingilis dilini öyrənməkdən ötrü getdiyim kurslardan birində ona rast gəlim. Müəllimin verdiyi tapşırıqları unudaraq gizlicə onu izləyəm. Və hər baxışımda bir daha əmin olam ki, Tanrı özü şəxsən onun üz cizgilərini ifadə etmək üçün aylarla vaxt sərf edib. Bilirəm ki, böyük bir səhfə yol verirəm. Səhər onu tapıb həf şeyi izah edərsəm geri qaytarmaq şansımın olduğundan da əminəm, ancaq nə etmək olar?! Mənə qalib gələn mozaxizm qarşısında yenə acizəm.

Günəşin ilk şəfəqlərində evi tərk edirəm. Kürəyimdəki səyahət çantamda belə onun rəsmləri var. Bilirəm ki, planlarım alt- üst olacaq, ancaq özümə hava limanına yox onun hər səhər universitetə getdiyi küçəyə istiqamət almaqda mane ola bilmirəm. Kənardan onu izləməkdən bezincə heç bir şey demədən qarşısına keçib ardıcıl üç dəqiqəni onun qəhvəyi gözlərinə baxıb, əslində mənim üçün nə qədər vacib olduğunu ifadə etməyə çalışıram. Və onun planetə sülh gətirəcək qədər gözəl olan təbəssümü mənim bütün suallarıma cavab verir. Kənarda ancaq qazet satışı üçün nəzərdə tutulan köşkdən su alıb onunla birlikdə qalmağa qəti qərar verirəm. Yol boyu Tanrıya məni belə bir incəlik ilə qarşılaşdırdığı üçün dəfələrlə təşəkkür edir və o duymasın deyə sevincdən doğan bütün həyacanlarımı ört- basdır etməyə uğursuz cəhtlər göstərirəm. Və birdən qarşıdan gələn stuardessa geyimli xanım mənə yaxınlaşaraq 

-“Bu da sizin su”

 deyərək filmlərdəki həmin məhşur süni təbəssümünü göstərir. Plastik stakanı alıb təxəyyülümün işini dayandırıram. Ekonom klasda mənlə birlikdə uçan insanlara baxıb bir anlıq təsəvvürlərimin  gerçək olması üçün az qala Tanrıya inanmaq həddinə belə çatdığımda başa düşürəm ki, artıq çox gecdir. O, xatirələr və birlikdə qura biləcəyimiz gələcək çoxdan məhv olub. Bəlkə də üç il sonra buralara döndüyümdə mən əvvəlki şəxsdən heç nə ilə fərqlənməyəcəm. Sadəcə vaxt öz işini görmüş olacaq. Mənə bir, iki yeni bacarıq ona isə bir neçə övlad bəxş edəcək. Məndən daha cəsur olmağı bacaran tanımadığım birindən.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+19=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0416 saniye