Məni də seç - selektiv abortlar.
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 16:57 17 aprel 2019 tarixində əlavə olunmuşdur

USM - ultrasəs müayinəsi çıxandan bu yana onsuz da cəmiyyətimizdə istənilməyən qız övladlarının elə ana bətnində selektiv, yəni seçilmə yolu ilə abor, xaric edilməsi qətliyamı başladı. USM-dən öncə doğulan və istənilməyən qız övladlarını hətta diri-diri basdıranlar da olub. Əlqərəz, cəmiyyət heç də biz istədiyimiz kimi inkişaf etmir, əksinə geri qalır. Keçən həftə bir paylaşımda gördüm ki bir qadın həkimə müraciət edərək, bətnindəki əkizlərdən birini abort etdirmək istəyini bildirib. Səbəbsə, əkizlərdən biri qızdır və bu qadının artıq qız övladı var deyə, bu bətnindəki ona lazım deyilmiş. Həkim isə yazışmadan məlum olur ki, buna razılıq vermir. Halbuki tibbi cəhətdən bətindəki döllərin hər hansı birini digərindən asılı olmayaraq, xaric etmək mümkündü. Görünür həkim bu cür "cinayətə" barmaq qoymaq istəməyib. Heç də hər kəs pul üçün Hippokrat andından keçib, vicdanını satmır. Buna da şükür. Nəsə, uzun sözün qısası. Qadından asılı olmadığı halda, kişinin "x" və "y" xromosomu nəticəsində dünyaya gələn övlad qız olduğu üçün istənilmir. Əvvəllər günahı sırf qadında görürdülər ki oğlan doğa bilmir. İndi bəziləri məlumatlanıb və bilir ki qadında yalnız "x" xromosu olur, cinsiyyət kişidən asılıdır. Amma bu da heçnəyi dəyişmir. Bir məsələ də var ki heç də həmişə günah kişilərdə olmur. Bəzən heç kişinin xəbəri olmadan qadın özü qız övladından bu yolla imtina edir. Nəymiş, kişinin qızı oğlan istəyir. Gülüncdür. Yadımdan çıxmaz, mən uşaq olanda məhəllədə hamının oğlu vardı, bircə atamdan savayı. Atamla "güya" zarafatlaşırdılar ki, keç dur qıraqda sənin oğlun yoxdu. Biz oğul atalarıyıq. İllər keçdi, aylar ötdü, həmin ataların övladlarının çoxu narkotik düşkünü, qumarbaz, yaxud avaraya çevrildilər. İndi özləri utandıqlarından adam üzünə çıxmırlar. Yəqin ki atamda çox kişilər kimi oğul atası olmayıb istəyib. Amma mən indiyə kimi "Kaş sənin yerinə oğlum olaydı" cümləsini ona dedirtməmişəm. Qız övladına pul mənbəyi kimi baxanından tutmuş, həddi-buluq yaşına çatan kimi təhsildən ayırıb, tez-bazar ərə verən valiyenlərimi deyim, ya dəfələrlə abort edib, sonra oğul doğuzduranlarınımı? Əsr olub 21, il olub 2019, biizim vəziyyətimizə baxın. Hara gedirik biz belə? Bayaq "cinayət" sözünü işlətdim. Səbəbsə, döl 3 aylığından başlayaraq artıq əl-ayaq və ruh sahibinə çevrilir. Uzun sözün qısası, bətində artıq bir adam var və sən onu abort etdirirsənsə, deməli cinayət işlədirsən. Qanunvericikdə bunun üçün xüsusi maddə yoxdur. Sadəcə 3 ayını keçmiş halda çox zaman abort etmirlər, çünki qadının yenidən ana olmaması riski çox yüksək olur. Bunu da gözə alıb, dəfələrlə abort etdirənlər var. Neçə il bundan öncə heç yadımdan çıxmaz bir kişi oğlan üçün qadınını dəfələrlə doğuzdurmuş, 7 ya 8 qızdan sonra bir oğlu doğulmuş. Bu oğul da qadasın aldığım, 18 yaşına çatıb, valideynlərinə bildirmişdi ki "Bəs mən cinsiyyətimi dəyişdirirəm, həyatımboyu qadın olmaq arzusuyla yaşamışam". Kişi bu söhbətdən sonra dünyasını dəyişdirmişdi. Mən bu məsələləri yazmaqla heç kimi qız övladı dünyaya gətirməyə təşviq etmirəm. Seçim həmişə sizindir, çünki bu həyatı siz yaşayırsız. İstəyərdim ki ultrasəs müayinəsi zamanı cinsiyyətin bildirilməsi qadağan olunsun. Ancaq digər tərəfdən də düşünürəm ki bu qadağa həyata keçsə, qız övladı istəməyənlər canını qurtarmaq üçün başqa yollara əl atacaqlar. Onsuz da doğum evində qız övladından doğuşdan sonra o qədər imtina edənlər var. İş daha kəskin tərəflər ala bilər. Bunun üçün dövlət qurumları və cəmiyyət əl-ələ verib, çox şeyi dəyişdirməlidir. Lakin zaman da bu işdə yardımçı olur. Cəmiyyət nə qədər böhrana düşürsə, o böhrandan çıxmaq yollarını axtarır. Böhranın bir müsbət tərəfi var, o cəmiyəti istəməsə belə məcburən inkişaf etdirir, ya da məhv edir. Məncə, bu mənim şəxsi fikrimdi biz artıq böhrandayıq və yaxın bir neçə il ərzində bu böhran davam edərsə, çox şeylər dəyişəcək. Sözsüz ki qız övladına, təkcə qız övladına yox, cəmiyyətdə baş verən özbaşnalıq, biganəlik, rüsvayçılıqlar da həllini tapacaq. Əks halda məhv gözləyir. Bioloji və sosioloji olaraq qadın seçən tərəf olduğu halda, bizim cəmiyyətdə qadını seçirlər. Yumurtalığın özünün spermanı seçdiyi, qadının öz övladları üçün ata seçməsindən tutmuş, haralara kimi qadın seçdiyi halda, bizim cəmiyyətdə qadını seçmirlər. Cinsiyyət arasında fərq qoymaq qədər acizanə heçnə yoxdur. Kimin gələcəkdə necə bir şəxsiyyət olacağını zaman göstərə bilər. Valideynlər yalnız övlad böyütmək kimi məsuliyyətə sahibdirlər, şəxsiyyət yetişdirdiklərini zaman göstərir. Üstünlük və ya əksiklik yoxdur. Əgər insanlar həyatlarını ədalət prinsipiylə yaşasalar fərd özü formalaşacaq. Seçim övlad olmamaldır. Övlad bizdən onu dünyaya gətirməyimizi xahiş etmir. Biz onu əsasən öz istəyimizlə dünyaya gətirib, sonra boynuna da minnət qoyuruq ki sən indi bizim mənsubumuzsan, bizim mülkiyyətimizsən deyə sənlə nə istəsək edə bilərik. Çünki bizimdə valideynlərimiz bizə belə davanıb. Bütün bu gic-gicə stereotipləri aşmağın zamanı gəlmiş və hətta keçmiş də. Bir cəmiyyətin ki atalar sözü "Qız yükü, duz yükü"dürsə, mən bundan savayı nə deyim?! Keçən dəfə bir məclisdə tanışım söhbət əsnasında dedi ki "Bu ölkədə qadın olmaq çətindir". Bir kişi cinsinin nümayəndəsi bunu dərk edirsə, bunu hər kəs dərk etməli və anlamıdır  ki cinsi ayrıseçkilik edəndə sonu məhvə aparır. Məncə, yeni atalar sözlərinin zamanıdır, məsələn qızım-qızılım kimi :) 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0594 saniye