Mənim əlli yaşım
Tehran Əlişanoğlu tərəfindən "Digər yazılar" bolməsinə 01:36 21 may 2012 tarixində əlavə olunmuşdur

16 yanvar doğum günüm idi; telefonumu təbriklərə qapadıb, oturub bu yazını yazdım; həmin gün məni anmış bütün dostlara təşəkkürümü bildirir, üzrxahlıq edirəm.

İnsanın yarım əsr yaşaması necə olur? Əlli yaş yaşayıb da bunu bilmək gərək. Çoxları fərdi sevincinə-kədərinə-nisgilinə... qane olub da fərqinə varmır; yüzilin yarısı - əlli yaş!, amma mən ömrü ictimailəşdirməyə qərarlıyam. Yadıma gəlir, Ramiz Rövşənin əlli yaşında mən "Ədəbiyyat qəzeti"ndə çalışırdım; qəzet bilmirdi bunu nə yolla qeyd etsin; etsin, amma necə etsin; hakəza Vaqif Bayatlının əlli yaşı çatanda (mən orda ola-ola) şairdən müsahibə götürməyə münasib bir kəs axtarırdılar; ki, düz tüstüləyə... Müqayisəm yanlış anlaşılmasın deyə, deyim ki, 50-dən bu yana yubiley yaşlarının ictimailəşdirilməsi "Ədəbiyyat qəzeti"ndə məcburi bir prosedurdu; amma qəribə hallar da olurdu: bir də görürdün 60 yaşı tamam olanlar var ki, təbriklərinin ardınca iki-üç il ayaq döyür, məsələn, 63 yaşında da 60 yaşın ictimai tüstüsünə sevinə bilirdilər...

İctimai - cəmiyyət işidir; amma xeyli var ki, cəmiyyətin personama qarşı tam laqeydliyindən vəcd duyub, elə özüm-özümü ictimailəşdirməyə məşğulam. Pis alınmır, məncə. Bir yerdə oxudum ki, müqayisə həvəsi-hissi-dərrakəsi görünən andan tarix başlayır; bu hesabla məndə tarix duyğusu lap çoxdan, orta məktəbdəndi; komsomol işində həmyaşıdlarımı o qədər V.İ.Leninin inqilabi bioqrafisinə şövqləndirmişdim ki, yuxarı siniflərdə mənə "məktəbin Lenini" deyirdilər. Tofiq Qəhrəmanovun Ədəbiyyat dərnəyində ilk qaranlıq "şeirlərim"dən dəhşətlənən Həqiqət İrzayeva adlı bir APİ tələbəsi məni Puşkinlə müqayisə etmiş, Tofiq müəllim də qayıtmışdı ki: niyə Füzuli yox, Puşkin? 9-cu sinfin Ədəbiyyat dərsliyi məni o qədər tutmuşdu ki, C.Məmmədquluzadə sayaq bir redaksiya toplayıb yoldaşlarımla "Molla Nəsrəddin" qəzeti buraxmağa başlamışdıq...

Deyim ki, tarix hissi ilə bahəm, ekzistensiyama aludəlik də məni erkən, elə orta məktəbin yuxarı siniflərində tutdu; elə ki, vəcdlə icimai işlər - "tarix"-"ədəbiyyat"-"sənət"-"jurnalistika" yapıb birdən ayılırdım ki, deyən, bütün bunlar mənim özümdən özgə kiməsə gərək deyil axı; eləcə fərdi eqomun gücü-istəkləri-işləkləridir ki, vəssalam. Vəssəlam - cəmisindən əl götürüb çəkilirdim içimin çaşqınlığına; ekzistensiyan diri isə, hesabatını cəmiyyətdən-tarixdənmi sorasısan?

Amma yox; Tarixi bir də mən dərindən hiss elədim 1980-ci illərin ortalarından; üç il təyinat üzrə müəllim işləyib qayıdıb gəlmişdim Bakıya; Azərbaycan ədəbiyyatının klassikasından hələ tələbəlikdə (1978-1983) çıxıb, gəlib durmuşdum bugünü ilə üzbəüz; şeirin daşını çoxdan atmışdım, yəni əslində, başlamadan atmışdım: duyğularımı bir az dünya ədəbiyyatından oxuduqlarıma bələyə-bələyə, təəssürlərimi az-çox Rəsul Rza sayaq cızıqlayaraq, hətta isti nələrsə eləyə bildiyimə əminliklə şairlik mərhələmi kağızlarda vurmuşdum başa. Tələbəlikdə Anar təsirilə bir-iki nübar hekayəmi çıxsam, prozanın nə olduğunu mən üç illik dağ həyatının sınaqlarında yaşadım; və hətta Mirzə Cəlil hekayəçiliyindən keçmiş bir yazar kimi "Pedaqoji hekayələr"imə ümidlər də bəsləyirdim. Tofiq Qəhrəmanovun təhrikilə bir nəsr kitabı tərtibləyib, "Yazıçı" nəşriyyatına təqdim elədimsə də, açığı Ədəbiyyat biliklərim qabağında əskik bilib, axıracan ardınca getmədim; bir qız vardı - Gülgəz Abbasova, mən Razində bir vaxtlar Tofiq müəllimin təsis etdiyi həmən Ədəbiyyat dərnəyini bərpa etmişkən, orda tələbəm olmuşdu; Əkrəm Əylisli 1990-cı illərin əvvəllərində "Yazıçı" nəşriyyatının arxivini dağıdırkən, orda çalışan Gülgəz imzamı görüb, həmin əlyazmalar toplusunu götürdüyünü söylədi sonralar mənə... İndi daha mən başqa işlər görmək, Azərbaycan ədəbiyyatının bügününə daha böyük xidmətlər göstərməyə iddialı idim; 1960-80-ci illər ədəbi tənqidinin üslubları mövzusunda dissertasiya üzərində çalışırkən, Azərbaycan tənqid klassikasından da büsbütün üzülüşüb, Günün qənşərinə tam hazır bilirdim özümü. "Çox istəyirdim yazmaq!.." - ən çox da Mirzə Cəlilin bu ehtirasları dolaşırdı içimi... - "...Amma niyə yazmaq, kimin üçün yazmaq?.."

Gələk ictimai-siyasi proseslərə; Qorbaçov Yenidənqurmasını qəribə bir heyrətlə qarşılamışdım; hansı entuziazmdan söhbət gedə bilərdi; dağ kəndində üç il təyinatla işləyib-gəlib, işsiz qalmışdım Bakıda; müəllim növbəsində filan-qədər adam var, - deyirdilər; sadə bir fəhlə olan atam da lap mat qalmışdı ali təhsilli oğlunun bu halına; hələ nə yaxşı ki, qiyabiçi-aspirantdım, dissertasiya üzərində çalışmalarım başımı qatırdı. Gündə Sov.İKP-nin çox irəli gedən qərarları çıxırdı; mən başqalarından sitat gətirməyəcəm, öz ağlımla deyirdim ki: əgər həmən qərarlar həqiqətən də işə düşsə, özü öz təkərlərinin altında qalacaq bu ölkə; nə olsun ki, bitərəf idim, Sov.İKP-nin üzvü olmağa heç vaxt cəhd eləməmişdim, Sov.İKP-nin tarixini təkrar-təkrar keçib-gəlməmişdikmi məgər bugünə; deyirdim və içimdən anlamadığım bir sevinc də keçirdi hələ. Artırıb-əskiltməyəcəm; Meydan hərəkatını sıravi bir vətənpərvər kimi keçdim, harda lazım bilirdimsə orda olur, etirazlara emosiyalarımı əsirgəmirdim; 1988-in 5 dekabr gecəsi Dubinyakın dubinkalarından biri mənim də başımı yara bilərdi, yan ötdü; dərs alıb, 1990-nın yanvarında vücudumu qorudum, Prezident aparatının qarşısında etiraz edən insanlar arasında vardımsa da, 20 yanvar gecəsinin aqibətini yalnız ertəsi bildim. 1990-cı illərin əvvəllərinin cəmiyyət qatma-qarışıqlığı, ağır ictimai situasiya kimin istəyincəydi ki: var qüvvəylə çalışanlar olsun, ya istəyib də əlindən bir iş gəlməyənlər... "Vəziyyəti yalnız Heydər Əliyev qurtara bilər"; and-aman etməyəcəm, bir çox azərbaycanlılar kimi, tarixçi-dostum Xeyirbəy Qasımovla Qaraçuxurdan aşağı Əmircan gölünün sahilində gəzişib etdiyimiz söhbətlərdə bizim də gəldiyimiz qənaət bundan ibarətdi; onsuz da bir az sonra doğrulası bu həqiqətə bizim şahidliyimizdən özgə nəsə bir töhfəmiz yox... Bir o yadımda, 1993-94-cü illərdə "Yeni Müsavat"da həftəlik yazılarımın obyektivlik duzu o qədərə çatmışdı ki, redaksiya işçilərini qəbul edərkən, Müsavat başqanı İsa Qəmbər zarafatla ünvanıma bir atmaca da yolladı: deyən, Tehran Əlişanoğlu da Heydərçi olub... Qəti and-qəsəm etməyəcəm, bu bəlkə bir mənim yaddaşımın ilişgisi; Yeni Müsavata da kefimdən yox, qonorar həvəsinə gəlib-çıxmışdım; və bu, mənim ictimai publisistikada son mənziləm oldu; odu-budu, bugünəcən də karyeramda siyasi bitərəflik öz işini görmədə...

Əvvəl-əvvəl mənim müqayisələrim yalnız ədəbiyyat və elm sahəsinə aid olardı; deyək, sovet dövründə belə bir ölçü vardı: neçə yaşında müdafiə eləmisən? Bu meyarla göstəricələrim pis sayılmamalıydı: 1990-da, 30 yaşında namizədlik, 2005-də, 45 yaşında doktorluq işimi müdafiə elədim. İlk mətbu yazın? - 1983-də, 23 yaşında; ilk kitabın? - 1996-da, 36 yaşında Yaşar Qarayev haqqında balaca bir kitabça yenə pis göstəricilər sayılmırdı; ictimailəşmə tempim orta statistikaya tam müvafiqdi. Amma özgə zamanlar idimi, ya nəsə, bu zahiri faktlardan çox, iç müqayisələri məni cəlb və məşğul edirdi; iştahım böyük olub ən çox da C.Məmmədquluzadə ilə paralellərə aludəydim; ya bəlkə yeniyetməlikdən, orta məktəbdən içimə dolmuş bir sevdaydı bu (!); nə olsun ki, dərc etdirməmişdi, Mirzə Cəlil "Danabaş"ı 25 yaşında yazmışdı; ilk mətbu əsəri 1903-də, 34 yaşında "Poçt qutusu" olmuşdu; böyük bir ictimai fəaliyyət aktı "Molla Nəsrəddin"ə Mirzə Cəlil 37 yaşında ikən, 1906-da rəvac vermişdi... Hə, bu iştahla tam bədbinliyə qapılmaq da olardı; amma təsəllim də vardı: 1995-97-də "Press-fakt" qəzetində iki il ardıcıl apardığım "Ədəbiyyat söhbəti"ni ictimai rezonansı olan hadisə bilirdim, o vaxt mən 35-37 yaşındaydım...

Qaraçuxur qəsəbəsi, Qumluq küçəsi, ev 88; mən bu ünvanda doğulmuşam; köhnə-salxaq evimizin üstündə də 1960 rəqəmi durur; daha dəqiq, o vaxtacan Bülbülədə kirayədə yaşayan ailə sanki mənim doğuşuma ev sevincinə də qovuşmuşdu; bu evi quranda atamın 33 ya 36 yaşı varmış. Əlli yaşıma, mən hələ də burda, atamın torpağı-sanı üzərində sakin olub durmuşam; daha dəqiq: on iki yaş kiçik qardaşımla bölüşüb, iki ailə, hərəmiz bir parasına sığınmışıq evin; məhlədən tarix ötüb-keçib, əvvəllər Pesçannı, sonra Qumluq, indi Nizami İsmayılov adlı Qarabağ şəhidinin nam-nişanını daşıyan küçədə bir zaman ermənilər çoxdu, indi Ermənistan köçgünlərinin ikimərtəbələri ucalır; mən burda elə də tanınmıram, hərçənd ən alçaq hasarlı, bir zaman atamın gəmi təmiri zavodundan əldə edib-gətirdiyi kayut qapılı evi sorsaz, sorağımı deyərlər: hə, o müəllim?..

Nəfssiz insan olmur, xırda şıltaqlarını saymasaq, mən onu boğmağı öyrəndim; heç zaman vəzifə-post düşkünü olmadım - ekzistensiyam naminə, ya bəlkə də elə ekzistensiyamın-içimin-xislətimin işiydi. Ən yüksəyi, bircə dəfə mənə post təklif elədi cəmiyyət: "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini; səkkiz il çəkib, sonra imtina elədim; danladılar, mənasız iş tutduğumu dedilər... Bir dəfə də özüm şirnikdim, BSU-da Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinə rəhbərlik etməyə başladım, nə qədər danlansam da, söyülsəm-döyülsəm də, söz vermişdim mənasız iş tutmayım, olmadı, axırı yenə mənasızlıqla qurtardı; dedilər, xamırım yazı-pozuyla yoğrulub; ətövbə, əgər savada təşnə atam ömür boyu yana-yana sitat gətirdiyi "Qılınc və qələm"dən savayı nəsə oxumuşdusa: "Alçalmasan, yüksələ bilməzsən..." Dedilər, adıma yaraşan bir nəsə varsa, o da elə mirzəlikdir; pis mənada yox-ha!, hərçənd bu adın pisliyi heç olmamış da: Mirzə Fətəli, Mirzə Ələkbər, Mirzə Cəlil... Filoloji elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru!, pis səslənmir hə? Həqiqətən gözəl səslənir; bu mənim hazırkı ictimai statusumdur; gözəldir də!

1980-ci illərin sonları üçün o zaman gənc tənqidçilər - Cavanşir Yusifli, mən, Rasim Mirzə... (indi Rüstəm Kamal da eyni fikirdədir) "tənqidçi" sözündən arxaizm kimi imtina etmək barədə düşünür, çıxışlar edirdik; məqsəd yeni çağların özgə şeylər, özgə ədəbiyyat mexanizmləri istədiyini qabartmaqdan ibarətdi; amma elə oldu ki, zaman ötdü, təzə dövrdə bizim özümüzə tənqidçi deməyə başladılar; bu da ictimai statusdur... Tənqid və ədəbi proses; tənqidçi prosesdə olmalıdır; 80-cilərdən belə üç dəfə ədəbi prosesə girib, hakəza geri də durmağı bacarmışam. Səlahəddin Xəlilov 525-ci qəzetdə humanitar elmlərə verdiyi təsnifatında yadımıza salır ki, ədəbi tənqid Ədəbiyyat fəlsəfəsinin aşağı yarusudur; 1980-ci illərin sonunda böyük xidmətlər iştahıyla prosesə girməyə cəhd edirkən, aydın şəkildə çökən bir sistemin mücadilə edən Ədəbiyyatının sözçüsü olduğumuzu duyurdum; bu məqamı bütün ömrümüzdən keçirmişdik; orda-burda 1980-lərin sonları, 1990-ların əvvəli çoxlu çap cəhdləri durursa da, bir-iki-üç qabarıq özünüifadə aktı göstərə billəm nümunə üçün: 1987-də "Ədəbiyyat və incəsənət" qəzetində nəsr polemikalarına dair "Axtarışlar davam edir" məqaləsi, 1988-in fevralında Nizami Cəfərovun həmincə qəzetdə təşkil etdiyi gənc tənqidçilərin söhbəti və 1989-cu il "Gənclik" jurnalının 1-ci sayında gənc tənqidçinin manifesti olaraq "Qarşıdurma" məqaləsi... - bu dəfə əslində mən prosesə girmədən dayandım; həmən ədəbi prosesi zaman özü darmadağın eləyirdi...

Üç il (1992-95) Ədəbiyyatın daha dərinlərinə çəkilib də, XX əsr nəsrinin poetikası mövzusunda doktorluq işimi tamamlayandan sonra mən bir daha prosesə qayıtmaq, hətta yeni ədəbi proses başlamaq eşqi ilə alışıb-yanırdım; fəlsəfəm də Ədəbiyyatın öz fəlsəfəsi, immanent qanunlarına tabe sırf Ədəbiyyat fəlsəfəsi olasıydı; mən onu ölkənin ağır ictimai-siyasi çabalar içrə bulunduğu bir vaxtda, üstəlik atamı da itirmiş, yarıac-yarıtox, bircə doktorant maaşına, beş başdan ibarət ailəni də girdablara düçar edib, öz azad ekzistensial dünyamda ərsəyə gətirmişdim. Freydin insan eqosunun zədələr-altşüur-komplekslər mexanizmi altında formalaşması təlimini kitablardan çox, mən daim bilavasitə həyatın, ömrün təhlili-analizi zəminində özünəxas əxz və idrak eləmişəm; ən müxtəlif ictimai zədələr insanı cəmiyyətdən hər dəfə daha bir az uzağa, özünə, doğma-dəruni-içəri dünyasına çəkir... "Press-fakt" qəzetində "Ədəbiyyat söhbəti"ndə başladığım işi (1995-97) cəmiyyətə mən "Ədəbiyyat qəzeti"ndə çalışmaqla (1996-2004) tədricən uduzdum; təbii, sırf sənət-Ədəbiyyat ölçülərinə köklənən bir fəlsəfənin cəmiyyətdə, Cəmiyyət fəlsəfəsinə məğlub olması gözləniləndi; bəzən dostların təsəlli üçün yada saldığı Məqsəd Nurla birgə rəvac verdiyimiz YeniSi virtual cərəyanı da (2002-2005) bütün təsirləri-rezonansları-nəticələri ilə bahəm, əksinə təsdiqlədi, təsbit etdi bunu: Cəmiyyət kontekstindən kənar sırf Ədəbiyyat, sənət parametrləri aramaq əbəsdir...

2006-cı ildə ədəbi prosesə daha bir proyekt təklif etdim; "Tənqid.net" jurnalını buraxmağa başladım; zor bir iş olsa da, əlli yaşıma, artıq altı sayını çıxara bilmişəm; heç bir illüziya, heç bir Amerika kəşfi!, jurnal Azərbaycan ədəbiyyatının çağdaş dərki-analizi-tənqidinə girişib; sənətinki Sənətdə, cəmiyyət bizdən nə istəyir, Ədəbiyyat da istəyirmi? Dünyada çox olsa da, bizdə analoqu yox bu jurnalın... Dostum Aydın Talıbzadənin əllimə təəccübünə rəğmən demişəm: qoy qəbul eləməsinlər, görməzliyə vursunlar, belə bir Ad-imza-ünvan da varmı yəni? - qəfil çaşsınlar; görünür, son nəfəsəcən Cəmiyyətdə statusum yolunda çarpışmalı olacam...

Ən nəhayət, qayıdıb desəm ki: fərdin həyatı ümumun-cəmin-cəmiyyətin fövqündə olamaz, heç nə deməmiş ollam. Sadəcə bir illüstrə: 16 yanvar 1960 tarixi hələ ilk gəncliyimdən ömrümdə olan bir çox insanlara artıq nəsə deyirdi, 1974-cü ildən, orta məktəbin 7-ci sinfindən hətta kollektiv qeyd eləməyə başlamışdıq bu tarixi; elə bir ənənə yaranmışdı ki, dağ kəndində olduğum üç ili çıxmaqla çox sonralar da hər ilin bu günü evimizdən qələbəlik əskik olmazdı; bu minvalla ömrümdəki insanlar məni tanıdıqları kimi, bir-birini də tanımağa başlardılar. Sonuncu dəfə dostların-tanışların-əhatəmin 16 yanvara yığışdığı gün 1990-da oldu; yadımda, o günün şadyanalığında qəribə bir gərginlik, çılğınlıq, əsəbi etiraz havası da vardı; qarşıda bizi 20 yanvar 1990 gözləyirmiş...

2010


... dəfə oxunub
Qiymət: 10/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Tehran Əlişanoğlu
Haqqında
Filologiya elmləri doktoru. Bakı Slavyan Universitetinin professoru. Tənqid.net jurnalının təsisçisi və baş redaktoru.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0469 saniye