Müasir İblis
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 10:29 04 yanvar 2018 tarixində əlavə olunmuşdur

"İblis nədir? 

  •                  - Cümlə xəyanətlərə bais..."
    Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
    Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
    Sonra səmaya baxıb "Yox, mən deyiləm belə"
    Dedi pıçıltı ilə. Xəstəxana önündə
    Bircə kitab əlində
    Gəlmiş idi aparsın evə öz arvadını.
    Abort ilə götürdüb növbəti uşağını.
    Evdə onları gözlər kiçik bircə balası,
    İkinci uşağasa çatmır əmək parası.
    Kitabısa almışdır metronun çıxışında
    Cəmi iki manata adsız qoca dayıdan.
    Gözləri sataşmışdır, sanki gördü özünü,
    O qədər adlar içrə sezib "İblis" sözünü.
    Sayırdı o özünü qatili diləklərin:
    - Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
    Düşündü biixtiyar məktəbdəki illəri.
    Heç önəmsəmədiyi şeirdən sətrləri
    Gülüb özünə dedi: "Sən niyə ağlayırsan?
    Fəhlə, özünü sən də bir insanmı sanırsan?!"
    Bu zamansa arvadı enirdi pilləkəni,
    Cənnətə təhvil verib doğulmayan körpəni.
    Qəlbində utanc hissi, gəldi əri tərəfə,
    Salam-kəlamsız dedi "Nə olar, gedək evə."
    Fəhlə dedi qəlbində "Bağışla, Allah, məni.
    Kaş gələrkən mən bura kəsərdin dizlərimi."
    Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
    Çünki dönmür Cənnətdən geri körpə mələklər.
    Abort edib uşağı gedirdilər vaqona,
    Körpə səmaya doğru, onlar - yerin altına.

 

Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0238 saniye