Müqəddəs Gün - 98 ilin işığında
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 16:01 28 may 2016 tarixində əlavə olunmuşdur

Azərbaycanımız üçün müqəddəs bir gündür.Bundan tam 98 il öncə,babalarımızın misilsiz xidmətləri və sonsuz Vətən sevgilərinin nəticəsi olaraq Tiflis şəhərindən dünya dövlətlərinə rəsmən müstəqilliyimiz bəyan edildi.23 aylıq qısa zaman kəsiyində Azadlığın,İstiqlaliyyətin,Hürriyyətin nə olduğunu Millətə daddıran,ərməğan edən üzü nurlu babalarımızın yerləri behişt,ruhları şad olsun!

 Məqsədim birinci İstiqlal dönəmimizi xronoloji ardıcıllıqla sətirlərə düzüb uzun-uzadı izah etmək deyil.Onsuz da,bu barədə yetərincə yazılıb,qədərincə deyilib.Cümhuriyyət fədailərimiz haqqında da,kifayət qədər söz söylənilib.Qələmə aldığım bu kiçik həcmli yazımı,bu günümüzün üzərində qurmaq istərdim.28-may üçün,bu günün insanları nə düşünür,bu gün onların həyatı üçün nə dərəcədə önəmlidir,bu günün anlamı nədir kimi sualların arxasınca düşərək yaşadığım şəhərdə (o şəhərdə ki,bu şəhər Cümhuriyyətimizin ilk beşiyi olmuşdur) qısa bir bayram gəzintisinə çıxdım.Təmasda olduğum həmşəhərlilərimin fikirləri müxtəlif olsa da,oxşar düşüncələr də az deyildi.28-may,bu gün sizin üçün nəyi ifadə edir? deyibən də,söhbətimə müqəddəs günün rəmzi olan sualla başladım.

Əllərinin arasında "ağıllı"telefonu ilə məşğul olan"dəliqanlı",16-17 yaşlarındakı gənc(cik)sualıma belə cavab verdi:"Dayı,mane olma,Odnaklassnikdə Rostovdan bir qızla tanış olmuşam,onunla "məşğulam",indi mənim 28-mayım da,28 aprelimdə Olqanın simasında təcəlla edib..."

 63-yaşlı Vaqif dayı,1988-ci ildən bu yana,hər il 28-may Müstəqillik gününü böyük iftixar hissi ilə qeyd edənlərdəndir:"Mənim üçün,bu günün yeri bambaşqadır.Bu gün başqa günlərə bənzəməz.Əvvəllər övladlarımla,indi nəvələrimlə birlikdə bayram gəzintisinə çıxıram.Köhnə dostlarla bir araya gəlib bayramlaşır,bu günün əhəmiyyətini övladlarımıza aşılayırıq.Axı biz,Cümhuriyyətimizin ilk paytaxtı olan qədim Gəncədə dünyaya göz açmışıq.Bu günü xatırlamamaq özünü unutmaq qədər utancverici bir haldır."Bu da,gəncəli Vaqif dayının fikirləri idi.

 35 yaşlı Teymuraz çox fikirləşsə də,çox var-gəl etsə də,bu günün hansı bayram olduğunu xatırlaya bilmədi.Pərtliyi  çöhrəsindən sezilirdi.Nə qədər gizlətməyə çalışsa da,çarəsizliyinə yenildiyini bir türlü həzm edə bilmirdi.

 Mətanət xanım, söhbətinə 1991-ci ildə Nəsib Nəsibzadənin  ismi ilə dərc olunan "Azərbaycan Demokratik Cümhuriyyəti" kitabından oxuduğu fikirlərlə başladı:"1918-ci il 7-dekabr tarixində açılan ilk müstəqil Parlament iclası və orada səslənən fikirlər,Qafqaz İslam Ordusunun təşkili,bolşevik-daşnak vəhşiliklərinə qarşı qəhramancasına verilən mücadilələr həmin kitabda o qədər gözəl təsvir edilmişdi ki,sanki mən,özümü həmin dönəmin içində hiss edirdim.O zaman,mən və bütün sinif yoldaşlarım Nəsib bəyin qələmə aldığı kitabı böyük həvəslə oxuyardıq.28-may,məncə, təqvimimizdəki ən böyük gün,məhz elə bu gündür.Çünki heç bir gün Azadlıqdan,İstiqlaldan,Hürriyyətdən üstün ola bilməz!"

 19 yaşlı Damət Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşini, Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini tanımasa da,28-may gününü xatırlamasa da,qonşusu Əbilinin son model Porşe avtomobilinin nömrəsini bir nəfəsə söylədi,müğənni Hadisənin geyindiyi gödək ətəkli libasın rəngini də çətinlik çəkmədən xatırladı,dostu Mubuşun "zerkalni"telefon nömrəsini də,yaddaş kitabçasına baxmadan dedi...

 Müqəddəs günün qısa zaman kəsimində həmsöhbət olduğum Vətənimin vətəndaşları idi bunlar...

Heç kimsəni fərqli düşüncəsinə,həyata baxışlarına görə qınamaq,məzəmmət etmək doğru olmaz.Dünyanı rövnəqləndirən,rəngdən-rəngə salan bu fərqliliklər deyilmi? İstər savadlı olsun istər savadsız,istər kamil olsun istər cahil,istər böyük olsun istər kiçik yenə də,biz bir arada,biz bir yerdə bu gün 98-ilin işığı altına toplanmışıq.Yaradan səmamızı aydın,Müstəqilliyimizi əbədi etsin!!!


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+11=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0205 saniye