Nəğmə müəllimi...
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 14:22 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

 

                                                           Nəğmə müəllimi                    

                                                              

 

         … 1992- ci ili yazı. Cəbhədə ağır döyüşlər gedirdi. Düşmən tərəfindən atılan mərmilərin səsi dağ-dərənin boşluğunda əks-səda verərək çaqqal ulartısını xatırladırdı. Adət etmişdilər, şərqarışan kimi atırdılar. Ard-arda kənd və qəsəbələrin işğal edilməsi, dişləri qana batmış canavar kimi düşməni quduzlaşdırmışdı. Nəyin bahasına olursa olsun, onlar mövqeylərini möhkəmləndirmək, cəhbədə üstünlüyü əldə saxlamaq istəyirdilər.

         Güclü silahlarla silahlanmış düşmənin əlində bir neçə tank, zirehli texnika və uzaqvuran toplar vardı. Bu texnikanı rus ordusu hərbi hissələrini köçürərkən cəhbədə vəziyyəti gərginləşdirmək üçün düşmən tərəfinə hədiyyə olaraq vermişdi. Məqsədləri döyüşən hər iki tərəfi silah sarıdan özündən aslı vəziyyətə saxlamaq idi. Düşmən daha hiyləgər tərpənərək rus ordusundan qənimət olaraq çoxlu silah-sursat qopara bilmişdi.

            Güclü silahlanmış düşmənin qarşısında, “quşvuran” silahlarla dayanmaq, əksəriyyəti könüllülərdən ibarət olan bir ordu üçün çox çətin idi. Ən dəhşətlisi də, o idi ki, belə güclü düşmənlə üz-üzə dayanmış ordunun bəzi komandirləri öz ləyaqət hisslərini itirərək döyüşən əsgərlərə patronu pulla satırdılar. Bu acınacaqlı hal, torpaqları təcavüzə məruz qalmış xalqın yaxın gələcəkdə başına bundan da dəhşətli hadisələrin gələcəyindən xəbər verirdi…

          Nizamsız və pərakəndə halda vuruşan könüllü döyüşçülər, vahid komandanlıqdan imtina edərək, ayrı-ayrı dəstələr və batalyonlar halında birləşmişdilər. Bu batalyonlar isə, bəzi nüfuz sahibi olan adamların, yaxud da hakimiyyətdə mühim postlar tutan ayrı-ayrı məmurların əlaltısına çevrilmiş satqın komandirlərin əmrlərini icra edirdilər. Buna görə də, cəbhədən hər gün, hər saat bədbin xəbərlər gəlməkdəydi.

Xalq isə döyüşürdü. Cəbhəyə könüllü gedən və vuruşmaq istəyən adamların sayı hər gün artırdı. Həyat şəraitləri nə qədər ağır və dözülməz olsa da, insanlar vətən və torpaq uğrunda vuruşmaq istəyirdilər.

            … Belə günlərin birində, axşamüstü hərbi hissənin qərargahı yerləşən, məktəb binasının qarşısında bir yük maşını dayandı. Könüllülər idi. İçərilərində cavan, yaşlı, hətta əli əsalı qoca kişilər də vardı.

             Könüllüləri batalyon komandiri, ön cəbhədə böyük nüfuz sahibi olan,

“Komutan” ləqəbli Maşallah Əliyev özü qəbul edirdi. Yaşlı, döyüşə yararsız olanları elə ilk andaca geri qaytararaq: - “Gedin, ailənizin, uşaqlarınızın yanında olun, onların sizə ehtiyacı var. Burada qalıb döyüşmək istəyənlərə mane olmayın!” - deyirdi.

           Gələnlərin əksəriyyəti döyüşə yararsız olduqlarını bilsələr də, heç olmasa yaralı bir əsgərin qulluğunu tutmaq, paltar yumaq, kartof soymaq üçün hazır olduqlarını bildirərək hər hansı bir işin qulpundan yapışmaq istəyirdilər.

               Bu dəfə gələn könüllər arasında boyca hamıdan balaca olan bir oğlan da vardı. Sir-sifətindən, geyim kecimindən şəhərliyə oxşayırdı. Növbə ona çatanda komandir soruşdu:

            - Adınız?

           - Əli Cabbarov! – deyə könüllü dilləndi.

            - Hardan gəlmisən?

            - Bakı şəhərindən.

            - Sənətin nədir?

            - Nəğmə müəllimi! - deyə könüllü pəncələri üstə dartındı. Sanki o, balaca görünən boyunu komandirin gözündə bir az böyütməyə çalışdı.

            Batalyon komandiri əlindəki qələmi stolun üstünə ataraq, bığaltı gülümsədi və qıyqacı nəzərlərlə qarşısında dayanan cılız oğlanı süzüb dedi:

            - Necə yəni nəğmə müəllimi?! Nəğmə müəlliminin burada nə işi var? Olmaya, düşmənlərə “Qarabağ şikəstəsi” oxumağa gəlmisən?!

            Komandirin bu sözlərindən sonra Əli deyilən gənc pərt oldu. Onun ağ sifətində qızartılar əmələ gəldi. Amma tez də özünü ələ alaraq:

            - Mən buraya döyüşməyə gəlmişəm, cənab komandir. Məgər, nəğmə müəllimi vətəni sevə bilməz?! Qaldı, “Qarabağ şikəstəsinə”, cənab komandir, əmin olun ki, onu yenə də oxuyacağam, bu dəfə düşmənlərin qəbirləri üstə.

            Bu balacaboy oğlanın sözləri komandirin xoşuna gəldiyindən, gülümsəyərək:

            - Dildən pərgarsan, cavan oğlan, görək, döyüşdə hünərin necə olacaq? – De görüm, silahla necə, davranmağı bacarırsanmı?! Unutma ki, bura konservatoriya deyil, döyüş meydanıdır. Əvvəlcə, döyüşək, qələbə çalaq, sonra mahnımızı birlikdə oxuyaraq, elə deyilmi, cənab nəğmə müəllimi? - deyə komandir əlini könüllüyə tərəf uzatdı.

            - Əlbəttə, elədir, cənab komandir! – Orta məktəbdə oxuyarkən hərbi dərslərdə avtomat və tapançadan atəş açmağı öyrədiblər. Bir-iki dəfə atəş də açmışam. Elə bilirəm, yanınızda xəcalatlı qalmaram, – deyə könüllü ərkyanalıqla xırda koppuş əlini komandirin əlinə şappıldatdı. Onun xırdaca əli komandirin əlinin içində itib, batdı. Komandirə elə gəldi ki, ovcunun içindəki əl zərif bir qızcığazın əlidir.

            O gündən könüllü əsgərlə komandir arasında dostluq körpüsü yarandı.

            Əsgərlər Əlini “nəğmə müəllimi” – deyə çağırırdılar. Hamı onu xatirini çox istsəyirdi. Döyüşlər ara verəndə yorulub, əldən düşmüş əsgərlərin keyfini durultmaq Əlinin boynuna düşərdi. Onun ən çox sevdiyi “Sarışınım” mahnısı idi. Əli o mahnını oxuyanda özünü tamam unudardı. Xırda ətli barmaqlarıyla stoldan, taxtadan elə döyəcələyirdi ki, deyirdin bəs, bir ansanbıl çalır.

            O, cəbhəyə gəlməmişdən qabaq şəhrdəki orta məktəblərin birində nəğmə fənnindən dərs deyirmiş. Dediyinə görə, şagirdləri onun xatirini çox istəyirmişlər. Sonuncu gün onlardan ayrılanda hamısı məyuss olmuşdu. Şagirdlərindən ayrılmaq Əliyə də ağır gəlirdi.

         Əli vətəni qorumaq üçün cəbhəyə gəlmişdi. Üç-dörd ay ərzində səngər həyatı onu xeyli dəyişdirmişdi. Onun vəzifəsi ilk gündən döyüşən əsgərlərə patron, mərmi daşımaqdan ibarət idi. Döyüş meydanında bu çox təhlükəli bir iş idi. Elə vaxt olurdu ki, bir bölüyün taleyi onun əlində olurdu, azacıq yubanması hər şeyin məhv olması demək idi.

            Döyüşdə ölüm gözlə qaş arasında olur. Hardasa səfeh bir güllə səni qarabaqara izləyir və o güllə hər an sənin ömrünə son qoya bilər. Əslində döyüşçü bunu hiss etmir, əgər hiss etsə ki, indi öləcək, onda döyüşə bilməz. Çox qəribədir ki, döyüşdə güllə qorxaqları daha tez yaxalayır, irəlidə gedəni yox, arxada qalanı tapır.

            Günlər keçdilcə Əli döyüşdən-döyüşə bərkiyir, mətinləşirdi. Bir dəfə o, döyüşən əsgər yoldaşlarına mərmi apararkən səhv salıb düşmən mövqeynə gedib çıxıbmış. Düşmənlər onu mühasirəyə alıb tutmaq istəyəndə, Əli özünü itirməyərək belindəlki qumbaranı açaraq düşmənlərə tərəf atır və üç düşmən əsgərini öldürür.

           Öldürülən düşmən əsgərləri yaxınlıqdakı silah anbarının keşikçiləri imişlər. Silah dolu anbarın ələ keçirilməsi döyüşən qüvvə üçün böyük qənimət idi. Bu hadisədən sonra Əlini batalyonda qəhrəman kimi tanıdılar. O igid döyüşçü idi, onu hamı sevirdi.

            Döyüşlərin birində düşmən mərmisi onun barmağını qoparıb apardı. Axan qanı saxlamaq mümkün deyildi. Çoxlu qan itirən Əlinin rəngi kağız kimi ağarmışdı. Onu qospitala çatdırdılar. Çoxlu qan itirsə də, o, özünü əsgər yoldaşlarının yanında sındırmadı. Zarafatla deyirdi ki, indi gəl uşaqları başa sal ki, mən bunu qəsdən etməmişəm. Axı güllə adamın başına, ürəyinə dəyər, daha barmağına yox.

             Əsgərlərdən kimsə, onun zarafatına zarafatla cavab verdi:

            - Əli, düşmənlərdə günah yoxdur, sən onlara barmaq silkələyirdin. Onlar da səni beləcə cəzalandırdılar.

            Cəbhədə döyüşlər ara vermirdi. Düşmən hər gün yeni-yeni şəhərlər, kəndlər zəbt etdikcə bir az da quduzlaşırdılar. Onların ağır texnikası qarşısında əsgərlərimiz avtomat silahlarla dayanmışdılar. Bu çox dəhşətli bir an idi. Uzun müddət beləcə duruş gətirmək mümkün olmayacaqdı. Batalyon komandiri isə əmr vermişdi: - düşmən əsgərləri ancaq meyidimizin üstündən keçib gedə bilərlər.

           Dayandıqları mövqey qoşunlarımız üçün çox əlverişli bir mövqey idi. Onun itirilməsi hər şeyin məhv olması demək idi. Əsgərlər ölmün bir addımlığında olduqlarını bilsələr də, döyüş əzmində idilər.

            Elə bu vaxt könüllülər hardansa bir minaatan sürüyüb gətirdilər. Döyüşdə bunun misli yox idi. Minaatan bayaq düşmənin silah anbarından ələ keçirilmiş qənimət idi. Silahı nizamlayıb atdılar, birinci atış çox uğurlu alındı, Mina düşmən tərəfindəki yanacaq çənlərinin üzərinə düşüb partladı. Bərk gurultu, sonra da tüstqarışıq alov dilləri göründü. Düşmənlər quyruqlarını qısaraq oradan qaçırdılar. Amma onların geri çəkilmək fikirləri yox idi, yerlərini möhkəmləndirən kimi yenidən atəş açırdılar.

         Komandir sağ cinahdakı düşmən mövqeylərinə minaatandan atəş açmaq əmri verdi. Minalar hədəfdən yan keçdiyindən komandir əsəbləşirdi. O, səngərdən çıxıb yaxınlıqdakı təpəyə tərəf süründü. Məqsədi düşmən mövqeylərini dəqiq nişan almaq üçün əsgərlərə kordinatları düzgün vermək idi. Elə bu zaman komandirin süründüyü istiqamətdə gurultu qopdu. Əsgərlər elə zənn etdilər ki, düşmən tərəfdən atılan top mərmisidir partlayan. Kim isə bərkdən: - Komandir minaya düşdü!- deyə bağırdı.

         Bu söz bayaq partlayan mərmidən də bərk əks-səda verdi. Hamı səngərdən bayıra çıxıb komandir gedən istiqamətə qaçdı.

         Komandir Əliyev ağzı üstə yerdə uzanmışdı. Əynindəki paltarlar param-parça olmuşdu. Ondan səs-səmir gəlmirdi. Onu arxası üstə çevirdilər, rəgi avazımışdı, elə bil üzündə qan həsrəti yox idi. Kimsə hönkürərək astaca: komandirimiz ölüb! – dedi.

         Bu vaxt komandir göz qapaqlarını azca qaldırıb güclə eşidiləcək səslə:

         - Qorxmayın!.. Minaya düşmüşəm.., deyəsən, ayaqlarım… O udqundu. Handan-hana:

           - Məni buradan uzaqlaşdırın, özünüz isə səngərlərə qayıdın və axıra kimi döyüşün!..

            Əsgərlər onu sürüyüb səngərə salanda hər iki qıçı dizdən aşağı üzülmüş vəziyyətdə, dəridən sallanaraq qalmışdı. Nə qədər ağır olsa da, komandir əsgərlərinin yanında dözərək çəkdiklərini büruzə verməməyə çalışırdı.

            İki əsgər komandiri xərəyə uzadaraq arxaya, qərərgaha tərəf apardı.

         Komandirlərinin minaya düşüb qıçlarını itirməsi əsgərlərdə düşmənə qarşı qəzəbi ikiqat artırmışdı. Onlar bu qisası düşməndən alacaqlarına söz verdilər.

       Vəziyyət silah-sursat sarıdan yaxşı deyildi, hər şey dükənmək üzrəydi. Cəmi ikicə ədəd mina qalmışdı. Gözlənilən kömək isə hələ gəlib çıxmamışdı. Hava qaralanacan duruş gətirə bilsəydilər, sonradan mövqeylərini dəyişib vəziyyətdən çıxış yolu tapa bilərdilər.

         Könüllüləri narahat edən silah-sursatın tükənməsi idi. Axıracan belə davam etsəydi düşmənlər onların hamısını əzəcəkdi.

           Elə bu vaxt Əli avtomatını əsgər yoldaşına verib, səngərdən çıxdı və geriyə öz mövqeylərimizə tərəf süründü.

            Səngərdən çıxmaq çox təhlükəli idi. Ətrafa səpələnmiş düşmən əsgərləri hər bir qaraltını hədəfə götürürdülər. Amma buna baxmayaraq Əli oradan uzaqlaşa bilmişdi.

           Düşmən tərəfi mövqeylərimizdəki sükutu hiss etdiklərindən ağır texnikanı işə salmışdılar. Hiss etmək olurdu ki, indilərdə onlar hücuma başlayacaqlar. Əsgərlərin qanı qaraydı. Bu cür ölmü heç bir könüllü qəbul etmək istəmirdi. Hamı istəyirdi ki, son patronları qalanədək vuruşub həlak olsunlar. Bir-birlərinə söz vermişdilər komandirlərinin intiqamını almayınca bir addım da olsun geri çəkilməyəcəklər.

Düşmənlər, get-gedə yaxınlaşırdılar. Onların məqsədi əsgərləri mühasirəyə alıb əsir götürmək idi. Vəziyyət olduqca gərginləşmişdi. Əsəbləri tarıma çəkilən əsgərlər haray-həşir salaraq, onlara əlavə qüvvə göndərməyən qərərgah rəisini söyürdülər.

Elə bu vaxt Əli göründü. O, böyük bir mərmi yeşiyini sürüyə-sürüyə dartıb gətirirdi. Əsgərlər sevindiklərindən bir-birlərinə sarılaraq ağlayırdılar. Hər kəs təəccüb içərisindəydi, Əli cılız bədəniylə bunu necə bacarmışdı?

   Birdən, hamını dəhşətə gətirən bir hadisə baş verdi. Səngərə bir neçə addım qalmış, Əlinin yanında top mərmisi partladı. Mərminin təsirindən Əli havaya qalxaraq, bir neçə addım kənara düşüb qaldı. Əsgərlər tez səngərdən çıxıb onu və gətirdiyi mərmi yeşiyini sürüyüb səngərə saldılar.

            Əli qan içərisindəydi. Qəlpə onun boğazını dəlib keçərək ulqumunu kəsmişdi. O, başı kəsilmiş quş kimi yerdə çabalayırdı. Gözlərinin içi qanla dolduğundan, baxışlarından dəhşət yağırdı. Əl-qol ataraq nə isə demək istəyirdi, amma danışa bilmirdi. Nəfəs borusuna qan dolduğundan boğazından xırıltılı səslər çıxırdı. Qan itirdikcə Əli zəifləyib əldən düşürdü. Get-gedə sifəti avazıyır, göz qapaqları daralırdı.

           Onun kəsilmiş boğazından su şırıltısına bənzər qəribə səslər eşidilməkdəydi. Bu səslər təzəcə nota köçürülmüş ecazkar musiqi sədalarına bənzəyirdi. Sanki, bu ecazkar musiqini Əli ömrünün son dəqiqələrində, müharibə törədənlərə qarşı kin-küdurətinin ifadəsi olaraq bəstələmişdi.

            … Dostları Əlinin başının üstündə dayanaraq gözyaşlarını saxlaya bilmirdilər…

             Əli taqətsiz halda nə isə pıçıldayırdı… Dediyi sözləri anlamaq mümkün olmasa da, əsgər dostları, nəğmə müəlliminin son nəfəsində onlar üçün “Ayrılıq” mahnısı oxuduğunu zənn edirdilər...

         … Yaxınlıqda isə, düşmən tankları alovlar içərisində tüstülənirdi…

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+27=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.035 saniye