Nənəmin qardaşına ithafən
Nigar Şahsuvarova tərəfindən "Oçerk" bolməsinə 22:42 08 noyabr 2015 tarixində əlavə olunmuşdur

Səndən qabaq doğulan ölü qardaşlarına görə sənin xətrini çox istəyirdilər. Səni əzizləyirdilər, əlini ağdan qara vurdurmurdular. Anan atanın 2-ci həyat yoldaşı idi. Birincisini ölüm alıb aparmışdı. Atan uzun müddət acı çəkdi. Ögey bacı-qardaşının həyatlarını təmin etdikdən sonra həyat ona şans tanıtdırdı. Atan 57, anan 27 yaşında idi. 30 yaş fərqi ilə xoşbəxt olmaq olarmı? Olar. Atanla ananın nəsli yağışdan sonra çıxan göbələk kimi deyildir. Atan Seyidlərdən idi, hafiz idi, kiçik qara kitabla gələcəyi oxuyurdu, insanları sağaldırdı, varlı-karlı idi. Anan isə uzunömürlülərdən sayılırdı. Bəlkə sənin heç vaxt xəbərin olmadı, amma anan 100-ü adlayıb keçərdi, əgər hamamdan sonra soyuqdəymə nəticəsində 96 yaşında dünyasını dəyişməsəydi, nənəmin dediyinə görə “90 yaşında eynəksiz sapı iynəyə keçirdirdi”, əlavə olaraq hökmran idi, adicə sözündən zəhm yağırdı. 5 bacın vardı, ən çox balacasını istəyirdin, nənəmi. Çünki səninlə hesablaşmırdı, buynuz göstərirdi, bildiyini edirdi, dəcəl şeytan balası idi. Digər bacıların səndən yaşca xeyli böyük idilər deyə onlardan ehtiyatlanırdın.

18 yaşın tamam olar-olmaz özünü müharibənin içində tapdın, digərləri kimi əlində tutduğun silahdan istifadəni bacarmırdın, bütün varlığınla bu xaosun bitməsini arzulayırdın. Atan 5 il öncə ürəktutmadan dünyasını dəyişmişdi, böyük bacıların ərlərini müharibəyə yollamışdılar, nənəm isə anası ilə sənin yolunu gözləyirdilər. Ruhun kimi beynin də pozulmuşdu, özünü idarə etməkdə çətinlik çəkirdin, bu kabusa öz baxış istiqamətinlə son verməyi dəlicəsinə arzulayırdın. Göz yaşlarınla dualarını əskik etmirdin, hər an atanın ruhunu köməyə çağırırdın. Faşist Almaniyasına da, SSRİ-yə də lənətlər yağdırırdın, hər ikisini iblislə sazişə girməkdə ittiham edirdin. Yuxusuz gecələrinin, pozulmuş əsəblərinin bədəlini kimlər ödəyəcəkdi?

Amma heç gözlənilmədən almanlara əsir düşdün. Qaçmağa cəhd etdinmi (?), səndən başqa kimsə bilmir. Amma müharibə bitdikdən sonra anan səni aradı-axtardı, baxıcılar dəfələrlə sənin sağ, yanında isə sarıbaş qız olduğunu söylədilər. Anan atanın qara kitabını bilsəydi əgər, bəlkə sən öyrəniləcəkdin. Müharibədən sonra 3 mərtəbəli evinizi yır-yığış edərkən bilmədən həmin kitabı atdı, sonralar molla gəlib onu xəbər aldıqda artıq iş-işdən keçmişdi.

Qayıtmadın, əslində qayıtmamaqda yaxşı etdin. Qayıtsaydın, həbs olunacaqdın, soyuq Sibir çöllərinə sürgün olunacaqdın, “vətən xaini” kimi ölümə məhkum ediləcəkdin. Amma ən çox bunu soruşmaq istərdim: Almaniya Şərqi və Qərbi bölünərkən sən haralarda idin? Bilirsən, Stalinin vəfatından sonra Xruşşovun hakimiyyəti dövründə nənəmin qohumlarından biri sənin axtarışına çıxmışdı. Danışırdı ki, uzaqdan birini gördüm, yaxınlaşıb yaxınlaşmamaqda qərarsızlıq çəkirdi. Bəlkə o sən idi?


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0232 saniye