Nikbin Qasıblı: "Şeytanı yola gətirmək üçün şeytani yoldan istifadə etməyi labüd hesab edirəm"
Yazar.in tərəfindən "Müsahibə" bolməsinə 22:30 28 aprel 2015 tarixində əlavə olunmuşdur

Yazar.in saytının "5 Sual, 5 Cavab" layihəsində bu dəfəki qonağımız Nikbin Qasımlıdır. 

SUAL 1: Müxtəlif mövzularda və müxtəlif formalarda yazsanız da, yazılarınızı birləşdirən cəhət sərbəstliyinizdir. Bu sərbəstlik haradan gəlir?

CAVAB 1:  Əslində mən müxtəlif mövzularda yox, həyatın özündə diqqətdən kənarda qalan  və ya  yaşamın içərisində gizli olan mövzulardan yazıram. Düz deyirsiniz, məncə, “yazar” sözünün rəmzi mənası  elə  “sərbəstliyin” özündən xəbər verir. Əlbəttə ki, bir şərtlə. Yazar  yaradıcılığında  fərd  kimi sərbəst ola bilər, amma şəxsi həyatında fərd qismində sərbəstlik, mənim düşüncəmə görə  nizam-intizam qaydalarına təmamilə  ziddir. Belə nüansları nəzərə almaq lazımdır. Hə, bu arada  deyim ki, sonuncu hədəfləyici sual daha maraqlıdır:  - “Bu sərbəstlik haradan gəlir?” Əvvala, söyləyim ki, hüman, yəni  insan faktorunu özündə  əhatə edən funksional predmetlər, daha çox  toplumdan, fərdi qruplardan və ya ailədən qaynaqlanır. Hər kəs bunlardan birinə sahib olarsa, o zaman sərbəstliklə yanaşı, azad fikrə də sahib ola bilər. Misal üçün,  bizim ailə, mənim fikrimcə, çox demokratik hüquqlar çərçivəsində yaşayır, mən də ailəmizin tərkibində yetərincə özgür olmağı bacarmışam. Bunun üçün birinci olaraq atama, sonra da  anama minnətdaram. Hərçənd ki, qardaşım məndən tam fərqli birisidir. Onu da qınamıram. O ki mən deyil. Ancaq bu günədək  bir az  xoşbəxtəm, çünki yazılarımın ilk oxucusu həmişə atam olub. Məhz  hər dəfə hansısa saytların birində  yazılarımın biri yayımlanarkən, elə həmin axşam evimizdə mənim yaradıcılığım barəsində  ciddi müzakirə müstəvisi yaranır.  Əsas da pornoqrafik yazılarım yayımlananda. (gülür)

SUAL 2: Yaradıcılığınızda kimlərin təsirini hiss etmisiniz?

CAVAB 2: Yox, təsirlənmək deməzdim buna, çünki  yazar kiminsə yaradıcılığından təsirlənirsə, o, heç vaxt  öz istiqaməti  çərçivəsində  özünün müstəqil yaradıcılığını yarada bilməyəcək. Əvvəl yadımdadır ki, hamı çox kitab oxu, onda  biliyin, savadın artacaq deyirdi. İndi isə özüm çox yaxşı dərk edirəm ki, kitab oxumaqdan da artıq  gəzmək, insanların arasında olmaq və onlardan  mövzu toplamaq  lazımdır. Əsər bayırdadır, dörd divarın içərisində isə  sadəcə hüznlü matəm vardır. Bu qədər...

SUAL 3: “Çarşablı” adlı hekayənizdə hadisələr, bir qədər, mürəkkəb məcrada cərəyan edir. Sizi belə bir hekayəni yazmağa nə vadar etdi?

CAVAB 3: Sözün doğrusu, mənim bu hekayəmdən əvvəl  “Tənha Qadın”, “Otuz bir gün” və “Vilmer” adlı hekayələrim müxtəlif ədəbi saytlarda  yayımlanmışdı. Amma “Çarşablı” qədər fərqli olmadı. “Çarşablı” bunlardan çox fərqləndi. Özüm əminəm ki, bu hekayəmi təmamilə başqa, yəni daha dəqiqi desəm “Səmavi üslubda” yazmışam. Təxminən 7-8 nəfərə yaxın gənc yazar dostum var ki, onlar arada mənimlə əlaqə saxlayır, məni ruhlandırırlar ki, bunun davamını yaz. İndiyədək  açığını desəm, mən hələ belə xoş təəssüratla qarşılanmamışdım, mümkün oxucu kütləsi qarşısında.  Dəyər az da olsa, hələlik var, deməli. “Sizi belə bir hekayəni yazmağa nə vadar etdi?” sualına isə qarşılıq olaraq, mən də sizə bir sual verim: Siz adam öldürə bilərsiniz? Yox, məncə. Mən də öldürə bilmərəm. Amma mən necə öldürməyi arzuladığımı “Çarşablı” da yetərincə yazıram. Nə yalan danışım ki, bəzən yazar bədii təsvirləri real təsvirlərlə əvəzləməyi ağlının ucundan keçirir. Ümumiyyətlə,  “Çarşablı”  estetika və lajostika ənənələrini özündə daşıyan  hekayə motividir. Mən bir yazar kimi  həmin hekayədə obrazları  səmaviyyətə, hürrə, ən əsası da  daxili etirazlara uyğun tənzimləmişəm. Paxıl bir tanışım var, deyir ki, “Çarşablı”nı növbəti hissələrdə ya  öldür, ya da həbs etdir. Ancaq o unudur ki, əsl yazar özünü öldürər, lakin həmin yazar heç vaxt  özünün yaratdığı  qəhrəmanı öldürməz.

SUAL 4: Şeiri daha çox sevirsiniz, yoxsa hekayəni?

CAVAB 4: Əlbəttə, şeir. Təsəvvür edin ki, siz bərk sevirsiniz və sevdiyiniz sizi tərk edir, həmin anda ağlamağı  cəsarətiniz, qürurunuz özünə sığışdırmır. Onda çəkilirsiz bir kənara. Və sizin bütün acizliyiniz  yalnız  gözəgörünməz Allaha agah olur, başqa heç kimə.  Həmin an zənn edin ki, belə bir şeir yazırsınız:

sevgilim;
sən mənim günahlarımı yu,
eybi yox;
mən sənin ayaqlarını yuyaram...
sənin yaxşılığını ödəmək üçün...

Bir  də ki,  məni tanıyanlar çox yaxşı bilir ki, mən həddən ziyadə içkini çox sevən insanam. O gün olmur ki, içməyim. Onu da deyim ki, həddən artıq alkoqolizmə də  meyilli deyiləm, əlbəttə. Amma içkinin və siqaretinin şeytani dünyanın əsas ziyanverici, zərərverici aləti olduğunu mükəmməl səviyyədə dərk edirəm. Buna görə də  şeytanı da yola gətirmək üçün şeytani yoldan istifadə etməyi labüd hesab edirəm. Bəzən yaxşı şeirlər içkili halda dünyaya gəlir, əsl şeirlərin isə adı olmur...

SUAL 5: Ədəbiyyatla maraqlananlara hansı kitabları oxumağı  məsləhət görərdiniz?

CAVAB 5: İstərdim ki, Azərbaycanın  “Kafkası” olum, elə  ancaq və ancaq mənim əsərlərimi  oxusunlar.  Qadın oxucularımın sayının artmasını çox istərdim. Ona görə ki, qadınlar həmişə dərin hissiyata sahib olurlar. Mən də hissiyyatlı və dünya görüşü geniş olan insanların, daha doğrusu zərif cinsin nümayəndələrinin ətrafımda çox olmasını istərdim. Amma, bu, biraz xülyadır, təbii ki.  Qaldı ki, hansı kitabı oxumağı məsləhət bilməyə... Frans Kafkanın “Ölülərin qonağı” novellası var, onu oxusunlar. Daha sonra mənim zövqümcə ən samballı əsər olan Dostoyevskinin “Şeytanlar” romanıdır. Məncə, bunları oxumağa dəyər. Əlbəttə ki, oxucular  mənim də yazılarımı oxumağı unutmasınlar. (gülür)


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0409 saniye