Növbəti stansiya "Qarabağ"
Yusif Nazim Ərəbsoy tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 13:53 05 fevral 2015 tarixində əlavə olunmuşdur

Növbəti stansiya Qarabağ

Nədənsə mənim ağlıma ideyalar çox vaxt metroda gəlir. Elə bir neçə şeirim də burada peyda olub. Yəqin, bu da mənim üçün yerin altının yerin üstündən daha çox maraqlı olmasındandır.  Amma, bu “yerin altını da bilir, üstünü də” anlamına gəlməsin. Çünki, mən çox şey bilmək istəyən adamlardan deyiləm. Həm də, düşünürəm ki, insan çox şey biləndə, Allahın belə, işinə qarışır. Odur ki, elə buralarda olmaq lazımdır.  Bir tərəfdən də metro mənə ona görə maraqlıdır ki, burada “biz kimik, kim olmaq istəyirik?” kimi suallara cavabfason nəsə tapmaq olur. Nə də olmasa, hamımız buradayıq axı.  Xoruz banlamamışdan əvvəl metroya minənlər var. Belə ki, çoxunun gününün əvvəliylə axırı metroya bağlıdır, ömrümüz metrodan keçir. Zamandan qiymətli heç nə yoxdur, deyirlər. Elə buna görə də, metronu “yeraltı xəzinəmiz” də adlandırmaq olar.

Bizdə şair adını, qəhrəman adını daşıyan metrostansiyalar var. Bu yaxşı haldır. Ona görə yaxşı haldır ki, uzaq keçmişdə, yaxın keçmişdə yaşamış, böyük adla tanınmış şəxsiyyətlərimizə dəyər veririk, unutmuruq, başımız aynıyanda onlar haqqında düşünürük.

Götürək elə rəhmətlik xalq qəhrəmanı, eloğlu Koroğlunu. Mən elə gəlir ki, Koroğlunun ruhunun bizdən inciməyə haqqı yoxdur. Çünki, onun adını daşıyan metrostansiya var, açmışıq. Heykəlini də ucaltmışıq. Ta nə istəyəsidir ki? 7777 dəlisinin hamısının adını əbədiləşdirəsi deyilik ki!  Amma, burada düşünməyimiz gərəkən bir məsələ var. Gəlin, bu məsələni çözmək üçün özümüzə 1-2 sual verək. Qəhrəman kimdir? Kimə qəhrəman deyilir? Aydın məsələdir ki, vətən uğurunda, döyüşən, canından keçən insanlara qəhrəman insanlar deyilir. Diqqət edin a, vətən uğurunda!  Deməli, qəhrəmanın qəhrəman olmasına vəsilə vətəndir. Qəhrəmanlar vətəni, vətən də qəhrəmanları yaradır. Eləysə, biz də diqqətimizi həm də vətənə yönəltməliyik.  Biz bu gün müharibə şəraitində yaşayırıq və torpaqlarımızın bir hissəsi düşmənlərimizin  əlindədir. Bizim o torpaqlara ayaqlarımız dəymir. Dəyər inşəAllah. Cənab prezidentin siyasəti nəticəsində bu problemin həllini tapacağına naümid olmayaq. Bu elə-belə məsələ deyil. Dünyanın o boyda Rusiyası, Yekə Qərb dövlətləri var. Onlar qarışmasa, erməni nəkarədir ki?! Onlar olan yerdə erməninin üstünə şığımaq şam işığının elektrik lampasından daha parlaq olduğunu zənn etməyə bənzər. Boşuna qırılmağın nə faydası var ki! Ona görə də, səbrli olmaq lazımdır. Siyasi fürsəti gözləməliyik. Ancaq elə səbrli olmalıyıq ki, bu səbr bizə o torpaqları unutdurmasın. 

Tarixən böyük imperiyalar olub və onlardan bu gün əsər-əlamət qalmayıb. Deməli, Qarabağın torpaq olaraq, ərazi kimi işğalından daha böyük faciə, onun bizim mənəvi xəritəmizdə, könül Azərbaycanımızda  işğalıdır. Bunu da düşmən edə bilməz, etsək-etsək özümüz edərik. Qarabağın cismi bizdə deyil, onun ruhu isə bizdədir və biz bu ruhu qorumalıyıq. Bu gün dünyada soyqırım reallığı, Qarabağ mədəniyyəti müəyyən vasitələrlə təbliğ olunur. Dövlət buna xüsusi diqqət yetirir və bu lazımdır da. Məncə, bu mənada, əsas diqqəti özümüzə də ayırmalıyıq. Yəni, “dünyanı dəyişmək üçün, özündən başla” prinsipinə dünyanı dəyişmək üçün deyil, elə özümüzü dəyişmək üçün əməl etməliyik.

Deyəcəksiniz ki, bu bəni-adəm metrodan başlayıb, gedib Qarabağa çıxdı, oradan da özümüzə yol aldı. Bəli, elə mənim də demək istədiyim budur. Düşünürəm ki, gələcəkdə açılacaq metrostansiyaların birini “Qarabağ”  adlandırmalıyıq. “Qarabağ” futbol klubumuz var, “Qarabağ” metrostansiyamız niyə olmasın?! Deyirlər ki, əgər bir ağıllıya 39 gün dəli desən, 40-cı gün həqiqətən dəli olar. Bu psixoloji məsələdir. Biz də hər gün “növbəti stansiya Qarabağ” eşitdikcə, psixoloji olaraq, Qarabağa köklənmiş olarıq.Və bu bizə ATƏT-in monitorinqlərindən daha çox lazımdır. Əgər bizim millət olaraq, niyyətimiz Qarabağ olsa, mənzilimiz də Qarabağ olacaq.

“Qapılar bağlanır, növbəti stansiya Qarabağ. Hörmətli sərnişinlər, əlillərə, vətənpərvər analara yer verin!!!” 

Yusif Nazim Ərəbsoy


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Yusif Nazim Ərəbsoy
Haqqında
YUSİF NAZİM ƏRƏBSOY (Məmmədov Yusif Ağaəhməd oğlu, “Nazim” - nəzmə çəkən, şeir yazan deməkdir) 1988 - ci il oktyabrın 10 - da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuşdur. 1995 - ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1 - ci sinfinə daxil olmuşdur. 2004 - cü ildə bu məktəbi bitirərək, orta təhsilini davam etdirmək üçün fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilmiş və 2006 - cı ildə bu məktəbin məzunu olmuşdur.  Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirmişdir.         Yaradıcılığa 14 - 15 yaşlarından başlayan Yusif Nazim Ərəbsoy əsasən, satirik mövzuda yazır. 2011 - ci ilin may ayında böyük satirik şairimiz M. Ə. Sabirin vəfatının 100 illiyinə həsr olunmuş “Satira və qəzəl” müsabiqəsinin fəxri diplomuna layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında "Bilik" fondunun "Vətənpərvərlik" mövzusunda ümumrespublika üzrə elan etdiyi müsabiqədə "Sərçə sevgisi" adlı şeiri 1-ci yeri qazanmışdır. "Şou dünya" adlı kitab müəllifidir. Kitabda müəllifin satiraları, sevgi və digər mövzuda yazdığı şeirləri, eləcə də aforizmləri çap olunmuşdur.          
Əlaqə
Tel.:
(070) 686 - 06 - 25, (050) 993-03-60
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Mirzə Ələkbər Sabir Ordeni
YouTube-da izlə
Facebook
0.0297 saniye