Ölüm izləyir bizi
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 15:02 07 may 2016 tarixində əlavə olunmuşdur

Zamanın arxasınca qaçaraq aldanmışıq.
Bu günə üz çevirib sabaha inanmışıq.
Açılacaq sabahda xoşbəxtlik var sanmışıq.
Yol uzun mənzil yaxın, döngələrdə azmışıq,
Sahilə qovmaqdadır bizi ömür dənizi.
Biz zamanı izlərik, ölümsə izlər bizi.

Keçən günə, aya biz sevinik, alqış dedik.
Zaman öz axarında anlara ad söylədik;
Gah yeni il, gah da ki doğum günü eylədik.
Keçdi ömürdən bir il təbrik duyduq, sevindik.
Silər bu illər bütün yer üzərindən izi,
Biz zamanı izlərik, ölümsə izlər bizi.

Bizi həm fani dünya, həm nəfs aldadırsa,
Ayağımız tutandan tələsirik harasa,
Son mənzilə aparan yola ümid vardısa,
Yolumuzun sonunda gözləyən məzardısa,
Səsliyə bel bağlayıb seçməsək də səssizi,
Biz zamanı izlərik, ölümsə izlər bizi.

Mənim zamanım qıvraq, süvardı at belində,
Yük ağır, yollar yoxuş çün əcəldi çiyində,
Əzrayıl gəzir məni, sorağıyam dilində,
Mənimlə həmdəm olar O, günlərin birində,
Başdaşısız məzardan salamlar Elnur sizi.
Biz zamanı izlərik, ölümsə izlər bizi.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+16=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0251 saniye