Özündənrazının aqibəti
Təranə Hacıyeva tərəfindən "Hekayə" bolməsinə 14:55 26 iyul 2018 tarixində əlavə olunmuşdur

                            Özündənrazının aqibəti

 

   Səmada ulduzlar çox idi. Saymaq mümkün olmayacaq qədər çox. Bu ulduzlardan kiminin yaşı milyon illərlə ölçülürdü, kimininki isə min illərlə. Amma elə ulduzlar da var idi ki, lap cavan idilər, yenicə yaranmışdılar. Hər ulduzun da öz gözəlliyi, öz parıltısı. Eləsi var idi ki, solğun ziya ilə parıldayırdı. Eləsi də vardı, par-par yanır, göz qamaşdırır, ətrafdakı bütün ulduzları öz parlaqlığı ilə üstələyirdi. Səmada artıq sönmüş ulduzlar da çox idi. Onlar qapqara bir çuxur kimi, kölgə kimi səmada durmaqda idilər. Belə ulduzlar bir də heç vaxt parlaqlıq nədir bilməyəcəkdilər. Çünki bu ulduzlar onlara verilmiş enerji, parlaqlıq ehtiyatını qənaət etmədən, qısa müddətdə həddindən artıq parlaq olub qürrələnmək üçün sərf edib qurtarmışdılar. Onlar artıq sönmüşdülər və peşman-peşman qapqara bir çuxur kimi yaşamaqdaydılar. Amma elə ulduzlar da var idi ki, milyon illərdir eyni, orta parlaqlıqda aram-aram işıq saçmaqdaydılar. Onların enerji ehtiyatı hələ neçə milyon illər ərzində parlamağa yetərdi. Günəş kimi...

   Səmada yeni ulduzlar yaranmaqda davam edirdi. Yeni yarananan belə ulduzlardan biri də A ulduzu idi. O, yarandığı ilk gündən öz parlaqlığı ilə qürrələnməyə, orta parlaqlıqlı və sönmüş ulduzlara yuxarıdan aşağı baxmağa başladı. Xudpəsəndlik onun gözünü elə tutmuşdu ki, heç bir ulduzun özündən parlaq olmasına dözə bilmir, buna görə də, özündən daha işıqlı ulduz görən kimi öz parıltısını daha da artırırdı. Təcrübəsizliyi ucbatından bilmirdi ki, öz enerjisini belə israfçılıqla sərf etsə, tez bir müddətdə sönüb səmadakı cırtdan ulduzlardan birinə çevriləcək. Onun yaxınlığında solğun-solğun parlayan qoca bir ulduz var idi. O, bu uzun müddət ərzində A kimi çoxlu tez yanıb, tez də sönən ulduzlar görmüşdü. Ona görə də, elə ilk gündən A-nın özünü yandırıb yaxmasını laqeydliklə seyr edirdi. A isə heç cür rahatlıq tapa bilmir, elə hey ətrafına boylanır, özü kimi parlaq ulduzun olub olmadığına göz qoyurdu. Özünün gözəl, parlaq ziyasına heyran olan bu ulduz, yalnız özünü sevir və özünə rəqib tanımırdı. Günlərin bir günü, qoca ulduzun bu gənc axmağa yazığı gəldi, ona nəsihət vermək istədi. Səmadakı çoxlu qara çuxurları, cırtdan ulduzları göstərib dedi: “Əgər sən öz xasiyyətindən əl çəkməyib, bu mənasız qürura görə enerjini bu cür sərf etməyə davam etsən, tezliklə onlardan birinə çevriləcəksən. Onda səni heç görən də olmayacaq”.

   Gənc özündənrazı ona gülüb kinayə ilə dedi: “Necə, mən də sənin kimi ölgün-ölgün parlamalıyam? Yox, heç vaxt! Mənə görə narahat olma, mən çox güclüyəm. Mən elə bu cür nə qədər istəsəm parlaya bilərəm. Mən ən parlaq olmalıyam, bildin?”

   Qoca ulduz ona söz deməyin mənasız olduğunu görüb daha heç nə demədi. Yalnız aradabir onu seyr edirdi. İllər, aylar ötdü, parlaq ulduz hələ bir müddət də bu cür işıq saçıb qürrələnməyə davam etdi. Artıq səmada yeni-yeni çox parlaq ulduzlar yaranırdı. Bizim özündənrazı A ulduzu da onların hamısı ilə rəqabətə girir, parlaqlıqda heç birindən geri qalmaq istəmirdi. Bu minvalla bir müddət də ötdü. Son günlər özündənrazı, özünü nəsə birtəhər hiss edirdi. Elə bil ki, daxilindəki nüvə enerjisi sözünə baxmırdı, nə qədər işığını artırmaq istəyirdisə də, alınmırdı. Əksinə, sanki gün-gündən işığı azalırdı. Ulduz heç cür başa düşə bilmirdi ki, ona nə olub. Hey özünü əziyyətə salır, toparlayır, parlamaq istəyirdisə də, heç nə alınmırdı. O, ətrafdakı parlaq ulduzları artıq nəinki üstələyir, heç onlara çata da bilmirdi. Ulduzu dəhşət bürüdü. Gec də olsa səhvini başa düşdü. Qoca ulduzun sözləri yadına düşdü. Bütün enerjisini, gücünü bir qürura qurban verib artıq sönməkdə idi. Bütün bu müddət ərzində onu gözdən qoymayan qoca ulduz bu özündənrazının gündən-günə solduğunu, cırtdanlaşdığını görüb ona dedi: “Görürsənmi, vaxtında səni xəbərdar etdim, xudpəsəndlik hələ heç kimə xeyir verməyib. Sənin kimi tez yanıb tez də sönən minlərlə ulduz görmüşəm. Sən də artıq sönürsən. Sönüb qara çuxura dönəcək, o parlaq günlərinin həsrətini çəkəcəksən. Amma mən beləcə sakit-sakit hələ neçə illər parlayacaq, sənin kimi çoxlu ulduzların qaranlığa gömüldüyünü seyr edəcəyəm.”

   Sönməkdə olan ulduz dedi: “Məni bağışla, sənin sözlərinə, təcrübənə əhəmiyyət vermədim. Axmaqlıq etdim. Sən indi mənə kömək edə bilməzsənmi? Nə olar, mənə bir az öz nurundan, enerjindən ver. Söz verirəm ki, onu qənaətlə sərf edəcəyəm. Daha əvvəlki tək parlaq olmaq da istəmirəm”.

   Qoca ulduz gülərək dedi: “Ehh, axmaqsan ki, axmaq. Sən özünün o qədər enerjinin qədrini bilmədin, indi mənim sənə verəcəyim bir ovuc nur, işıq səni xilas edərmi? Bir də ki, mən hər sönməkdə olan ulduza öz işığımdan pay versəm, bu qədər yaşaya bilməzdim. Əlvida, balaca!”


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.1164 saniye